Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1872/2020 19.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X3 iştirakı ilə, İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyənüçüncü şəxs Bakı şəhəri 20 saylı Dövlət Notariat Kontoruna qarşı “mirasın tərəfimdən təkbaşına qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunması, xx.xx.2018-ci ildə Bakı şəhəri Binəqədi rayonunda vəfat etmiş mərhum həyat yoldaşı X2 qalan (Ağstafa rayonu Eynallı kəndində və Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1-Yeni Y/M, 3cü küçə, ev 2 yerləşən fərdi yaşayış evinin və s.) mirasın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X8 ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2015-ci il tarixdə Raziyə adlı bir qızları doğulmuşdur. Həyat yoldaşı X8 xx.xx.2018-ci il tarixdə hipertoniya xəstəliyindən vəfat etmişdir. Onun vəfatından sonra Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən _saylı Dövlət Notariat Kontoruna rəsmi ərizə ilə müraciət edərək, həyat yoldaşından miras qalmış Ağstafa rayonu Eynallı kəndində yerləşən 0.25 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 141.7 kv.m olan yaşayış evinin, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1-Yeni Y/M, 3-cü küçə, ev 2 yerləşən fərdi yaşayış evini və digər əşyalarına sahiblik və istifadə etdiyini xx.xx.2018-ci il tarixli rəsmi ərizə göndərərək ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Notariusun dəfələrlə qəbulunda olmasına baxmayaraq, ona rəsmi cavab verməmişdir. Şifahi olaraq vərəsələr arasında mübahisə olduğunu əsas gətirmişdir. Bu səbəbdən mərhum həyat yoldaşından miras qalmış əmlakların üzərində sahiblik, istifadə və sərəncama dair hüquqverən sənədləri ala bilmir. Bu sənədlərin başqa qaydada əldə edilməsi qeyri-mümkündür. Bu faktın məhkəmə tərəfindən müəyyən edilməsi ona mərhum həyat yoldaşından miras qalmış əmlaklara mülkiyyət hüququ verəcək və qeydiyyatdan keçirmək üçün əsas olacaqdır. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Həmçinin əvvəlki məhkəmə iclaslarında qeyd etmişdir ki, iddiaçının həyat yoldaşı Cəfərov Rakifi uzun illərdir tanımışdır. Ailəsini tanıyan adamdır. Ağstafa rayonunda başqa əmlakları vardır. O vaxt 2 bacı və 2 qardaş ölənə qədər mübahisə aparmışlar. Ağstafadakı evin çıxarışı vardır. Biləcəridəki evin sərəncamı vardır. Emil və Tural adında 2 oğlu vardır. Cavabdehə məhkəmə iclasları barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 20 saylı Notariat Ofisi məhkəməyə bir neçə dəfə müraciət edərək mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Müraciətlərində əlavə olaraq bildirmişdir ki, İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş tələblərə cavab verən formada və lazım olan sənədlərin təqdim olunması ilə müraciət etməməsi səbəbindən Bakı şəhəri 20 Saylı notariat ofisində vərəsəlik işi açılmamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı həyat yoldaşı X4 xx.xx.2018-ci il tarixdə vəfat etdiyindən, onun varisi kimi vərəsə şəhadətnaməsini almaq üçün Bakı şəhəri 20 saylı notariat kontoruna müraciət etmişdir. İş materiallarında olan Binəqədi Rayon İcra Hakimiyyətinin 154 saylı, xx.xx.1995-ci il tarixli sərəncamının surətindən görünür ki, X6 Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1-X9 fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlakı Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1-Yeni Y/M, 3-cü küçə, ev 2 yerləşən fərdi yaşayış evi xx.xx.2017-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İ seriyalı, 936918 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 039267 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2015-ci il tarixdə İddiaçı ilə nikaha daxil olmuşdur. Nikah 694 sayla qeydə alınmışdır. İş materiallarında olan AZ-İİİ seriyalı, 523799 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ata qrafasında X8, ana qrafasında İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, X7 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Mülki iş materialları ilə, məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, xx.xx.2015-ci ildə iddiaçı ilə X8 arasında nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X5 adlı uşaqları vardır. X8 xx xxx 2018-ci ildə vəfat etmişdir. X4 adına Ağstafa Rayonu Eynallı kəndində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmaqla RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir.Bundan başqa Binəqədi Rayon İcra Hakimiyyətinin 154 saylı, xx.xx.1995-ci il tarixli sərəncamı ilə X6 Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1-X9 fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı cavabdehin miras qoyanın oğlu olduğunu bildirir. İddiaçı mirası təkbaşına qəbul etdiyini iddia edir və mərhum həyat yoldaşı X2 Ağstafa rayonu, Elnallı kəndində və Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1 Ynei Y/M,3-cü küçəsi, ev 2 –də yerləşən fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini xahiş edir. Bununla bağlı məhkəmə əvvəla qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan əmlak hüquqları və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1153-cü maddəsi). Bunlar aliment öhdəlikləri, yaşayış sahəsindən istifadə hüququ, miras qoyanın sağlamlığına dəymiş zərərin ödənilməsi öhdəlikləri və sairdir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.).Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Eyni zamanda Mülki Məcəllənin 1243.3-cü maddəsində qeyd edilmişdir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. İşin hallarından göründüyü kimi, iddiaçı miras qoyanın birinci növbədən vərəsələri sırasındadır və mirasın açıldığı gündən 3 ay ərzində, yəni xx.xx.2018-ci ildə notariusa müraciət edərək vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. Lakin notarius vərəsəlik şəhadətnaməsi verməmişdir, bunu notarius məhkəməyə ünvanladığı məktubları ilə təsdiq edir. Eyni zamanda vərəsəlik şəhadətnaməsinin verilməsindən də imtina etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının hazırki tələblə müraciət etmək üçün subyektiv hüququ mövcuddur. Məhkəmə eyni zamanda qeyd edir ki, miras əmlakın kütləsini və qanun üzrə vərəsələrin dairəsinin tam müəyyən edilə bilməməsi, hazırki tələbə məhkəmə araşdırması zamanı sübuta yetmiş çərçivədə baxılmasına mane olmamaqla, iddianın qismən təmin edilməsi üçün əsasdır. Belə ki, məhkəmə vərəsənin payını, hansı əmlaka faktiki sahiblik etdiyini müəyyən etmədən mirasın vərəsə tərəfindən qəbul edilmiş sayılması barədə (mirasın qəbul edilmə faktı) qənaətə gələ bilər, bu isə qanunazidd deyildir. Yəni mirası qəbul etmiş vərəsə notariusa müraciət etməklə və ya məhkəmə qətnaməsi əsasında miras əmlakın nədə, harda ifadə olunmasından asılı olmayaraq vərəsəlik haqqında şəhadətnamə ala bilər. Aydın məsələdir ki, məhkəmənin miras qoyana məxsus bütün miras əmlakın kütləsini müəyyən edə bilməsi mümkün deyildir. Bu isə mirasın bir neçə daşınmaz əmlakdan ibarət olması və dolayısı ilə mirasın bir neçə yerdə açılması ehtimalının olması deməkdir. Çünki Mülki Məcəllənin 1147.2-ci maddəsində qeyd edilmişdir ki, əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Qanunvericiliyin bu norması müxtəlif inzibati ərazi vahidlərində yerləşən bir neçə daşınmaz əmlakın miras kütləsinə daxil olduğu halı tənzimləmiş olmasa da, mirasın bir neçə yerdə açılmasının mümkünlüyünü istisna etməmişdir. Nəticə etibarı ilə hazırki tələbə münasibətdə məhkəmə yuxarıda göstərilən məsələləri müəyyən edə bilmədən iddiaçının mirası təkbaşına qəbul etmiş olması qənaətinə gələrsə, mirasa daxil olan başqa əmlakları və ya tələbdə göstərilən əmlakları faktiki və.s üsulla qəbul etməsi mümkün ola bilən digər vərəsələrin hüquqlarını pozmuş olar. Məhkəmənin bu mövqeyi Mülki Məcəllənin 1300, 1301, 1325-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin Məcəllənin 1273-1-ci maddəsi isə digər vərəsələrin mirası faktiki(və s üsulla) qəbul etmə halının mümkünlüyünü istisna etmir. Konstitusiya Məhkəməsin Plenumunun xx xxxxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə, o, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında” 1979-cu il tarixli, 5 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, MM-in 552-ci maddəsinə əsasən miras əmlakın bir hissəsini qəbul etmiş vərəsə, mirasın qalan hissəsinin harada yerləşməsindən asılı olmayaraq, ona bütövlükdə və yaxud həmin mirasdan ona düşən payı qəbul etmiş hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 94-cü maddəsində qeyd edilmişdir ki, qanunvericiliyə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil edilir. Mülki Məcəllənin 136.1-ci maddəsinə əsasən əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tələbində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış Ağstafa rayonu Eynallı kəndində yerləşən fərdi yaşayış evi və Bakı şəhəri, Biləcəri qəsəbəsi, 1-Yeni Y/M, 3-cü küçə, ev 2 yerləşən fərdi yaşayış evinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etsə də, məhkəmə onun tələbinə mirasa daxil olan konkret əmlakların faktiki qəbul edilməsi kimi yox, qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində notariusa ərizə verdiyinə görə mirasın ümumi olaraq(nədə və harda olmasından asılı olmayaraq) onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi kimi qiymət verilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci ildə Bakı şəhəri Binəqədi rayonunda vəfat etmiş X2 qalan miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə həmçinin hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. xx.xx.2018-ci ildə Bakı şəhəri Binəqədi rayonunda vəfat etmiş X2 qalan miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-1872/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1872/2020
19.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver