Məhkəmə qərarları › İş №2(001)-1982/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1982/2024

18.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1982/2024 18.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra isə tələbini dəqiqləşdirməklə, Cavabdeh 6000 manat məbləğində pulun, 2022-ci ilin may ayından illik 5 % olmaqla, qətnamə qəbul edilən tarixə pul vəsaitinin tutulması və ödənilmiş 95 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında şifahi razılaşmaya əsasən Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən qeyriyaşayış sahəsinin ona icarəyə verilməsi barədə razılığa gəlsələr də, cavabdehlə icarə müqaviləsi bağlanmamışdır. Obyektdən az bir müddət istifadə etmiş, cavabdeh məndən 6000 manat pul almışdır. Həmçinin ona məxsus olan 3350 manat dəyərində əşyaları həmin obyektdə olmuşdur. Qeyd olunmalıdır ki, cavabdeh razılaşmanı pozaraq, onu obyektdən çıxarmış, istifadə etməyinə imkan verməmişdir, həmçinin aldığı pulu geri qaytarmamış, və ona məxsus əşyaları da obyektdə saxlayaraq qaytarmamışdır. Cavabdehdən pulu və əşyaları qaytarmasını tələb etsə də, əhəmiyyət verməmişdir, qaytarılmasından yayınmışdır. Cavabdehin onu aldadaraq pulu ələ keçirməsi ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə şikayət etmiş, şikayətinə verilmiş cavabda işin mülki xarakterli olması səbəbindən mülki qaydada məhkəməyə müraciət edilməsinin məqəsədə müvafiq olması bildirilmişdir. Ona görə də cavabdehdən 6000 manat məbləğində pul və ona məxsus əşyalar alınaraq geri qaytarılmalıdır. Həmçinin cavabdehin əməli nəticəsində maddi zərərə məruz qalmış, məxsus pulun mənimsənilməsi, qaytarılmaması səbəbindən həmin pul məbləğindən istifadə edə bilməmiş, qazac əldə edə bilməmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, aylığı 2000 manatdan aralarında danışıq olub. Salman isə iclaslarda gah 2000 manat, sonradan 3000 manatdan danışıldığını deyib. Mart ayının 15-17-si aralığında obyektə girilib, 27-si açılışı olub, aprelin 1 isə şəhərdə baş verən hadisə olduğundan, Salman özü obyekti bağladı və açarı onlardan aldılar. Ayın 1 dən obyektin açarı onda olmayıb. Salman açılışdan sonra havalandırmanı uzağı sabah həll edəcəyini bildirmişdir. Hansı ki, havalandırma uzağı 3 günə həll olunan məsələdi. Lakin ona məsələnin həllini səhəri günə söz vermişdir. Görünən odur ki, məqsəd bu idi ki, açılış edilib, xərc çəkilsin. Açılışa çəkilən xərcləri təsdiq edən görüntüləri var. X12 başqa bütün müğənnilər, gəldilər. Təkcə açılışa 4000 manat xərc çəkilib. Açılışdan qabaq martın 23 danışıldı ki, havalandırma 2-3 günə həll olunsun. Ayın 24-ü artıq Salman dedi ki, “usta məni fırlatdı”. Hansı ki, həmin ərəfədə sosial şəbəkədə belə açılşa hazırlıq gedirdi. Buna görə də açılışı yubada bilməzdi. Orada 1 ay yox,15 gün işləyib. Obyektin heç bir işçisini çıxarmayıb, işdən.

4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatlarında bildirmişdir ki, kafeni internet elanında görüb bəyənmişdir. Elanda kafenin icarə haqqı təxminən 3000- 3500 manat olmuşdur. 2022-ci ilin mart ayının 14-ü gecə vaxtı obyektə gəlmiş, onu cavabdeh qarşılayaraq və obyektin ona məxsus olduğunu bildirdi. Obyektə baxan zaman obyektin havalandırma sisteminin işləmədiyinə görə onu təmir etməsini bildirmişdir. Çünki kafedə qəlyan vermək fikrində idi. Belə olan halda obyekt tüstü ilə dolacaqdı. Cavabdeh havalandırma sistemini 15 gün müddətində düzəltdirəcəyini bildirmişdir. Bundan başqa cavabdehə havalandırma sistemini düzəltdirməyəcəyi təqdirdə obyekti ona geri təhvil verəcəyini bildirmiş və cavabdehlə razılaşaraq obyektin üç aylıq icarə haqqını yəni 6000 manat pulu qabaqcadan cavabdehə vermişdir. Cavabdeh keçən məhkəmə iclasında şəxsiyyət vəsiqəsinin müddətinin bitdiyinə görə onunla icarə müqavilə bağlaya bilmədiyini bildirmişdir. Lakin onun şəxsiyyət vəsiqəsini xx.xx.2022-ci il tarixdə almış və xx.xx.2032-ci il tarixədək qüvvədədir və şəxsiyyət vəsiqəsinin şəklini cavabdehin vhatsapına atmışdır. Cavabdehə dəfələrlə icarə müqaviləsi bağlamağı bildirsə də, cavabdeh onunla icarə müqaviləsi bağlamamışdır. O, çox az bir müddət obyektdən istifadə etmişdir. Həmçinin obyektdən çıxan zaman ona məxsus 3350 manat dəyərində əşyaları həmin obyektdə qalmışdır. 15 gün müddət keçməsinə baxmayaraq cavabdeh havalandırma sistemini təmir etmədi, eyni zamanda şəhərin mərkəzində yerləşən obyektdə güclü partlayış oldu. Bundan sonra obyektdən çıxmaq qərarına gəlmişdir. Çünki cavabdeh həm havalandırma sistemini təmir etməmişdir, həm də şəhərdəki partlayışla bağlı obyektin işlədilməsinə Fövqəladə Hallar Nazirliyi tərəfindən qadağa qoyulmuşdur. İşləməməyi barədə cavabdehə məlumat verən zaman, cavabdeh pulunu yaxın vaxtlarda qaytaracağını bildirsə də, pulunu qaytarmamışdır. Bundan başqa 5-ci PB-nə cavabdeh özü şikayət etmişdir ki, guya ondan hədə-qorxu ilə pul tələb edir. Bundan sonra özü cavabdeh barədə 5-ci PB-də şikayət ərizəsi yazmışdır. Cavabdehin əməli nəticəsində o, maddi zərərə də məruz qalmışdır. Hətta onun hərəkətlərindən sonra 10-15 gün sarsıntı keçirtmişdir. Bundan başqa gecə klubu işlətməmiş, əksinə cavabdeh obyektin ikinci mərtəbəsini gecə klubu kimi işlədib, ərəblərlə dava-dalaş olduqdan sonra cavabdeh obyekti bağlamışdır. Obyektdə cavabdehin öz kollektivi ilə işləmişdir. xx.xx.2022-ci il tarixdə fəaliyyətə başlamış, obyekti 1 həftə müddətində, işlətmiş, işlədiyim dövrdə orada sadəcə cavabdehin 18 manatlıq adaptoru yanmışdır. Cavabdehin ona məxsus stol-stulu qaytarması doğrudur. Həmçinin obyekti 3000 manatdan yox, ayı 2000 manatdan icarəyə götürmüş, 3 aylıq ödənişi birdəfəlik etmişdir. Bu faktı təsdiq edən şahidləri də, var.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatlarında bildirmişdir ki, aralarındakı əqd etibarsız əqdir. Çünki notarial qaydada bağlanmalı, dövlət reyestrində qeydə alınmalıdır. Müqavilə bağlanarkən forma tələbinə əməl olunmayıb. Mülki Məcəllənin 329-cu maddəsinə istinadən bu çıxışı edir. Məhkəmə əslində burada əqdin etibarlılığına qiymət verməlidir. Hazırda hər hansı bir əqdə əsaslanmaqla, tələb irəli sürülür. Konstitusia Məhkəməsinin bu məsələ ilə bağlı şərhində qeyd olunur ki, bu məsələyə hakim tərəfindən qiymət verilməlidir Forma tələblərinə əməl olunmadığından, əqdi hakim etibarsız hesab etməlidir. Bundan başqa cavabdeh obyekti icarəyə verməklə yanaşı, ona məhsullar da verilmişdir. Hətta icarəçi oradan çıxandan sonra dəyən zərəri cavabdeh bərpa etmişdir. Nəticədə iddiaçıya cəmi 2000 manat borc qalıb. İcarədarın niyyəti obyekti uzunmüddətli icarəyə vermək olub.

6. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə təqdim etdiyi yazılı etirazında göstərir: İddia ərizəsinə baxdıqda iddiaçının dediklərinin təsdiqləyən heç bir sübutu məhkəməyə təqdim etmədiyi görünməkdədir. İddiaçının məhkəməyə təqdim etmiş olduğu Binəqədi rayon 5-ci polis bölməsində müvəkkili tərəfindən verilmiş izahatda qeyd edilmişdir ki, "İddiaçıla şahidlərin qarşısında razılaşmışdım, lakin həmin şəxs bir müddət obyekti işlətdikdən sonra aprel ayının əvvəllərində mənə bildirdi ki, obyekti işlədə bilmirəm və həmin obyekt aprel ayının 15-dək bağlı qalmışdır. Ona görə də İddiaçı barəmdə yazdığı ərizə əsassızdır. Həmin şəxs obyekti işlətdiyi müddətdə bir ədəd masa və 10 ədəd oturacağı qırmış, 2 ədəd musiqi aparatının (hər biri 1500 manat dəyərində) səsgücləndiricilərini yandırmış, dəyəri 30 manat olan reklam adapterini yandırmış, manqalın ventilyasiya sistemini xarab etmiş (dəyəri 200 manat), 400 manat dəyərində müxtəlif təyinatlı ərzaq mallarını istifadə etmiş və ümumilikdə bizə 4000 manata yaxın maddi ziyan vurmuşdur. Ona görə də mən hər dəfə İddiaçı müqavilə bağlamağı təklif etsəm də, müxtəlif bəhanələrlə müqavilə bağlamaqdan yayınmışdır. Ona görə də mən həmin şəxsə bildirmişəm ki, obyektə vurduğu ziyanı nə zaman ödəsə o zaman onun obyektdə olan 5 ədəd stolunu və 15 stulunu qaytaracağam". Göründüyü kimi bu izahatda nə 6000 manatdan, nə də 3500 manat dəyərində olan əşyalardan söhbət getməmişdir. Əksinə müvəkkili ona ziyan vurulduğunu bildirir və ziyanın ödənildiyi təqdirdə 5 ədəd stol və 15 ədəd stulu qaytaracağını qeyd etmişdir. Müvəkkili ona vurulmuş ziyanı 4000 manata yaxın olaraq qiymətləndirmiş və müqavilə bağlamaq üçün dəfələrlə təklif etsə də, iddiaçı bundan müxtəlif bəhanələrlə (şəxsiyyət vəsiqəsinin müddəti bitib və s.) yayınmışdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən bir şəxsin müqavilə bağlamadan bir obyekti icarəyə götürərək işlətmək istəməsi anlaşılan deyildir və haqlı olaraq müəyyən suallar yaratmaqdadır. Bu, onu göstərir ki, iddiaçı müqavilə bağlamaqdan yayınmaqla, işlətmək üçün götürmüş olduğu obyektlərdə yaranacaq əlavə xərclərdən, obyekt sahibinə vurulacaq zərərlərdən yan keçmək üçün bu üsulu seçmişdir. İşin hallarına da nəzər yetirdikdə ortaya bu nəticə çıxmaqdadır. Əks halda bu hala başqa cür açıqlama vermək mümkün deyildir. Çünki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edirsə, vergi orqanına icarəyə götürdüyü obyektin icarə müqaviləsini təqdim etməyə məcburdur.

7. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddiaya etiraz edir. Belə ki, 2022-ci ilin mart ayının əvvəllərində iddiaçı yanında bir xanımla ona yaxınlaşaraq ona məxsus Ballı şadlıq sarayının 1-ci mərtəbəsində yerləşən kafeni icarəyə götürmək istədiyini bildirmişdir. Bu zaman iddiaçıya obyekti ayı 3500 manata icarəyə verdiyini və qiymət barəsində fikirləşməsini bildirmişdir. İddiaçı ona obyekti bəyəndiyini və 6000 manat pul təklif edərək obyekti aylıq 3000 manatdan icarəyə götürmək istədiyini və 2 ayın icarə haqqını qabaqcadan ödəyə biləcəyini bildirdi. Bundan başqa iddiaçı obyektin havalandırma sisteminin yaxşı işləmədiyini ona bildirmiş, iddiaçıya havalandırma sistemində kiçik problemin olduğunu və qısa vaxtda həmin problemi aradan qaldıracağını demişdir. Bundan sonra iddiaçı ilə razılaşaraq ondan iki ayın icarə haqqını 6000 manat pulu götürmüş və iddiaçı obyekti xx.xx.2022-ci il tarixdə ondan təhvil aldı. Üstəlik iddiaçıya işləməsi üçün 3562 manat dəyərində ərzaq da vermişdir. İddiaçıya icarə müqaviləsi bağlamağı bildirdikdə, o, şəxsiyyət vəsiqəsinin vaxtının bitdiyini bildirdi. Bu zaman icarə müqaviləsini iddiaçının yaxın tanışından biri ilə bağlamağı təklif etsə də, üstündən 1 həftə keçməsinə baxmayaraq, iddiaçı ilə icarə müqaviləsi bağlaya bilməmişdir. İddiaçı obyekti icarəyə götürdükdən bir müddət sonra obyektə baş çəkərkən orada bir neçə pozğun qızın olduğunu görmüş, bu barədə iddiaçıdan məlumat aldıqda o, guya obyekti işə salmaq üçün qızları gətirdiyini bildirdi. İddiaçı obyekti gecə klubu kimi işlədirdi. Daha sonra iddiaçı 2022-ci ilin 7-8 aprel tarixlərində obyektdən çıxmaq istədiyini bildirdi və verdiyi pulu geri tələb etdi. Bu zaman iddiaçıya pulu qaytarmayacağını bildirmişdir. Çünki iddiaçıya obyekti icarəyə götürən zaman iki aydan tez çıxdığı halda ona pulu qaytarmayacağı barədə məlumat vermişdi. İddiaçı obyekti yarımçıq tərk etmişdir. Hətta iddiaçının atası ilə də oğlunun obyekti yarımçıq buraxması barədə söhbəti olmuşdur. İddiaçı obyektdən çıxan zaman kalonkaları və stol-stulu qırmışdır. Bundan sonra iddiaçı 5ci PB-nə və 102-yə şikayət etdi. Lakin 5-ci PB-də iddiaçıya şikayətinin mülki məsələ ilə bağlı olduğunu və məhkəməyə müraciət etməsini bildirmişlər. İddiaçı obyekti bu ilin mart ayının 16-sı təhvil alıb. İddiaçı ilə razılaşarkən icarə haqqının aprel ayının 1-dən hesablanacağı barədə razılaşmışdılar. İddiaçı obyekti təxminən 1 ay 15 gün işlədib. 2022ci ilin yay aylarında iddiaçının dostu Samir adlı şəxs iddiaçıya məxsus stol-stulu götürmüşdür. 2022-ci ilin may ayından etibarən obyekti başqa şəxsə aylıq 2500 manat olmaqla icarəyə vermişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində bildirmişdir ki, uzun illər restoran sistemində işləmişdir. İddiaçı uzaq qohumu olmaqla, onunla davam edən yoldaşlığı var. Obyektde nəzarətçi, administrator olmuşdur. İkisi birlikdə gedib, mübahisəli obyektə baxmış, bəyənmişlər. Lakin havalandırma sistemi zəif olmuşdur. 3 gün oranı işlətdikdən sonra təxminən mart ayının axırında cavabdehə 3 aylıq haqq olaraq 6000 manat pul verilmişdir. Cavabdeh havalandırma sistemini düzəldəcəyini bildirsə də, düzəltməmişdir. Obyektin sahibi Salman idi və pul onun yanında kabinetdə özünə verilib. Elnur isə Salmanın yaxını idi, gəlib obyektdə olan nasazlıqlara nəzarət edirdi. Orada cəmi 12-15 gün fəaliyyət göstərmişlər. Açılışdan təxminən 1 həftə sonra, obyektdən çıxmışlar. Şəhərin mərkəzində, təxminən içərişəhərdə hansısa obyektdə olan partlayışdan sonra, obyektlərin yoxlanmasına ciddi nəzarət edilirdi. Çıxanda obyektdəki stol-stul orada qalsa da, sonradan əşyaları Samir özü götürmüşdür. Onlar çıxandan 1 həftə sonra obyekt icarəyə verildi. Aralarında icrarə haqqının ödənilməsi ilə bağlı danışıq belə olmuşdur ki, obyektdən çıxılacaq, ya icarəyə verilib pul qaytarılacaq, ya da onlar icarəyə verib pulu götürəcəklər. İcarəçi axtaranda dedilər, artıq icarəyə verilib. Lakin pulu qaytarmadılar. Kağızlar var hansı ki, Elnurun xətti ilə yazılıb. Onda qalan kağızda qalan borc barədə qeyd olub. Belə ki, son qalıq 700 manat borc idi ki, onun 400 manat məbləğində olan hissəsi Xırdalanda Efesə olan borcları silinib, yekun olaraq 300-325 manat borc qalıb. 325 manat isə cavabdehə malından istifadəyə görə borc qalmışdır. Qalıq borcun tərkibi isə işıq pulu, su pulu, götürülən malın, yəni istifadə edilən malın pulu təşkil edib. Əxlaqsız qızlar üst mərtəbədə olan klubda idilər. Onlara aid obyektdə isə əxlaqsızlıq olmayıb. Obyektin qiyməti 2500 manatdan təklif edilsə də, aylıq pulu ucuz olsun diyə, qabaqcadan 3 aylıq 2000 manatdan 6000 manat ödəniş edilib. 6000 manat verildi ki, həmin havalandırma da qurulsun. Sonrakı aylarda da, 2000 manatdan ödəniş edilməli idi. Havalandırma ilə bağlı onun yanında 2 dəfə söhbət olub. Müqavilənin bağlanması ilə bağlı Elnurla söhbətləri olub. Elnur isə Salmanın burada olmadığını və bir neçə əsas gətirib.

9. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahatında bildirmişdir ki, Fəridlə 8-10 ildir ki, tanışdırlar. Əcəmi metrosu yaxınlığında dükan işlədəndə, Fərid də dükanda satış programları yazırdı. Tanışlıqları belə olub. Fərid ona ortaqlıq təklif edəndə, artıq obyektin ödənişini etmişdir. 3 aylıq ödənişin hamısını Fərid özü ödəmişdir. Ona isə 2 gün sonra pulu verdiyini demişdir. Yəni, pulun verilməsində onun iştirakı olmayıb. Ortaqlıq təklif etməsini səbəbi isə bütün işləri tək çatdıra bilmədiyindən kömək istəmişdir. Əslində Fərid çoxdan belə bir işə girəcəyini desə də, buna heç vaxt razılıq verməmişdir. Çünki obyektə ola biləcək mümkün narazılıqlardan uzaq olmaq istəmişdir. Bu işə təxminən 2022ci ilin mart-aprel ayı, Ramazan ayı başlamamışdan 15 gün qabaq başlamışdılar. Obyektə stol-stulun alınmasının xərcini özü çəkmişdir. Hətta buna görə 12000 manat xərcləmişdir. Obyektdəki barda qalan içkilərdən istifadə edilsə də, bunun borcu ödəniləcəkdi. Lakin bildirir ki, həmin içkilər də, obyektin işləməsinə kifayət etmədiyindən, əlavə içki alınmışdır. Təhvil-təslim aktına görə alınan mallara görə pul verilib. Təkcə 15 stula (140 manatdan) 5 stola (170 manatdan) pul xərcləyib, sədərəkdən alınan qab--qacağa 2000 manata yaxın xərcləndi, qalan məbləğ isə bir günə yox, mütəmadi olaraq gündəlik xərclənirdi. 12000 manat xərci özü 9000 manatı isə Fərid xərc çəkib. Salman özü demişdir ki, obyekti 2500 manatdan təklif edir, ama 3 aylıq söhbət olduğuna görə aylığı 2000 manatdan verildi. Bunu özü eşitmişdir. Salman və Fərid ilə oturanda aralarında havalandırma məsələsini davam etmiş kimi danışırdılar. Yəni ondan qabaq artıq Fərid və Salman arasında havalandırma ilə bağlı söhbət olub. Söhbət əsnasında Salman deyirdi ki, iki nəfər var və havalandırma ilə bağlı onlarla danışır. İstəyirdi ki, yaxşısı və effektlisi olsun. Lakin problemin həlli ilə bağlı dəqiq vaxt bildirilməyib. Havalandırma da onlar çıxana kimi düzəlmədi. Çıxdılar çünki, bu işi alındıra bilmədilər. Özü ümumiyyətlə işləmək istəmədiyindən, Fərid isə havalandırmaya görə narazılıq edirdi. 15 gün işləsələr də, 3 aylıq pulu vermişlər, lakin 6000 manatı 15 günə silmək düzgün olmaz. Təzə icarəçini görməmişdir. Lakin onlar çıxandan sonra çox vaxt keçmədən icarəyə verildi. Fərid ona demişdir ki, işlər qaydasına düşən kimi ona çatacaq payı verəcək. Açılışdan sonra 9-10 gün açılışa kimi 5-6 gün işləyiblər. Əvvəl-əvvəl dövriyyə 300-400 manat olurdu. Oradan demək olar ki, qazanc çıxmırdı. Obyektin ikinci mərtəbəsindəki qonşuları narazılıq bildirirdilər. Çünki qapı açılan kimi mətbəxin qoxusu yuxarı gedirdi. Elnur icraçı idi, işığa və s. narazılığa nəzarət edirdi. Salman olmayanda sözü ona deyirdi. Stolları satmaq fikri olduğundan, gedib özü götürmüşdür. Səsucaldanlar onlar obyektə girəndə də, çıxanda da işlək vəziyyətdə olmuşdur. Kafeni Salman özü bağlamayıb. Daha doğrusu həmin tarixdə Naxçıvanda olub, hadisədən xəbərsizdir. Obyektdə ailəvi tədbir də olurdu, açıq-saçıq geyimli qadınlar da gəlirdi. Hətta həmin qadınlar olan günü Salman obyektdə daha çox vaxt keçirdirdi. Salmanın işlətdiyi və obyektin yuxarı mərtəbəsində olan kluba isə əksinə daha çox ərəblər gəlirdi. Heç yerli əhalini ora buraxmırdılar. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

10. Binəqədi RPİ-nin 5-ci PB-nin sahə inspektoru, polis mayoru Ramil Əliyev tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində ərizə ilə Binəqədi RPİ-nin 5-ci PB-nə müraciət edərək, bildirmişdir ki, Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən “Ballı” Şadlıq Saryının zirzəmisində yerləşən obyekti Cavabdeh 6000 manat ödəyərək, 3 aylığına icarəyə götürmüş, lakin sonradan Cavabdeh onun pulunu geri qaytarmadan obyekti başqa şəxsə icarəyə vermiş, obyektdə qalan 3550 manat dəyərində mebellərini də, qaytarmamışdır. Ərizə əsasında X5 izahatı alınmış, İddiaçı mülki qaydada məhkəməyə müraciət etməsi barədə məlumat verilmişdir.

11. İddiaçı polisə şikayəti ilə əlaqədar Cavabdeh xx.xx.2022-ci il tarixli izahatında bildirmişdir ki, aprel ayının əvvəlində Fərid ona obyekti işlədə bilmədiyini bildirmiş və obyekt aprel ayının 15-dək bağlı qalmışdır. Fərid obyekti işlədən zaman onun əmlakına ümumilikdə 4000 manat zərər vurmuşdur.

12. X4 tərəfindən tərtib edilən aktdan görünür ki, o, xx.xx.2022-ci il tarixindən saat 16:40-da Salmana yaxınlaşaraq, stol-stulların hamısını götürdüyü öz imzası ilə təsdiq edir.

13. X2 əvəzinə Cavabdeh ilə X8 arasına bağlanan xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, X1 Mahir Zəbulla oğluna Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında yerləşən, ümumi sahəsi 1244,7 kv.m olan yaşayış binasının ona məxsus (zirzəmidən 320 kv.m) hissəsini xx.xx.2024-ci il tarixinədək aylıq 450 manatdan icarəyə vermişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

14. İddiaçı Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən “Ballı” Şadlıq Sarayının zirzəmisində yerləşən obyekti(Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında yerləşən, ümumi sahəsi 1244.7 kv.m olan qeyri yaşayış sahəsinin zirzəmidən 320 kv.m hissəsini) Cavabdeh icarəyə götürmüşdür. Tərəflər arasında yazılı qaydada icarə müqaviləsi olmasa da, onlar arasında xx.xx.2022-ci il tarixdən icarə münasibətlərinin olması, cavabdehin icarə haqqı kimi 6000 manat pul alması, icarə haqqının aprelin 1-dən hesablanacağı, obyektin havalandırma sistemində problemin olması, havalandırma sisteminin 2022-ci ilin aprel ayının 15-nə qədər təmir edilmədiyi, Bakı şəhərində baş verən partlayışla əlaqədar oxşar təyinatlı iaşə müəssisələrində fəaliyyətin həmin ərəfələrdə müvəqqəti dayandırıldığı, icarəçinin öz işçiləri ilə yanaşı icarəyə verənin kollektivini də öz fəaliyyətinə cəlb etməsi, iddiaçının ən geci aprel ayının 15-i obyektdən çıxdığı, həmin əmlakın xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən başqa şəxsə icarəyə verildiyi işin mübahisəsiz halıdır.

15. İcarənin müddəti, icarə müqaviləsinin vaxtından əvvəl ləğv edildiyi zaman mübahisələrin həlli ilə bağlı müqavilə şərtləri, tərəflər arasında havalandırma sisteminin təmirinin müqavilə münasibətlərinin davam etdirilə bilməsi üçün şərt kimi nəzərdə tutulması işin mübahisələndirilən halıdır. Tətbiq edilən maddi hüquq normaları:

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

17. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır;

18. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olu;

19. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir;

20. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür;

21. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır;

22. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır;

23. 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər;

24. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

25. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

26. 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər;

27. 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər;

28. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

29. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

30. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

31. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

32. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

33. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

34. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir;

35. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

36. “İcarə haqqında” Azərbaycan Respublikası Qanunun:

37. 7.1. İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir.

38. 7.2. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək. və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi.

39. 8.1. İcarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir.

40. 13.1. İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər.

41. Məhkəmənin mövqeyi:

42. İşin müəyyən edilmiş hallarından tərəflər arasında xx.xx.2022-ci il tarixdə şifahi qaydada icarə müqaviləsinin bağlanması sübut olunsa da, baxmayaraq ki, obyektin havalandırma sistemində olan problem müzakirə mövzusu olmuşdur, lakin havalandırma sisteminin konkret zaman kəsiyində mütləq təmiri barədə icarəyə verənin öhdəlik götürməsinin müqavilə şərti kimi nəzərdə tutulması müəyyən edilmir. Bu hal ikitərəfli müqavilənin bir tərəfinin müqavilədən irəli gələn öhdəliyini icra edib-etməməsi və digər tərəfin müqavilədən imtina etməsi üçün əsas təşkil edib-etməməsi üçün vacib nüansdır. Bununla belə tərəflər arasında olan icarə müqaviləsinə tərəflərin qarşılıqlı razılığına əsasən xitam verildiyi işin müəyyən edilmiş halları ilə öz təsdiqini tapır. Belə ki, cavabdeh icarə müqaviləsinin predmeti olan əmlakı xx.xx.2022-ci il tarixdə başqa şəxsə icarəyə verməklə, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi barədə icarəçinin təklifi ilə faktiki olaraq razılaşmışdır. Eyni zamanda icarəyə verən etiraf edir ki, icarəçi ən geci xx.xx.2022-ci il tarixdə obyekti tamamilə tərk etmişdir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, icarəçinin daha əvvəl könüllü olaraq icarə obyektindən istifadə etməməsi, icarə münasibətlərinə xitam verildiyi hüquqi nəticəsini yaratmır.

43. Bundan başqa tərəflərin mübahisələndirdiyi digər hal icarə müqaviləsinin müddəti ilə bağlı olmuşdur. Belə ki, iddiaçı aylıq 2000 manat məbləğində icarə haqqı barədə tərəflər arasında razılıq olduğunu və bu səbəbdən qabaqcadan 3 aylıq icarə müddəti üçün 6000 manat verməyə razılıq verdiyini iddia edir. Cavabdeh isə 6000 manatın 2 aylıq icarə haqqı üçün qabaqcadan ödənildiyini bildirir. Bu barədə tərəflərə sübutetmə ilə bağlı şərait yaradılmış, iddiaçı məhz hamin hadisələrin birbaşa iştirakçısı olan şahidləri məhkəməyə dəvət etmiş və həmin şahidlər ifadələrində tərəflər arasında hər ay 2000 manat olmaqla 3 ay müddətinə icarə müqaviləsi bağlandığını təsdiq etmişdir. Məhkəmə tərəflər arasında olan şifahi danışıqların, müqavilə şərtlərinin başqa qaydada sübut edilməsinin mümkünsüzlüyünü nəzərə alaraq, şahid ifadələrinə mötəbər sübut kimi qiymət vermişdir. Məhkəmə eyni zamanda şahid ifadələrinə digər sübutlarla yanaşı qiymət vermiş və mübahisənin predmetini təşkil edən əmlakın xx.xx.2022-ci il tarixdə başqa şəxsə aylıq 450 manata icarəyə verilməsini də nəzərə almışdır.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında da qeyd edildiyi kimi müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir.

45. Odur ki, tərəflər arasında bağlanmış 3 aylıq icarə müqaviləsinə ən geci 1 ay müddətində xitam verildiyindən, tərəflər həmin anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər və bu səbəbdən qabaqcadan ödənilmiş 2 aylıq icarə haqqının dəyəri olan 4000 manat məbləğində vəsaitin qaytarılması hissəsində iddia əsaslı hesab edilməlidir.

46. Məhkəmə cavabdehin nümayəndəsinin icarə müqaviləsinin forma tələbi ilə bağlı şərtlərə əməl edilmədiyinə görə etibarsız olması barədə etirazının dəlillərini əsassız hesab edir. Belə ki, nə Mülki Məcəllədə, nə də qanunda icarə müqaviləsinin yazılı və ya notarial qaydada bağlanması barədə forma şərti nəzərdə tutulmamışdır.

47. Məhkəmə iddianı 2022-ci ilin may ayından illik 5 faiz olmaqla qətnamə qəbul edilən tarixə pul vəsaitinin tutulması hissəsində əsaslı hesab edir.

48. Belə ki, yuxarıda qeyd edildiyi kimi cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçıya verdiyi icarə obyektini başqa şəxsə icarəyə verməklə artıq icarə müqaviləsinə xitam verildiyini təsdiq etmiş və həmin vaxtdan etbarən icra edilməmiş öhdəlik üzrə 4000 manat vəsaiti özündə saxlamaqla cavabdehə qaytarmamışdır. Odur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdiyindən kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb etməkdə haqlıdır. Tətbiq edilən prosessual normalar və qaydalar:

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

50. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

51. 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir;

52. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

53. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır;

54. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;

55. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

56. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

57. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 4000 manat məbləğində pul vəsaiti və həmin məbləğə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək illik 5 % hesablanmış məbləğ və iddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə 63 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

58. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. 4000(dörd min) manat məbləğində pul vəsaiti və həmin məbləğə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək illik 5 %( beş faiz) hesablanmış məbləğ və iddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə 63(altmış üç) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar