Məhkəmə qərarları › İş №2(001)-1854/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1854/2020

01.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1854/2020 01.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məmmədli Elnurə Həbib qızının katibliyi, İddiaçı, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil (eyni zamanda Cavabdeh2 nümayəndəsi və vəkili) iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia və Cavabdeh2 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14.400 manat əsas borc və 8 il müddətinə bank uçot dərəcəsinə uyğun olaraq 5.760 manat zərərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2011-ci ildən tanıdığı Cavabdeh1 ona Baksol adlanan yerdə ünvan 1 ünvanında yerləşən torpağında pul qoyub mağaza tikməyi təklif etmişdir. Bu mağazadan işləyib qazanc götürəcəklərini ona izah etdikdə, ailəsinin maddi vəziyyətini yaxşılaşdımaq məqsədi ilə razılıq vermiş və ilk olaraq ona 3.000 manat pul vermişdir. Lakin, bir müddət sonra yenə tikinti üçün pul lazım olanda o, dostu Cavabdeh2 tikintiyə pul köməkliyi edib onlarla bu işdə şərik olmasını xahiş etmişdir. O, və Cavabdeh2 bu mağaza tikintisi üçün 14.400 manat vəsait xərclədikdən sonra, Cavabdeh1 onun etibarından sui-istifadə edərək onu aldatdığı, onun tərəfindən qabaqcadan düşünülmüş bir plan qurduğu ortaya çıxmışdır. Sonradan ona məlum olmuşdur ki, Baksol ərazisində olan torpaq ona məxsus deyil. Cavabdeh1 tərəfindən qeyri-qanuni olaraq zəbt edilmişdir. Belə ki, Cavabdeh1 əvvəl də Mənsur adlı bir şəxsi bu yolla aldadaraq 12.000 manatını mənimsəmişdir. Bütün bunları sübut etdikdən sonra cavabdeh Etibardan verdiyi pulu tələb edəndə o, cibində olan soyuq silahla onu hədələmiş və onu vurmaq istəmişdir. Bu zaman Mənsur araya girərək onu sakitləşdirmişdir. Cavabdeh1 qaçqınlıq statusundan və saxta yolla düzəldilmiş veteran vəsiqəsindən istifadə edərək Nərimanov rayonu, İ.Abışov küçəsi, məhəllə 102, ev 28 ünvanında yerləşən 6 sot torpağı 2010-cu ildə mənimsəyərək qeyri-qanuni obyektlər tikdirərək biznes fəaliyyəti ilə məşğul olur. Bununla yanaşı ərazidə tikdirilən obyektlər rəsmi müqavilələr bağlanmadan icarəyə verilərək əldə edilən gəlir dövlətdən gizlədilir. Öz pulunun geri qaytarılmasını tələb edərkən, Etibarın onu hədələməsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinə müraciət etmiş və Nərimanov RPİ istintaq şöbəsi xx xxxxxx 2017-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Həmin qərara əsasən onun tərəfindən Etibara məxsus torpaq sahəsində mağaza inşa edilmiş və Etibar həmin mağazanı işlədir. Həmin qərarın qərar verdim hissəsində onların mübahisələrinin məhkəmə qaydasında həll olunması izah olunmuşdur.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh2 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 9.600 manat məbləğində dəymiş zərərin və ondan faydalandığına görə, əldən çıxmış 4.320 manat illik 5% bank uçot dərəcəsi ilə, ümumilikdə 13.920 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddia əsassız olaraq verilmişdir, belə ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində izahatı alınan İddiaçı bildirmişdir ki, “tanıdığı Etibar adlı şəxslə biznes fəaliyyəti həyata keçirmək üçün Etibar mağazanın tikintisi üçün 10.000 manat pul vəsaiti lazım olduğunu ona bildirmişdir. O, Etibara demişdir ki, dostu ilə məsləhətləşib xəbər verər. O, dostu Telmanla görüşmüş və Telamana demişdir ki, belə bir torpaq sahəsi var, həmin sahədə obyekt tikib işlətsələr yaxşı pul qazana bilərlər. O, Telmana demişdir ki, pulu yoxdur, Telman pul qoysun, Telman nə qədər obyektə pul qoysa gələcəkdə qazanılan puldan obyektə qoyduğu pulu götürəcək və obyektdə ona şərik olacaq. Telmanda razılaşmışdır. O, Telmana demişdir ki, ona 20.000 manat pul versin, obyektin tikintisinə başlasınlar. Telman ona demişdir ki, pulu hissə-hissə verə bilər, alacağı var. O da razılaşmışdır. Telman ancaq onunla şərik olacaqdı. 2011-ci ilin oktyabrın axırları Telman əvvəlcə 3.000 manat pulu həmin torpaq sahəsinə vermişdir ki, işə başlasınlar. O, pulu alanda yanında Etibar olmuşdur. Etibar da bildirmişdir ki, Telman bu pulu obyektin başlanılması üçün verir. Daha sonra Telman obyektin tikintisi üçün daha 5.600 manat pul qoymuşdur. Həmin 5.600 manatı Telman Binəqədi rayonunda yerləşən öz torpaq sahəsini satmaqla vermişdir. Sonradan Etibar yazılı surətdə imza etmişdir ki, obyektin tikintisinə 10.040 manat pul xərcləmiş, həmin pulun 8.600 manatı şəriki Cavabdeh2 vermişdir. O isə öz vəsaitindən həmin tikintiyə 1.440 manat pul xərcləmişdir. Sonradan Telman həmin obyektə 4.000 manatda xərcləmiş və həmin 4.000 manatında 3.000 manatına yaxınını hissə-hissə Telmana vermişdir”. İddiaçı Nərimanov RPİ-nin İŞ-də verdiyi izahatındakı xüsusatları bir haldan başqa, qalan hissələrdə həqiqətə uyğudur. O, Etibara məxsus torpaq sahəsində yox, Zaminin onu inandıraraq dostu Mənsura məxsus torpaq sahəsində tikinti işlərinin aparılması üçün 9.600 pul xərcləmişdir. O izahatında qeyd etdiyi kimi, İddiaçı bu yaxınlarda onunla telefon danışıqlarında da bir daha təsdiq etmişdir. Habelə bu faktı Nərimanov RPİ-nin İŞ-də izahatı alınmış X1 da təsdiq etmişdir. Beləliklə, İddiaçı öz təqsirli hərəkətləri ilə ona ziyan vurmuşdur. O, özünə məxsus Bakı şəhəri Binəqədi rayonunda yerlşən 6 sot torpaq sahəsindən 3 sotunun 5.600 manata sataraq və həmin pulun üzərin 4.000 manat qoyaraq, obyekt tikintisi üçün cavabdehə verməklə ümumilikdə 9.600 manat zərər çəkmişdir. Bu ona dəymiş real zərərdir. Həmin puldan o ən azından 9 ildə bank uçot dərəcəsi ilə illik 5 faiz olmaqla 4.320 manat əldə edə bilərdi. Göstərilənlərə əsasən qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbində göstərilən məzmunda izahat verərək, iddianın təmin olunması, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, Cavabdeh1la 2012-ci ildən yoldaşlıq etmişdir. Etibar ona demişdir ki, torpağı var, gəl bu torpaqda şərik olaq. O sonradan bilmişdir ki, torpağın sənədi yoxdur. Cavabdeh2 3.000 min manat pul gətirmişdir. O, Telmanla birlikdə pulu Etibara vermiş və həmin pulu mağazanın tikintisi üçün materiala xərcləmişdir. Cavabdeh1 ona demişdir ki, mağazanın tikintisinə pul qoy və torpağın 33.3 faizi sənin olsun. Mağazanın tikintisinə 12.000 manat pul xərcləmişdir. Müəyyən müddətdən sonra ona məlum olmuşdur ki, Mənsur adlı şəxsdə bu mağazaya şərikdir. Etibar ona şifahi şəkildə demişdir ki, torpaq sahəsi onundur. O, Etibara pulu nəğd şəkildə verməmişdir, o, tələb etdiyi pulla materiallar alıb vermişdir. Onun tələb etdiyi 14.400 manat puldan 6.000 manatı onundur, qalanı Cavabdeh2 puludur. Onun Cavabdeh2 qarşı hər hansı pul tələbi yoxdur. Telman pulunu ona həvalə etmişdir ki, tikintiyə rəhbərliyi o etsin, həmçinin lazımi materialları o alsın. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Ələskərov Zamin və Cavabdeh2 2011-ci ildə Mənsurun torpaq sahəsini almaq istəmişlər. O, Ələskərov Zamindən pul almamış, həmçinin ona torpaq sahəsi də satmamışdır. Qeyd edilən mübahisəni hüquq mühafizə orqanları araşdırmışdır. İddiaçı Cavabdeh2 pulunu xərcləmiş, indi də o pulu əsassız şəkildə ondan tələb edir. Bununla yanaşı iddia tələbi əsaslı olsaydı belə, 2011-ci ildə guya verdiyi pulu indi tələb edir. 9 ildən sonra iddia qaldırdığına görə 3 illik iddia müddəti tətbiq edilməlidir. Göstərilənlərə əsasən iddia müddətinin tətbiq edilməsi ilə, həmçinin iddianın əsassız olduğuna görə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 ilkin iddiabı qəbul etməyərk və qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddia ərizəsinə uyğun izahat vermişdir. Həmçinin bildirmişdir ki, o, Zaminin tanış idi. O, Etibara məxsus torpaq sahəsində yox, Zaminin onu inandıraraq dostu Mənsura məxsus torpaq sahəsində tikinti işlərinin aparılması üçün 9.600 manat pul xərcləmişdir. Zamin ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən o da prinsip etibari ilə ona qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili cavabdehlərin izahatını müdafiə edərək iddianın əsassız olduğuna görə təmin edilməməsini, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdiki, iddiaçı Cavabdeh1 hər hansı məbləğdə pul verməmiş, bunu təsdiq edən sübutları yoxdur. Eyni zamanda, ona qarşı verilmiş iddia əsaslı olsa idi belə, iddia müddəti ötürülmüş və bu barədə yazılı ərizə məhkəməyə təqdim edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidin ifadəsini dinləyib, mülki iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iddiaçını vəsatəti əsasında şahid qismində dindirilmiş X1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, iddiaçının və cavabdehlərin tanışıdır, belə ki, onlar arasında iş münasibətləri olmuşdur. O, tərəflər arasında ilk növbədə Cavabdeh1la tanış olmuşdur. O, Etibara 12.000 manat pul verməklə torpaq sahəsində yarımtikili almış, həmin yerdə obyekt inşa etmək istəmişdir. Daha sonra isə o, Etibarın onu aldatdığını bilmiş və aralarında mübahisə düşmüşdür. Belə ki, o pul verib aldığı yerə qeydiyyata düşmək üçün ərazi üzrə JEK-ə müraciət edəndə bilmişdir ki, artıq ona məxsus yerə Etibar öz ailəsi ilə birlikdə qeydiyyata düşmüşdür. Bundan sonra o, Etibardan pulunu tələb etməyə başlamış və hissə-hissə pulunu ala bilmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirdi ki, iddiaçının Cavabdeh1 pul verdiyini görməmişdir, onlar arasında hər hansı pul söhbətinə də şahid olmamışdır. X8 pul verməsi barədə hər hansı bir məlumatı yoxdur. Telmanla Etibarın arasında söhbətlər olsa da, aralarında mübahisə olmamışdır. Zamin onunla bazara getmiş, mübahisəli obyektin tikitisi üçün şifer, taxta və sair tikinti üçün materiallar almışlar, lakin həmin materialları kimin pulu ilə aldığından onun xəbəri olmamışdır. Mülki işin materiallarında olan Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2017-ci il tarixli qərarın surətindən görünür ki, vətəndaş İddiaçı və Cavabdeh2 ərizəsi üzrə toplanmış HK1-1441 saylı materialda Cavabdeh1 əməlində cinayət tərkibinin olmaması əsasına görə barəsində cinayət təqibinin başlanılması rədd edilmiş və tərəflərə mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Qeyd olunan qərardan görünür ki, araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, özü Binəqədi rayonu Baksol yolunda yerləşən Fizuli rayon uşaq musiqi məktəbində tar müəllimi işləyir. O, Cavabdeh2 2006-cı ildən tanıyır. Həmin vaxtı Telman mağazada işləyirmiş, o da Telmanın işlədiyi mağazadan tikinti materialları alanda Telmanla tanış olumuş və bundan sonra ailəvi dostluqları başlamışdır. Hal-hazırda da dostdurlar. Etibarla isə 2010-cu ilin axırlarında “Dərnəgül” bazarında təsadüfən mağazaların birində tanış olmuşdur. Heç vaxt aralarında narazılıq olmamışdır. 2011 -ci ilin təxminən oktyabr ayında Etibar ona Nərimanov rayonu Baksol yolunda «Xarı-Bülbül» restoranının yanında 8 sot boş torpaq sahəsi olduğunu bildirmişdir. O, torpağın sənədi olmasını soruşmamış, Etibarda torpağın sənədinin olub-olmamasını ona deməmişdir. Etibar ona demişdir ki, 10.000 manat pul versin, bu torpaq sahəsinə şərik olsun, birlikdə torpaq sahəsində obyekt tiksinlər və birlikdə biznes fəaliyyətinə başlasınlar. O, Etibara demişdir ki, onun pulu yoxdur. Etibar ona demişdir ki, bu torpaq sahəsində obyekt tikib fəaliyyətə başlasalar gələcəkdə çoxlu pul qazana bilərlər. O, Etibara demişdir ki, dostu ilə məsləhətləşib xəbər verər. O, dostu Telmanla görüşmüş və Telmana demişdir ki, belə bir torpaq sahəsi var, həmin sahədə obyekt tikib işlətsələr yaxşı pul qazana bilərlər. O, Telmana demişdir ki, pulu yoxdur, Telman pul qoysun, Telman nə qədər obyektə pul qoysa gələcəkdə qazandığı puldan obyektə qoyduğu pulu götürəcək və obyektdə ona şərik olacaq. Telman da razılaşmışdır. O, Telmana demişdir ki, ona 20.000 manat pul versin, obyektin tikintisinə başlasınlar. Telman ona demişdir ki, pulu hissə-hissə verə bilər, alacaqları var. O da razılaşmışdır. Telman ancaq onunla şərik olacaqdı, Etibarla yox. Etibarla danışıqlarına əsasən Etibarla o, şərikli olacaqdı. 2011-ci ilin oktyabınn axırları Telman əvvəlcə 3.000 manat pulu həmin torpaq sahəsində ona vermişdir ki, işə başlasınlar. O, pulu alanda yanında Etibar olmuşdur. Etibar da bildirmişdir ki, Telman bu pulu obyektin başlanması üçün verir. Daha sonra Telman obyektin tikintisi üçün daha 5.600 manat pul qoymuşdur. Həmin 5.600 manatı Telman Binəqədi rayonunda yerləşən öz torpaq sahəsini satmaqla vermişdir. Onlar tikintiyə başlamazdan əvvəl 8 sot torpaq sahəsində 4x5 ölçüsündə 2 ədəd 3 metr hündürlüyündə divarı çəkilmiş, birinin damı vurulmuş təmirsiz, digəri isə damı vurulmamış tikili olmuşdur. Həmin tikilinin damını Etibar ilə birlikdə o, vurmuş və sonra əlavə olaraq həmin 2 ədəd tikintinin təmirinə başlamışlar və əlavə olaraq bir ədəd 4x12 ölçüsündə eyvan və əlavə 3x6 ölçüsünə mətbəxt tikmişlər, sonra əlavə 3x3 ölçüsündə otaq tikmişlər. Beləliklə, o, cəmi həmin obyektin tikintisinə və təmirinə 10,040 manat pul xərcləmişdir və Etibar heç bir məbləğdə pul xərcləməmişdir, çünki danışıqları belə olmuşdur ki, torpaq Etibardan olacaq, tikinti isə onlarm hesabına aparılacaqdır. Etibar özü yazılı surətdə imza etmişdir ki, obyektin tikintisinə 10.040 manat pul xərclənib. Həmin pulun 8.600 manatı şəriki Cavabdeh2 vermişdir, o isə öz vəsaitindən həmin tikintiyə 1.440 manat pul xərcləmişdir. Qeyd etmişdir ki, o, Etibarla həmin torpağa ortaq olub obyekt tikdirməyə başlayanda həmin torpaq sahəsinin yarısını X6 satdığından və Mənsur onlardan əvvəl həmin torpaq sahəsində müəyyən tikinti işləri apardığından həmin şəxs də onlarla ortaq olmuşdur. Sonradan o görmüşdür ki, Etibar düzgün adam deyil, şərikli işləyə bilməyəcək. O, Etibara demiş ki, əsəbləri tab gətirmir, bu işlə şəriki Telman məşğul olacaq. İşə şəriki Telman qarışmışdır. O, Telmana demişdir ki, verdiyi 8.600 manat pul bu tikiliyə xərclənmişdir, özü bu işlə məşğul olsun. O, 10.040 manatın xərclənməsindən sonra işdən çıxmış və şərik Telman bu işlə məşğul olmuşdur. Sonradan Telman həmin obyektə 4.000 manat da xərcləmiş və həmin 4.000 manatında 3.000 manatına yaxınını hissə-hissə Telmana vermişdir. Qeyd etmişdir ki, xx xxxxxx 2012-ci il tarixdə obyektdə tikintiyə qoyulan pul üstündə Etibarla mübahisələri düşmüş və Etibar obyektin içində mətbəxt bıçağı ilə ona hücum etmişdir ki, onu vursun, bu zaman obyektə 3-cü şərik olan Mənsur araya girmiş və Etibarın onu vurmasına imkan verməmişdir. O, bu barədə şikayət etməmişdir. Sonra obyektə nə qədər pul xərclənməsini Etibardan soruşmuş və Etibar bildirmişdir ki, Telmanla onun obyektə cəmi 14.040 manat pulu xərclənib, Mənsurun isə həmin obyektə 12.200 manat pul qoyduğunu demişdir. O, Etibardan soruşmuşdur ki, sən nə qədər pul qoymusan? Etibar demiş ki, öz obyektidir nə qədər pul xərcləyib özü bilər. Sonra məlum olmuşdur ki, Etibar Mənsuru da aldadaraq obyektə şərik etmişdir. Hal-hazırda o, və Telman həmin obyektə cəmi 14.040 manat pul xərcləmişlər. O cümlədən Mənsurun isə 12.200 manat pulu xərclənmişdir. Etibar Mənsurun 12.200 manat pulunu 5 il müddətində hissə-hissə qaytarsa da, Telmanla onun pulundan heç bir məbləğ qaytarmamışdır və onları da tikilən həmin obyektə ortaq kimi qəbul etməyərək heç bir gəlir verməmişdir. Hazırda Etibar onların tikdirdiyi həmin obyektləri icarəyə verərək oradan aylıq pul götürür. Qeyd olunan qərarda araşdırma zamanı Cavabdeh2 izahatında göstərmişdir ki, o, əvvəlki izahatlarını qismən təsdiq edir və əlavə olaraq bildirmişdir ki, İddiaçı 2006-cı ildən tanıyır. Tanışlıqları onun işlədiyi Dərnəgül tikinti bazarında işlətdiyi obyektindən alqı-satqı zamanı yaranmışdır. Belə ki, alqı-satqı zamanı Zamin onların obyektindən malı başqa obyektlərə çatdırılması ilə məşğul olurmuş, yəni fərdi qaydada sürücü kimi fəaliyyət göstərirmiş. 2011-ci ilin təxminən sentyabr-oktyabr aylarında Zamin ona iş təklif edərək Mənsur adlı şəxsin Baksol yolunda torpaq sahəsi olduğunu, pul qoyaraq şərik ola biləcəklərini təklif etmişdir. O, həmin vaxtadək Mənsuru tanımırmış. O, Zaminlə gedib həmin torpağa baxmışlar və həmin torpağın sahibi Mənsurla həmin torpağı 12.000 manata almağa razılaşmışlar. Sonra o, həmin torpağın sahibi yəni, Mənsura satan Etibarın yanında Zaminə 3.000 manat pul vermişdir ki, həmin torpağın pulu kimi ilkin olaraq Mənsura versin. Bundan sonra Zamin ona təklif etmişdir ki, həmin yerdə kafe tiksinlər və birlikdə işlətsinlər. O, Zaminlə razılaşmış və tikinti işlərinə başlamışlar. Daha sonra onun əlində pulun olmadığından təxminən 4-5 ay sonra Binəqədi rayonu, Binəqədi kəndində 6 sot torpaq sahəsindən, 3 sotunu Etibarın qohumuna satmış və 5.600 manat pulu Etibardan alaraq Mənsura vermişdir ki, Mənsur çıxıb getsin. Daha sonra əlavə olaraq təxminən 1.000 manata yaxın Etibara pul vermişdir ki, tikinti işlərinə xərcləsin. Bundan sonra Zamin obyektin tikintisi üçün ona hissə-hissə xırda məbləğdə pul vermişdir. Daha sonra obyektlə bağlı arada söz-söhbət olduğundan o, bu - işdən aralanmışdır. Sonra Etibar ona zəng vuraraq həyətində olan 2x2 tikilini sökmək istədiyini bildirmişdir. O, razılaşmış və ustalar gəlib həmin balaca tikilini sökmüşlər və tikintidə istifadə olunan işlənmiş taxtaları o, yük maşınlarına dolduraraq daş sexinə aparmışdır. Amma tikintidə istifadə olunan kərpiclərin hamısı sınmış və yararsız vəziyyətdə olmuşdur. Zaminin istintaq zamanı təqdim etdiyi sənəd surətlərindən bir neçəsini Etibar onun xahişi ilə oxumadan imza etmişdir və bir neçəsini isə boş kağıza imza etdirmişdir. Bu məsələdə Etibarda heç bir günah yoxdur, belə ki, Etibar ona nə torpaq satmışdır, nə obyekt tikdirmişdir. O, Zaminə inanıb Mənsurdan torpaq almaq istəmiş və təxminən 9.600 manat pul xərcləmişdir. Hazırda Etibara qarşı heç bir şikayəti və tələbi yoxdur. Qeyd olunan qərarda araşdırma zamanı Cavabdeh1 izahatında göstərmişdir ki, Mənsur Məmmədovu 2009-cu ilin axırlarında tanımışdır. Həmin vaxtı Mənsur onun Nərimanov rayonu Baksol yolunda Ələsgər Qayıbov küçəsində yerləşən yaşadığı evin həyətində olan torpaq sahəsini ona icarəyə verməyini xahiş etmişdir. O,əvvəlcə razılaşmasa da, sonradan razılaşdıqda Mənsur bildirmiş ki, 2 metr enində və 30 metr uzunluğunda torpaq sahəsini icarəyə götürərək həmin yerdə dəmir xamut düzəldib satacaq. Mənsur həmin torpaq sahəsini 10.000 manata istəmiş və demişdir ki, o bu torpaq sahəsində 5 il işləyəcək, gedəsi olsa da ona verib 10.000 manatı pulunu geri alacaq. O da razılaşmışdır. O, 2014-cü ilin əvvəllərində Mənsurun öz xahişi ilə 10.000 manat pulunun əvəzinə 12.000 manat pul vermiş və həmin torpaq sahəsi onun özünə qalmışdır. O, Qadaşov Telemanı 2011-ci ilin qış fəslindən tanımışdır. Telman onun Mənsura icarəyə verdiyi torpaq sahəsini almaq istəmişdir. İddiaçı Telmanın sürücüsü olmuş, Zaminin onunla heç bir torpaq məsələsində əlaqəsi olmamışdır. X9 2011-ci ildə Mənsurun yanına müştəri kimi gətirmişdir ki, Mənsurun torpaq sahəsini alsın. Telman Mənsura pul verməmiş və 3 il Mənsurun yerini və onun 3 sot torpaq sahəsini məşğul saxlamışdır. Ona söz vermiş ki, ayda 200 manat icarə pulu verəcək. Telmanla danışıqları belə olmuşdur ki, Telman həmin 3 sot torpaq sahəsində yəni onun və Mənsurun Telmana verdiyi torpaq sahəsində kafe tikməyi vəd etmiş, demişdir ki, kafedən gələn gəlir aralarında bölünəcək. Lakin, Telman Mənsurun torpaq sahəsini almamışdır. Ancaq həmin torpaq sahəsində 18 m uzunluğunda kərpicdən hasar çəkmiş və 2x2 ölçüsündə bir ədəd kabinet tikdirmişdir. Hansı ki həmin kərpici Zamin tullantı kimi zavoddan gətirmişdi. Zamin kərpici zavoddan 15 manata almış və 36 qəpikdən Telmana qiymətləndirmişdir. Telman tikdiyi hasarı və kabineti 2013-cü ildə söküb materiallarını aparmışdır. Çünki, Telman torpaq sahəsinə gəlmirmiş və ona da icarə pulu vermirmiş. Danışıqlarına əsasən isə Telman ona ayda 200 manat icarə pulu verməli olmuşdur. 3 il icarə pulunu verməmişdir. Telman Mənsurun torpağının pulunu verməmişdir. O da, 12.000 manat pulu Mənsura vermiş və Mənsur oradan çıxıb getmişdir. O, Telmana və Zaminə torpaq sahəsi satmamış, şərikli obyekt tikməmiş, Telmangil Mənsurun tikdiyi torpaq sahəsində olan obyekti almaq üçün gəlmişlər. Mənsuru 3 il yarım aldatmışlar və pulunu verməmişlər. Mənsura satdığı yeri və obyekti 12.000 manata onun özünə satmışdır. Onun Telmana və Zaminə heç bir məbləğdə verəcək borcu yoxdur. Həmçinin bildirmişdir ki, Zaminin ona imzalatdığı sənədlərdə olan imzaları o özü çəksə də, Zamin və Telman onu aldatmış, savadsızlığından istifadə edərək ona həmin sənədlərə imza etdirmişdir. O, həmin obyektə görə Telman, Zamin və Mənsurla şərikli olmamışdır. Telman həmin obyektin tikintisinə hər hansı məbləğdə pul xərcləsə də yekunda tikdiyi obyekti sökmüş və materialları da özü ilə aparmışdır. Əsassız yerə ondan pul tələb edirlər. Qeyd olunan qərarda araşdırma zamanı X7 izahatında göstərmişdir ki, Cavabdeh1 uzun illərdir tanıyır. Belə ki, 2010-cu ilin axırlarında o, Etibarın sifarişi ilə ona məxsus Nərimanov rayonu, Baksol yolunda yerləşən yaşadığı evin qarşısında olan torpaq sahəsində Etibarın tikdirdiyi və tikintisi tamamlanmamış mağazanın dam örtüyünü vuracaqmış. Həmin vaxt Etibarın torpaq sahəsində Mənsur Məmmədov 10.000 manat verməklə yer alıb obyekt işlədirmiş və Mənsur həmin obyektdən çıxmaq istədiyi üçün Etibara 10.000 manatı geri almaq isyəyirmiş. Lakin, həmin vaxt Etibarın nağd pulu olmadığından Telman və Zamin adlı şəxslər həmin torpaq sahəsini Mənsurdan aralarındakı razılaşmaya əsasən almaq istəyirmişlər. Belə ki, həmin vaxt Zamin ona bildirmiş ki, onlar burada usta işlədəcəklər və o, onların işlərin görsün. Belə ki, Telmanla Zamin həmin yerdə 2x2 ölçüdə bir otaq tikdirmişlər, həmin tikilinin içərisinin təmirini, pol və tavanını o vurmuşdur. Həmçinin, onlar həmin ərazidə başqa ustaya təxmini 25 metr uzunluğunda, 3 metr hündürlüyündə hasar ördürmüşlər. Konkret olaraq Telmanla Zaminin həmin tikiliyə nə qədər pul xərcləmələrini bilməsə də, onlar Mənsurun torpağa olan pulunu, yəni 12.000 manatını verə bilmədikdə arada narazıçılıq yaranmış, Mənsur pulunu tələb etdikdə Etibar onda demiş ki, sənin 12.000 pulunu özü qaytaracaqdır. Bir müddətdən sonra Telman da daha obyektin tikintisini dayandırdıqda Etibar ona ya işi tamamlamağını ya da tikintisini sökmələrini bildirmişdir. Telman isə tikintini tamamlaya bilməyəcəyini bildirdikdə razılaşmışlar ki, Telmanla Zaminin orada tikdirdikləri tikilini sökdürsünlər. Beləliklə, həmin tikili sökülmüş, Telman tikintiyə alıb istifadə etdikləri materialların yararlılarını oradan aparmışdır. Daya sonra isə Etibar Mənsurun 12.000 manatını 2014-cü ildə tamlıqla Mənsura qaytarmışdır. İş materiallarına əlavə edilmiş iltizamın surətindən görünür ki, Etibar, Mənsur və Telman hər biri obyektin tikintisinə 12.000 manat pul qoymaqla şərik olmuşlar. İltizam hər üçü tərəfindən təsdiqlənmiş və imzalanmışdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2012-ci il tarixli “müqavilə” adlanan sənədin surətindən görünür ki, cəkilən xərc 10.040 manat məbləğində qiymətləndirilmişdir. Etibarın çəkdiyi xərc 1.200 manat, qalan 8.800 manat pulun 4.400 manatı Mənsura, 4.400 manatı Etibara düşür. İş materiallarına əlavə edilmiş “etibarnamə” adlanan sənədin surətindən görünür ki, Əliyev X2 Etibar və Məmmədov Mənsura aid torpaq sahəsində 8.600 manat tikinti işi görmüşdür. Cavabdeh1 və Məmmədov Mənsurdan (hər birindən) 4.600 manat məbləğind pulu 3 ay müddətində istəyəcəkdir, əks halda torpaq verməklə bu iş həll ediləcəkdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1, X1 və Cavabdeh2 2011-ci ildə aralarında əldə edilmiş razılığa əsasən ünvan 1 ünvanında yerləşən torpaq sahəsində qeyri yaşayış sahəsinin tikilməsi barədə razılıq əldə etmiş, Lakin, sonradan aralarında narazılıqlar yarandığından həmin razılıq pozulmuşdur. Hazırda iddiaçı qeyd edilən obyektin tikintisi üçün çəkdiyi xərcləri cavabdehlərdən tələb edir, Cavabdeh2 iddia ilə razılaşmayaraq, qarşılıqlı iddia ilə müraciət edərək çəkdiyi xərclərin əvəzini iddiaçıdan tələb edir, digər cavabdeh də iddianı qəbul etmir, habelə iddia müddətini tədbiq etməklə iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə görə bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. HəminMəcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 14.400 manat məbləğində pul tələb edilsə də, iddiaçının iddia ərizəsindən və Nərimanov RPİ-nin İstintaq şöbəsində verdiyi izahatından görünür ki, qeyd olunan məbləğin 9.600 manatı Cavabdeh2 məxsus olmuşdur. Bundan əlavə, iddiaçı izahatında göstərmişdir ki, tikintiyə 1.440 manat pul xərcləmiş, sonra da Cavabdeh2 tərəfindən xərclənmiş 4.000 manat məbləğdə pulun 3.000 manatını ona ödəmişdir. Halbuki, iddiaçı tərəfindən həmin məbləğdə, yəni ümumilikdə 4.440 manat məbləğində pulun xərclənməsi və ya Cavabdeh1 və Cavabdeh2 verilməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “etibarnamə” adlanan sənədin surətindən də görünür ki, Əliyev X2 Etibar və Məmmədov Mənsura aid torpaq sahəsində 8.600 manat tikinti işi görmüşdür. Həmin məbləğdə pulun Cavabdeh2 məxsus olduğunu isə özü Nərimanov RPİ-nin İstintaq şöbəsində verdiyi izahatında göstərmişdir. Məhkəmə iddia tələbinin Cavabdeh1 aid hissəsi ilə bağlı onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında hər hansı öhdəlik münasibətləri olsaydı belə, iddiaçı hazırki iddianın qaldırılması üçün mülki qanunvericilikdə müəyyən edilmiş iddia müddətini də ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 14.400 manat məbləğində pulun ödənilməsi hissəsində iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “8 il müddətinə bank uçot dərəcəsi ilə hesablanmış 5.760 manat məbləğində pulun cavabdehlərdən tutulması” hissəsi ilə əlaqədar isə qeyd edir ki, iddia tələbinin bu hissəsi törəmə tələbdir və bu tələbin təmin olunub-olunmaması bilavasitə iddia tələbinin “14.400 manat məbləğində pulun cavabdehlərdən tutulması” hissəsinin təmin olunub-olunmamasından asılıdır. Bunu nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə Cavabdeh2 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası ilə əlaqədar hesab edir ki, qarşlıqlı iddia da əsassız olduğundan təmin edilməməlidir. Belə ki, cavabdeh Qadaşov X3 RPİ-nin İstintaq şöbəsində verdiyi izahatında bildirmişdir ki, İddiaçı tikinti məqsədləri üçün 3.000 manat pul vermişdir ki, Mənsur Məmmədova versin, daha sonra 5.600 manat pulu Cavabdeh1 alaraq Mənsur Məmmədova vermiş, daha sonra isə 1.000 manata yaxın Cavabdeh1 pul vermişdir. Sonra isə 2x2 ölçüsündə olan tikilini sökərək istifadə olunmuş materialları aparmış, hazırda Cavabdeh1 qarşı heç bir şikayəti yoxdur. Bundan əlavə, əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 bildirmişdir ki, İddiaçı ona qarşı iddia qaldırıldığı üçün o, qarşılıqlı iddia vermişdir. Göründüyü kimi, Cavabdeh2 tərəfindən tələb olunan 9.600 manat məbləğində pul onun tərəfindən tikintiyə xərclənmiş və sonra tikintidə istifadə olunan həmin məbləğdə materiallar onun tərəfindən geri götürülmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 İddiaçı qarşı 9.600 manat məbləğində dəymiş zərərin ödənilməsi hissəsində qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “illik 5% bank uçot dərəcəsi ilə hesablanmış 4.320 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutulması” hissəsi ilə əlaqədar isə qeyd edir ki, iddia tələbinin bu hissəsi törəmə tələbdir və bu tələbin təmin olunubolunmaması bilavasitə iddia tələbinin “9.600 manat məbləğində dəymiş zərərin ödənilməsi” hissəsinin təmin olunub-olunmamasından asılıdır. Bunu nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Bu iddia üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Cavabdeh2 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar