Məhkəmə qərarları › İş №2(001)-1895/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1895/2022

12.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1895/2022 12.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı mənzildən çıxarma və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Cavabdeh qarşı mənzildən çıxarma və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X21 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası” təsdiq edilmişdir. Bu qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir, Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlərə verilmiş mənzillərdə müqavilədə adı keçməyən şəxslər qeyri-qanuni yolla yaşayır. Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinın 02 dekabr 2009-cu il tarixli 7 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Cəbrayıl rayonundan məcburi köçkün X5 qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Binəqədi rayonu Ş.Məmmədova 30/97 ünvanında məcburi köçkünlər üçün inşa edilmiş 369 mənzilli yaşayış kompleksində 5 nömrəli binada 7 nömrəli 1 otaqlı mənzil ilə təmin edilmişdir. xx.xx.2017-ci il tarixdə X5 vəfat etmişdir. Xüsusi təyinatlı müqavilənin şərtlərinə əsasən mənzildə yaşayan şəxs vəfat etdiyi təqdirdə mənzilin açarı Mənzil İstismar Departamentinin Mehdabad qəsəbəsi üzrə Mənzil Kommunal İstismar Sahəsi təqdim edilməli olduğu halda, Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı 7 nömrəli mənzildə Cavabdeh qeyri-qanuni yaşadığı müəyyən edilmişdir. Sahə rəisi tərəfindən 369 mənzilli yaşayış kompleksindəki 7 nömrəli mənzilin Cavabdeh tərəfindən zəbt edilməsi və mənzildə qeyr-qanuni yaşaması müəyyən edildiyindən, həmin mənzilin boşaldılıb təhvil verilməsi barədə ona dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin cavabdeh mənzilin təhvil verilməsindən imtina etmişdir. Cavabdeh ailə üzvləri ilə birlikdə 369 mənzilli yaşayış kompleksində 5 nömrəli binada 61 nömrəli 2 otaqlı mənzillə təmin edilmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi onun öz adına tərtib olunan müqavilə MKİS rəisi tərətindən imzalanaraq təsdiq edildiyi üçün heç bir hüquqi qüvvəsi olmayan müqavilədir. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin balansında olan mənzilləri məcburi köçkünlərə ayırmaq səlahiyyəti, yalnız Departamentə aiddir. Bundan başqa cavabdehə eyni gündə iki mənzilin ayrılması, bir mənzilin eyni gündə həm cavabdehə həm də, X2 ayrılması mümkün deyildir. Bundan başqa cavabdehin hal-hazırda yaşadığı mənzilə dair adına order verilməmişdir. Bu səbəbdən cavabdehin məhkəməyə təqdim etdiyi müqavilə hüquq müəyyənedici sənəd deyildir. Ona görə də Cavabdeh və ona məxsus əşyaların Bakı şəhəri Binəqədi rayonu Ş.Məmmədova 30/97 küçəsi 369 mənzilli yaşayış kompleksi bina 5-də yerləşən 7 nömrəli mənzildən çıxarılmasna və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, Binəqədi rayon məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş qəsəbədə bina 5 mənzil 7 saylı evdə 2009-cu ildən X6 ilə birgə yaşamış və buna dair şahidləri vardır. Həmin mənzil X4 ayrılmışdır. X6 onun babasının xalası qızı olmuşdur. O, yataq xəstəsi olan X3 yanında yaşayaraq ona baxmışdır. O, 2017-ci ildə ailə həyatı qurmuş və 5 ay həyat yoldaşı ilə birgə X6 rəhmətə gedənə qədər ona qulluq etmişlər. Halhazırda o, həyat yoldaşı X13 və övladı xx.xx.2019-cu il təvəllüdlü X7 ilə birgə Binəqədi rayon məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş qəsəbədə bina 5 mənzil 7 saylı evdə yaşayır. Qaçqınların və X14 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Binəqədi rayon MKİS işçiləri son vaxtlar mütəmadi olaraq onlara müraciət edərək həmin evdə qeydiyyatda olmalarına baxmayaraq qanunsuz yaşadıqları barədə xəbərdarlıq etmiş və evi boşaltmalarını istəmişlər. Məcburi köçkün olduğundan və qalacaq başqa yeri olmadığından, həmçinin evdə körpə uşaq olduğunu nəzərə alaraq evdən yalnız öz rayonunda yaşayış yeri ilə təmin olunacağı halda çıxa bilər. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə X8 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 61 nömrəli müqavilədən müəyyən olunur ki, Nərimanov rayonunda Səttarxan zavodu ünvanında müvəqqəti məskunlaşmış Cəbrayıl rayonunun Dərzili kəndindən məcburi köçkün X8 onunla yaşayan üç ailə üzvü ilə birlikdə Binəqədi rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş qəsəbədə iki otaqlı 61 saylı evdə sakini olduğu Cəbrayıl rayonu Dərzili kəndi işğaldan azad olunanadək müvəqqəti məskunlaşdırılmışdır. Repatriasiya Departamentinin orderindən müəyyən olunur ki, Bakı şəhəri 2 № ev tikmə kombinatının ərazisində tikilmiş 2 otaqlı 61 saylı mənzili X8, Cavabdeh, X16 və X9 ayrılmışdır. Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə X6 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 7 nömrəli müqavilədən müəyyən olunur ki, Nərimanov rayonunda Səttarxan zavodu ünvanında müvəqqəti məskunlaşmış Cəbrayıl rayonunun Dərzili kəndindən məcburi köçkün X1 rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş qəsəbədə bir otaqlı 7 saylı evdə sakini olduğu Cəbrayıl rayonu Dərzili kəndi işğaldan azad olunanadək müvəqqəti məskunlaşdırılmışdır. Binəqədi MKİS-nin mühəndisi Nümayəndə, operatoru X18 və bağbanı X19 tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktdan müəyyən olunur ki, X6 2009-cu ildən Ş.Məmmədova 30\97 bina 5 mənzil 7 ilə təmin edilmiş, X6 xx.xx.2017-ci ildə vəfat etmiş, lakin həmin mənzil order əsası ilə B5 M61 təmin edilən Cavabdeh tərəfindən zəbt edilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh mənzili boşaltmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli 7 nömrəli müqavilədən müəyyən olunur ki, Nərimanov rayonunda Səttarxan zavodu ünvanında müvəqqəti məskunlaşmış Cəbrayıl rayonunun Məstanbəyli kəndindən məcburi köçkün Cavabdeh onunla yaşayan bir ailə üzvü ilə birlikdə Binəqədi rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş qəsəbədə bir otaqlı 7 saylı evdə sakini olduğu Cəbrayıl rayonu Məstanbəyli kəndi işğaldan azad olunanadək müvəqqəti məskunlaşdırılmışdır. Məhkəmə iclasında şahid X16 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Ş.Məmmədova 30/97 küçəsi 369 mənzilli yaşayış kompleksinin bina 5-də yerləşən 61 nömrəli mənzili onun anasına ailə üzvləri iləbirlikdə ayrılmışdır. Bakı şəhəri Binəqədi rayonu Ş.Məmmədova 30/97 küçəsi 369 mənzilli yaşayış kompleksi bina 5-də yerləşən 7 nömrəli mənzil isə onun babasının xalası qızı olan X4 2009-cu ildə ayrılmışdır. X6 ailə qurmamış, tək yaşadığından onun qardaşı Cavabdeh ailəsi ilə birlikdə X3 qayğısına qalmışdır. Onalara ayrılan iki otaqlı mənzil ailə üzvləri üçün darısqal olduğundan qardaşı ailəsi ilə birlikdə X4 ayrılan mənzildə yaşayır. 2010-cu ildən onun qardaşı MKİS tərəfindən X4 ayrılan mənzilə qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasına əsasən: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb ed ə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən: Maddə 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Maddə 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Maddə 99.6. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Maddə 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 64 saylı qərarına əsasən təsdiq edilmiş Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasına əsasən: Bənd 3.1. Məcburi köçkün 5 (beş) gün ərzində ona ayrılmış müvəqqəti yaşayış sahəsinə köçməkdən imtina etdikdə, həmin yaşayış sahəsi başqa məcburi köçkün ailəsinə verilir. Bənd 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. Bənd 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Bənd 3.4. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. Bənd 3.5.Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. Bənd 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. Bənd 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə X8 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 61 nömrəli müqaviləyə və Repatriasiya Departamentinin orderinə əsasən cavabdehə ailə üzvləri ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Ş.Məmmədova 30/97 küçəsi 369 mənzilli yaşayış kompleksi bina 5-də yerləşən 61 nömrəli mənzil ayrılsa da, cavabdeh hər hansı bir hüquqi əsası olmadan Bakı şəhəri Binəqədi rayonu Ş.Məmmədova 30/97 küçəsi 369 mənzilli yaşayış kompleksi bina 5-də yerləşən 7 nömrəli mənzildə yaşayır. Məhkəmə cavabdehin etirazında istinad etdiyi hallara münasibət bildirib qeyd edir ki, eyni gündə cavabdehə iki mənzilin ayrılması, Bakı şəhəri Binəqədi rayonu Ş.Məmmədova 30/97 küçəsi 369 mənzilli yaşayış kompleksi bina 5-də yerləşən 7 nömrəli mənzilin eyni gündə həm X4 həm də, cavabdehə ayrılması mümkün olmadğından, X3 iddiaçının balansında olan mənzilə cavabdehi köçürmək hüququ olmadığından etirazda istinad olunanlar iddia tələblərinin təmin edilməməsi üçün əsas ola bilməz. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə, həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilməsi mümkün olmadığından, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququna malik olduğundan iddia ərizəsi tam həcmdə təmin edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Ş.Məmmədova 30/97 küçəsi 369 mənzilli yaşayış kompleksi bina 5-də yerləşən 7 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılaraq mənzil boşaldılıb Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar