Məhkəmə qərarları › İş №2(001)-1894/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1894/2022

10.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1894/2022 10.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı və nümayəndəsi Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 cəlb edilməklə) mənzilə köçürülmə və talanmış əmlakın qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və talanmış əmlakın qaytarılması tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi, cavabdeh tərəfindən həmin mənzildən talanmış cəmi 4.676 manat dəyərində olan qızılzinət əşyalarının naturada qaytarılması, 15.000 manat məbləğində pulun qaytarılması və dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun balaca bibisidir. X10 cavabdehin həyat yoldaşı, Karadağ Ulduz isə onların qızı, yəni bibisi qızıdır. O, dünyaya gözünü açdığı ilk gündən həmişə yanında böyük bibisi X4 gördüyü üçün ona həddindən artıq bağlanmış və əvvəllər elə bilirdi ki, o, onun əsl anasıdır. Ortancıl bibisi X7 və 1920-ci il təvəllüdlü nənəsi X8 ilə birlikdə 1988-ci ildən bibisi Həqiqətin öz vəsaiti hesabına aldığı, eləcə də öz adına olan, ünvan 1 ünvanında yaşayırdılar. Bir qədər böyüyüb özünü dərk etməyə başlayarkən ona məlum olmuşdur ki, anası X13 ona hamilə olarkən, bibisi Həqiqət onun atasına bildirmişdir ki, “qardaş, özün bilirsən ki, nə mənim, nə də Gülçöhrənin bir övladımız, yəni varisimiz yoxdur. Hamı kimi əvvəl-axır biz də ölüb gedəcəyik və həyatda bizdən heç bir iz qalmayacaq”. Ondan xahiş etmişdir ki, bu dəfə doğulan uşağı körpəlikdən ona versin, o da uşağı öz övladı kimi böyütsün, onlar ölüb getdikdən sonra da nələri vardırsa uşağın olsun, həm ocaqları sönüb izləri itməsin, həm də onların da bir xatırlayanı olsun. Atası heç bir tərəddüd etmədən buna razılıq vermişdir. O, 10 avqust 1996-cı il tarixdə anadan olmuşdur. Bibisi ibadət əhli olduğu üçün onun adını Mehrab qoyaraq öz evinə aparmış, doğma ana duyğuları ilə ona nəvaziş göstərməyə, böyütməyə başlamışdır. Bibisi biologiya müəlliməsi olmuşdur. Onu böyüdüb məktəb yaşına çatdırdıqdan sonra da özünün işlədiyi, Biləcəri qəsəbəsində yerləşən 284 nömrəli orta məktəbə qoymuşdur. Hər yerdə və hər kəsin yanında fərəhlənərək böyük bir sevinc hissi ilə bildirirdi ki, Mehrabı qardaşı ona verib, onu o böyütmüşdür, onun oğludur, evi və nəyi vardırsa onundur. O, öldükdən sonra da Mehrabın heç bir çətinliyi olmasın deyə evlənməsi üçün yeni bir ev, maşın alması üçün də hər şeyini hazırlamışdır. Odur ki, onu tanıyanların hamısı, qohumqonşular, o cümlədən cavabdeh və onun bütün ailə üzvləri də bunları bilirdi. 2011-ci ildə növbəti tibbi müayinə zamanı bibisi Həqiqətin süd vəzində bədxassəli şiş (xərçəng) aşkar olundu. Cərrahi əməliyyatdan (Mastektomiya), müvafiq kimya və şüa terapiyası aldıqdan sonra özünü yaxşı hiss etmiş, tamamilə normal həyat yaşamışdır. Bir gün Sona bibisigil onu özlərinin Buzovnada yerləşən bağ evinə qonaq aparmışlar. Oradan kəskin zəhərlənmə əlamətləri ilə qayıtdıqdan sonra onun səhhəti kritik həddə pisləşərək komaya düşdüyündən Təcili Yardım vasitəsi ilə 1 saylı X18 çatdırılmış, orada ona "hidovolemik toksiki şok” diaqnozu qoyulmuşdur. Lakin, həkimlərin çox ciddi və operativ səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmamış və 10 sentyabr 2014-cü il tarixdə vəfat etmişdir. Bu hadisədən bir neçə il sonra digər bibisi Gülçöhrənin nəfəs borusunda bədxassəli şiş əmələ gəlmişdir. Cərrahi əməliyyatdan, kimyaterapiya aldıqdan sonra qismən yaxşılaşmışdır. Lakin, 2020-ci ildə onun bronxlarında yenidən bədxassəli şiş yaranmışdır. Həmin ilin oktyabr ayının əvvəlində müalicə həkimi onun vəziyyətini nisbətən stabil saxlamaq məqsədi ilə venadaxili köçürülmək üçün bir sıra dərman preparatları təyin edərək bildirmişdir ki, artıq çox gecdir, xəstə hər an boğulub ölə bilər, aparsınlar nə qədər ömrü qalıbsa ev şəraitində yaşasın. Xəstəni evə gətirdikdən sonra ixtisasca feldşer olan bibisi Sonaya telefonla zəng edib vəziyyəti ona danışmış və xahiş etmişlər ki, heç olmasa gəlib son günlərini yaşayan xəstə bibisinin sistemlərini qoşub, venadaxili iynələrini vursun. Lakin o, pandemiya şəraiti olduğunu bəhanə gətirərək, gəlib həmin işləri görməkdən imtina etmişdir. Yalnız xəstənin vəziyyəti kritik həddə ağırlaşaraq onun ölümünə üç-dörd gün qalmış gəlib ona bir-iki iynə vurmuşdur. 22 dekabr 2020-ci il tarixdə saat 16:10 radələrində bibisi Gülçöhrə keçinmişdir. Həmin gecə meyitin yanında yalnız o, və nənəsi qalmışdır. DİN-in 102 xidmətindən rəsmi icazə alınmasına baxmayaraq, cavabdeh öz həyat yoldaşı və qızı ilə birlikdə laqeydcəsinə çıxıb öz evlərinə getmişlər. 23 dekabr 2020-ci il tarixdə bibisi Gülçöhrə dəfn edilmiş və o gündən başlayaraq cavabdeh guya nənəsini tək qoymamaq üçün 40 gün orada qalmışdır. O, həmişəki kimi hər gün səhər evdən çıxıb işə gedirdi. Axşamlar işdən sonra evə gəldikdə isə həmişə Sadıqov Təvəkkül və Karadağ Ulduzun da orada olduqlarını, onların özlərini faktiki olaraq mənzilin əsl sahibləri kimi apardıqlarının, ona tamamilə ögey münasibət bəslədiklərinin, bütün ev əşyalarının ələkfələk edildiyinin, həmçinin nənəsinin də artıq get-gedə onunla soyuq davrandığının şahidi olmuşdur. Ailədə bütün mühüm qərarlar yalnız cavabdehin qızı Ulduz tərəfindən verilir və hətta onun icazəsi olmadan heç nəyə əl vurmaq olmazdı. Bu hal onda kifayət qədər əsaslı şübhələr doğursa da, heç nə başa düşə bilmirdi. Halbuki, əvəllər cavabdeh həmin ünvanda çox nadir hallarda, yalnız müəyyən qədər pul qoparmaq, qızları üçün cehizlik əşyalar və s. əldə etmək üçün gəlirdi. Cavabdehin qızı Ulduz isə hətta bir dəfə Gülçöhrə bibisinin onun heç kimə bildirmədən, Türkiyyə vətəndaşı olan kürd əsilli Şakir Karadağla qizli münasibət qurmasına və onunla “ailə qurmasına” etiraz bildirdiyinə görə həmin ünvana gəlib bibisini dilə gətirilməsi mümkün olmayan çox əxlaqsız sözlərlə təhqir edərək böyük bir həngamə qopardıqdan sonra həmin gündən oranı birdəfəlik tərk etmişdir. 29 yanvar 2021-ci il tarixdə 40 mərasimindən sonra onlar çıxıb öz evlərinə getmişlər. Yalnız bundan sonra ona məlum olmuşdur ki, cavabdeh 40 gün ərzində nənəsinin yüz yaşını ötmüş yaşlı bir qadın olmasından istifadə edib, S.Təvəkkül və K.Ulduzla qabaqcadan əlbir olaraq mənzili qarət etməklə məşğul olmuşdur. Müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən mənzildən onun üçün toplanılmış pulun üzərindən 15.000 manat məbləğində nağd pul, onun adına alınmış qızıl sırğa, müxtəlif geyim, ev və məişət əşyaları talan edilərək mənzildən çıxarılmış və mənimsənilmişdir. 13 aprel 2021-ci il tarixdə isə onlar qızıl-zinət əşyalarının qalan hissəsini də bütünlükdə götürərək nənəsi ilə birlikdə öz yaşadıqları ünvana aparmışlar. Həmin gün o, işdən evə qayıtdıqda mənzilin qapısının açarla bağlı olduğunu görmüşdür. Əvvəl elə zənn etmişdir ki, nənəsinə nəsə olub və onu harasa aparıblar. Lakin cavabdehgilə zəng vurduqda telefona qızı Ulduz cavab verərək ona bildirmişdir ki, artıq bibilərinin ikisi də ölüb, nənəsini də onlar gətiriblər, daha onun həmin mənzildə yaşamağı üçün heç bir səbəb yoxdur. Getsin ata-anasının yanına yaşasın, oradan da nə götürmüşsə, nənəsindən hamısının halallığını almışdır. Bundan təxminən 4-5 gün sonra isə həmin mənzilin qonşuluğunda yaşayan Adilə adlı qadın o, işdə olduğu zaman atasına zəng vurub bildirmişdir ki, bu gün Sonagil gəlmişdilər, Mehrabın gündəlik geydiyi paltarları gətirib onların evinə qoydular və ona dedilər ki, xəbər eləsin gəlib bunları aparsınlar. Axşam işdən evə qayıtdıqdan sonra atası bu barədə məlumat vermiş, o, gedib onları götürməkdən imtina etmişdir. Qeyd edir ki, cavabdehin öz ailə üzvləri ilə birlikdə törətmiş olduğu, həyatının, arzularının, xatirələrinin alt-üst edilməsinə səbəb olan hərəkətlər ona hədsiz dərəcədə pis təsir etdiyindən çox dərin sarsıntı keçirir və özünə gələ bilmir. Həmçinin bildirir ki, bibisi Həqiqətin onun adına aldığı qızıl-zinət əşyalarının talan ediləcəyini əvvəlcədən bilmədiyi üçün, onların əlamətlərini (əyarı, çəkisi) yazıb götürməmişdir və bu səbəbdən də həmin məlumatları iddia ərizəsində göstərə bilmir. Lakin 13 aprel 2021-ci il tarixdə onların mənzildən götürərək özləri ilə apardıqları qızılzinət əşyalarını 12 mart 2021-ci il tarixdə nənəsi ona göstərərkən onların fotoşəkillərini çəkib telefonunun yaddaşında saxlamışdır. Daha sonra iddiaçı tərəfindən verilmiş ərizədə bildirilmişdir ki, iddia ərizəsində əlamətləri göstərilməmiş əmlaklar qızıl-zinət əşyaları satılan ticarət obyektlərində, həmin modellərin ən aşağı çəkidə olan çeşidləri götürülərək aşağıdakı kimi qiymətləndirilmişdir: 1) “Oval” dəst, 583 əyar, 12 qram, 960 manat; 2) “Obodok” dəst, 583 əyar, 5,45 qram, 436 manat; 3) “Oval” dəst, 583 əyar, 15 qram, 1.200 manat; 4) “Traktor sep” dəst, 583 əyar, 10 qram, 800 manat; 5) “Boyunbağı” dəst, 583 əyar, 9 qram, 720 manat. Həmçinin, 583 əyarlı, 7 qram şəkidə qızıl sığralar. Cavabdeh iddiaya etiraz verərək göstərmişdir ki, iddiaçının göstərdiyi ünvan 1 onun xüsusi mülkiyyətində deyil və orada heç bir vaxt yaşamamışdır. Həmin mənzil X2 (cavabdehin bacısına) məxsus olmuş və o, anası X8 ilə orada daimi yaşamışdır. 2020-ci ilin dekabr ayında X7 vəfat etdikdən sonra həmin mənzil faktiki olaraq yeganə varisi X3 mülkiyyətindədir. Bundan əlavə, mənzildə qızılların və pul vəsaitlərinin mövcudluğuna və ya iddiaçıya nəxsus olmasına dair heç bir sübut təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçının bu tələbləri irəli sürməyə subyektiv hüququ yoxdur. Bundan əlavə, iddiaçının atası, eyni zamanda iş üzrə nümayəndəsi Nümayəndə daha əvvəl eyni tələblərlə iddiaçı qismində məhkəməyə müraciət etmiş və onun iddiası rədd edilmişdir. Hazırki ərizənin məzmununda qeyd edilənlər demək olar ki, daha əvvəl Nümayəndə tərəfindən qaldırdığı iddia tələbləri ilə eynidir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, nənəsi ona sandıqda olan qızılları göstərərkən demişdir ki, sırğaları cavabdeh ondan nəvəsinə hədiyyə vermək üçün istəmişdir. Həmin sırğalar evdə olan şəkildə bibisinin qulaqlarında əks olunmuşdur. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, onun adına alınmış qızıl-zinət əşyalarının dəqiq adı və əlamətləri iddia ərizəsində göstərilmişdir. O, 6 yaşına qədər bibiləri və nənəsi ilə birlikdə qalmış, sonra isə həm orada həm də atasıgildə qalırdı. O, dəqiq bilir ki, ona məxsus 15.000 manat pul və qızıl-zinət əşyaları cavabdehdədir. O, 13 aprel 2021-ci il tarixdən nənəsini görmür. Çünki bir dəfə cavabdehin ərinə zəng etmiş və maraqlanmış, lakin onun danışığı xoşuna gəlmədiyi üçün bir daha onlarla əlaqə saxlamamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, o, iddiaçının atasıdır. Bacısı rəhmətə getdikdən sonra anası ona zərfdə 50.000 manat məbləğində pul vermiş, həmin pulun bacıları tərəfindən iddiaçı üçün yılığan pul olduğunu bildirmişdir. Anası həmçinin bildirmişdir ki, 15.000 manatı da cavabdehə vermişdir ki, o, səsini kəssin. Cavabdehin qanunazidd hərəkətləri barəsində hüquq-mühafizə orqanlarına müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 13 aprel 2021-ci il tarixdən anasını görmür. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının köçmək istədiyi ev ona məxsus deyil. Ev rəhmətlik bacısının olmuş, hazırda da yeganə vərəsə onun anası, iddiaçının isə nənəsidir. 15.000 manat məbləğində pulu anası ona verərək bildirmişdir ki, həmin pul onun pensiyasından yığılan puldur və ona görə vemişdir ki, o, övlad kimi anasının xəstə olanda əziyyətini çəkmişdir. Həmin məbləği qızına vermişdir ki, evin təmiri üçün şirkətə ödənilsin. İddiaçının tələb etdiyi qızıllardan ümumiyyətlə xəbəri yoxdur. İddiaçının bildirdiyi sırğanı mərhum bacısı Gülçöhrə sağlığında onun nəvəsinə hədiyyə etmişdir. 50.000 manat pulu anası iddiaçının atası, onun isə qardaşı Əhmədə vermişdir ki, iddiaçıya ev alsın. Məhkəmə iclasında iştirak cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək etirazın məzmununa uyğun izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçının ümumiyyətlə tələb etdiyi qızıl-zinət əşyalarından xəbəri yoxdur, onları şifahi təsvir edə bilmir. Məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dəvət edilmiş X13 ifadəsində bildirmişdir ki, o, iddiaçının anasıdır. Bütün qohumlar və qonşular bilirdi ki, iddiaçının bibiləri və nənəsi nə qazanırdılarsa, hamısı iddiaçı üçün idi. Qaynanası özü ona bildirmişdir ki, qızıl-zinət əşyalarını və 15.000 manat məbləğində pulu cavabdeh götürmüşdür. Cavabdehin qızı da ona bildirmişdir ki, 15.000 manatı qaynanası anasına, yəni cavabdehə verib. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dəvət edilmiş X11 ifadəsində bildirmişdir ki, o, cavabdehin qızıdır. Xalası rəhmətə getdikdən sonra anası, nənəsi tək qalmasın deyə, onunla bir müddət bir evdə qalmışdır. Həmin vax o, tez-tez onlara baş çəkirdi, dərman və yemək gətirirdi. Xalası rəhmətə gedəndən sonra iddiaçı da nənəsinin yanına gəlib qalırdı. Nənəsi ona bildirmişdir ki, o, bu yaşda nəvəsinin, yəni iddiaçının qulluqçusuna çevirilib. Onun artıq o yaşı deyil ki, iddiaçıya yemək bişirsin və onun qulluğunu çəksin. Həmçinin nənəsi ona bildirmişdir ki, iddiaçının tələb etdiyi qızılzinət əşyaları onun evində sandıqdadır, həmin qızıllar xalası Həqiqətə aiddir, çünki o, müəllimə idi və özü o qızıl-zinət əşyalarından istifadə edirdi. Nənəsi ona bildirmişdir ki, o, sağ ola-ola evini heç kəsə verə bilməz. Çünki hələlik onlarla qalır, gələcəkdə ola bilər ki, yenidən öz evinə qayıtsın, küçədə qalmasın. İddiaçının tələb etdiyi 15.000 manat pulu nənəsi ona vermiş, həmin məbləğin təqribən 2.000 manatını dəfn və yas mərasimlərinə xərcləmiş, qalan məbləği isə nənəsinə qaytarmaq istədikdə, nənəsi qəbul etməmiş və o, pulu stolun uzərində qoyaraq çıxıb getmişir. Ona verilmiş suala cavab olaraq bildirdi ki, oktyabr ayından uşaqlarının təhsil aldığı məktbənin yaxınlığında kirayə evdə qalır. Belə ki, iş materiallarında olan: AZ-İ 703987 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 10 sentyabr 2014-cü il tarixdə ölmüşdür. AZ-İİ 129041 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 22 dekabr 2020-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, sıra-9, ev 33 xüsusi mülkiyyət hüququ üzrə X1 adına qeydiyyatdan keçirilmiş və bu barədə 06 iyun 2015-ci il tarixdə, ********** nömrəli qeydiyyat aparılmışdır; Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(001)- 3789/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Nümayəndə Mehrab oğlunun Cavabdeh qarşı talanmış pulların və qızılların qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 oktyabr 2021-ci il tarixli, 2(103)-7731/2021 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(001)- 3789/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/2899 saylı, 03 iyun 2022-ci il tarixli rəyindən görünür ki, 1 ədəd 583 əyarlı, 7 qram çəkidə qızıl sırğanın nəzəri qaydada orta bazar dəyəri təxminən 560 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/2899 saylı, 03 iyun 2022-ci il tarixli rəyindən görünür ki, 1 ədəd “Oval” dəst, 583 əyar, 12 qram, 1 ədəd “Obodok” dəst, 583 əyar, 5,45 qram, 1 ədəd “Oval” dəst, 583 əyar, 15 qram, 1 ədəd “Traktor sep” dəst, 583 əyar, 10 qram, 1 ədəd “Boyunbağı” dəst, 583 əyar, 9 qram qızıl-zinət əşyalarının orta bazar dəyəri təxminən 4.116 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. 09 fevral və 17 oktyabr 2022-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün 150 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı doğulduğu vaxtdan, yəni 1996-cı ildən ünvan 1 ünvanında bibiləri X9, X7 və nənəsi X8 ilə 6 yaşınadək daimi, daha sonra isə həmin evdə yaşamışdır. X9 10 sentyabr 2014-cü il tarixdə, X7 isə 22 dekabr 2020-ci il tarixdə ölmüşdür. İddiaçının nənəsi 13 aprel 2021-ci il tarixdən cavabdehin ailəsi ilə birlikdə yaşayır. Evin mülkiyyətçisi kimi Dövlət reyestrində X7 qeyd edilsə də, hazırda onun birinci növbəli yeganə vərəsəsi iddiaçının nənəsidir. İddiaçı da həmin tarixdən ev bağlı olduğu üçün evə daxil ola bilmir. Həmçinin müəyyən edilmişdir ki, X7 öldükdən sonra iddiaçının nənəsi 50.000 manat məbləğində vəsaiti iddiaçının atasına, 15.000 manatı isə cavabdehə vermişdir. Məhkəmə iddia tələbinin ünvan 1 ünvanında yerləşən evə köçürülməsi hissəsi ilə bağlı aşağıda göstərilənlərin qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar; 51.3-cü maddəsinə əsasən başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır; 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1160-cı maddəsinə görə əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. İş materiallarından göründüyü ki, iddiaçının köçmək istədiyi ev cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində deyil, yəni cavabdeh həmin tələbə cavab verməli olan şəxs deyil. Həmin ev X1 mülkiyyətində olmuş, onun ölümündən sonra birinci növbəli yeganə vərəsəsi isə iddiaçının nənəsi X5r. Məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə bu tələblə bağlı X3 cavabdeh kimi işə cəlb edilməsi təklif edilsə də, iddiaçı razı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iddia tələbinin 4.676 manat dəyərində olan qızıl-zinət əşyalarının naturada qaytarılması və 15.000 manat məbləğində pulun qaytarılması tələbi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissələrdə də təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən tələb edilən 15.000 manat məbləğində pulun mərhum bibisi X9 tərəfindən onun üçün toplanmış olduğu iddia edilsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Bundan başqa, cavabdehin bildirdiyinə görə, həmin pul onun anası tərəfindən pensiyasından yığılan puldur və iddiaçı bunun dəqiqləşdirilməsi üçün 13 aprel 2021-ci il tarixdən nənəsinə müraciət etməmiş, bu halı araşdırmamışdır. Eynilə, iddiaçı tərəfindən cavabdehdən tələb edilən qızıl-zinət əşyalarının da ona məxsusluğu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmiş, bu hal da iddiaçı tərəfindən araşdırılmamışdır. Belə ki, şahid X11 məhkəmədə verdiyi ifadəsində bildirmişdir ki, nənəsinin bildirdiyinə görə qızıl-zinət əşyaları ünvan 1-də sandıqda saxlanılır və həmin qızıl-zinət əşyaları mərhum X6 məxsus olmuşdur. Məhkəmə onu da qeyd edir ki, bibiləri vəfat etdikdən sonra iddiaçının nənəsi onun atasına iddiaçı üçün yığılmış 50.000 manat məbləğində pulu verərkən qızıl-zinət əşyaların da onun üçün nəzərdə tutulmuş olduğu təqdirdə verilməməsi ağlabatan deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və talanmış əmlakın qaytarılması tələbinə dair iddiası təmin edilməməli, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və talanmış əmlakın qaytarılması tələbinə dair iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsait İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar