Məhkəmə qərarları › İş №2(001)-1850/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1850/2023

12.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1850/2023 12.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1, hər iki iddiaçının vəkili, o cümlədən Qabil Əmirxanovun nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı2 və İddiaçı1 birgə iddiaçılar kimi Bakı şəhəri 32 saylı notariat ofisinə qarşı (Bank "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb etməklə) icra qeydinin ləğvi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia tələbi, onun əsası: İddiaçı2 və İddiaçı1 birgə iddiaçılar kimi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tutmanın İddiaçı2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 12 saylı mənzilə yönəldilməsi barədə ünvan 2 xüsusi notariusu X2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, icra qeydinə əsasən, iddiaçıların banka olan 18706,67 manat əsas, 375,92 manat faiz borcu üzrə tutmanın yuxarıda göstərilən mənzilə yönəldilməsi qərara alınmışdır. Halbuki, icra qeydi verilən vaxta iddiaçıların borcu göstərilən qədər deyil, daha az olmuş, bank tərəfindən əsassız olaraq şişirilmişdir. İddiaçılar banka müraciət edərək, real borcun müəyyən edilməsini və hissə-hissə ödəniş üçün şərait yaradılmasını xahiş etsələr də, müraciət təmin edilməmişdir. Buna görə də, iddiaçılar hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İzahatlar: Məhkəmə iclasında iddiaçılar iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında vəkil Nümayəndə da iddia ərizəsində göstərilənləri təsdiq edib, əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçıların Bank "xxxx" ASC-yə olan cəmi borcu icra qeydiyndə göstərilənlərə əsasən təxminən 19000 manat təşkil edir. İddiaçılar 2022-ci ilin dekabr ayınadək hissə-hissə ödənişlər etmişlər. Göründüyü kimi, qalıq məbləğ çox deyil, bu məbləğdə borca görə iddiaçıların evlərinin əldən çıxması əsaslı deyildir. Buna görə də, onları hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh notariat ofisinin notariusu Elgün İmanlı, habelə müstəqil tələb irəli sürməyən üçüncü şəxs bankın nümayəndəsi Nihad Abbasov məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. Hazırki halda iddiaçılar notariat ofisini cavabdeh kimi cəlb etməklə, icra qeydinin ləğv edilməsini tələb edilər və tələbin əsasını borc məbləğinin bank tərəfindən şişirilməsi təşkil edir. Məhkəmə hesab edir ki, göstərilən bu əsas icra qeydinin ləğvi üçün qanuni əsas deyil. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 17-ci maddəsinin 15-ci bəndinə əsasən, dövlət notariusu icra qeydləri aparır. - 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 38.1-ci maddəsinə əsasən, bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Həmin Qanunun 38.2ci maddəsinə əsasən, ipoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarından da göründüyü kimi, notariusun borcludan pul məbləğlərini tutmaqla, habelə ipoteka predmetinə tutma yönəltməklə bağlı icra qeydi verməsi qanunla nəzərdə tutulduğundan hazırki icra qeydinin verilməsində ünvan 2 hərəkətlərində qanunazidd hal müəyyən edilməmişdir. İşin müəyyən olunan hallarına görə Bank "xxxx" ASC tərəfindən iddiaçılara ünvanlandırılmış 21 noyabr 2022-ci il tarixli bildirişlə borclulara borcu ödəməyəcəyi halda icra qeydinin verilməsi üçün notariusa müraciət edəcəyini, habelə tələbin ipoteka predmetinə yönəldiləcəyini bildirmiş, sözügedən bildiriş 29 noyabr 2022-ci il tarixdə iddiaçılara təqdim olunmuş, 21 dekabr 2022-ci il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisi tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 38-ci maddəsinə uyğun olaraq icra qeydi aparmışdır. Buna görə də, məhkəmə hesab edir ki, hazırki iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı2 və İddiaçı1 birgə iddiaçılar kimi Bakı şəhəri 32 saylı notariat ofisinə qarşı (Bank "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb etməklə) icra qeydinin ləğvi barədə iddiası rədd edilsin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar