Məhkəmə qərarları › İş №2(001)-1989/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1989/2021

29.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1989/2021 29.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədzadə Fəridə Mehdi qızının katibliyi, İddiaçı nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pulun və kredit müqavilələri üzrə ödənilmiş pulun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 17000 manat məbləğində pul, 04.06.2019-cu il tarixli kredit müqaviləsi üzrə 10.000 manat, 26.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5.000 manat, 26.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5000 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 37030 manat məbləğində pulun cavabdeh X1 tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh onun tanışıdır və 2 ilə yaxın dostluq münasibətləri olmuşdur. Cavabdeh avtomobil alğı-satqızı ilə məşğul olmuşdur. 2019-cu ilin əvvəllərdə o, avtomobil almaq istəmiş, cavabdehdən ona avtomobil tapmasını istəmişdir. Bir müddət sonra cavabdeh ona “Opel Zafira” markalı avtomobil tapdığı üçün o, həmin avtomobilə görə cavabdehə hissə-hissə olmaqla, cəmi 17.000 manat məbləğində pul vermişdir. Həmin avtomobilin dəyəri onun cavabdehdə verdiyi məbləğin yarısı qədər olsa belə, cavabdeh verdiyi pulların onun avtomobilinin təmirinə sərf edildiyini bildirmişdir. O, da cavabdehdə inanaraq pullarını ona vermişdir. Lakin cavabdeh ona verməli olduğu avtomobili verməmişdir. Buna görə də cavabdehdən pulunu istədikdə hər dəfə ondan aldığı pulu qaytaracağını bildirmişdir. Bu barədə səs yazıları və aralarında olan yazışmalar mövcuddur. Cavabdeh pul vəsaitini ondan alaraq həmin pulun əvəzində ona verməli olduğu avtomobili təhvil verməmişdir. Bundan başqa qeyd edir ki, cavabdeh 2019cu ildə ümumilikdə ondan 20000 manat məbləğində borc almışdır. Belə ki, Cavabdeh ilə aralarında 04.06.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqavilənin 1-ci bəndindən göründüyü kimi o, cavabdehə 10.000 manat məbləğində pul borc vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən isə cavabdeh 04.06.2020-ci il tarixədək pulu qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa Cavabdeh ilə aralarında 26.09.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqavilənin 1-ci bəndində göründüyü kimi, o Cavabdeh 5000 manat məbləğində borc pul vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən cavabdeh 26.09.2020-ci il tarixədək pulu qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa Cavabdeh ilə aralarında 26.09.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqavilənin 1-ci bəndində göründüyü kimi, o Cavabdeh 5000 manat məbləğində borc pul vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən cavabdeh 26.09.2020-ci il tarixədək pulu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit müqavilələri üzrə müəyyən olunmuş tarixlərdə ona borclu olduğu məbləğləri qaytarmamış və müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iş materiallarına əlavə edilən yazışmalar və səs yazıları sübut kimi qəbul edilməli və iddianın təmin edilməsinin əsası kimi çıxış etməlidir. Bununla bağlı Avropa Məhkəməsinin qərarları vardır. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir və bugün onun iddiaçıya ümumilikdə 5000 manat borcu vardır. İddiaçı o vaxtı ona demişdir ki, əlində pulu var və işləmək istəyir. Həmin vaxt özü isə maşın alğısatqısı ilə məşğul olmuşdur. Onunla razılaşdıqları üçün bir müddət birlikdə işləmişlər. Sonuncu dəfə 2 maşının alğı-satqısında çox zərər olmuşdur. İddiaçı isə yaranan zərər məbləğini müqavilə ilə rəsmiləşdirmək istəmişdir. Nəticədə aralarında borc müqaviləsi bağlanmışdır. Ona isə demişdir ki, müqavilələrə görə onu narahat etməyəcək. Buna görə də iddiaçı ilə razılaşmışdır. Sonra iddiaçı ona maşın alğı-satqısı üçün ona pul verməsini istəmişdir. Avtomobil olaraq Kia Optima markalı avtomobil alınmışdır. İlkin ödəniş 2500 manat olmaqla kreditlə 31 000 manata həmin avtomobili satmışlar. Zaur isə ona dedi ki, 7000 manat borcundan siləcək. Əlində pul olmadı. Zaurla aralarında 20 000 manatlıq borc müqaviləsi bağlamışlar. Ayrı-ayrılıqda 5000 və 3-cü dəfə 10000 manat dəyərində müqavilələr bağlamışlar. Subaru markalı avtomobili isə 17.700 manata satmışdır. İlkin ödəniş 1000 manat, 1000 manat isə maşının cərimələrini ödəmişlər. Özü 4-cü sinifdən məktəbi tərk etmişdir. Maşını satdığı adam yoldan keçən bir adam olmuşdur. Onun bugünə kimi adına nə telefonu, nə də ki, maşını olmamışdır. Ondan tələb edilən 20000 manat pulu necə verəcəyini bilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: İddiaçı ilə Cavabdeh arasında bağlanan 04 iyun 2019-cu il tarixli kredit müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, borcverən borcalana faizsiz 10000 manat məbləğində borc pul verir, borcalan isə həmin borc məbləğini 04 iyun 2020-ci il tarixinə kimi qaytarmağı öhdəsinə götürür. İddiaçı ilə Cavabdeh arasında bağlanan 26 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, borcverən borcalana faizsiz 5000 manat məbləğində borc pul verir, borcalan isə həmin borc məbləğini müqavilənin müddəti bitdiyi tarixə kimi, yəni 26 sentyabr 2020-ci il tarixinə kimi qaytarmağı öhdəsinə götürür. İddiaçı ilə Cavabdeh arasında bağlanan 26 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, borcverən borcalana faizsiz 5000 manat məbləğində borc pul verir, borcalan isə həmin borc məbləğini 26 sentyabr 2020-ci il tarixinə kimi qaytarmağı öhdəsinə götürür. İddiaçı tərəfindən Cavabdeh ünvanlanan pretenziya məktubundan görünür ki, cavabdehə kredit müqavilələri üzrə borclu olduğu 20.000 manat pul məbləğindin 3 gün ərzində qaytarması təklif edilmiş, qaytarmadığı təqdirdə barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 28.12.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 3 müxtəlif tarixdə kredit müqaviləsi bağlanmış həmin müqavilələrə əsasən cavabdehə ümumilikdə 20000 manat məbləğində borc verilmişdir. Bundan başqa iddiaçı iddia edir ki, cavabdehə avtomobil almaq üçün 17000 manat ödəniş etsə də, cavabdeh ona bunun müqabilində razılaşdırılmış kimi avtomobili təhvil verməmiş, onun pulu ilə əsassız olaraq varlanmışdır. Qeyd edilənlərə əsasən isə iddiaçı cavabdehin ona qarşı borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Borcun mövcudluğunun sübutu kimi isə məhkəməyə aralarında olan səsli yazışmaları və mesajları göstərir. Cavabdeh isə tələb edilən borc məbləği ilə razılaşmayaraq, iddiaçıya hal-hazırki günədək 5000 manat borcunun qaldığını bildirir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə əvvəla qeyd edir ki, iddia tələbi 2 hissədən ibarətdir. Birinci hissə tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi ilə bağlıdır, ikinci hissə isə əsassız varlanmadan irəli gələn pul tələbidir. Bu baxımdan məhkəmə tələblərə ayrı-ayrı hüquqi qiymət verilməsini məqsədəmüvafiq hesab edir. Tərəflər arasında kredit müqavilələri əsasında yaranan 20000 manat borc məbləğinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinin tələblərinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər; 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. İşin faktiki halları ilə müəyyən edilir ki, tərəflər arasında 2019-cu ilin müxtəlif tarixlərində ayrı-ayrılıqda notarial qaydada bağlanmış 3 borc müqaviləsi mövcuddur. Həmin müqavilələrə əsasən kreditor borc alana ümumilikdə 20000 manat məbləğində pul vermişdir. Müqavilələr müvafiq olaraq borcun 1 il müddətinə qaytarılması ilə şərtləndirilmişdir. İddiaçı müddət bitdikdən sonra borcun qaytarılmasını şifahi və yazılı qaydada cavabdehdən tələb etmiş, lakin bunun nəticəsi olmamışdır. Bu səbəbdən məhkəməyə iddia ilə müraciət etmişdir. Cavabdeh iddianı qismən qəbul etdiyini bildirərək borcunun 5000 manat qaldığını iddia etmişdir. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Tələb olunan borc məbləği mübahisələndirilsə də, əksini təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə əsassız varlanma nəticəsində 17000 manat məbləğində pulun cavabdehdən tutulmasına münasibətdə isə qeyd edir ki, iddiaçı cavabdehə hissə-hissə olmaqla avtomobil alınması üçün 17000 manat məbləğində pul verdiyini və cavabdehdən nə avtomobili, nə də pulu ala bildiyini iddia edir. Cavabdeh iddianı həmin hissədə qəbul etmir, iddiaçı isə iddiasını məhkəməyə təqdim etdiyi səs yazısı və telefon yazışmaları ilə təsdiq olunmasını və həmin sənədlərə mötəbər sübut kimi qiymət verilməsini xahiş edir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi əsassız varlanma o zaman təsdiq olunur ki, qanuni əsas və ya müqavilə əsası olmadan başqa şəxsdən əmlak əldə edilmiş olsun. Lakin əmlakın əldə olunmasını təsdiqi üçün iddiaçı tərəfindən təqdim edilmiş səs yazısı və telefon yazışmaları məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Eyni zamanda mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prossesual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007- ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, nonneganti,incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudlugundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdir. Bundan başqa Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10.10-cu maddəsində qeyd edilmişdir ki, şəxsi yazışma və şəxsi teleqraf məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur. Həmin Məcəllənin 95-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Məhkəmə iclasında səs və video yazıların aparılmasına bu Məcəllənin 10.9 və 10.10-cu maddələrinin tələblərinə əməl edilməklə yol verilir. Göründüyü kimi iddiaçının sübut kimi qəbul edilməsini tələb etdiyi telefon yazışmaları və səs yazısı gizli yolla əldə edilmiş və ünvanlanan şəxsin razılığı ilə aparılmamışdır. Eyni zamanda həmin yazıların nə vaxt, hansı şəraitdə aparılması müəyyən edilmir. Bu səbəbdən həmin sənədlərdən sübut kimi istifadə edilə bilməz. Odur ki, iddia həmin hissədə sübut edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 04.06.2019-cu il tarixli kredit müqaviləsi üzrə 10000 manat, 26.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5000 manat, 26.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5000 manat olmaqla, ümumilikdə 20000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İddia qismən təmin edildiyindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 04.06.2019-cu il tarixli kredit müqaviləsi üzrə 10000(on min) manat, 26.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5000(beş min) manat, 26.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5000(beş min) manat olmaqla, ümumilikdə 20000(iyirmi min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun əvəzi qismində 20(iyirmi) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar