Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1877/2021 16.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, ilk iddia üzrə İddiaçı iştirakı ilə, İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk, Bakı şəhəri Cavabdeh İddiaçı qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə qarşılıqlı iddia ərizələrinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona vurulmuş maddi zərərin əvəzi olaraq 1450 manat, mənəvi zərərin əvəzi kimi isə 1000 manat məbləğində pul vəsaitinin ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, Bakı şəhəri Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vaxt itkisinə görə cavabdehdən 100 manat məbləğində maddi və mənəvi zərərin tutularaq “Yaşat Fondu”na köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı iddiasını müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, onun “xxxx” KB ASC-yə borcu olmuş, bank məhkəməyə müraciət etmiş və borcun ondan tutulması barədə məhkəmə qətnamə çıxarmışdır. Həmin qətnamənin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri Cavabdeh icra məmurunun təqdimatı əsasında məhkəmə qərardadı ilə onun ölkədən çıxmaq hüququ məhdudlaşdırılmışdır. Sonradan banka olan borcu restrukturizasiya edildiyindən bank icra şöbəsinə məktub ünvanlayaraq icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmiş, həmin məktubu o şəxsə icra şöbəsinə təqdim etmiş, həmin vaxt icra şöbəsində özünü icra məmuru kimi təqdim edən Kamran adlı şəxs məktubun bir nüsxəsini ondan almış, o, ölkədən çıxışına qoyulmuş məhdudiyyətin nə vaxt götürüləcəyini soruşduqda Kamran adlı şəxs 2 gün sonra ona zəng vurub bu barədə maraqlanmasını məsləhət görmüşdür. Həmin gündən 3 gün sonra o, icra məmuruna zəng vuraraq bu barədə maraqlanmış, icra məmuru məhdudiyyətin götürüldüyünü bildirmişdir. Onun ölkədən getmək hüququ uzun müddətdir ki məhdudlaşdırıldığından o, Türkiyə Respublikasında yaşayan oğlunu görə bilməmiş, hazırda məhdudiyyətin götürüldüyünü öyrəndikdən sonra oğlunun yanına getmək qərarına gəlmiş, oğluna pay kimi təxminən 300 manatlıq şirniyyat, müxtəlif qida məhsulları almış, xx xxxxxx 2019-cu il tarixdə “Star DK” avtobusla daşıma şirkətindən Bakı-Antalya istiqamətində 100 manata 1 ədəd bilet almışdır. xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərindən həmin istiqamətdə avtobusla yola düşdükdən sonra “Qırmızı körpü” sərhəd keçid məntəqəsində onu saxlamış, ölkədən çıxışına məhdudiyyətin olduğunu bildirmişlər. O, həmin vaxt telefonda Kamran adlı ucra məmuruna zəng vurmuş, Kamran tezliklə məsələni həll edəcəyini bildirmişdir. O, məcburən 3 gün ərzində Qazax rayonunda hər günü 50 manat olmaqla 150 manat ödəyib oteldə qalmalı olmuş, həmin vaxt oğlu ondan narahat olduğu üçün öz dostu vasitəsi ilə Gürcüstandan Antalyaya təyyarə bileti sifariş vermiş, o, xx xxxxxx 2019-cu il tarixdə 30 manat ödəməklə təyyarəyə minmək üçün Gürcüstan Respublikasının Tbilisi şəhərinə getmiş, orada 1 gecə soyuq beton üzərində gecələdikdən sonra xx xxxxxx 2019-cu il tarixdə Tbilisidən Antalyaya təyyarə ilə getmiş, daha sonra Antalyadan Tbilisi hava limanına qayıtmış, 30 manat yol haqqı verməklə Bakı şəhərinə qayıtmışdır. İcra məmurunun onu aldatması nəticəsində o xeyli ziyana məruz qalmış, xeyli vaxt itirmiş, aldığı ərzaq məhsulları xarab olmuş, oğlu ilə görüşə əliboş getməli olmuş, beləliklə mənəvi əzab çəkmişdir. İcra şöbəsi tərəfindən ona 1465 manat maddi ziyan dəymişdir. Belə ki, 900 manat təyyarə biletinə, 100 manat avtobus biletinə, 300 manat ərzaqlara və digər yol xərclərinə xərclənmişdir. Ona məhdudiyyətin götürülməməsi və bunun üçün müəyyən vaxtın keçməsi bildirilsəydi, o, oğlu ilə görüşməyə tələsməzdi. Vurulmuş zərərin ödənilməsi ilə bağlı o, cavabdehə müraciət etsə də, cavabdeh ona məhkəməyə müraciət etməsini bildirmişdir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb ilk iddianın təmin olunması, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Bakı şəhəri Cavabdeh ilk iddiaya etiraz və qarşılıqlı iddia ərizəsini məhkəməyə ünvanlayaraq ərizədə göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icraatında olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6417/2017 saylı, xx xxxx 2017-ci il tarixli icra vərəqəsinə əsasən, İddiaçı və X1 müştərək qaydada kredit müqaviləsi üzrə 3596,12 ABŞ dolları əsas, 904,62 ABŞ dolları faiz, 1 ABŞ dolları cərimə borcu olmaqla cəmi 4501,47 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq “xxxx” KB ASC-yə ödənilməsi qərara alınmışdır. İcra vərəqəsi xx xxxxxx 2018-ci il tarixdə icra şöbəsinin icraatına daxil olmuş, “İcraata başlamaq haqqında” qərar qəbul edilərək tərəflərə göndərilmişdir. xx xxxxxx 2019cu il tarixdə icra şöbəsinə yuxarıda göstərilən icra sənədi üzrə tələbkar “xxxx” KB ASC tərəfindən icra sənədi üzrə icraata xitam verilməsi barədə ərizə daxil olmuş, həmin ərizə əsasında iş üzrə icraata xitam verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.20ci maddəsinə əsasən, icraata xitam verilməsi barədə qərar 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə göndərilir. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə, həmin qərarı ləğv edir. Eyin zamanda, həmin Qanunun 20.7-ci maddəsinin tələblərinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4 və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana geri qaytarılır. Göründüyü kimi, xx xxxxxx 2019-cu il tarixli məktubda icraata xitam verilməsindən 10 günün ötməsi nəzərə alınmaqla, yəni Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun xx xxxxxx 2019-cu il tarixli qərarı qanuni qüvvəsini aldığından, icra sənədinin əsli məhkəməyə qaytarılmışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.8-ci maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Həmin maddənin tələblərinə əsasən xx xxxxxx 2019-cu il tarixli “Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi” haqqında qərarla vətəndaş İddiaçı üzərindən məhdudiyyət götürülmüşdür. Göründüyü kimi icra şöbəsi tərəfindən prosessual qanunvericiliyin tələblərinə tam riayət edilmiş və heç bir müddət pozuntusuna yol verilməmişdir. İş materiallarında olan: - “Star Ok” avtobus nəqliyyatı şirkəti tərəfindən verilmiş 034649 nömrəli biletdən görünür ki, İddiaçı xx xxxxxx 2019-cu il tarixdə Antalya şəhərində getmək üçün 100 manata bilet almışdır. - Təyyarə biletlərinin və ümumvətəndaş pasportunun surətlərindən görünür ki, Z.Didadi xx xxxxxx 2019-cu il tarixdə təyyarə ilə Tbilisi şəhərindən Antalya şəhərinə getmiş, xx xxxxxx 2019-cu il tarixdə isə Antalya şəhərindən Tbilisi şəhərinə qayıtmışdır. - İcra işi materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6417/2017 saylı, xx xxxx 2017-ci il tarixli icra vərəqəsinə əsasən, İddiaçı və X1 müştərək qaydada kredit müqaviləsi üzrə 3596,12 ABŞ dolları əsas, 904,62 ABŞ dolları faiz, 1 ABŞ dolları cərimə borcu olmaqla cəmi 4501,47 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq “xxxx” KB ASC-yə ödənilməsi qərara alınmışdır. İcra sənədi icra olunması üçün xx xxxxxx 2018-ci il taixdə Bakı şəhəri Cavabdehnə daxil olmuş, həmin tarixdə icra məmuru Orxan Həsənov tərəfindən “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, qərar tələbin könüllü icrası haqqında bildirişlə birlikdə tərəflərə göndərilmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə icra məmuru təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək İddiaçı və X3 ölkədən getmək hüquqlaının müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmiş, məhkəmənin xx xxxxxxx 2018-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə “xxxx” KB ASC ərizə ilə icra şöbəsinə müraciət edərək məlum icra sənədi üzrə kredit borcunun restrukturizasiya edildiyini göstərib iş üzrə icraata xitam verilməsini xahiş etmiş, icra məmuru Asəm Əhmədov tərəfindən xx xxxxxx 2019-cu il tarixdə “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərar qəbul edilmiş, xx xxxxxx 2019-cu il tarixdə “icra sənədi üzrə icraata xitam verilməsi barədə” icra məmurunun qərarı qanuni qüvvəyə mindiyindən icra sənədi məhkəməyə qaytarılmışdır. Bundan sonra xx xxxxxx 2019-cu il tarixdə icra məmuru Asəm Əhmədov tərəfindən “borclunun ölkədən hetmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi” barədə qərar qəbul edilmiş, İddiaçı və X3 ölkədən getmək hüquqlarına qoyulmuş məhdudiyyət götürülmüşdür. Məhkəmə ilk iddia üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk və qarşılıqlı iddia rədd olunmalıdır. Belə ki, ilk öncə məhkəmə onu qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı ona dəymiş maddi zərəri 1450 manat qiymətləndirmiş, buna əsas kimi 900 manat təyyarə biletinə, 100 manat avtobus biletinə, 300 manat ərzaqlara və digər yol xərclərinə xərcləndiyini bildirmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sübutlarda yalnız avtobus bileti üçün 100 manat qiymət təyin edildiyi görünür. Nə təyyarə biletinin alınması üçün çəkilmiş xərc, nə İddiaçı oğlu üçün pa kimi aldığı ərzaq məhsullarına çəkdiyi 300 manat, nə də əlavə yol xərclərinə görə ödədiyi xərclərə dair sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. İşin müəyyən edilən hallarına görə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icraatında olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6417/2017 saylı, xx xxxx 2017-ci il tarixli icra vərəqəsinə əsasən, İddiaçı və X1 müştərək qaydada kredit müqaviləsi üzrə 3596,12 ABŞ dolları əsas, 904,62 ABŞ dolları faiz, 1 ABŞ dolları cərimə borcu olmaqla cəmi 4501,47 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq “xxxx” KB ASC-yə ödənilməsi qərara alınmışdır. İcra vərəqəsi xx xxxxxx 2018-ci il tarixdə icra şöbəsinin icraatına daxil olmuş, “İcraata başlamaq haqqında” qərar qəbul edilərək tərəflərə göndərilmişdir. xx xxxxxx 2019cu il tarixdə icra şöbəsinə yuxarıda göstərilən icra sənədi üzrə tələbkar “xxxx” KB ASC tərəfindən icra sənədi üzrə icraata xitam verilməsi barədə ərizə daxil olmuş, həmin ərizə əsasında iş üzrə icraata xitam verilmişdir. xx xxxxxx 2019-cu il tarixli məktubda icraata xitam verilməsindən 10 günün ötməsi nəzərə alınmaqla, yəni Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun xx xxxxxx 2019-cu il tarixli qərarı qanuni qüvvəsini aldığından, icra sənədinin əsli məhkəməyə qaytarılmışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.8-ci maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Həmin maddənin tələblərinə əsasən xx xxxxxx 2019-cu il tarixli “Borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi” haqqında qərarla vətəndaş İddiaçı üzərindən məhdudiyyət götürülmüşdür. Göründüyü kimi cavavbdehin hərəkətlərində iddiaçıya zərər vurulması ilə bağlı hərəkətlərə yol verilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarının 2-ci bəndində belə bir mövqe əks etdirilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. ... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. ... Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. ... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İddiaçı izahatında göstərdikləri, yəni müəyyən müddət görüşmədiyi oğlunu görmək məqsədi ilə ölkədən çıxarkən sərhəd-keçid məntəqəsindən buraxılmaması nətiəcəsində onun mənəvi sarsıntı keçirməsini düşünməyə əsas verə bilər. Lakin, Azərbaycan Respublikasının Konstitusiyasının vətəndaşların əsas vəzifələrini təsbit etdiyi 72-ci maddəsinin İİİ bəndində göstərilmişdir ki, qanunu bilməmək məzuliyyətdən azad etmir. İddiaçı barəsində ölkədən çıxmağa müvəqqəti məhdudlaşdırma qərarının olduğunu bildiyi halda bu qərarın ləğv edilməsinə dair icra məmurunun müvafiq qərarını qəbul etmədən və ya elektron sayt vasitəsi ilə ölkədən çıxışına qoyulmuş məhdudiyyətin aradan qaldırılıbqaldırılmamasını müəyyənləşdirmədən ölkəni tərk etməyə cəhd etməsi və nəticədə sərhəd-keçid məntəqəsindən buraxılmaması ilə bağlı sarsıntı keçirməsi mənəvi zərər vuranın birbaşa olaraq icra şöbəsi olduğunu düşünməyə əsas vermir. Yəni, İddiaçı mənəvi zərərin vurulması düşünülsə belə, həmin zərərin məhz Bakı şəhəri Cavabdeh tərəfindən vurulmasının müəyyən edilməsi üçün sübut mövcud deyildir. Belə olan halda, ilk iddia mənəvi zərərin tutulması hissəsində də təmin oluna bilməz. Qarşılıqlı iddiaya münasibətdə isə məhkəmə qeyd edir ki, Bakı şəhəri Cavabdeh “əlavə vaxt itkisinə görə” İddiaçı 100 manat pulun tutulmasını xahiş etmiş, həmin vaxt itkisinin nədə ifadə olunması, habelə vaxt itkisinə görə vurulmuş zərərin əvəzi kimi niyə məhz 100 manat müəyyən edilməsinə dair heç bir sübut məhkəməyə təqdim etmədiyindən, bu barədə iddia ərizəsi belə əsaslandırılmadığından qarşılıqlı iddia da rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk, Bakı şəhəri Cavabdeh İddiaçı qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə qarşılıqlı iddia ərizələri təmin edilməsin. İddiaçı iddia ərizəsi üzrə ödədiyi 30 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bak ışəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-1877/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1877/2021
16.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver