Məhkəmə qərarları › İş №2(001)-1848/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1848/2023

23.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1848/2023 23.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd qızının katibliyi, İddiaçı, Cavadehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona əlavə iş vaxtlarına görə ödənilməmiş hissəsini 2707 manat, tərəfindən ödənilən ilkin mediasiya sessiyasına dair 60 manat və dəymiş mənəvi zərərə görə 1000 manat olmaqla, cəmi 3767 manat pul vəsaitinin və 60 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev 21 D ünvanında fəaliyyət göstərən Cavabdehnə sürücü çatdırıcı vəzifəsinə işə qəbul olunmuşdur. İşinin qısa məzmunu isə: hər gün saat 08:30-da qeyd etdiyi ünvandan şirkətə məxsus avtomobl ilə gün ərzində təyin olunmuş mağazalara dondurma və polufabrikatları çatdırıb, mağazalarda qəbul etdirdikdən sonra, məhsulları mağazada vitrinlərə yerləşdirmək idi. Günün sonunda isə “Ulduz” m/st yaxınlığında Əmlak Xidmətləri Mərkəzinin arxasında yerləşən soyuducu anbara gedib, növbəti iş günü üçün sifarişi avtomobilə yükləyəndən sonra, yüklü avtomobili Sulutəpədəki şirkətin ərazisində saxlayıb, açarları qaraj müdirinin iştirakı ilə şirkətə təhvil verib ərazini təkr etməli idi. Bu proses saat 22:00-dan 23:00-a qədər uzanırdı. Şirkət işçilərə ay ərzində 2 istirahət günü təyin etmişdi. Gün ərzində nə çay, nə də nahar vaxtına fasilə verilmirdi. Beləliklə o, hər gün saat 08:30-dan 22630-dək şirkətdə işləmişdir. Bu isə gün ərzində 14 saat iş deməkdir. Yayın istisində ac, susuz, istirahətsiz, qaçaqovla həm avtomobili idarə etmək, həm malın təhvil-təslimini, həm vitrini düzəltmək və sonda bir maşın yükü yükləmək çox çətin iş olsa da, fikirləşmişdir ki, ay sonunda hər şey nəzərə alaraq, artıq işlədiyi saatların əvəzini hesablayıb verəcəklər. Onu qeyd edir ki, işində qüsursuz işçi olmuş, öz punktuallığı ilə, ciddiyəti ilə, eləcə də, nizamintizamda qısa bir zamanda şirkətdə sayılıb-seçilən bir işçi kimi hörmət qazanmışdır. Hətta müdiriyyət onu başqa işçilərə nümunə çəkmişdir. Bunu bölgə müdirləri olan Azad, Kərəm, yerli satış müdiri elçin, xarici satış müdiri Tural, avtopark müdiri Yaşar, anbar müdiri Tərlan, HR-lar və mağazalar da, təsdiq edə bilər. Şirkət qarşısına qoyduğu tələb və tapşırıqları vaxtında və qüsursuz yerinə yetirdiyinə görə ona həvəsləndirici mükafat verəcəyini də, söz vermişdir. Yeri gəlmişkən, əmək haqqını soruşanda təxminən 800 manat deyirdilər. İşinin məzmunundan göründüyü kimi vəzifəsi sürücü-çatdırıcı olsa da, orada onun üzərinə çox iş qoymuşdular. Buna baxmayaraq, birinci maaşda maaşı tam olaraq verilməmişdir. İkinci maaşı da, kəsiləndə başa düşmüşdür ki, şirkət bunu bilərəkdən edir. May ayında əcmi 1 gün istirahətdə olmuş, hətta iyunun biri, Ramazan bayramı günü də, işləmişdir. Bundan əlavə ay ərzində ona ayrılmış 2 istirahət gününün 1 istirahət günü də, rezerv sürücü kimi başqasının yerinə çıxarıblar. Kadrlar şöbəsindən maraqlandıqda məlum olmuşdur ki, bayram günlər işləməsi və bir gü də rezerv işçi kimi işə çıxması hesablanmamışdır. Əmək müqaviləsini tələb etdikdə, onu verməkdən də, imtina edirdilər. Daha sonra haqqını tələb etmək üçün şirkət rəhəri Adil müəllimlə əlaqə saxlamaq, onun evinə getmək istəmişdir. Adil müəllimin yaxın qohumu və müavini onunla görüşmüş, ona məsələnin araşdırılacağı və tədbir görüləcəyi bildirilmişdir. Ona ödənilməli olan 800 manat əmək haqqı əvəzinə 450 manat əmək haqqı ödənilmişdir. Araşdırmadan sonra onun əmək haqqı kartına 100 manat, daha sonra 50 manat pul vəsaiti yüklənmişdir. Bu minvalla onlardan 800 manat ala bilsə də, işlədiyi artıq saatlara görə əmək haqqını ala bilməmişdir. Əmək müqaviləsinə 13 iyun 2022-ci il tarixində xitam verilməsinə baxmayaraq, onunla son haqq-hesa xx.xx.2022-ci il tarixində olub. Son haqq-hesaba əlavə iş saatlarını, günlərini, məzuniyyət pulunu daxil etməyiblər. Şirkət barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinə şikayət ünvanlanmışdır. Şirkət barəsində AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinin pozulmasına görə xx.xx.2022-ci il tarixli, MN1290973 saylı protokol tərtib edilmişdir. Əmək müqaviləsində 19 aprel 2022-ci il tarixində işə başladığı göstərilsə də, o, 13 aprel 2022-ci il tarixində işə başlamış və ona işə başladığı gündən əmək haqqının hesablanacağı söz verilmişdir. Əmək müqaviləsinə 13 iyun 2022-ci il tarixində xitam verildiyi nəzərə alınsa, onda təqvimlə 62 gün edir. 1 gün aprel, 2 gün isə may ayında istirahət etmişdir. Yəni, 62 gündə cəmi 3 gün istirahət etmişdir. Qalan 59 günün hamısında 14 saat olmaqla, işləmişdir. İşəgötürənlə bağlanmış əmək müqaviləsində əmək haqqının 500 manat göstərildiyi nəzərə alınarsa, onun 1 saatlıq iş vaxtının dəyəri 2,4 manat təşkil edir. 59 gün 8 saat əvəzinə 14 saat işləmişdir. Bu isə hər gün 6 saat artıq iş vaxtı deməkdir 59 gün 6 saatdan 354 gün iş saatı edir. Deməli 2,4 manat saatlıq tarifin minimum 2 misli , 4,8 manat təşkil edir və bu da, 354x4,8 manat = 1699,2 manat. Əlavə olaraq onu istirahət və bayram günlərində də, 14 saat işlətmişdirlər. Daha dəqiq isə aprel ayında 4, may ayında 7 və iyun ayında 4 istirahət günü olmaqla, ümumilikdə 15 istirahət günündə işləmişdir. 15 gün 14 saatdan hesablayanda 210 iş saatı edir. Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən 210 x4,8 manat=1008 manat da, bayram və istirahət günlərində işlədiyi ödəşi edir. Yekun olaraq əlavə işlədiyi saatların ödənişi 1699,2 manat, əlavə işlədiyi günlərin ödənişi 1008 manat, cəmi 2707,2 manat. İlkin mediasiya sessiyası üçün 50 manat, bununla bağlı bildirişin göndərilməsi üçün 10 manat poçt xidmətinə xəc çəkilmişdir. Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, bazar günü şirkətdə olmuş, şirkətin nümayəndəsi də, digər işçilər də, işdə olmuşlar. İşə girişçıxışlarla bağlı aparılan qeydiyyat onun bildiyinə görə silinmir, illərlə qalır. Şirkət onu qeyriiş günlərində də işlətmişdir. İ ayın maaşı kəsiləndə ona hər şeyin qaydasına düşəcəyi deyilsə də, İİ ay maaşı kəsilən insan resurları şöbəsinə müraciət etmişdir.

4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatlarında bildirmişdi ki, şirkətlə aralarında yanlışlıq məhz cavabdehin nümayəndəsinə görə olub. O, xx.xx.2022-ci il tarixdə Cavabdehnə sürücü-çatdırıcı vəzifəsinə işə qəbul olmuş, işi hər gün səhər saat 08:30-da şirkətə məxsus avtomobil ilə gün ərzində təyin olunmuş mağazalara dondurma və polufabrikatları çatdırıb, mağazalarda qəbul etdirdikdən sonra məhsulları mağazada vitrinlərə yerləşdirmək idi. Günün sonunda isə “Ulduz” metrostansoyası yaxınlığında yerləşən soyuducu anbara gedib, növbəti iş günü üçün sifarişi avtomobilə yükləyəndən sonra yüklü avtomobili şirkətin Sulutəpədəki ərazində saxlayıb avtomobilin açarların qaraj müdirinin iştirakı ilə şirkətə təhvil verib ərazini tərk etməli idi. Bu proses saat 22:00-dan 23:00-dək uzanırdı. Şirkət işçilərə ay ərzində 2 gün istirahət günü təyin etmişdir. Beləliklə hər gün 08:30-dan 22:30-a qədər şirkətdə işləmişdir. Bu isə gün ərzində 14 saat işləmək deməkdir. Onu hətta Ramazan bayramı günü də işlədiblər. Bunun müqabilində əlavə iş saatlarının ödənişini müdiriyyətdən istəmişdir. Lakin onlar hər dəfə bir bəhanə gətirərək pulu vermədilər. Əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilməsinə baxmayaraq son haqq hesab xx.xx.2022-ci il tarixində olmuşdur. Həmçinin son haqq hesaba əlavə iş saatları, məzuniyyət pulu daxil etməyiblər. Bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Müraciəti ilə bağlı Cavabdeh LTD şirkət Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsinin tələbləri pozulduğu aşkarlanaraq şirkət barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Bundan başqa əmək müqaviləsində xx.xx.2022-ci il tarixindən işə başladığı göstərilsə də, xx.xx.2022-ci il tarixdə başlamışdır Ona görə də, iddia tələbimin tam olaraq təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Şirkətə əvvəl əl izi ilə sonradan turniket vasitəsilə daxil olmuşlar. Ən tez işdən çıxdığı vaxt saat 22:00 radələrində olub.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, təqdim etdiyi etirazı müdafiə edir, etirazı nəzərə alınmaqla, iddianın rədd edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, həqiqətən iddiaçı ilə şirkətin qarşısında qeyri-iş günü qarşılaşmışlar. Lakin ona işlədiyi qeyri-iş günlərinə görə əlavə haqq alır. Təqdim edilən CD disk sübut əhəmiyyəti daşımır. Görüntülərə əsasən onlar işçini 15 dəqiqə artıq işlətməmişlər.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatlarında bildirmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdehnə sürücü-çatdırıcı vəzifəsinə işə qəbul olunmuşdur və həmin tarixdə iddiaçı əmək müqaviləsi bağlanmışdır. İddiaçı əmək müqaviləsi ilə tanış olması barədə həmin tarixdə imza etmişdir. Şirkətdə iş vaxtı saat 09:00-dan başlayır və 19:00-da bitir. İddiaçıya son haqq hesabı verildikdə mühasib olmadığı üçün yanlışlıq olmuşdur. Şirkətdə həftədə 6 gün olur və bu əmək kitabçasında da qeyd olunub. Belə ki, həftənin 5 günü iş vaxtı saat 09:00-dan başlayır və 19:00-da bitir, şənbə günü isə 17:00-dək iş vaxtıdır. Şirkətdə qeyri iş günlərində, bayram günlərində heç vaxt iş günü olmayıb. İş saatı ümumilikdə həftədə 40 saatdan artıq olmur.

7. Cavabdehin nümayəndəsi iddiaya etirazında göstərir ki, İddiaçı Cavabdehnə qarşı "əmək haqqı və məənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi əsassızdır və aşağıdakılara görə təmin edilməməlidir. Belə ki, ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan faktiki olaraq ünvan 4 ünvanında yaşayan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə onun şirkətə sürücü-çatdırıcı vəzifəsinə qəbul edilməsi barədə 5 (beş) ay 11(on bir) gün müddətinə müddətli əmək müqaviləsi bağlanılmışdır. İddiaçı 13 iyun 2022-ci il tarixli işdən azad edilməsi barədə ərizəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi rəhbər tutularaq (tərəflərdən birinin təşəbbüsü) onunla bağlanmış əmək müqaviləsi 13 iyun 2022ci il tarixdə ləğv edilmiş, istifadə edilməmiş 3.5 (üç tam onda beş) günlük əmək məzuniyyətinə görə ona kompensasiya ödənilmişdir. İddiaçı 13 iyun 2022-ci il tarixdə günün ikinci hissəsində işdən azad edilməsi barəsində ərizə ilə müraciət etdiyindən onun işdən azad edilməsi barədə həmin tarixdə əmr verilməsi və bu barədə Azərbaycan Respublikasının Əmək və Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə məlumatların daxil edilməsi mümkün olsada, həmin gün bank əməliyyatlarının aparılması müddətinin bitməsilə əlaqədar olaraq son haqq hesabının bankdakı kart hesabına ödənilməsi mümkün olmamışdır. Ona görə də İddiaçı son haqq hesabı növbəti gün, yəni 14 iyun 2022-ci il tarixdə bank hesabına ödənilmişdir. Sonradan müəyyən edilmişdir ki, mühasibatlıq tərəfindən riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlarla əlaqədar İddiaçı 78.75 manat az əmək haqqı hesablanmışdır. Həmin nöqsanlar mühasibatlıq tərəfindən aradan qaldırılmış İddiaçı 78.75 manat az hesablanmış əmək haqqı 23 iyun 2022-ci il tarixdə onun bank hesabına ödənilmişdir. İddiaçı Cavabdeh tərəfindən "onun əmək haqqından əsassız və qanunsuz pul tutulması əmək müqaviləsi bildirişində qeyd olunan məlumatlara baxmayaraq, ay ərzində fasiləsiz, gün ərzində isə 8 saatdan artıq iş rejiminə cəlb olunması, lakin əlavə iş saatlarına görə hər hansısa əmək haqqı əldə etməməsi" barədə iddia arizəsində göstərdikləri həqiqəti əks etdirmir, İddiaçı tərəfindən qərəzli şəkildə uydurulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2022-ci il tarixli, **********3 saylı məktubdan görünür ki, ona müraciətinin araşdırılması və araşdırılma zamanı "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təqdim edilən sənədlərdən onunla xx.xx.2022-ci lil tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə xitam verildiyi, lakin son haqq-hesabın xx.xx.2022-ci il tarixində ödənildiyi, bununla da, "xxxx" MMC rəhbərliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbləri pozulduğundan barəsində xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.

9. Cavabdeh ilə İddiaçı arasında bağlanan 2381 saylı, xx.xx.2022-c il tarixli əmək müqaviləsinin 2.1-ci bəndindən görünür ki, bu əmək müqaviləsi tərəflərin hüquq bərabərlii prinsipinə əməl edilməklə, işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərinn yerinə yetirilməsi səbəbə görə 19 aprel 2022-ci il tarixindən 30 sentyabr 2022-ci il tarixinədək 5 ay 11 gün müddətinə bağlanmışdır. İşçi 19 aprel 2022-ci il tarixindən işə başlayır.

10. Müqavilənin 4.1-ci bəndinə əsasən işçiyə hər ay vergilər və digər ödənişlər daxil olmaqla, 500 manat məbləğində əmək haqqı ödənilir.

11. Müqavilənin 4.14-cü bəndinə əsasən işçi gündə 1 saatlıq istirahət vaxtı, 1 saatlıq nahar fasiləsi və 1 saatlıq hər biri yarım saat iki dəfə çay fasiləsi daxil olmaqla, bazar ertəsindən cümə gününə kimi gündə 10 saatdan, şənbə günü 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. 4.15-cü maddəsinə əsasən işçi bazar ertəsindən cümə gününə kimi saat 09:00-dan başlayır, saat 19:00-da qutarır, həftənin şənbə günü 09:00-dan 17:00-a kimi natamam iş günü kimi işləyir.

12. "xxxx" ASC tərəfindən təqdim edilən İddiaçı məxsus kart üzrə hesabdan çıxarış məlumatlarından görünür ki, sonuncunun bank hesabına xx.xx.2022-ci il tarixində 196,98 manat əmək haqqı, xx.xx.2022-ci il tarixində 446,50 manat əmək haqqı, xx.xx.2022-ci il tarixində 172,53 manat əmək haqqı, xx.xx.2022-ci il tarixində 78,75 manat əmək haqqı ödənilmişdir.

13. "xxxx" MMC tərəfindən Cavabdeh direktoruna ünvanlanan məktubdan görünür ki, Cavabdehndə yerləşdirilən HİKVİSİON markalı turniketlərə baxış keçirilmiş, turniketin qeydetmə yaddaşının dolması səbəbindən 2023-cü ilin mart ayınadək yaddaş sıfırlanmış və həmçinin yeni qeydlər silinmiş məlumatların üzərinə yazılmışdır. Buna görə də, silinmiş məlumatların bərpa edilməsi qeyri mümkündür. Cihaz özü hazırda işlək vəziyyətdədir və yeni qeydlərin yazılmasında heç bir problem müşahidə olunmur.

14. Bakı 14 saylı Mediasiya Təşkilatı tərəfindən verilən xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiyaya dair, 10 manat isə poçt xidmətlərinə dair xərci ödəmişdir. Cavabdeh isə mediasiya sessiyasında iştirak etməmişdir.

15. İddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsinin hesabına 60 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar və tərəflərin izahatları əsasında müəyyən edilən işin faktiki halları:

16. İddiaçı Cavabdeh ilə İddiaçı arasında bağlanan 2381 saylı, xx.xx.2022-c il tarixli əmək müqaviləsi əsasında 19 aprel 2022-ci il tarixindən 30 sentyabr 2022-ci il tarixinədək 5 ay 11 gün müddətinə sürücü vəzifəsinə işə götürülmüşdür.

17. Müqavilə üzrə aylıq əmək haqqı 500 manat, iş saatı həftə ərzində 40 saatdan çox olmamaq, işçinin iş saatları bazar ertəsindən cümə gününə kimi saat 09:00dan saat 19:00-a kimi, həftənin şənbə günü isə 09:00-dan 17:00-a kimi natamam iş günü kimi nəzərdə tutulmuşdur.

18. İddiaçının əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə xitam verilmiş, son haqq-hesabı xx.xx.2022-ci il tarixində ödənilmiş, bu səbəbdən cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərini pozduğu üçün barəsində xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.

19. İddiaçı iddia edir ki, müqavilə üzrə nəzərdə tutulduğu kimi yox, gündəlik 8 saat əvəzinə 14 saat işləmiş, həmçinin şirkət tərəfindən qeyri-iş günlərində və bayram günlərində əvəzi ödənilmədən əlavə olaraq işlədilmişdir. Bundan başqa məhkəməyə təqdim etdiyi CD –disk ilə qeyri-iş günlərində şirkətdə iş prosesinin getdiyini, işçilərin əvəzi ödənilmədən işə cəlb edildiyini və işçilərin iş vaxtından artıq işlədildiyini sübut etməyə çalışmışdır. Hazırda iş saatlarından əlavə işlədiyi saatların ödənişi kimi 1699,2 manat, əlavə işlədiyi günlərin ödənişi kimi 1008 manat, cəmi 2707,2 manat pul vəsaitinin, 1000 manat isə mənəvi zərərin tutulmasını xahiş edir.

20. Cavabdeh isə iddia tələbini qəbul etməyərək, iddiaçının 13 iyun 2022-ci il tarixdə günün ikinci hissəsində işdən azad edilməsi barəsində ərizə ilə müraciət etdiyindən onun işdən azad edilməsi barədə həmin tarixdə əmr verilməsi və bu barədə Azərbaycan Respublikasının Əmək və Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə məlumatların daxil edilməsi mümkün olsada, həmin gün bank əməliyyatlarının aparılması müddətinin bitməsilə əlaqədar olaraq son haqq hesabının bankdakı kart hesabına ödənilməsi mümkün olmadığımdan onun son haqq hesabının növbəti gün, yəni 14 iyun 2022-ci il tarixdə bank hesabına ödənildiyini, daha sonra mühasibatlıq tərəfindən riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlarla əlaqədar İddiaçı 78.75 manat az əmək haqqı hesablanmasına görə İddiaçı 78.75 manat az hesablanmış əmək haqqının 23 iyun 2022-ci il tarixdə onun bank hesabına ödənildiyini bildirmişdir.İddiaçı 13 iyun 2022-ci il tarixli işdən azad edilməsi barədə ərizəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi rəhbər tutularaq (tərəflərdən birinin təşəbbüsü) onunla bağlanmış əmək müqaviləsi 13 iyun 2022-ci il tarixdə ləğv edilmiş, istifadə edilməmiş 3.5 (üç tam onda beş) günlük əmək məzuniyyətinə görə ona kompensasiya ödənilmişdir.

21. Cavabdehin etirazının dəlilləri iddiaçını təqdim etdiyi bank hesabından çıxarış məlumatları ilə uyğunluq təşkil edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

22. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Belə ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən edilmiş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

23. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

24. 9-cu maddəsinin iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək e-bəndinə əsasən iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir.

25. 89-cu maddəsinə əsasən Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.

26. 90-cı maddəsinə əsasən Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.

27. 99-cu maddəsinə əsasən İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, hərbi vəziyyət rejiminin təmin edilməsi, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir.

28. 101.1-ci maddəsinin c bəndinə əsasən başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda iş vaxtından artıq işlərə yol verilir.

29. 102.1-ci maddəsinə əsasən İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.

30. 154.1-ci maddəsinə əsasən Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

31. 157.1-ci maddəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər.

32. 157.3-cü maddəsinə əsasən Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

33. 164-cü maddəsinin: İ hissəsinə əsasən: istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla. İİ hissəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.

34. 165-ci maddəsinin İ hissəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. İİ hissəsinə əsasən əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. İİİ hissəsinə əsasən iş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.

35. 178—ci maddəsinin İ hissəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. İİ hissəsinə əsasən müəssisənin ləğv edildiyi hallarda birinci növbədə işçilərin əmək haqqı, sosial müdafiə xarakterli bütün ödəmələri, o cümlədən istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi, bu Məcəllənin 77 və 239-cu maddələri ilə müəyyən edilmiş ödəmələri, habelə müəssisənin fəaliyyəti dayandırıldığı günə işçiyə verilməli olan digər ödənclər işəgötürən tərəfindən ödənilməlidir. Müəssisənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda isə işçilərə həmin ödənclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməlidir. İİİ hisssinə əsasən əgər bu maddənin ikinci hissəsində göstərilmiş hallarda ödəncləri ödəməyə işəgötürənin maddimaliyyə imkanı yoxdursa, onda işçilərə həmin ödənclər müəssisənin əmlakı satılmaqla və ya müvafiq normativ hüquqi aktlarla müəyyən edilən qaydada dövlət tərəfindən yaradılmış təminat sistemi ilə ödənilməlidir.

36. Tələbin mahiyyətindən və iddiaçının dəlillərindən müəyyən edildiyi kimi işçi həm iş vaxtından artıq işlərə, həm də istirahət və bayram günlərində işə cəlb edildiyi üçün ödənilməyən əmək haqqını tələb edir.

37. Bu məqamda qeyd edilməlidir ki, iddiaçının tələbi birbaşa sübutetmə ilə bağlıdır.

38. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

39. Hansı ki, Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, sübutetmə yükü iddiaçının üzərinə düşür və iddiaçı tələbinin əsasını təşkil edən halları sübut etməlidir.

41. Lakin iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmir. Belə ki, iddiaçı cavabdeh şirkətdə işlədiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il dövr üçün iş vaxtından artıq işlədildiyini, eyni zamanda istirahət və bayram günlərində işə cəlb edildiyini iddia etsə də bunu sübut edə bilir. O yalnız 2023-cü il də qeyri-müəyyən çəkilişlə bağlı videodaşıyıcı diskə istinad etməklə tələbini sübut etməyə çalışır. Halbuki həmin video çəkiliş iddiaçının dəlilləri ilə birbaşa bağlı deyildir. Bununla yanaşı cavabdeh tərəf həmin dövr üçün iş vaxtının uçotu ilə bağlı sübutların təqdim edilməsinin mümkünsüzlüyü ilə bağlı sübut təqdim etmişdir.

42. Odur ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd etməli olduğundan məhkəmə hesab edir ki, iddiaçı tələbinin əsasını təşkil edən halları sübut edə bilməmişdir.

43. Məhkəmə iddia tələbinin mənəvi zərərin tutulması hissəsini də əsassız hesab edir.

44. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.

45. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.

46. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

47. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır.

48. Tələbdən də müəyyən edildiyi kimi iddiaçı ona mənəvi zərər vurulmasını cavabdehin qeyri-hüquqi hərəkətləri ilə, dolayısı ilə işəgötürənin əmək qanunvericiliyinin tələblərini pozması ilə əsaslandırmışdır, lakin cavabdehin hər hansı hüquq pozuntusu törətdiyini sübut edə bilmədiyindən iddia həmin hissədə də əsassız hesab edilməlidir. Tətbiq edilən prosessual normalar:

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

50. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

51. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

52. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

53. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

54. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi və mənəvi zərər” tələbinə dair iddiası rədd edilməlidir.

55. Dövlət rüsumu ilə bağlı hissədə isə məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 7321/2022 saylı qərardadı ilə artıq iddiaçıya qaytarılmışdır.

56. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi və mənəvi zərər” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar