Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-187/2023 01.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ 2Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçılar İddiaçı1, onun və digər cavabdehlərin vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «əmlakın naturada bölgüsü və ya açıq hərracdan satılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «əmlakın naturada bölgüsü və ya açıq hərracdan satılması» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən 0,045 ha torpaq sahəsi və onun üzərində yerləşən biri böyük, digəri isə kiçik olmaqla iki fərdi yaşayış evi ümumi birgə mülkiyyətçilər Cavabdeh, İddiaçı2, X2 və İddiaçı1 mülkiyyətindədir. Həmin torpaq sahəsi üzərində qeyd olunan şəxslərin mülkiyyət hüququ rəsmiləşdirilmiş və daşınmaz əmlakın Dövlət reyestrindən verilən MH seriyalı, ******* saylı Çıxarışda öz əksini tapmışdır. Qeyd olunan torpaq sahəsinin və üzərindəki iki fərdi yaşayış evinin 4 paylı mülkiyyətçi arasında ¼ paylara uyğun olaraq 4 təcrid hissəyə bölünməsi İnşaat Norma və Qaydalarının tələblərinə uyğun deyil və bu bölgü texniki cəhətdən də mümkün deyil. Bu əsasla da İddiaçı2, İddiaçı3 və İddiaçı1 həmin omlakdakı paylarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6-cı maddəsinə və 221-ci maddəsinə, eləcə də «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qəranna uyğun olaraq ayrılması daha məqsədəuyğundur. Cavabdehə həmin torpaq sahəsində və üzərində olan fərdi yaşayış evlərində olan pay haqqlarının pul formasında onlara ödənilməsi barədə iddiaçılar tərəfindən şifahi təkliflər irəli sürülmüşdür. Lakin bu müraciətlər cavabsız qalmışdır. Mübahisənin məhkəmə qaydasında həll edilməsi üçün yazılı müraciətin zəruri olduğunu bildikdən sonra isə iddiaçılar mülki qanunvericiliyin tələbini və məhkəmələrin mövqeyini nəzərə alaraq cavabdehə yazılı qaydada müraciət etmişlər. Müraciətdə bildirmişlər ki, Bakı şəhəri, Biııəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən 0,045 ha torpaq sahəsi və onun üzərində yerləşən biri böyük, digəri isə kiçik olmaqla iki fərdi yaşayış evinin bazar dəyəri ən azı 165000 manat müəyyən olunmaqla, iddiaçılara çatası ümumi məbləğ də 123750 manat təşkil edir. Əgər həmin məbləği iddiaçılara ödəməyə cavabdeh razılıq versə idi, məbləğin 2 ay müddətində vaxt cədvəlinə uyğun olaraq bərabər hissələrdə qəbul edilməsinə etirazları olmayacaqdı və bu halda ödəniş tam yerinə yetirildikdən sonra həmin əmlakdakı paylarının tam olaraq cavabdehin adına rəsmiləşdirilməsi iddiaçılar tərəfindən təmin ediləcəkdir. Cavabdehə təklif edilmişdir ki, bu müraciəti aldıqdan sonra 3 təqvim günü müddətində iddiaçılara yazılı cavab versin və izah edilmişdir ki, əks halda tərəflərindən məhkəməyə müraciət olunacaq. İddiaçılarn 14 avqust 2021-ci il tarixli müraciəti cavabdehin həm iş yerinə, həm yaşadığı ünvana, həm də rəsmi qeydiyyatda olduğu ünvana göndərilmişdir. Lakin cavabdeh bu günə qədər iddiaçılara heç bir yazılı və şifahi cavab verməmişdir. Odur ki, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında məhkəməyə bildirdi ki, cavabdehlə bir həyətdə yaşamaq mümkün deyil. Aralarında daim mübahisələr olur. Bununla bağlı dəfələrlə hüquq-mühafizə orqanlarına şikayətlər edilib. Cavabdehin torpaq sahəsi ilə bağlı irəli sürdüyü bütün tələblərlə razılaşmış, lakin hal-hazırda onun əlavə olaraq tələb etdiyi hissəni də verməyə razılaşa bilməz. Belə ki, hasar cavabdehin dediyi yerdən çəkilərsə, gedib onun balkonuna dirənəcək və cavabdeh yenə də hasarın altında durub ya itə söyəcək, ya zibil yandıracaq. Belə halda o, nə evi sata biləcək, nə də ki, özü həmin evdə yaşaya biləcək. Cavabdeh artıq torpaq istədi – razılaşdı, darvaza istədi – razılaşdı, hətta hasarı və kommunikasiyaları da özü çəkməyə razıdır. Özünün səhhəti çox pis vəziyyətdədir. İflic olmaq riski yaşayır. 7 ildir ki, boşandığı insanla bir həyətdə yaşamaq məcburiyyətindədir və bu onlar arasındakı gərginliyi kulminasiya nöqtəsinə gətirib çıxarıb. Qışda başını götürdü getdi qızının yanına Türkiyəyə, indi yenə məcbur olub qayıdıb evinə. Hələ qızı yanındadır – sakitçilikdir. Qızı gedəndən sonra yenə də başlanacaq. Yaşadıqları evlərin sayğacları birdir. O, bununla heç nə edə bilmir. Cavabdeh deyir borcun nə qədər olduğunu – pulu uşaqnan göndərir, borc ödənir. Lakin cavabdeh yenə də onun kommunal xidmətlərdən istifadəsinə maneə yaradır. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, tərəflər özləri faktiki olaraq bölgünü aparmışlar: iddiaçılar həyətin bir tərəfində olan evdə yaşayır, cavabdeh isə digər evdə və cavabdehin öz evinə ayrıca giriş-çıxışı da var. İddiaçıların bir-birinə qarşı hər hansı tələbi yoxdur, mübahisə yalnız cavabdehin payına aiddir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, yerində müayinə zamanı torpaq sahəsinin naturada bölünməsi ilə razılaşsa da, sonradan təzədən torpaq sahəsini ölçmüş və yadına düşmüşdür ki, oradan qaz xətti keçir və həmin yerdən ona darvaza qoymağa imkan verməyəcəklər. Yerində müayinədə razılaşmışdır ki, ona aid hissə balaca qapının petləsi olan yerdə qurtaracaq, amma sonra o, həmin sahəni ölçdü və gördü ki, orada heç “1,5 sot” yoxdur. Onun ümumiyyətlə həmin evdə yaşamaq fikri yoxdur. Amma o, təhqir olunub, söyülüb, indi isə iddiaçı deyir ki, ev də onun olsun, torpaq da. Halbuki, torpağı da vaxtilə cavabdeh alıb, evi də özü tikib. Mübahisənin həlli yolu kimi onu görür ki, ev özəlləşdirilsin və satılaraq pul paylarına uyğun aralarında bölünsün. Onu iki dəfə özəlləşdirilməyə çağırıblar, lakin iddiaçı buna razı olmur. İndi ona petləyə qədər torpağın verilməsinə razı deyil. Hesab edir ki, ona əlavə də torpaq ayrılmalıdır ki, “1,5 sot” tamamlansın. “2,5 sot” da qalsın iddiaçıya. İddiaçı narahat olursa, qaldırsın divarı 3 metr etsin. Onsuz da, o, orada yaşayan deyil. Hesab edir ki, mübahisə həll edilərkən onun oğlunun da maraqları nəzərə alınmalıdır. Belə ki, o da övladdır və onun da hüquqları var. Qızının birinin ümumiyyətlə adı çıxarışda səhv yazılıb. Belə olan halda onun da paylı digər mülkiyyətçilər arasında bölünməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi ünvanında yerləşən 0,045 ha torpaq sahəsi xx.xx.2008-ci il tarixdən Cavabdeh, X3, İddiaçı3 və İddiaçı1 mülkiyyətindədir. Göründüyü kimi, çıxarışda cavabdehlərdən birinin – İddiaçı2 adı səhv olaraq Aytən kimi göstərilmiş, ona görə də, ona aid hissədə məhkəmə mübahisəyə münasibət bildirilməsini qanunun tələblərinə zidd hesab edir. Torpaq sahəsi üzərində yerləşən evlərə dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1231 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: “ ... Göstərilən torpaq sahəsi sənəd üzrə (**********06 reyestr nömrəsi ilə paylı mülkdür) 450,0 kv.m. təşkil edir. Torpaq sahəsinin üzərində 2 ədəd bir mərtəbəli yaşayış evi və həyət tikilisi mövcuddur. Sözügedən sahə bir hasar daxilində olmaqla üzərində heç bir bölgü xətti qoyulmamışdır. Torpaq sahəsi ümumi göstərildiyindən sahənin naturada payçılar arasında bölgüsünü müəyyənləşdirmək mümkün olmamışdır. Mövcud torpaq sahəsinin yalnız bir tərəfli (cənub-şərq) məhəllədaxili yola düşür. Sahənin daxilindən həmin yola keçid nəzərə alınmaqla bölgü aparılması texniki olaraq mümkün ola bilər. ... Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi ünvanında yerləşən 0.045 ha torpaq sahəsinin hazırda mövcud olan orta bazar qiyməti təqribən 54000 manat, likvid dəyəri isə təqribən 51300 manat məbləğində müəyyən edilir”. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə yerində müayinə aparılmış və müayinə zamanı tərəflər arasında torpaq sahəsinin naturada bölünməsinə razılıq əldə edilmişdir. Belə ki, yerində müayinə zamanı cavabdeh əvvəl bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu Xocəsən qəsəbəsi ünvanında yerləşən 0,045 ha torpaq sahəsində mövcud olan iki fərdi yaşayış evindən 49 kv.m. olan evdə oğlu ilə birlikdə yaşayır. Cavabdeh darvazanın onun evinə tərəf olan hissəsindən iddiaçıların evinin önünü kəsmədən, maili şəkildə həyətyanı sahədəki alça ağacı daxil olmaqla onu tərəfində qalmaqla naturada bölünməsinə razıdır və belə bölgü mümkündür. İddiaçıların vəkili bildirmişdir ki, hal-hazırda iddiaçılar ölkə hüdudlarından kənardadırlar. İddiaçı1 ilə telefon vasitəsilə əlaqə saxlayaraq cavabdehin verdiyi təklifi ona bildirdi, iddaçı isə cavabdehin verdiyi təkliflə razılaşmadı və bildirdi ki, belə olsa onun evinin qabaq hissəsinə günəş işığı düşməyəcək, bölgü maili deyil, həyətdəki su kranının yanındakı balaca qapının petləsi daxil olmaqla düz qonşunun hasarına kimi edilsə, hər iki evə münasibətdə daha uyğun olar. Bundan sonra iddiaçıların vəkili həyətdəki yerin örtüyündən eni üzrə 9 ədəd plitə iddiaçıların xeyrinə çıxılmaqla, qalan hissə daxil omaqla həyətdəki su kranının yanındakı balaca qapının petləsindən düz qonuşunun hasarına kimi olan məsafənin cavabdehin istifadəsində qalmasına razı olduqlarını bildirdi və cavabdeh iddiaçıların təklifi ilə razılaşdı. Nəticə etibari ilə yerində müayinə zamanı müəyyən edilmişdir ki, topraq sahəsinin tərəflər arasında naturada bölünməsi mümkündür və bu mülkiyyətçilərin (həm iddiaçılar, həm də cavabdehin) maraqlarına xidmət edir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 153.4-cü maddəsinə müvafiq olaraq, bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Mülki Məcəllənin 154.1-ci maddəsinə görə, qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Mülki Məcəllənin 213.1.-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəllənin 213.2-ci maddəsinə müvafiq olaraq, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.1, 220.2 və 220.3-cü maddələri). Əsas insan hüquqlarından olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki hüquqlara hörmət bəsləmək və onların müdafiəsinə kömək göstərmək bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər üçün məcburidir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarı). Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı). Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında məhkəməyə bildirmişdir ki, iddiaçılara 40000 manat pul verməyə hazırdır, çıxıb getsinlər. Ya da torpaq sahəsi hərraca çıxarılıb satılsın - hərracda pulu ödəyib, torpaq sahəsini özü alacaq. Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məcəllənin 220.6-cı maddəsinin məzmunundan məlum olur ki, ayrılan mülkiyyətçi ilkin olaraq Məcəllənin 220.3-220.5-ci maddələrdə müəyyən edilmiş qaydalara və ardıcıllığa riayət etməli və yalnız həmin qaydalar və ardıcılıq əsasında ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Hazırkı işin materiallarından göründüyü kimi, iddiaçılar Mülki Məcəllənin 220-ci maddəsi ilə nəzərədə tutulmuş ardıcılığa riayət etmiş və elə birinci mərhələdə müəyyən edilmişdir ki, obyektiv olaraq paylı mülkiyyətdə olan əşyanın naturada bölgüsü mümkündür. Tərəflər yerində müayinə zamanı bu barədə razılığa gəlsələr və mümkünlüyü qəbul etsələr də, hal-hazırda aralarında yenidən 50-60 sm ətrafında mübahisə qalxmışdır. Yəni, göründüyü kimi, naturada bölgünün mümkünlüyü mübahisəsiz haldır, lakin tərəflər həmin bölgünün hansı nöqtədən aparılması barədə razılığa gələ bilmirlər. Mülki Prosessual Məcəllənin 2.2-ci maddəsinə görə, mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Məhkəmə İddiaçı1 ilə Cavabdeh bir-birinə münasibətdə kəskin barışmaz mövqedə olmalarını, tərəflərin bir həyətdə yaşamasının arzuolunmaz nəticələrə gətirib çıxaracağı ehtimalının yüksək olmasını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi ünvanında yerləşən 0,045 torpaq sahəsi Cavabdeh, İddiaçı3 və İddiaçı1 paylarına mütənasib surətdə naturada bölünməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi ünvanında yerləşən 0,045 torpaq sahəsi Cavabdeh, İddiaçı3 və İddiaçı1 paylarına mütənasib surətdə naturada bölünsün. İddia ərizəsi verilərkən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı1 ödənilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-187/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-187/2023
01.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver