Məhkəmə qərarları › İş №2(001)-1881/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1881/2024

30.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1881/2024 30.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı “liftlərə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 30 may 2024-cü il tarixdə açıq məhkəmə iclasına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən Cavabdeh MTK-nə məxsus çoxmənzilli binadakı (bina 1) mülkiyyətlərində olan mənzillərdən istifadə edə bilmələri üçün binada liftlərə (hər iki liftə) qoyulmuş açara görə aparatın sökülməsi, liftdən istifadəyə maneə ola biləcək hər hansı qurğunun quraşdırılması və liftlərədən istifadəyə yaradılacaq hər hansı maneəyə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onlar ünvan 1 ünvanında yerləşən “Elit Park yaşayış kompleksin”də mövcud binaların sakinləridir. İddiaçı1 kompleksdə yerləşən bina 1, mənzil 60, İddiaçı2 bina 1, mənzil 41 və İddiaçı3 bina 1, mənzil 29-un mülkiyyətçiləridir. Bina Cavabdeh tərəfindən tikilmişdir. Binanın tikintisi çoxdan (azı 5 il) tam başa çatmış və xx.xx.2020-ci il tarixdə istismara qəbul aktı alınmış, binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ MTK-nın üzvlərinə keçmişdir. Buna baxmayaraq indəyədək Bina MTK tərəfindən idarə olunur. Halbu ki, AR Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin 18 dekabr 2018-ci il tarixli mövcud redaksiyasına əsasən MTK ləğv olunmalı və ya mənzil müllkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməli idi. İXM-nin 393-1.1-ci maddəsinə görə bu əməl inzıbati xəta tərkibi təşkil etsə də, indiyədək təqsirkarlar məsuliyyətə cəlb edilməyib. Binanın mülkiyyətçiləri ilə xidmət müqaviləsi bağlamadan (binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı olmadan) cavabdeh Binanı idarə edir. Bütün sahə mülkiyyətçilərindən “kommunal haqq” adı ilə rəsmi ödəniş tələb edir. Binanın sahə mülkiyyətçilərinin əksəriyyəti dəfələrlə cavabdehə öz narazılığını bildirmişdir. O cümlədən binanı tərk edərək mövcud qanunvericiliyə əsasən idarəetməni sahə mülkiyyətçilərinin ümumi yığıncağına təhvil verməyi tələb etmişlər. Lakin cavabdeh müxtəlif qanunsuz yollarla binanın idarə edilməsini davam etdirir, həmçinin onlardan kommunal ödənişlər tələb olunur. Kommunal ödənişlər uzun müddət tərəflərindən ödənilsə də, həmin məbləğlər kassaya vurulmamış, ödənilmiş kommunal məbləğlərə görə çox vaxt qəbzlər təqdim edilməmişdir. Hətta uzun müddət ödənilən kommunal ödənişlərə görə sakinlərə xidmətlər göstərilməmişdir (məsələn: bloklar təmizlənməmiş, tullatntı zibillər atılmamış və s). Bundan başqa keçən ilin əvvəlində ödəniləcək kommunal məbləğlərin şifahi olaraq artırılması barədə məlumat verilmiş, lakin bununla bağlı da sakın kimi onlarla heç bir müqavilə bağlanmadığı halda, əvvəlki dövrlər üzrə də həmin məbləğ üzrə hesablanaraq borclar tələb edilir. Halbu ki, çoxmənzilli binaların idarə edilməsi üsulu barədə binanın mülkiyyətçilərinin ümumi yığıncağının qərarı əsasında binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə, idarəedici təşkilat tərəfindən idarə edilməsi həyata keçirilə bilər. Lakin, onların mülkiyyətçisi olduqları çoxmənzilli binanın idarə olunması ilə bağlı ümumi yığıncaq tərəfindən qərar qəbul edilməmiş, bu barədə hər hansı müqavilə bağlanmamış, bununla belə heç bir səlahiyyəti olmadan və qanunun tələbinə zidd olaraq MTK mənzilin idarə olunmasını həyata keçirməyi davam etdirməklə, mənzil mülkiyyətçilərindən istədiyi kommunal xərclərin ona ödənilmədiyi təqdirdə onların mülkiyyətlərindən istifadəyə qanunsuz maneə yaratmaqda davam etməklə həm sərnişin, həm də yük liftinə açarlar qoymuş və kommunal ödənişi etməyən sakinlərə açarı verməməklə liftlərdən istifadəyə imkan verməmişlər. MTK rəhbərliyinə liftin açarının verilməsi barədə müraciət etsələr də, bunun üçün onlardan əlavə ödəniş və kommunal xərclərin tam ödənilməli olması, əks təqdirdə liftən stifadə edə bilməyəcəkləri bildirilir. Hansı ki, kommunal ödənişlərlə bağlı heç bir müqavilə bağlanmamış, istənilən an kommunal ödənişlərin artırılması barədə şifahi məlumat verərək ödənişlər tələb edirlər. Həmçinin kompleksdə 7 bina, hər biri 17 mərtəbəlidir, liftdən istifadəyə qoyulan bu cür maneə mülkiyyətlərində olan mənzillərə qalxmaqlarına olduqca dözülməz vəziyyət yaratmışdır. Hətta liftin açarı verilmiş qonşulara qonaqları gələrkən və ya təcili tibbi yardım gələrkən liftlərin açarla olması səbəbindən sakinlər şəxsən aşağı enib qonaqlarını və ya həkimi və s. liftlə yuxarı qaldırmalı olurlar. Bundan əlavə açar verilmiş sakinlər yalnız öz mənzillərinin yerləşdiyi mərtəbəyə çıxıbdüşə bilirlər ki, bu hal da tamamilə hüquqların pozulması deməkdir. Deməli, açarın olsa belə yalnız mənzilin yerləşdiyi mərtəbəyə çıxıb-düşə bilərsən, həmin binada digər mərtəbələrində yaşayan qonşulara gediş-gəliş liftlə mümkün olmur. Bununla da bildirmək istəyirlər ki, hətta liftin açarının olması açar verilmiş sakinlər üçün də əlavə narahatlıqlar yaradır. Lakin, binada lift mövcud olsa da, MTK-nın hansısa qanunsuz tələbinə əsasən liftdən istifadə etməyinə maneələr yaradılır və bu hal bir mülkiyyətçi kimi onların hüquqlarını pozur. Həmçinin bununla bağlı hazırda mülkiyyətçilər tərəfindən MMMC yaradılması məqsədilə aidiyyəti quruma müraciət edilmiş, ərizə üzrə icraat davam etdirilir. Bütün göstərilənləri nəzərə alaraq qonşularla birlikdə Dərnəgül MTK-ya qarşı binada yerləşən mənzildən istifadə edə bilmələri üçün binada liftlərə qoyulmuş açarın sökülməsi və liftlərdən istifadəyə yaradılacaq hər hansı maneəyə qadağa qoyulması barədə iddia qaldırmaq məcburiyyətində qalmışlar. Hətta bildirirlər ki, artıq mülki məhkəmələrdə formalaşmış təcrübəyə əsasən hesab edilmişdir ki, çoxmənzilli binanın idarəetmə üsulu binanın sahə mülkiyyətçilərinin yığıncağının qərarı ilə seçilməlidir. Qeyd olunan iddia qaldırılanadək liftdən istifadə etmək zərurəti olduğundan, lakin qeyd etdiyi kimi, cavabdeh qanunsuz tələblər əsasında liftə açar qoyaraq istifadə etmələrinə imkan vermədiyindən, məhkəməyə iddia qaldırılanadək ünvan 2 ünvanında yerləşən Dərnəgül MTK-ya məxsus binada liftlərə qoyulmuş açarların sökülməsi və liftlərdən istifadəyə yaradılacaq hər harısı maneəyə qadağa qoyulması barədə ərizə ilə məhkəməyə müraciət edilmiş və ərizələri təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək göstərmişdir ki, əvvəllər liftə çip qoyulmuşdur. Müvəqqəti təminat tədbiri barədə qərardad qəbul edildikdən sonra həmin çip MTK tərəfindən söküldü. Kommunal xidmətlərin bəzi qonşular ödəmədikləri üçün məbləği süni şəkildə artırılıb. Əvvəllər 0,35 mnat olub hamı ertiraz edib. Hazırda köhnə qayda ilə ödənişlər edilir. Kim ödəmir yeni qayda ilə, ona kart verilmir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək göstərmişdir ki, blokun liftinə qeyri-qanuni açarlar qoyulmuş və liftdən yalnız kart verilmiş sahiblər istifadə edə bilir. Kartı isə kommunal borcu olmayan sakinlərə vermişlər. Binanın hər mərtəbəsində 4-5 mənzil var. O, vaxtı-vaxtında kommunal pulunu ödəmiş, lakin sonradan ödədiyi məbləğləri yenidən tələb edilmiş və o, ödənişi etməkdən imtina etmişdir. Binanın 40-50% sakinləri çıxarış almışlar. Digər sakinlər isə onların problemləri ilə üzləşmişlər. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı1 və İddiaçı3, eləcə də Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi, məhəllə 3095, ev 37A, mənzil 29 üvanında yerləşən mənzil xx.xx.2021-ci il tarixdən xüsusi mülkiyyət kimi İddiaçı3 adına qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi, məhəllə 3095, ev 37A, mənzil 41, korpus 1 üvanında yerləşən mənzil xx.xx.2022-ci il tarixdən xüsusi mülkiyyət kimi İddiaçı2 adına qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi, məhəllə 3095, ev 37A, mənzil 60, Yeni qaydalarla: AZ 1108, Bakı şəhəri, Binəqədi rayonu, X2 küçəsi, giriş 130, M13, m5 üvanında yerləşən mənzil xx.xx.2023-cü il tarixdən xüsusi mülkiyyət kimi İddiaçı1 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 152.9. Əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Maddə 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Maddə 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: (8.0.4.) qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə. Maddə 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Maddə 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Maddə 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Maddə 38.2. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Maddə 112.2. Mənzil-tikinti kooperativi üzvlərindən ən azı biri tərəfindən pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativinin çoxmənzilli binada mülkiyyət münasibətlərinə bu Məcəllənin Vİ fəslinin müddəaları şamil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: İddia tələbinin mahiyyətindən göründüyü kimi iddiaçılar ünvan 1 ünvanında yerləşən Dərnəgül MTK-nə məxsus çoxmənzilli binadakı (bina 1) mülkiyyətlərində olan mənzillərdən istifadə edə bilmələri üçün binada liftlərə (hər iki liftə) qoyulmuş açara görə aparatın sökülməsi, liftdən istifadəyə maneə ola biləcək hər hansı qurğunun quraşdırılması və liftlərədən istifadəyə yaradılacaq hər hansı maneəyə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçıların cavabdeh tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının müvafiq mənzillərinin mülkiyyətçiləri olması işin mübahisəsiz halıdır. İddiaçılar hazırkı tələblə cavabdeh tərəfindən liftdən istifadəyə qoyulan maneəni qanunsuz hesab edirlər. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. İş üzrə hər üç iddiaçı mülkiyyətçi, cavabdeh hüquqi şəxsin isə təşkilati-hüquqi forması mənzil-tikinti kooperativi olduğundan məhkəmə hesab edir ki, tələbin maddi hüquqi əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda qeyd olunan normaları və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin Vİ fəslinin müddəaları təşkil edir (Maddə 112.2). Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 1 ünvanında yerləşən “Elit Park yaşayış kompleksin”də mövcud binaların sakinləridir. İddiaçı1 kompleksdə yerləşən bina 1, mənzil 60, İddiaçı2 bina 1, mənzil 41 və İddiaçı3 bina 1, mənzil 29-un mülkiyyətçiləridir. Bina Cavabdeh tərəfindən tikilmişdir. Binanın tikintisi çoxdan (azı 5 il) tam başa çatmış və xx.xx.2020-ci il tarixdə istismara qəbul aktı alınmışdır. Həmçinin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ MTK-nın üzvlərinə keçmişdir. Həmçinin müəyyən edilmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi, məhəllə 3095, ev 37A, mənzil 29 üvanında yerləşən mənzil İddiaçı3, Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi, məhəllə 3095, ev 37A, mənzil 41, korpus 1 üvanında yerləşən mənzil İddiaçı2 və Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi, məhəllə 3095, ev 37A, mənzil 60, Yeni qaydalarla: AZ 1108, Bakı şəhəri, Binəqədi rayonu, X2 küçəsi, giriş 130, M13, m5 üvanında yerləşən mənzil İddiaçı1 xüsusi mülkiyyətindədir. Məlum olduğu kimi Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi, məhəllə 3095, ev 37A, mənzil 29 üvanında yerləşən mənzil (İddiaçı3), Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi, məhəllə 3095, ev 37A, mənzil 41, korpus 1 üvanında yerləşən mənzil (İddiaçı2) və Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi, məhəllə 3095, ev 37A, mənzil 60, Yeni qaydalarla: AZ 1108, Bakı şəhəri, Binəqədi rayonu, X2 küçəsi, giriş 130, M13, m5 üvanında yerləşən mənzilləri (İddiaçı1) mülkiyyət hüququ üzrə iddiaçıların adlarına reyestrdə qeydə alındığı üçün, iddiaçılar mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdirlər, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehə münasibətdə qanunidir. Cavabdeh MTK-nin isə iddiaçıların mülkiyyətində olan mənzillərin liftlərinə (hər iki liftə) açar qoyması, liftdən istifadəyə maneə ola biləcək hər hansı qurğunun quraşdırılması və liftlərədən istifadəyə maneələrin yaradılması iddiaçılara, yəni hazırki mülkiyyətçilərə mülkiyyət hüquqlarının tam həyata keçirmələrinə, o cümlədən həmin əmlakdan istədikləri kimi istifadə etmələrinə, sahib olmalarına imkan vermir və maneə yaradır. Halbu ki, qanunvericiliklə müəyyən edilmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur (Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsi). Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh MTK-nə məhkəmə iclasları barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasılarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya heç bir münasibət bildirməmişdir. İddia ərizəsində və iddiaçıların izhatında cavabdehin sözügedən hərəkətinin əsası kimi “kommunal haqq”ların ödənilməməsi olduğu qeyd olunmuşdur. Hazırkı iddianın predmeti tərəflərin kommunal ödənişləri təşkil etməsə də, məhkəmə qeyd edir ki, hətta iddiaçıların cavabdeh qarşısında “kommunal haqq”lar və ya digər ödənişlərlə bağlı hər hansı icra edilməmiş öhdəlikləri yaranmış olduğu təqdirdə belə mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərə, bir sözlə çoxmənzilli binanın ümumi əmlakından yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə qanunla və ya qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunmayan hər hansı məhdudiyyətin tətbiq olunması qanunsuzdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tam əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən Cavabdeh MTK-nə məxsus çoxmənzilli binadakı (bina1) iddiaçıların mülkiyyətlərində olan mənzillərdən istifadə edə bilmələri üçün binada liftlərə (hər iki liftə) qoyulmuş (açara görə) aparat sökülməli, liftdən istifadəyə maneə ola biləcək hər hansı qurğunun quraşdırılması və liftlərdən istifadəyə yaradılacaq maneələr Cavabdeh MTK-nə qadağan edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən Dərnəgül MTK-nə məxsus çoxmənzilli binadakı (bina1) iddiaçıların mülkiyyətlərində olan mənzillərdən istifadə edə bilmələri üçün binada liftlərə (hər iki liftə) qoyulmuş (açara görə) aparat sökülməli, liftdən istifadəyə maneə ola biləcək hər hansı qurğunun quraşdırılması və liftlərdən istifadəyə yaradılacaq maneələr Cavabdeh MTK-nə qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar