Məhkəmə qərarları › İş №2(001)-1934/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1934/2022

12.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1934/2022 12.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı1, onun, habelə digər İddiaçı2 nümayəndəsi X2 iştirakı ilə İddiaçı1 və İddiaçı2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı “müqavilənin ləğv olunması, avtomobillərin geri qaytarılması və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 və İddiaçı2 birgə iddiaçılar kimi "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında “Toyota Prius hibrid” minik markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış 04 iyul 2021-ci il tarixli, habelə “Kia Rio xecbek” minik markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair ağlanmış 16 sentyabr 2021-ci il tarixli “nəqliyyat vasitəsinin ilkin alğı-satqı müqavilə”lərinin ləğv edilməsi, həmin müqavilələr üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi nəticəsində onlara vurulmuş 6560 manat ziyanın, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 96 manatın cavabdehdən tutulması, avtomobillərin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi X3 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçılardan İddiaçı1 özünə məxsus olan “Toyota Prius hibrid” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdeh MMC ilə 04 iyul 2021ci il tarixdə Bakı şəhəri 43 saylı Notariat Ofisində “nəqliyyat vasitəsinin ilkin alğı-satqı müqaviləsi” bağlamışdır. Müqavilənin şərtlərinə əsasən, avtomobilin dəyəri 27000 manat müəyyənləşdirilmiş, cavabdeh ilkin ödəniş etmədən həmin avtomobili istifadəsinə götürərək dəyərini 3 il müddətinə hər ay 750 manat ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Avtomobilin dəyəri tam ödənildikdən sonra o, cavabdehin mülkiyyətinə verilməli idi. Müqavilə bağladığı tarixdə İddiaçı1 avtomobili saz vəziyyətdə, bütün aksessuarları ilə birlikdə cavabdehin istifadəsinə vermişdir. Cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq aylıq ödənişləri vaxtında etsə də, 2021-ci ilin noyabr ayından ödəniş etməmiş, beləliklə müqavilə şərtlərini pozmuşdur. Sonradan məlum olmuşdur ki, avtomobildən istifadə edilməklə yol hərəkəti qaydalarının pozulmasına görə avtomobil üzərində 900 manat ödənilməmiş inzibati cərimə yığılmışdır. Cərimələr ödənilmədən avtomobil istismar edilmiş, yararsız hala salınmışdır. Daha sonra isə yol polisi əməkdaşları tərəfindən məcburi duracağa yerləşdirilmişdir. Hazırda avtomobilin saz vəziyyətə gətirilməsi üçün 1000 manat pul tələb olunur. Bu məbləğ onların müxtəlif mənbələrdən topladıqları təxmini məlumatlar əsasında hesablanmışdır. Hazırda həmin avtomobil üzrə ödənilməmiş kredit borcu 2021-ci ilin noyabr ayı üçün 250 manat, dekabr və yanvar ayları üçün hər ay 750 manat olmaqla cəmi 1750 manat, cərimələr üzrə 900 manat, təmir xərci isə 1000 manatdır. Bu avtomobilə görə iddiaçılardan İddiaçı1 cavabdehdən pul tələbinin miqdarı ümumilikdə 3650 manat təşkil edir. Bundan başqa, digər İddiaçı2 ilə cavabdeh arasında da eyni məzmunlu müqavilə 16 sentyabr 2021-ci il tarixdə bağlanmışdır. Həmin müqaviləyə əsasən, İddiaçı2 öz mülkiyyətində olan “Kia Rio xecbek” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehin istifadəsinə vermiş, avtomobilin dəyəri 18000 manat müəyyən edilmiş, cavabdeh həmin avtomobilin dəyərini 16 may 2023-cü il tarixədək hər ay 900 manat ödəmək şərti ilə iddiaçıdan qəbul etmişdir. Həmin avtomobil də müqavilə bağlanan tarixdə saz vəziyyətdə, bütün aksessuarları ilə birlikdə cavabdehə təhvil verilmişdir. Cavabdeh bu müqavilə üzrə də öhdəliklərini qismən icra etmiş, 2021-ci ilin noyabr ayından ödəniş etməmişdir. 2021-ci ilin noyabr ayına kredit borcu üzrə 450 manat, dekabr, yanvar ayları üçün hər ay 900 manat olmaqla ümumilikdə 2250 manat borc yaranmışdır. Avtomobilin akkumlyatoru və 490 manat məbləğində digər hissələri də daxil olmaqla yanaşı, yol hərəkəti qaydalarının pozulmasına görə 170 manat ödənilməmiş cərimə toplanmış, avtomobil hazırda cavabdeh tərəfindən yararsız vəziyyətə salınmışdır. Təmir xərcləri ilə bağlı məbləğ onların müxtəlif mənbələrdən topladıqları təxmini məlumatlar əsasında hesablanmışdır. İddiaçı2 iddiasının pulun tutulması hissəsinin əsasını 2250 manat kredit borcu, 490 manat təmir xərci və 170 manat ödənilməmiş cərimələr təşkil edir. Hər iki avtomobilləri idarə edib mənfəət əldə etmək istəyən cavabdeh avtomobilləri üçüncü şəxslərin istifadəsinə vermiş, onları rəsmi sənədlərlə təmin etmişdir. Nəticədə avtomobilləri idarə edən şəxslər yol verdikləri qayda pozuntularına görə inzibati cərimə olunmuşlar, cərimələr ödənilməmişdir. Sonda S.İddiaçı1 məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsinin izahatına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-yə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, MMC tərəfindən səlahiyyətli nümayəndənin məhkəmədə iştirakı təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbləri baxımından işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - 04 iyul 2021-ci il tarixli “nəqliyyat vasitəsinin ilkin alğı-satqı müqaviləsi”ndən görünür ki, İddiaçı1 mülkiyyətində olan “Toyota Prius (hibrid)” minik markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin 27000 manata "xxxx" MMC-nin qanuni təmsilçisi X1 barədə gələcəkdə alğı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. X5 "xxxx" MMC-nin qanuni təmsilçisi olaraq avtomobilin dəyəri olan 27000 manatı hər ay 750 manat olmaqla 04 iyul 2024-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. - 16 sentyabr 2021-ci il tarixli “nəqliyyat vasitəsinin ilkin alğı-satqı müqaviləsi”ndən görünür ki, İddiaçı2 mülkiyyətində olan “Kia Rio (xetçbek)” minik markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin 18000 manata "xxxx" MMC-nin qanuni təmsilçisi X1 barədə gələcəkdə alğı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. X5 "xxxx" MMC-nin qanuni təmsilçisi olaraq avtomobilin dəyəri olan 18000 manatı hər ay 900 manat olmaqla 16 may 2023-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 402.1-ci maddəsinə əsasən, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. - 402.3-cü maddəsinə əsasən, ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. - 402.4-cü maddəsinə əsasən, ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin faktiki halları ilə sübut olunur ki, iddiaçılar cavabdehlə aralarında bağlanmış müqavilələr üzrə öz üzərilərinə düşən öhdəlikləri icra etmiş, yəni avtomobilləri cavabdehin istifadəsinə vermişlər. Həmin müqavilələrdə müqavilə predmeti, şərtlər, müqavilənin hansı müddətə bağlanması göstərilmişdir. Lakin, cavabdeh hər iki müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etməmiş, 2021-ci ilin noyabr ayından hər iki müqavilə üzrə aylıq ödənişləri qismən, daha sonra isə ümumiyyətlə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Hazırki halda cavabdeh tərəfindən hər iki müqavilə üzrə öhdəliyin icrasından birtərəfli qaydada imtina edilməklə qanunvericiliyin tələbləri pozulmuş, buna görə də, iddiaçılar tərəfindən müqavilələrin ləğv edilməsi üçün əsas yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçılar ilə cavabdeh arasında bağlanmış müqavilələr ləğv edilməli, hər iki müqavilə predmeti olan avtomobillər mülkiyyətçilərinə, yəni iddiaçılara geri qaytarılmalıdır. Həmçinin, Mülki Prosessual Məcəllənin: - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımınca icra edilmədiyindən həmin müqavilələrdə nəzərdə tutulmuş ödənişlər iddiaçıların xeyrinə tutulmalı, beləliklə, iddia bu hissələrdə də təmin edilməlidir. Lakin, məhkəmə iddianın digər, yəni avtomobillərin saz vəziyyətə gətirilmələri üçün təmir xərcinin və idarə edilərək yol hərəkəti qaydalarının pozulması nəticəsində tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi hissəsinə münasibətdə hesab edir ki, iddia bu hissələrdə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf istinad etdiyi halları sübuta yetirməlidir. Hazırki halda iddiaçılar tərəfindən məhkəməyə avtomobillərin yararsız hala salınması, təmir xərclərinin miqdarına dair heç bir sübut təqdim edilməmişdir. Habelə, məhkəmə qeyd edir ki, hazırki iddia inzibati cərimələrin ödənilməsi hissəsində o halda təmin edilə bilərdi ki, iddiaçılar özləri tərəfindən törədilməyən inzibati xəta üzrə təyin edilmiş inzibati cərimələri ödəyərdilər, ödənişləri, habelə, yol hərəkəti qaydalarının pozulmasında təqsirsizliklərini sübut edən məlumatları məhkəməyə təqdim edərdilər. Hazırki halda isə təyin edilmiş inzibati cərimələrin ödənilməsi sübuta yetirilmir və belə olan halda məhkəmə hesab edir ki, iddiaçılara həmin inzibati cərimələrin tətbiq edilməsinə dair inzibati qərardan məhkəməyə inzibati qaydada şikayət vermək hüquqlarının olması izah edilməli, beləliklə, iddia bu hissələrdə də təmin edilməməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 04 iyul 2021-ci il tarixdə İddiaçı1 ilə, 16 sentyabr 2021-ci il tarixdə İddiaçı2 ilə "xxxx" MMC arasında bağlanmış “nəqliyyat vasitəsinin ilkin alğı-satqı müqaviləsi” ləğv edilməli, ilk müqavilə üzrə 1750 manat məbləğində pul vəsaiti cavabdehdən İddiaçı1 xeyrinə tutulmalı, habelə, “Toyota Prius (hibrid)” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı1 qaytarılmalı, ikinci müqavilə üzrə 2250 manat məbləğində pul vəsaiti cavabdehdən İddiaçı2 xeyrinə tutulmalı, habelə, “Kia Rio (xetçbek)” minik markalı, **-SA- *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı2 qaytarılmalı, iddia digər hissələrdə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia qismən təmin edildiyindən, onun verilməsi üçün İddiaçı1 tərəfindən ödənilmiş 97 manat məbləğində dövlət rüsumunun 60 manat hissəsi də cavabdehdən İddiaçı1 xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin ləğv olunması, avtomobillərin geri qaytarılması və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. 04 iyul 2021-ci il tarixdə İddiaçı1 ilə "xxxx" MMC arasında bağlanmış “nəqliyyat vasitəsinin ilkin alğı-satqı müqaviləsi” ləğv edilsin. Həmin müqavilə üzrə 1750 manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən Məmmədhüseynov Sahib Kamil oğlunun xeyrinə tutulsun. “Toyota Prius (hibrid)” markalı, 2009-cu il buraxılışlı, ban nömrəsi JTDKB20U993531050 olan, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC tərəfindən İddiaçı1 qaytarılsın. 16 sentyabr 2021-ci il tarixdə İddiaçı2 ilə "xxxx" MMC arasında bağlanmış “nəqliyyat vasitəsinin ilkin alğı-satqı müqaviləsi” ləğv edilsin. Həmin müqavilə üzrə 2250 manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən İddiaçı2 xeyrinə tutulsun “Kia Rio (xetçbek)” minik markalı, 2008-ci il buraxılışlı, ban nömrəsi KNEDE**********09 olan, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC tərəfindən İddiaçı2 qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İddiaçı1 və İddiaçı2 inzibati cərimələrin tətbiq edilməsinə dair inzibati qərarlardan məhkəməyə inzibati qaydada şikayət vermək hüquqlarının olması izah edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60 manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən tutularaq İddiaçı1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar