Məhkəmə qərarları › İş №2(001)-1973/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1973/2022

14.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1973/2022 14.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı Məmmədova (Abdullayeva) Nazilə Rəsul qızının, Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Məmmədova (Abdullayeva) Nazilə Rəsul qızının Cavabdeh qarşı əmlakın hərracda satılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Məmmədova (Abdullayeva) Nazilə Rəsul qızı Cavabdeh qarşı əmlakın hərracda satılması tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, b.2 3184/3187 məhəllə, 105 saylı mənzilin və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsi, korpus 117, 92a saylı evin açıq hərracda satılmaları və satış pulunun paylara mütənasib olaraq bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qeyd olunan mənzil və ev cavabdehlə onun hər birinin ½ hissədə payı olmaqla birgə mülkiyyətindədir. Cavabdeh birgə mülkiyyətində olan yuxarıda göstərilən yaşayış sahələrindən onun istifadə etməyinə imkan vermir və bununla da onun mülkiyyət hüququnu pozur. O, paylı mülkiyyətində olan yaşayış sahəsinin real bölgüsünün aparılması barədə məhkəməyə müraciət etsə də bu barədə iddiası Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli qətnaməsi ilə təmin olunmamışdır. Ona görə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2021-ci il tarixli ekspertiza rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, 92a , korpus 1 17 ünvanında yerləşən fərdi yaşayış evinin və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, b.2 3184/3187 məhəllə, 105 nömrəli mənzilinin faktiki vəziyyətinə görə, fərdi yaşayış evinin və mənzilin yalnız bir giriş-çıxış yolu olduğuna və tərkiblərində olan kommunal xidməti sahələri (mətbəxli, dəhliz və s.) yeganə olduğuna görə, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2,2.4 və 2.9 bəndlərinin və metodik əsasların tələblərinə uyğun 2/1 hissəyə bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, onun cavabdehdən payının dəyərinin ödənilməsi ilə bağlı tələbi yoxdur. Cavabdehin ona kompensasiya ödəmək istəyi də həqiqəti əks etdirmir, çünki onun həmin məbləğdə pulu yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək bildirdi ki, cavabdeh iddiaçıya onun evdə və mənzildə olan paylarının dəyərinə uyğun kompensasiya ödəməyə razıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, 92a, korpus 117 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinə Cavabdeh, ½ hissəsinə X1 xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, b.2, 3184/3187 məhəllə, 105 nömrəli mənzilinin ½ hissəsinə Cavabdeh, ½ hissəsinə X1 xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır; Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(001)- 2189/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı X1 Cavabdeh qarşı “paylı mülkiyyətdəki yaşayış sahələrinin real bölgüsü” tələbinə dair iddiası təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2021-ci il tarixli ekspertiza rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, 92a, korpus 117 ünvanında yerləşən fərdi yaşayış evinin və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, b.2, 3184/3187 məhəllə, 105 nömrəli mənzilinin faktiki vəziyyətinə görə, fərdi yaşayış evinin və mənzilin yalnız bir giriş-çıxış yolu olduğuna və tərkiblərində olan kommunal xidmətli sahələri (mətbəxli, dəhliz və s.) yeganə olduğuna görə, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin və metodik əsasların tələblərinə uyğun ½ hissəyə bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 may 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, b.2, 3184/3187 məhəllə, 105 saylı mənzilin bazar qiyməti 82.000 manat, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 117, 92a saylı evin bazar qiyməti isə 45.000 manat məbləğində müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 500 manat təşkil edir. 27 dekabr 2021 və 27 yanvar 2022-ci il tarixli ödəniş qəbzlərinə əsasən, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün ümumilikdə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil... Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, b.2, 3184/3187 məhəllə, 105 saylı mənzil və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 117, 92a saylı ev tərəflərin paylı mülkiyyətindədir. İddiaçı həmin əmlaklara öz payının naturada ayrılması barədə məhkəmədə iddia qaldırsa da, qeyd olunan mənzil və evin ½ hissəyə naturada bölünməsi texniki cəhətdən mümkün olmadığı üçün iddia təmin edilməmişdir. İddiaçı cavabdeh tərəfindən ona kompensasiya ödənilməsinə də razılığını bildirməmişdir. Göründüyü kimi, tərəflərin paylı mülkiyyətində olan evin və mənzilin açıq hərracdan satılması və satış pulunun onlar arasında paylarına mütənasib surətdə bölüşdürülməsindən əvvəl Mülki Məcəllənin 220.3 və 220.4-cü maddələrinin tələblərinə əməl edilmişdir. Belə olan halda məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq və mütəxəssis rəyi ilə müəyyən edilmiş evin və mənzilin bazar qiymətlərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, iddiaçı Məmmədova (Abdullayeva) Nazilə Rəsul qızının (1/2 hissə) və Cavabdeh (1/2 hissə) paylı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 117, 92a saylı ev satış qiyməti 45.000 manat müəyyən edilməklə və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, b.2, 3184/3187 məhəllə, 105 saylı mənzil satış qiyməti 82.000 manat müəyyən edilməklə açıq hərracda satılmalı və satış pulu iddiaçı və cavabdeh arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, habelə iş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 500 manat məbləğində vəsait cavabdehdən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 218.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətеtdi: İddia təmin edilsin. İddiaçı Məmmədova (Abdullayeva) Nazilə Rəsul qızının (1/2 hissə) və Cavabdeh (1/2 hissə) paylı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 117, 92a saylı ev satış qiyməti 45.000 (qırx beş min) manat müəyyən edilməklə açıq hərracda satılsın və satış pulu iddiaçı və cavabdeh arasında onların paylarına mütənasib surətdə bölüşdürülsün. İddiaçı Məmmədova (Abdullayeva) Nazilə Rəsul qızının (1/2 hissə) və Cavabdeh (1/2 hissə) paylı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, b.2, 3184/3187 məhəllə, 105 saylı mənzil satış qiyməti 82.000 (səksən iki) manat müəyyən edilməklə açıq hərracda satılsın və satış pulu iddiaçı və cavabdeh arasında onların paylarına mütənasib surətdə bölüşdürülsün. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı X2 ödənilsin. İş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 500 (beş yüz) manat məbləğində vəsait Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin (Benefisiarın adı "xxxx" MMC, Benefisiarın VÖEN-i **********, hesab nömrəsi AZ12PAHA40060AZNHC**********, müxbir bank "xxxx" ASC, SWİFT PAHAAZ22, bank kodu 505141, valyuta AZN, Bankın VÖEN-i **********, müxbir hesab AZ82NABZ********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) аy müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar