Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1986/2024 18.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Alışanov Tural Akif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən onun xeyrinə 3000 manat borcun, 500 manat faizin və dövlət rüsumuna görə ödənilmiş 55 manat pul vəsaitinin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, tanışı hazırkı Cavabdeh1 2019-cu ildə ayında 4000 manat pul vermişdir. Aralarındakı şifahi razılaşmaya əsasən Cavabdeh1 ona vəd vermişdir ki, oğlunu FHN-nin YMİ-nə işə düzəldəcək. Lakin Cavabdeh1 bu vədinə əməl etməmişdir. Nəticədə onun tərəfindən Nərimanov RPİ-yə müraciət olunmuşdur. Bu zaman polisdəki izahatında Cavabdeh1 4000 manat pulu aldığını etiraf etmiş, lakin böyük hissəsini digər Cavabdeh2 verdiyini bildirmişdir. Polisdəki materialın araşdırması zamanı Cavabdeh1 tərəfindən pulun 400 manatı ödənilmişdir. xx.xx.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edildikdən sonra da Cavabdeh1 tərəfindən 600 manat ödənilmişdir. Sonuncu ödəniş 2020-ci ilin dekabr ayında olmuşdur. Geri qalan 3000 manat hələ də ödənilməmişdir. Buna görə də onun tərəfindən yenidən Nərimanov RPİ-yə müraciət olunmuşdur. Lakin bu zaman cəlb etmə müddəti keçdiyinə görə xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və ona izah edilmişdir ki, məhkəməyə müraciət etsin. O hesab edir ki, məhkəmə iddianı tam şəkildə təmin etməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdehlərin ona cəmi 4000 manat borcu var idi. Həmin borcdan cəmi 1100 manat ödənilmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə baxışı iclasına gəlməmişlər və gəlməmələrinin səbəblərini bildirməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı Übeydə oğlunun ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı Übeydə oğlunun şikayət ərizəsi üzrə Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdeh1 ərizəsinin surətindən görünür ki, iddianı qəbul edir, onun iddiaçıya digər cavabdehlə birlikdə 2500 manat borcu qalıb. Həmin pulu qısa müddətdə ödəyəcəklər. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 55 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər; Cavabdeh1 tərəfindən iddianın etiraf edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2900 manat məbləğində əsas borc İddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddianın faiz hissəsi ilə bağlı hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, tərəflər arasında faizlə bağlı heç bir razılaşma olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 55 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2900 (iki min doqquz yüz) manat məbləğində əsas borc və 55 (əlli beş) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-1986/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1986/2024
18.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver