Məhkəmə qərarları › İş №2(001)-194/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-194/2022

04.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-194/2022 04.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X3 və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “istehsalat qəzasına görə kompensasiya məbləğinin, habelə vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən qanunsuz işdən çıxarmaya, istehsalat xəsarətinə, əlavə iş saatlarına görə kompensasiya olaraq 10.000 manat, dəymiş ziyana görə 10.000 manat, mənəvi zərərə görə 5.000 manat, ümumilikdə 25.000 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı məhkəmənin dəftərxanası vasitəsi ilə iddia tələbininin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən qanunsuz işdən çıxarmaya, istehsalat xəsarətinə görə kompensasiya olaraq 10.000 manat məbləğində pulun, əlavə iş saatlarına görə 17.297,50 manat məbləğində pulun, mənəvi zərərə görə 20.000 manat məbləğində pulun, ümumilikdə 47.297,50 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, cavabdehin qanunsuz hərəkətləri və aldığı xəsarətlər nəticəsində nəinki mənəvi, həmçinin psixi sarsıntı keçirmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X7 iddianı qəbul etməyərək və iddiaya qarşı verilmiş yazılı etirazı müdafiə edərək, bildirmişdir ki, İddiaçı Cavabdeh MMC-də tutduğu vəzifədən tam qanuni əsaslarla, yəni əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə azad edilmiş və onunla son haqq-hesab aparılmışdır. İddiaçı müəssisədə hər hansı xəsarət almamış, kabab bişirərkən yanmışdır. İddiaçı bu hadisəni müəssisədə işləyən qardaşı Ülvi Məmmədovla birlikdə planlaşdırmışdır. Belə ki, xx.xx.2020-ci il tarixdə səhər saat 05:00 radələrində iddiaçının qardaşı Ülvi Məmmədov sexdə növbə rəisi olmuş və iş yerini icazə olmadan tərk edərək, öz işini qardaşı olan iddiaçıya həvalə etməklə, iş vaxtı taksi kimi fəaliyyət göstərmişdir. İddiaçı da planlaşdırdığı işi reallaşdırmışdır. xx.xx.2020-ci il tarixdə saat 09:00 radələrində növbə rəisi Ülvi Məmmədov cəmiyyətin rəhbərinə baş vermiş hadisə barədə məlumat vermişdir. X13 iddiaçının yüngül yanıq xəsarətləri aldığını, iddiaçı ilə birlikdə anasının yanına, Mingəçevir şəhərinə getdiklərini, orada istirahət edib, tam sağaldıqdan sonra işə qayıdacaqlarını bildirmişdir. Mingəçevir şəhər təcili tibbi yardım stansiyasında iddiaçı kabab bişirdiyi zaman xəsarət alması, dizel yanacağı əvəzinə benzin ilə ocağı yandırması barədə izahat vermiş və həmin izahat əsasında Bakı şəhəri 5 nömrəli yanıq xəstəxanasına göndərilmişdir. İddiaçı həmçinin, cəmiyyət tərəfindən sığortalanmış, lakin bir gün belə xəstəxanada qalmamışdır. Bundan sonra iddiaçının anasının müraciətinə əsasən cəmiyyətin rəhbəri tərəfindən ona 500 manat məbləğində pul göndərilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı ailə üzvləri ilə birlikdə sexə gəlmiş və ona pul verilməsini istəmişdir. Lakin ona pul verilməmiş və bu səbəbdən o, müxtəlif qurumlara şikayətlər yazmağa başlamışdır. Halbuki, vəzifə təlimatlarına əsasən həmin gün texniki təhlükəsizliyə görə iddiaçının qardaşı Məmmədov Ülvi olmuşdur. İddiaçının təqsiri səbəbindən xx.xx.2020-ci il tarixdə sobaya düşən yağlı metalın qızması və od püskürməsi nəticəsində onun üz və bədəninin müxtəlif nahiyyələrində yüngül dərəcəli yanıq xəsarətləri olmuşdur. İddiaçı ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və iddiaçı xəsarətinin ciddi olmaması və üzündə yüngül yanıqların əmələ gəlməsini bildirmişdir. İddiaçının aidiyyəti kredit təşkilatlarına borcunun olmasının isə cəmiyyətə hər hansı aidiyyəti yoxdur. Həmçinin, iddiaçı iş vaxtından kənar vaxt ərzində iş yerində saxlanılmamış və əmək funksiyalarının icrasına cəlb edilməmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin vəkili Vəkil iddianı qəbul etməmiş və Cavabdeh MMC-nin nümayəndəsi X3 mövqeyini müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-yə metal süzən vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2018-ci il tarixdə iddiaçı öz xahişi ilə tutduğu həmin vəzifədən azad edilmiş və onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdən xitam verilmişdir. Daha sonra tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsinə əsasən iddiaçı metaləridən vəzifəsinə işə qəbul edilmiş və onunla bağlanmış əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xx.xx.2020-ci il tarixdə xitam verilmiş və onunla son haqqhesab aparılmışdır. Hazırda iddiaçı onunla bağlanmış əmək müqaviləsinə əsassız olaraq xitam verildiyini, iş vaxtından artıq müddətə əmək funksiyalarının icra edilməsinə cəlb edildiyini, həmçinin xx.xx.2020-ci il tarixdə əmək funksiyalarını yerinə yetirdiyi zaman sobaya düşən yağlı metalın qızması və od püskürməsi nəticəsində üz və bədənin müxtəlif nahiyələrindən yanıq xəsarətləri aldığını, həmin xəsarətlərin ona xüsusi geyimin verilməməsi, texniki təhlükəsizlik qaydalarının pozulması səbəbindən aldığını iddia edir və qanunsuz işdən çıxmağına, habelə istehsalat xəsarəti aldığına görə 10.000 manat məbləğində kompensasiyanın, iş vaxtından əlavə işə cəlb edildiyinə görə 17.297,50 manat məbləğində pulun, habelə vurulmuş mənəvi zərərin əvəzi olaraq 20.000 manat pulun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanuni əsaslarla xitam verildiyini, həmin vaxt onunla son haqq-hesabın aparıldığını, iddiaçının iş vaxtından əlavə işə cəlb edilmədiyini, iş yerində hər hansı xəsarət almadığını, iddiaçının Mingəçevir şəhər təcili tibbi yardım stansiyasında kabab bişirdiyi zaman xəsarət alması, dizel yanacağı əvəzinə benzin ilə ocağı yandırması barədə izahat verdiyini, həmin izahat əsasında iddiaçının Bakı şəhəri 5 nömrəli yanıq xəstəxanasına göndərildiyini, iddiaçının cəmiyyət tərəfindən sığortalandığını, lakin bir gün belə xəstəxanada qalmadığını bildirir və iddianın rədd edilməsini xahiş edir. İddiaçının şikayəti əsasında Abşeron rayon prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı iddiaçının, Cavabdeh MMC-nin direktoru X8, cəmiyyətin əməkdaşları X10, X2, X5 izahatları alınmış, məhkəmə tibbi (ilkin və təkrar), habelə məhkəmə texniki ekspertizalar keçirilmiş, habelə şikayət üzrə əhəmiyyət kəsb edən sübutlar toplanmış və nəticədə müəyyən edilmişdir ki, texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş "xxxx" MMC-nin direktoru X14 “İstehsalat prosesləri” 12.2.003-091 DST-nin 1.1.2.7.1, 2.9.1 bəndlərininin; “İstehsalat avadanlıqları, Ümumi təhlükəsizlik tələbləri 12.2.003-91 DST”-nin 1.2, 1.4 bəndlərinin; “Əridicilər və tökməçilər üçün təhlükəsizlik texnikasına təhlükəsizlik təlimat”-ının 1.3 bəndlərinin, “Qara və əlvan metal tullantılarının təkrar emalında texniki təhlükəsizlik təlimatı”nın 1.1 bəndinin tələblərini pozaraq rəhbəri olduğu MMC-də quraşdırılmış metal əritmə sobasının konstruktiv xüsusiyyətlərini bildirən texniki sənədlər olmadan, istehsalat prosesində sobadan istifadə edən işçi heyyətini həmin təlimatlarla tanış etmədən sobanı istismar etdiyindən, metalların çeşidləməsinə nəzarət edən şəxs təyin etmədiyindən, xammalın sobaya ustanın göstərişi ilə doldurmadığından, metal əridən İddiaçı və digər işçilərə xüsusi (odadavamlı) geyim formasının verilməsini təşkil etmədiyindən “İstehsalat prosesləri” 12.2.003-91 DST-nin 1.1, 2.7.1, 2.9.1 bəndlərinin; “İstehsalat avadanlıqları Ümumi təhlükəsizlik tələbləri 12.2.003-91 DSTİ”-nin 1.2., 1.4 bəndlərinin; ”Əricidilər və tökməçilər üçün təhlükəsizlik texnikasına dair təlimat”ın 1.3 bəndlərinin, “Qara və əlvan metal tullantılarının təkrar emalında texniki təhlükəsizlik təlimatı”nın 1,1 bəndlərinin, “Qara və əlvan metal tullantılarının təkrar emalında texniki təhlükəsizlik təlimatının 1.1 bəndinin 1.1 tələblərini pozması nəticəsində ehtiyatsızlığından xx.xx.2020-ci il tarixdə metal əridən sobada partlayış baş vermiş, nəticədə alovun yerli təsirindən İddiaçı ümumi bədən səthinin 20-22%-ni əhatə edən üz və boyun nahiyələrinin hər iki qulaq seyvanlarının və hər iki yuxarı ətrafların İİ-İİİ dərəcəli termiki yanıq yaraları kimi dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuşdur. Bununla bağlı qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərara əsasən iddiaçının istehsalat xəsarəti alması faktında cinayət hadisəsinin olmadığı üçün 181-C-20 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, X8 inzibati tənbehə cəlb edilib barəsində icraat başlanması üçün material aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi, Cavabdeh MMC-də işçilərin real əmək haqlarını gizlətmə, mühasibat sənədlərinə yanlış məlumatları daxil etmə, vergiləri və məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınma əməllərinin araşdırılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilməsi, X7 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati icraat açmaq üçün materialın aidiyyəti üzrə Abşeron RPİ-nə göndərilməsi qərara alınmışdır. Abşeron Rayon Prokurorluğunun eyni tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarı ilə xx.xx.1954-cü il tarixdə Füzuli rayonunda anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, CavabdehMMC-nin direktoru vəzifəsində işləyən X8 barəsində Azərbaycan Respublikası İXM-nin 198.0.1, 198.0.6 və 198.6.7-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Sumqayıt regional ərazi şöbəsinin xx.xx.2020-ci il tarixli, ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarına əsasən Cavabdeh MMC-nin direktoru X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci və 198.1-ci (Əməyin mühafizəsi qaydalarının pozulması) maddələri ilə 1000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-tibbi və məhkəmə psixiatriya ekspertizaları üzrə ekspert tədqiqatları aparılmış və nəticələrə dair rəylər tərtib edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”nin xx.xx.2022-ci il tarixli, 734 nömrəli rəyinə əsasən 1994-cü il təvəlüdlü İddiaçı hal-hazırda çənə, döş və hər iki yuxarı ətraflarda yanıq xəsarətindən sonra yaranmış piqmentasiya dəyişiklikləri və çapıq sahələri müəyyən edilmiş, bu dəyişikliklər estetik qüsurlar olub və fiziki baxımdan məhdudiyyət yaratmır, baş və bədən nahiyəsində aşkar edilmiş estetik qüsurların aradan qaldırılması üçün şəxsin istəyinə bağlı olaraq regenirasiya prosedurlarının (kosmetoloji) aparılmasına ehtiyac vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi”nin xx.xx.2022-ci il tarixli, 351 saylı rəyinə əsasən İddiaçı posttravmatik stress pozuntusu aşkar olunur. İddiaçı qeyd olunan “posttravmatik stress pozuntusu” xx.xx.2020-ci il tarixdə baş vermiş partlayış zamanı keçirdiyi stresslə əlaqədar olmuşdur. İddiaçının məhkumluğu yoxdur. Həmçinin, iddiaçı narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinədən keçirilmiş və tərtib edilmiş 1129 saylı, xx.xx.2021-ci il tarixili akta əsasən belə bir haların olmadığı müəyyə edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-ci hissəsinin “b” hissəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi müəyyən edilmişdir; 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur; 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 239-cu maddəsinin 1-ci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir; 239-cu maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir; 239-cu maddəsinin 5-ci hissəsinə əsasən bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Məhkəmə iddia tələbinin “qanunsuz işdən çıxarılmaya, habelə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarətin alınmasına görə 10.000 manat məbləğində kompensasiyanın ödənilməsi” tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə cavabdeh arasında ilk olaraq, yəni xx.xx.2018-ci il tarixdə müddətsiz, xx.xx.2019-cu il tarixdə isə müddətli əmək müqaviləsi bağlanmış və həmin əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xx.xx.2020-ci il tarixdə xitam verilmiş və bu barədə müvafiq bildiriş həmin tarixdə mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş və onunla son haqq-hesab aparılmışdır. Bununla belə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən tam qanuni əsaslarla xitam verilmişdir. Digər tərəfdən məhkəmə o halı da nəzərə alır ki, iddiaçı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari qaydada sığorta olunmuşdur. Bu hal Abşeron Rayon Prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarı ilə də öz təsdiqini tapır. Belə ki, həmin qərarda göstərilmişdir ki, "xxxx" Sığorta Şirkəti ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi haqqında ATE 18053202 saylı icbari sığorta müqaviləsinə edilmiş 1 nömrəli əlavəyə əsasən İddiaçı peşə riskinin dərəcəsi 13, sığorta məbləği 36.072,97 manat, sığorta tarifi 1,9%, sığorta haqqı 47,88 manat təşkil edir. Bu halın mövcudluğu, yəni iddiaçının istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari qaydada sığorta olunması qeyd edilən hadisə ilə bağlı cavabdeh tərəfindən ona hər hansı xərclərin əvəzinin, habelə ödənclərin ödənilməsini istisna edir. Bu səbəbdən məhkəmə iddia tələbini bu hissədə əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 99-cu maddəsinin 1-ci hissəsinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır; 99-cu maddəsinin 4-cü maddəsinə əsasən əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz; 165-ci maddənin 1-ci hissəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir. Məhkəmə, iddia tələbinin “iş vaxtından artıq işə cəlb edilməyə görə 17.297,50 manat məbləğində pulun cavabdehdən tutulması” hissəsi ilə bağlı qeyd edir ki, qüvvədə olan əmək qanunvericiliyində “iş vaxtından artıq iş” anlayışına aydınlıq gətirilmiş, iş vaxtından artıq işə cəlb edilməsinin qaydası, müddəti, son həddi, belə işlərə yol verilən müstəsna hallar və sair müəyyən edilmişdir. İş vaxtından artıq işə cəlb edilməsi üçün də işəgötürənin əmr (sərəncam, qərar) formasında rəsmiləşdirilmiş istəyi (ehtiyacı) və işçinin razılığı olmalıdır. Lakin iddiaçı 13 ay 17 gün ərzində hər gün iş vaxtından 6 saat artıq işə cəlb edildiyini iddia etməsinə baxmayaraq, bu halı sübuta yetirə bilmir, o cümlədən iş vaxtından artıq işə cəlb edilməsini təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edə bilmir. Cavabdeh tərəfindən bu barədə hər hansı əmrin (sərəncam və ya qərarın) qəbul edildiyi də müəyyən edilmir. İddiaçının şikayəti əsasında Abşeron Rayon Prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı X17, X6 və X12 öz izahatında bu məsələyə toxunsalar da, həmin məsələ üzrə araşdırma aparılmamış və Abşeron Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarda bu məsələ üzrə hər hansı qərar qəbul edilməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, X12 iddiaçının qardaşıdır. Həm bu şəxsə, həm də izahat vermiş X4 cavabdehin xx.xx.2020-ci il tarixli əmri ilə şiddətli töhmət verilmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini bu hissədə də əsassız hesab edirək, rədd edilməsi qənaətinə gəlir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının: 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir; 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 11-ci bəndinə əsasən mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi zərərə görə maddi məsuliyyət daşıyır. İşçiyə mənəvi zərərin ödənilməsi ilə əlaqədar müddəalar Əmək Məcəlləsinin 290-ci maddəsi ilə yanaşı bir sıra başqa maddələrində də (məsələn: 2, 16, 194, 195, 196, 202, 288 və 300-cü maddələrdə) nəzərdə tutulmuşdur. İşəgötürənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində işçiyə vurulmuş mənəvi zərərin məbləği Əmək Məcəlləsinin 290-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir. Məhkəmə, iddia tələbinin “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, öz xidməti vəziflərini yerinə yetirərkən xx.xx.2020-ci il tarixdə metal əridən sobada baş vermiş partlayış nəticəsində alovun yerli təsirindən iddiaçının ümumi bədən səthinin 20-22 %-ni əhatə edən üz və boyun nahiyələri və hər iki yuxarı ətrafları yanmışdır. Bu hal, yəni iddiaçının xidməti vəzifələrini yerinə yetirərkən əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində xəsarət alması həm iddiaçının şikayəti əsasında Abşeron Rayon Prokurorluğunda aparılmış araşdırma zamanı (məhkəmə-tibbi və məhkəmə-texniki ekspertizaların rəyi, X11 Xidməti Sumqayıt regional ərazi şöbəsinin xx.xx.2020-ci il tarixli, ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarı, cəmiyyətin direktorunun izahatı), həm də digər sənədlər, o cümlədən cavabdehin xx.xx.2020-ci il tarixli, 84 nömrəli əmri ilə öz təsdiqini tapmışdır. Belə ki, qeyd edilən əmrdə xx.xx.2020-ci il tarixdə cəmiyyətin növbə rəisi X5 vəzifə səlahiyyətlərinə məsuliyyətsiz yanaşması və iş yerini icazəsiz tərk edərək, istehsal prosesinə nəzarət etməməsi nəticəsində metaləridən İddiaçı istehsal prosesində ehtiyatsızlıq edərək, yanıq xəsarətləri alması göstərilmiş və ona intizam tənbehi olaraq, axırıncı xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Cavabdeh iddiaya qarşı etirazında da xx.xx.2020-ci il tarixdə sobaya düşən yağlı metalın qızması və od püskürməsi nəticəsində iddiaçının üz bədəninin müxtəlif nahiyyələrində yüngül dərəcəli yanıq xəsarətlərinin olduğunu vurğulayır (lakin məhkəmə iclasında iddiaçının müəssisədə yanmadığını, kabab bişirərkən yandığını, bu barədə iddiaçının özünün izahat verdiyini bildirir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi”nin xx.xx.2022-ci il tarixli, 351 saylı rəyində iddiaçıda “posttravmatik stress pozuntusu”nun aşkar olunduğu, qeyd olunan “posttravmatik stress pozuntusu”nun onun xx.xx.2020-ci il tarixdə baş vermiş partlayış zamanı keçirdiyi stresslə əlaqədar olduğu göstərilir (məhkəmə bu ekspertizanı iddiaçının hadisə nəticəsində stress keçirməsi, əsəb sisteminin pozulması barədə fikirlərini və onun tərəfindən bu halı sübut edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X19 xx.xx.2021-ci il tarixli məktubunda göstərilən diaqnozu nəzərə alaraq təyin etmişdir). Bununla belə, baş vermiş hadisə nəticəsində iddiaçının görkəmi dəyişmiş və iddiaçı ömrünün sonunadək çənə, döş və hər iki yuxarı ətrafda yaranmış piqmentasiya dəyişiklikləri və çapıqlarla (ləkələrlə) yaşamaq məcburiyyətindədir və mənəvi baxımdan buna məhkumdur. Bununla bağlı hazırda artıq posttravmatik stress pozuntusunu da yaşayır. Belə ki, iddiaçının 26 ildir ki, gördüyü və görməyə alışdığı görkəmi artıq onun üçün mənəvi əziyyət verən bir yaddaşa çevrilibdir. İddiaçının hazırki vəziyyətə, yəni iradəsinə zidd olaraq və başqasının təqsirindən anadangəlmə görünüşünü itirməsinə və mövcud görünüşünə görə yer kürəsində olan bir çox insanlardan seçilməsinə həm psixoloji, həm də mənəvi baxımdan uyğunlaşması da vaxt tələb edir. Ümumiyyətlə bu uyğunlaşmanın nəticə etibarı ilə tam və ya natamam olması da zamana bağlı məsələdir. Bütün bunlar ona mütəmadi olaraq mənəvi sarsıntı keçirmək üçün real olaraq əsas yaradır. Bundan əlavə məhkəmə hesab edir ki, ani surətdə və gözlənilməz halda baş verən bu hadisə iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya (ölüm qorxusu, həyəcan, anlaşılmazlıq və s.) və əzab çəkməsinə səbəb olmuşdur. Yanma nəticəsində, habelə hadisədən sonrakı dövrdə olan ağrıları qarşısında onun fiziki əzab çəkməsi qənaətinə gəlmək üçün xüsusi biliyə malik olmağa ehtiyac yoxdur, sadəcə insan olmaq və hər hansı bir vaxt ağrı keçirmək kifayətdir. Yüngül istiliyi olan bir əşyanın insan bədəninə toxunmasının ağrı verdiyi bir halda, yüksək dərəcə altında metalın əridildiyi bir sobada baş vermiş partlayışın alovunun insan bədəninə verə biləcək ağrını təsəvvürə gətirmək belə çətindir. Hər bir halda, hadisə baş verən günü iddiaçı yanmağı planlaşdırmamış, o cümlədən iş yerinə belə bir niyyətlə gəlməmişdir. Cavabehin təqsiri nəticəsində baş vermiş bu hadisə də onun şüurunda deyil, real olaraq görkəmində ömürlük iz qoymuşdur. Bu səbəbdən məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab edir və belə qənaətə gəlir ki, həm hadisə baş verən zaman, həm də bundan sonrakı dövrdə iddiaçı mənəvi sarsıntı və istirab keçirmiş, onun bu halı hələ də davam edir və istisna deyil ki, hələ xeyli müddət davam edəcəkdir. Məhkəmə, məbləğ etibarı ilə vurulmuş mənəvi zərərin əvəzini müəyyən edərkən belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, vurulmuş mənəvi zərərin əvəzi olaraq Cavabdeh MMC-dən İddiaçı xeyrinə 5000 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin olunmalı, vurulmuş mənəvi zərərin əvəzi olaraq Cavabdeh MMC-dən İddiaçı xeyrinə 5.000 manat məbləğində pul, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş mənəvi zərərin əvəzi olaraq Cavabdeh MMC-dən İddiaçı xeyrinə 5.000 (beş min) manat məbləğində pul, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar