Məhkəmə qərarları › İş №2(001)-1976/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-1976/2022

18.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-1976/2022 18.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması və sahiblik hüququnun tanınması” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Binəqədi qəsəbə Bələdiyyəsinin 1366 saylı 30 noyabr 2004-cü il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün adına rəsmiləşdirilmiş 200 kv.m torpaq sahəsində inşa edilmiş mərhum xalası X2 məxsus olan sonradan vərəsəliklə anası X1mış və etibarnamə ilə ona aid olan evi zəbt etmiş Cavabdeh və ailə üzvlərinin qeyd olunan evdən çıxarılmaqla sahiblik hüququnun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın məhkəmə icraatı mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar müəyyən edilmir. Elektron məhkəmə sistemində şəxsiyyət vəsiqəsi məlumatları sorğulandıqda isə eyni adda bir neçə şəxsin olduğu görünür. Halbuki prosessual qanunvericiliyin tələbi ondan ibarətdir ki, iddiaçı cavabdeh barədə MPM-nin 149.2.2-ci maddəsində qeyd edilən məlumatları iddia ərizəsində göstərməlidir. Çünki Mülki-Prosessual Məcəllənin 9-cu maddəsində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Bundan başqa iddia ərizəsi tərtib edilərkən prosessual qanunvericiliyin başqa normasının da tələbi pozulmuşdur. İddiaçı tələbini cavabdeh kimi cəlb etdiyi şəxsdən başqa, qeyri-müəyyən şəxslər dairəsinə də yönəltmişdir. Tələbin və tələbin yönəldiyi şəxslərin konkret olaraq göstərilməsi həmçinin ona görə vacibdir ki, qəbul ediləcək qətnamənin gələcəkdə icrası mümkün olsun və qətnamə ilə üzərinə vəzifə qoyulan şəxslərin prosessual baxımdan statusları müəyyən edilə bilsin. Şəxslərin prosesual baxımdan statuslarının konkret olaraq müəyyən edilməsi qətnamə ilə barələrində hər hansı hüquq və vəzifə yaradan şəxslərə öz prosessual hüquqlarından istifadə etmək imkanı baxımından olduqca əhəmiyyətlidir. Lakin iddiaçı iddia tələbində cavabdehin qeyri-müəyyən şəxslər toplusu olan ailə üzvlərinin evdən çıxarılmasını tələb etməklə bu meyara əməl etməmişdir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini geri qaytarır. - 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur Beləliklə hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 151.1, 152.1.1, 152.4, 263-264, 267-268-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması və sahiblik hüququnun tanınması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra, ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar