Məhkəmə qərarları › İş №2(001)-187/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-187/2025

22.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-187/2025 22.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədov Əli İlham oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X8 iştirakları ilə İddiaçı 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin Cavabdeh qarşı (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Bakı Şəhər İcra Hakimiyyəti MKTB və Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti cəlb edilməklə) “birdəfəlik maddi yardım ödənilməklə qəzalı vəziyyətdə olan yataqxana binasındakı mənzildən çıxarılması” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və həmin mənzildə faktiki yaşayan digər şəxslərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə, Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi, 53 A ünvanında yerləşən ümumi sahəsi 21.0 kv.m olan bir otaqdan ibarət 20 saylı mənzilə görə cavabdehlərə 30000 manat birdəfəlik maddi yardım ödəməklə, Cavabdeh Qureyş qızı və həmin mənzldə yaşayan digər şəxslərin qəzalı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin "Azərkommunallayihə Kommunal Layihə İnstitutunun mütəxəssisləri tərəfindən Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 53A ünvanında yerləşən 5 mərtəbəli, 2 girişli, yarımzirzəmili yataqxana binasının texniki vəziyyətini müəyyən etmək üçün texniki baxış keçirilmiş, tərtib edilmiş xx.xx.2016-cı il tarixli akta (akt əlavə olunur) əsasən qeyd edilən ünvanda yerləşən yataqxana binasının texniki vəziyyətinin yararsız olduğu müəyyən edilmişdir. Bina qəzalı olduğundan istismarının dayandırılması və orada yaşayan sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 7-214/7g saylı məktubuna əsasən, yataqxanada məskunlaşan 102 ailədən 81 mənzil sahibi ilə razılaşma protokolu imzalanaraq onlara birdəfəlik maddi yardım (kompensasiya) ödənilməklə köçürülmə işləri həyata keçirilmiş, 21 mənzil sahibi, o cümlədən Koroğlu Rəhimov küçəsi, 53A saylı yataqxananın 20 saylı mənzilində yaşayan cavabdeh: Cavabdeh Qureyş qızı isə kompensasiya məbləği ilə razılaşmadıqlarına görə mənzilillərini boşaltmaqdan imtina etmişlər. Bildirilir ki, ünvan 1 ünvanda yerləşən beşmərtəbəli yataqxana binası əvvəllər"xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus olmuş, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 487 saylı Sərəncamı ilə əvəzsiz olaraq balansa qəbul edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının registrindən xx.xx.2023-cü il tarixli, 1194 saylı (Kod 258, Reyestr nömrəsi ***-*******8) çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 1967-ci ildə istismara verilmiş, 5 mərtəbəli keçmiş yataqxana binası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Ona görə ki, Binəqədi Rayon İcra Hakimiyyəti xx.xx.2023-cü il tarixli, 5-10/2-555/2023 saylı məktubla Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2023cü il tarixli, 3-52/2-1498/23 saylı tapşırıq məktubuna əsasən sözügedən yataqxanada yaşayan sakinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə mənzillərini boşaltmaqdan imtina edən şəxslərin məhkəmə qaydasında köçürükmələrinə köməklik göstərilməsini xahiş etmişdir. Araşdırma zamanı yataqxana binasında əsaslı təmir və bərpa işlərinin aparılmasının tam səmərəsiz və mümkünsüz olduğu müəyyən edilmişdir. Bakı şəhəri ərazisisində aparılmış monitorinqin nəticələrinə əsasən qəzalı binalarda yaşayışın təhlükəli olması və sakinlərin təhlükəsizliyinin təmin olunmasını köçürülmələri qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 7/1417 saylı xx.xx.2019-cu il tarixli tapşırıq məktuba əsasən 17 ədəd binanın (14 yaşayış binası və 3 yataqxana) sakinlərinin köçürülməsi istiqamətində aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir.

1. Səbail, Suraxanı, Binəqədi və Xətai rayonlarının ərazisində yerləşən 16 binaya dair: 1.1. Bu binalar üzrə sahəsi 30 kvadratmetr və daha az olan 444 mənzildə yaşayan ailələrin hər birinə 30000 (otuz min) manat olmaqla cəmi 13 320 000 (on üç milyon üç yüz iyirmi min) manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi: 1.2. Sahəsi 30 kvadratmetr dən çox olan 288 ədəd mənzildə yaşayan ailələrə mənzilin ümumi sahəsinin 1 kv.metri üçün 1000 (bir min) manat olmaqla cəmi 12 760 000 (on iki milyon yeddi yüz altmış min) manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi: Qeyd olunan müraciət əsasında Bakı şəhərində qəzalı vəziyyətdə olan binalardan sakinlərin birdəfəlik maddi yardım ödənilməklə köçürülməsi üçün 28.7 milyon manat məbləğində vəsaitin 2019-cu il dövlət büdcəsinin islahatlarla bağlı xərclər yarımbəndində Bakı Şəhər İcra Hakimiyyətinin nəzarəti altında Bakı şəhərinin müvafiq rayon icra hakimiyyətlərinə ayrılmasına razılıq verilməklə, müvafiq tədbirlərin görülməsinin təmin edilməsi barədə tapşırıq verilmişdir. Göstərilən məsələlərin icrası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş xx.xx.2019-cu il tarixli 7/1417 saylı məktub nəzərə alınaraq, ünvan 4, Koroğlu Rəhimov küçəsi 53 "A" saylı ünvanlarda yerləşən və qəzalı vəziyyətdə olan binalarda yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədilə Rayon İcra Hakimiyyətində müvafiq komissiyanın yaradılması tapşırıldığından, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 90 saylı xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən ünvan 4 və Koroğlu Rəhimov küçəsi 53A saylı ünvanlarda yerləşən binalarda yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında rayonun müvafiq strukturlarından ibarət Komissiya yaradılmışdır. Rayon İcra Hakimiyyətinin yaratdığı komissiya tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov 53A ünvanında yaşayan sakinlərlə görüş keçirilmiş, onlara ölkə başçısı tərəfindən qəzalı yataqxana binasından köçmələri üçün birdəfəlik maddi yardımların ayrılması barədə məlumat verilmiş və sakinlər bu tədbiri dəstəkləmişlər. Qəzalı vəziyyətdə olan Koroğlu Rəhimov 53A ünvanında yerləşən yataqxana binasında yaşayan 102 ailədən 83 ailəyə birdəfəlik maddi yardım ödənilməklə köçürülmə işləri həyata keçirilmişdir. Birdəfəlik maddi yardımla razılaşmayan sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə onlara qəzalı yataqxana binasında yerləşən mənzilə görə ayrılmış kompensasiya məbləğini almaqla 5 gün müddətində mənzilin boşaldılaraq Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış Komissiyaya təhvil verilməsi barədə bildirişlər təqdim edilməklə xəbərdarlıq edilmişdir. Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 53A ünvanında yerləşən yataqxana binasında ümumi sahəsi 21.0 kv.m olan bir otaqdan ibarət 20 saylı mənzilin sahibi Cavabdeh Qureyş qızı 30.000 manat məbləğində birdəfəlik maddi yardımı almaqdan və qəzalı mənzili boşaltmaqdan imtina etmişdir. Bununla əlaqədar cavabdehə xx.xx.2023-cü il tarixli, 75 saylı və xx.xx.2023-cü il tarixli 93 saylı xəbərdarlıq məktubu verilmiş, lakin Cavabdeh Qureyş qızı xəbərdarlığı qəbul etməkdən imtina etmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, hazırda cavabdeh ona təklif edilən məbləğlə yox, məhkəm mübahisəsi dövründə ekspert tərəfindən hesablanan məbləğlə razılaşır. Nəzərə alınmalıdır ki, həmin məbləğin ödənilməsi iddiaçı tərəfindən həyata keçirilmədiyindən, hesablanan məbləğlə razılaşa bilmir. Həmçinin nəzərə alınmalıdır ki, cavabdehin tələb etdiyi məbləğ Bakı şəhər İH tərəfindən yaradılan komissiya tərəfindən müzakirə edildikdən sonra qəti qərar əldə edilə bilər. Hal-hazırda kompensasiya məbləği ilə bağlı eksper rəyinə münasibətdə onu qeyd edə bilər ki, rəy məhkəmə üçün mütləq xarakter daşımamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, binada artıq, qaz və işıqla bağlı xətlər kəsilmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia üzrə ona təklif edilən kompensasiya məbləği ilə razılaşmasa da, keçirilən ekspertiza tədqiqatı nəticəsində ekspert tərəfindən hesablanan məbləğlə razıdır. Belə ki, onun 30000 manata özünə sözügedən ərazidə 1 otaqlı ev alması mümkünsüzdür. Özünün iki uşağı var. Onlarla birlikdə yaşamaq üçün özünə şərait yaratmalıdır. 2019-cu ildən prosesə başlanılsa da, həmin məbləğlə 2019-cu ildə də razılaşmamışdır. Binada qaz və işıq yoxdur. Aidiyyəti qurumlara şikayət etsə də, binanın yararsız olması səbəbindən şikayəti cavabsız qalır. Həmin binada 2 otağı var və hər iki otağa çıxarışı var. Mənzilində balkon hissədə özü üçün hər cürə şərait yaradıb, ayrıca mətbəxi və s. var.

5. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi X14 izahatında bildirmişdir ki, 2019-cu ildən artıq bu proseslərə başlanılıb. Həmin ildə təklif edilən məbləğlə bir çox ailə öz sağlamlığını düşünərək razılaşmışdır. Təklif edilən məbləğ bir neçə ərazi üçün hesablanmış məbləğdir. Hazırda təklif ediləndən artıq vəsaitin ödənilməsi 2019-cu ildən 30000 manatı götürməklə, mənzildən çıxanların hüquqlarının pozulması deməkdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan MA seriyalı, ******* saylı çıxarışdan görünür ki, ünvan 7 ünvanında 20 saylı mənzilin 1 otağı (sahəsi 21.0 kv.m olmaqla) xx.xx.2011-ci il tarixindən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh mülkiyyətindədir.

7. ünvan 7 ünvanında yerləşən bina sakinləri Azərbaycan Respublikası Prezidentinə müraciət edərək, göstərirlər: Bizi bu vəziyyətdə yaşamağa məcbur edən icra başçısı və müavini haqda tədbir görəsiniz. Biz sakinlərin yaşayış şəraitimizin yaxşılaşdırılması üçün bizim mənzillərin qanuni çıxarış əsasında şəxsi mülkümuzün pullarını verəsiniz. Axı bizdə yaşamağa layiq vətəndaşlar deyilikmi? Öz mülkümüzün haqqını tələb edirik. Artıq 3 aydır binada gündüzlər qorxudan heç kim qalmır. Binanın bir tərəfi çöküb, padval tam su ilə doludur. Gecələr evə gələndə qorxudan yata bilmirik. Hər dəqiqəmiz təhlükəlidir. Binada anti-sanitariya baş alıb gedir. Xəstəliyin gücləndiyi bir vaxtda heç maraqlanan yoxdur ki, belə yerdə yaşayan sakinlərin hansı sağlamlığından danışmaq olar. Binada yaşayan biz 2 otaqlı evi olan sakinlərə İlqar Süleymanov (İcra Hakimiyyətində müavin işləyir) bizlərə tapşırıq verdi ki, o biri otağa da çıxarış düzəldin. Biz çıxarışımızı düzəltdik. Maliyyə naziri 150000 manat 2-ci otaqlar üçün pul ayırdı. İlqar müəllim isə bu pulla binada kirayədə qalanların adına sənəd düzəldib bizə ayrılmış pulları onlara verdi. İndi də eşitmişik ki, İlqar Süleymanov sakinlərə ayırılmış pulları yığıb qaçıb gedibdir. Görəsən biz zavodda canımızı (işləyib) xəstə qoyanda İlqar harada idi. İndi bizi belə təhlükəli vəziyyətdə qoyub özü rahat keç çəkir. Allah necə götürəcək bunları. Görəsən biz sakinlərin aqibəti necə olacaq. Bizim mənzillərimizin pulunu kim verəcək. Biz nə vaxtadək belə antisanitariya şəraitində olan binada qalmalı olacağıq. 30 il işləyib canımızı qoyduğumuz bu Azərbaycan dövlətində biz sakinlərlə maraqlanan yoxdur ki, belə insanlar var. Hətta qəzalı bina olduğunu yoxlayan Fövqəladə Hallar Nazirliyi belə maraqlanmır ki, görəsən bu sakinlər harada necə yaşayır. Ona görə də Sizdən artıq dərəcədə xahiş edirik ki, yaşadığımız binaya baxış keçirəsiniz. Biz sakinlərin şəxsi mülkümüzün pulunu versinlər. Heç olmasa yaşamaq üçün ev ala bilək. Bircə ümidimiz Sizədir. Biz hər dəqiqə ölümümüzü gözləyirik. Ümid yerimiz Sizsiniz.

8. Bakı şəhəri, Binəqədi Rayonu İcra Hakimiyəti Başçısının 1-ci müavini, Azərbaycan Respublikası Fövqəladə Hallar Komisiyyasının sədri X2, Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi «Azkommunlayihə» KLİ-nin mühəndisi X11, İnstitun Baş konstruktoru X.İsmayılov, İnstitun aparıcı mühəndisi X12, 2 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin Baş mühəndisi Ü.Hüseynov, Birliyin Mənzil Fondunun İstismarı şöbəsinin mühəndisi X1, 78 saylı Mənzil-Kommunal İstismar şöbəsinin nümayəndəsi X15 tərfindən tərtib edilən xx.xx.2016-cı il tarixli aktdan görünür ki, bu akt rəhbərliyin tapşırığına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov 53 A ünvanında yerləşən 5 mərtəbəli, 2 girişli, yarımzirzəmili yataqxana binasının texniki vəziyyətinin müəyyən etmək üçün texniki baxış keçirilmiş, akta görə: Binanın yükdaşıyan divarları mişarlanmış əhəng daşlarından, örtükləri boşlı yığma dəmir-beton tavalardan inşa olunmuşdur. Dam örtüyü yastı olmaqla bitum şüşə rüberoidlə örtülmüşdür. Binanın 1-ci mərtəbəsində binaya bitişik və eyvanlarda əl ilə tikililər inşa olunmuşdur. Baxış zamanı binanın xarici divarlarında binanın üz daşlarının qopub tökülməsi müşahidə olunur. Daxildən divarlarda suvaq qopmaları suvaq çatları mövcudddur. Bütün mərtəbələrdə ümumi istifadədəki sanitar qovşaq mətbəx olan yerlərdə su sızması nəticəsində divarlarda və döşəmələrdə aşınma getmiş, metal borular korroziyaya uğrayıb sıradan çıxmışdır. Su sızması nəticəsi mərtəbələrarası boşluqlu yığma dəmir-beton tavaların tikişlərində sement-qum məhlulları aşınıb tökülmüşdür. Binanın 3-cü və 4-cü mərtəbəsində boşluqlu yığma dəmir beton tavalarının betonunun mühafizə qatının qopması nəticəsində korroziyaya uğrayaraq yararsız vəziyyətə düşmüşdür. Binanın 1-ci mərtəbəsi dəhlizin divarları «lambirələrlə üzlənmiş və həmin lambirlər bəzi yerlərdə qopup tökülmüşdür. Pilləkən girişlərində və zirzəmidə sakinlər tərəfindən fərdi qaydada mənzillərə elektrik və su xətləri çəkilmişdir. Binanın ümumi istifadədə olan mətbəx və sanitar qovşaqları istismar üçün yararsız vəziyyətdədir və s. Nəticədə yuxarıda qeyd edilənləri və binanın uzunmüddətli təmirsiz olmasını nəzərə alaraq, yataqxnaa binasında əsaslı təmir işlərinin aparılması məqsədə müvafiq hesab edilir. Beləliklə, yararsız vəziyyətə düşmüş boşluqlu yığma dəmir beton tavanlara müvəqqəti dayaqlar qoyulmalı və həmin panellər beton tavalarla əvə olunmalıdır. Bu işlər yerinə yetirilərkən sakinlərin yaşayış sahələrinə girişçıxışı məhdudlaşdırılmalıdır. Binanın zirzəmisi məişət tullantılarından və sularından təmizlənməli, qopmuş və aşılanmış hissələr bərpa olunmalıdır. Yataqxana binasının fasad hissələrində qopmuş üzlük daşları bərpa olunmalıdır. Binanın bütün kommunikasına xətləri (su, kanalizasiya, qaz, elektrik) yeniləri ilə əvəz olunmalıdır. Bütün yükdaşıyan divarlarda, beton və dəmir-beton konstruksiyalarda aşılanmış hissələrdə armaturlar korroziyadan təmizlənməli və bərpa edilməlidir və s.

9. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Bakı şəhər İcra Hakimiyyəti başçısına ünvanlanan xx.xx.2019-cu il tarixli məktubda 17 ədəd binanın (14 yaşayış binası və 3 yataqxana) təhlükəsizliyinin təmin edilməsi üçün təklif edilən tədbirlər kimi sadalanır: Səbail (20-ci sahə), Suraxanı rayonu, Sabunçu, Binəqədi və Xətai (Əhmədli qəsəbəsi) ərazisində yerləşən 16 binaya dair 1. Bu binalar üzrə sahəsi 30 kv.m və daha az olan 444 mənzildə yaşayam ailələrin hər birinə 30000 manat olmaqla, cəmi 13320 manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi, 2. Sahəsi 30 kv.m-dən çox olan 288 mənzildə yaşayan ailələrin mənzilinin ümumi sahəsinin 1 kv.metr üçün 10000 manat olmaqla, cəmi 12760 min manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi və s. tədbirlərin həyata keçirilməsi üçün 28.7 milyon manat məbləğində vəsaitin 2019-cu il üzrə dövlət büdcəsinin islahatlarla bağlı xərclərindən Bakı şəhəri İcra Hakimiyyətinin nəzarəti altında Bakı şəhərinin müvafiq rayon icra hakimiyyətlərinə ayrılmasında cənab Prezident tərəfindən razılıq verilməklə, müvafiq tədbirlərin görülməsinin təmin edilməsi tapşırılmışdır.

10. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısı tərəfindən Binəqədi rayon İcra hakimiyyətinin başçısına ünvanlanan xx.xx.2019-cu il tarixli məktubda göstərilir: Məlum olduğu kimi, Bakı şəhərində qəzalı vəziyyətdə olan binalardan sakınların birdəfəlik maddi yardım ödənilməklə köçürülməsı üçün 28,7 milyon manat məbləğində vəsaitin 2019-cu il üzrə dövlət büdcəsinin islahatlarla bağlı xərclər yarımbəndində Bakı Şəhər İcra Hakimiyyətinin nəzarəti altında Bakı şəhərinin müvafiq rayon icra hakimiyyətlərinə ayrılmasına cənab Prezident tərəfindən razılıq verilməklə müvafiq tədbirlərin görülməsinin təmin edilməsi tapşırığı verilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığından irəli gələn məsələlərin icrası ilə bağlı Prezidentin köməkçisi Əli Əsədovun xx.xx.2019-cu il tarixli. 7/1417 saylı məktubunu nəzərə alaraq, ünvan 4, Koroğlu Rəhimov küçəsi 53 "A" saylı ünvanlarda yerləşən və qəzalı vəziyyətdə olan binalarda yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədilə Rayon icra hakimiyyətinin müvafiq komissiyasının yaradılıb, nəticəsi barədə 08 may 2019-cu il tarixindən gec olmayaraq Bakı Şəhər İcra Hakimiyyətinə məlumat verilməsi Sizə tapşırılır.

11. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 90 nömrəli sərəncamı ilə ünvan 12 ünvanlarında yerləşən qəzalı vəziyyətdə olan binalarda yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının yanında Komissiya yaradılması qərara alınır.

12. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısı tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamentinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda göstərilir: Bakı Şəhər İcra Hakimiyyəti başçısının müraciəti əsasında Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Maliyyə Nazirliyi tərəfindən qiymət müəyyən edilməklə Bakı şəhərində qəzalı vəziyyətdə olan 21 çoxmənzilli binalardan 17 yataqxana binalarında yaşayan ailələrə birdəfəlik müəyyən pul vəsaitinin ayrılması qərara alınmışdır. Bakı şəhərində qəzalı vəziyyətdə olan 21 çoxmənzilli binalardan 17 sayda yataqxana binalarının sakinlərinə birdəfəlik müəyyən pul vəsaiti ödəməklə ünvan 15 ünvanında qəzalı vəziyyətdə olan yataqxana binasının köçürülməsi və hər bir 30 kv.m-ə qədər olan mənzillərə 30000,0 (otuz min) manat. 30 kv.m-dən çox olan mənzillərin hər kv.m-ə 1000,0 (min) manat birdəfəlik pul vəsaitinin ödənilməsi nəzərdə tutulmuşdur.. K.Rəhimov küçəsi 53 saylı binada məskunlaşan 102 ailədən 81 mənzil sahibi ilə razılaşına protokolu imzalanaraq köçürülmüşlər, 21 mənzil (13 mənzil 2 otaqlı, 8 mənzil 1 otaqlı) sahibi isə kompensasiya məbləği ilə razılaşmadıqlarından yaşadıqları mənzilləri boşaltmaqdan imtina edirlər. Yuxarıda qeyd olunan yataqxana kəskin qəzalı vəziyyətdədir və bu hal orada hal-hazırda yaşayan sakinlərin həyatı üçün böyük təhlükə yaradır. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı xx.xx.2023-cü il tarixli 3-52/2-1498/2023 saylı məktubla Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək. sözügedən yataqxanalarda yaşayan ailələrin təhlükəsizliyinin təmin olunması məqsədilə həmin ailələrin təxirəsalınmadan köçürülməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq, K.Rəhimov küçəsi 53 saylı ünvanda yerləşən yataqxananın müvafiq mənzillərini boşaltmaqdan imtina edən şəxslərin məhkəmə qaydasında köçürülməsinə köməklik göstərilməsini Sizdən xahiş edirəm.

13. Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda göstərilir: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2016-cı il tarixli rəyinə əsasən, Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 53A ünvanında yerləşən yataqxana binasının texniki vəziyyəti qəzalı olduğundan binanın istismarının dayandırılması və orada yaşayan sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 7-214/7g saylı məktubuna əsasən, yataqxanada məskunlaşan 102 ailədən 81 mənzil sahibi ilə razılaşma protokolu imzalanaraq onlara birdəfəlik maddi yardım (kompensasiya) ödənilməklə köçürülmə işləri həyata keçirilmiş, 21 mənzil sahibi isə kompensasiya məbləği ilə razılaşmadıqlarına görə mənzilləri boşaltmaqdan imtina etmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti xx.xx.2023-cü il tarixli, 5-10/2-555/2023 saylı məktubla müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 3-52/2- 98/23 saylı tapşırıq məktubuna əsasən sözügedən yataqxanada yaşayan sakinlərin təhhlükəsizliyini təmin etmək məqsədi ilə, mənzillərini boşaltmaqdan imtina edən şəxslərin məhkəmə qaydasında köçürülmələrinə köməklik göstərilməsini xahiş etmişdir. 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan Koroğlu Rəhimov küçəsi, 53A ünvanında yerləşən yataqxanada köçməkdən imtina edən mənzil sahiblərinə kəskin qəzalı vəziyyətdə olan binanın yaşayış üçün ciddi təhlükə yaratması barədə xəbərdarlığın edilməsi, köçməkdən imtina edildiyi halda birdəfəlik maddi yardımın (kompensasiya) ödənilməklə yaşayış sahəsindən çıxarılma tələbi ilə aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi Sizə tapşırılır.

14. Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən Cavabdeh Qureyş qızına ünvanlanan xx.xx.2023-cü il tarixli qəzalı mənzilə görə birdəfəlik maddi yardım ödənilməklə ailə üzvlərinizlə birgə köçürülmənin həyata keçirilməsi barədə bildirişdə göstərilir: Bildirilir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin "Azərkommunallayihə" Kommunal Lahiyə İnstitutunun mütəxəssisləri tərəfindən aidiyyəti qurumların işciləri ilə birgə 28 sentyabr 2016-cı il tarixdə ünvan 16 ünvanında yerləşən yataqxana binasının texniki vəziyyəti haqqında akt tərtib edilmişdir. Həmin akta əsasən yaşadığınız bina yaşayış üçün istismara yararsız və qəzalı vəziyətdə olduğu müəyyən edilmişdir. Bununla əlaqədar sakinlərin, o cümlədən Sizin və ailə üzvlərinizin təhlükəsizliyinin qorunması məqsədi ilə dövlət vəsaiti hesabına ailələrə birdəfəlik maddi yardım ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi nəzərdə tutulduğundan, bu məqsədlə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Kommisiya yaradılmışdır. Qəzalı binadan 81 ailənin köçürülməsi təmin edilmişdir. Ona görə də, yaşayış sahəsinə görə ayrılmış birdəfəlik maddi yardımı (kompensasiyanı) almaqla 5 (beş) gün müddətində otağı boşaldaraq təhvil verilməsi Sizdən tələb olunur. Kompensasiyanı almaqla köçməkdən imtina edərək qəzalı binada yaşadığınız təqdirdə, orada baş verə biləcək hər hansı xoşagəlməz və bədbəxt hadisəyə görə bütün məsuliyyət Sizin üzərinizdə qalacaqdır.

15. 11.05.2023-cü il tarixli aktda göstərilir: 78 saylı MKİS-nin rəisi Nazim Rüstəmov, mühəndis Vidadi Nəcəfov, 3 sahə nəzarətçisi Kəmaləddin Alıyevin iştirakı ilə həmin aktı tərtib edirik ondan ötrü ki, ünvan 17 ünvanında binanın (yataqxana) 20 saylı mənzilin yaşayan Cavabdeh Qureyş qızına yaşadığı mənzilin boşaldılmasına dair tərəflərindən xəbərdarlıq edilməsinə baxmayaraq, xəbərdarlığı qəbul etməkdən imtina etmişdir.

16. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/4687 saylı ekspert rəyinə görə ünvan 18 ünvanında yerləşən orta təmirli mənzilin mövcud orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 43260 manat məbləğində müəyyən edilmişdir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

17. Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 53A ünvanında yerləşən yataqxana binasının sakinlərin binanın həyat və sağlamlıları üçün təhlükəli bir vəziyyətdə olması barədə Azərbaycan Respublikasının Prezidentinə və aidiyyəti qurumlara müraciətlər edirlər.

18. Bakı şəhəri, Binəqədi Rayonu İcra Hakimiyəti Başçısının 1-ci müavini, Azərbaycan Respublikası Fövqəladə Hallar Komisiyyasının sədri X2, Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi «Azkommunlayihə» KLİ-nin mühəndisi X11, İnstitun Baş konstruktoru X.İsmayılov, İnstitun aparıcı mühəndisi X12, 2 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin Baş mühəndisi Ü.Hüseynov, Birliyin Mənzil Fondunun İstismarı şöbəsinin mühəndisi X1, 78 saylı Mənzil-Kommunal İstismar şöbəsinin nümayəndsi X15 tərfindən tərtib edilən xx.xx.2016-cı il tarixli aktdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov 53 A ünvanında yerləşən 5 mərtəbəli, 2 girişli, yarımzirzəmili yataqxana binasının texniki vəziyyətinin müəyyən etmək üçün texniki baxış keçirilir və akta görə binada əsaslı təmir işlərinin aparılması məqsədəmüvafiq hesab edilir.

19. Son olaraq Bakı şəhəri İcra Hakimiyyəti Başçısının müraciəti əsasında Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Maliyyə Nazirliyi Tərəfindən qəzalı vəziyyətdə olan binalarda yaşayan ailələrə birdəfəlik maddi yardımın ayrılması təklifi irəli sürülür. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Bakı şəhər İcra Hakimiyyəti başçısına ünvanlanan xx.xx.2019-cu il tarixli məktubuna görə 17 ədəd binanın (14 yaşayış binası və 3 yataqxana) təhlükəsizliyinin təmin edilməsi üçün təklif edilən tədbirlər kimi sadalanır: Səbail (20-ci sahə), Suraxanı rayonu, Sabunçu, Binəqədi və Xətai (Əhmədli qəsəbəsi) ərazisində yerləşən 16 binaya dair 1. Bu binalar üzrə sahəsi 30 kv.m və daha az olan 444 mənzildə yaşayam ailələrin hər birinə 30000 manat olmaqla, cəmi 13320 manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi, 2. Sahəsi 30 kv.m-dən çox olan 288 mənzildə yaşayan ailələrin mənzilinin ümumi sahəsinin 1 kv.metr üçün 10000 manat olmaqla, cəmi 12760 min manat məbləğində birdəfəlik maddi yardımın ödənilməsi və s. tədbirlərin həyata keçirilməsi üçün 28.7 milyon manat məbləğində vəsaitin 2019-cu il üzrə dövlət büdcəsinin islahatlarla bağlı xərclərindən Bakı şəhəri İcra Hakimiyyətinin nəzarəti altında Bakı şəhərinin müvafiq rayon icra hakimiyyətlərinə ayrılmasında cənab Prezident tərəfindən razılıq verilməklə, müvafiq tədbirlərin görülməsinin təmin edilməsi tapşırılir.

20. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısı tərəfindən Binəqədi rayon İcra hakimiyyətinin başçısına ünvanlanan xx.xx.2019-cu il tarixli məktubla ünvan 4, Koroğlu Rəhimov küçəsi 53 "A" saylı ünvanlarda yerləşən və qəzalı vəziyyətdə olan binalarda yaşayan ailələrə ayrılan birdəfəlik maddi yardımın öz təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədilə Rayon icra hakimiyyətinin müvafiq komissiyasının yaradılması tapşırılır və Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 90 nömrəli sərəncamı ilə sözügedən Komissiya yaradılır.

21. Komissiyanın fəaliyyəti nəticəsində ünvan 7 ünvanında yerləşən yataqxanada 102 ailədən 81 mənzil sahibi ilə razılaşma protokolu imzalanaraq onlara birdəfəlik maddi yardım (kompensasiya) ödənilməklə köçürülmə işləri həyata keçirilmiş, 21 mənzil sahibi isə kompensasiya məbləği ilə razılaşmamışlar.

22. Sözügedən yataqxanada 20 saylı mənzilin 1 otağı (sahəsi 21.0 kv.m olmaqla) xx.xx.2011-ci il tarixindən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh Qureyş qızının mülkiyyətindədir. Cavabdeh Qureyş qızına mülkiyyətində olan ümumi sahəsi 21.0 kv.m olan bir otaqdan ibarət 20 saylı mənzilə görə 30000 manat birdəfəlik maddi yardım ödənilməsi təklif edilir. Lakin cavabdeh həmin təkliflə razılaşmır.Hazırda iddaçı cavabdehə 30000 manat birdəfəlik maddi yardımın ödənilməsi yolu ilə qəzalı mənzildən çıxarılmasına nail olmağa çalışır. Ekspertiza tədqiqatı zamanı mənzilin bazar qiymətinin təqribən 43260 manat olduğu, müəyyən edilmişdir. Cavabdeh məhkəmə tərəfindən keçirilmiş ekspertiza tədqiqatı nəticəsində verilmiş rəydə göstərilən məbləğlə razılaşır və ödənilməli olan kompensasiyə məbləğinin ekspert rəyi ilə uyğunlaşdırılacağı təqdirdə evdən çıxarılmağa razı olduğunu, əks halda təklif edilən məbləğlə razılaşmayaraq iddianın rəddini xahiş edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

23. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.5-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir.

25. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.6-cı maddəsinə əsasən qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır.

26. Bununla bağlı Konstitusiya Məhkəməsinin və Avropa Məhkəməsinin qərarlarında formalaşmış hüquqi təcrübəyə nəzər yetirək.

27. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107- 2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı).

28. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin Vİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi).

29. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısının dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı).

30. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisi ilə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarı).

31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi dövlət orqanlarının əmlakdan dinc istifadəyə hər hansı müdaxiləsinin qanuni olmasını tələb edir. Həmin maddənin birinci bəndinin ikinci cümləsi əmlakdan məhrumetmənin “qanunda nəzərdə tutulmuş şərtlərə uyğun olaraq” həyata keçirilməsinə icazə verir (İatridis Yunanıstana qarşı iş üzrə 1999-cu il 25 mart tarixli Qərar § 58; Yunanıstanın keçmiş kralı və digərləri Yunanıstana qarşı iş üzrə 2000-ci il 23 noyabr tarixli Qərar; Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar).

32. Mülkiyyətə müdaxilənin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilmə şərti dövlətdaxili hüquq normalarında özbaşınalıqdan müdafiəni təmin edən kifayət qədər əlçatan və dəqiq normaların mövcud olmasını və onlara riayət edilməsini tələb edir (X5rşı iş üzrə 1986-cı il 8 iyul tarixli Qərar § 110; Vistins və Perepjolkins Latviyaya qarşı iş üzrə 2012-ci il 25 oktyabr tarixli Qərar § 95).

33. Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük Palatanın Broniowski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun, §147-148, 150; Scordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart, § 93 tarixli Qərarları). Tələb edilən ədalətli balansa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (Böyük Palatanın X9rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli Qərarı, § 115).

34. Bundan əlavə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə görə, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ya ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir.

35. Həmin Məcəllənin 4.2-ci maddəsində Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri kimi göstərilmişdir.

36. Həmin Məcəllənin 17.5-ci maddəsinə əsasən, ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır.

37. Yuxarıda göstərilən mövqedən də aydın olduğu kimi mülkiyyət hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Bu mənada dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusion şərtlərə cavab verdikdə, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Bununla belə mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.

38. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.

39. Hazırda mübahisələndirilən binanın sökülməsinin dövlət və ya cəmiyyətin ehtiyacları üçün alınmasına dair(Mülki Məcəllənin 203-cü maddəsinin tələbi baxımından), qəza vəziyyətində olan mənzillərin yenidən qurulması və yenidən planlaşdırılmasına dair(Mənzil Məcəlləsinin 28-ci maddəsinin tələbi baxımından) hər hansı qərarın olduğu müəyyən edilmir. Faktiki olaraq həyata keçirilən prosedur sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə onların texniki cəhətdən əsaslı təmirə ehtiyac olan binadan köçürülməsi üçün dövlət tərəfindən birdəfəlik maddi yardım ayrılmasından ibarətdir. Yəni ümumiyyətlə həmin binanın qəzalı vəziyyətdə olduğuna görə sökülməsi, söküntünün hansı zərurətdən irəli gəlməsi, söküntüdən sonra hansı tədbirlərin həyata keçiriləcəyi və bununla bağlı dövlət və ya məhkəmə tərəfindən hər hansı qərarın qəbul edilməsi müəyyən edilmir. Faktiki olaraq burada balans saxlayıcı olan iddiaçı sakinlərə maddi yardım göstərilməsinin təşkilatçısı kimi çıxış edir. Yəni burada hər hansı məcburi prosedurdan yox, könüllü olaraq mülkiyyət hüququna kompensasiya verilməsi ilə xitam verilməsindən söhbət gedir. Bununla belə, cavabdeh hüquqdan sui-istifadə etmir və ədalətli kompensasiya verildiyi halda mülkiyyət hüququndan iddiaçının xeyrinə imtina etməyə razıdır. Eyni zamanda təklif edilən 30000 manat kompensasiya məbləği ilə razılaşmasa da, ekspertiza tədqiqatı ilə müəyyən edilən məbləğlə razıdır. Lakin iddiaçı cavabdehin razı olduğu kompensasiya məbləğini ödəməkdən imtina edir. Odur ki, iddia əsassız olduğundan rədd edilməlidir. Tətbiq edilən prosessual normalar:

40. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

41. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

42. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

43. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

44. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

45. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin Cavabdeh qarşı (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Bakı Şəhər İcra Hakimiyyəti MKTB və Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti cəlb edilməklə) “birdəfəlik maddi yardım ödənilməklə qəzalı vəziyyətdə olan yataqxana binasındakı mənzildən çıxarılması” barədə iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

46. Eyni zamanda iddiaçının təklif etdiyi kompensasiya məbləğinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə tərəfindən təyin edilmiş ekspertiza xərcinin dəyəri olan 100 manat məbləğində vəsait iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************).

47. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin Cavabdeh qarşı (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Bakı Şəhər İcra Hakimiyyəti MKTB və Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti cəlb edilməklə) “birdəfəlik maddi yardım ödənilməklə qəzalı vəziyyətdə olan yataqxana binasındakı mənzildən çıxarılması” barədə iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza xərcinin dəyəri olan 100 (yüz) manat məbləğində vəsait iddiaçı 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar