Məhkəmə qərarları › İş №2(001)-200/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-200/2021

07.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-200/2021 07.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Mitshubishi” markalı 2 ədəd kondisionerin və ya həmin kondisionerlərin dəyəri olan 2000 manat pulun, həmçinin 122335 (bir yüz iyirmi iki min üç yüz otuz beş) manat pulun, əldən çıxmış fayda olaraq ona vurulmuş 20000 (iyirmi min) manat maddi zərərin və 15000 (on beş min) manat mənəvi zərərin, həmçinin onun tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 157365 (bir yüz əlli yeddi min üç yüz altmış beş) manat pulun alınıb özünə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verib, bildirdi ki, iddiaçı fərdi qaydada işləyib pul qazanır. O alqı-satqı ilə alıb, adına çıxarış ilə özəlləşdirdiyi bağ evini əsaslı təmir etməkdən ötrü usta qismində Cavabdeh ilə görüşüb ona həmin bağ evini göstərmişdir. Cavabdeh ilə görüşərkən cavabdehə bildirib ki, bu evə artıq başqa ustalar baxıb bildiriblər ki, 150000 (bir yüz əlli minə) – qədər bu evin iddiaçı istədiyi tərzdə təmirinə xərcin çıxacaq. Cavabdeh onu əmin etmişdir ki, digər ustalar yalan deyirlər, cəmi 70000 (yetmiş min) manata, mal-material da həmin pulun içində olmaqla, bu bağ evini təmir etdirib ona təhvil verəcəkdir. Bu razılaşmaya görə iddiaçı 27 sentyabr 2018-ci il tarixində ilkin olaraq Cavabdeh 9960 (doqquz min doqquz yüz altmış) manat pul verib ona bağ evinin açarlarını təhvil vermişdir ki, işə başlasın. 2019-cu ilin iyun ayına qədər Cavabdeh ondan hissə-hissə ümumilikdə 94458 (doxsan dörd min dörd yüz əlli səkkiz) manat pullar alsa da, bağ evini təyin edilmiş vaxtda, gözdən pərdə asmaq üçün müəyyən işlər görsə də, cavabdehlə aralarında danışdıqları formada və halda işləri görmədən, xeyli işləri isə yarımçıq saxlayaraq, bir sözlə bağ evini vəd verdiyi müddətdə ona təmirli vəziyyətdə təhvil verə bilməyibdir. Bundan sonra uzun müddət Cavabdeh onun telefon zənglərinə cavab verməyərək, ondan gizlənməyə başlamışdır. Xeyli müddət sonra o, Cavabdeh ilə görüşüb bağ evində heç bir təmir getmədiyi barədə ona iradını bildirdikdə, Cavabdeh ona daha 38000 (otuz səkkiz min) manat lazım olduğunu bildirərək, 2019-cu ilin noyabr ayının sonuna qədər evi təhvil verəcəyini bildirmişdir. Bu minvalla 94458 manatdan əlavə, Cavabdeh daha 33000 (otuz üç min) pullar alaraq onun etibarından sui istifadə edərək bağ evini ona yekunlaşdırmadan, pullarını isə sağa-sola şəxsi ehtiyacları üçün istifadə edib, mənimsəyərək qaçıb gizlənmişdir. Həmin vaxtdan xeyli müddət keçməyinə baxmayaraq Cavabdeh bu günə qədər bağ evinin təmiri adı ilə ondan aldığı pulları mənimsəmiş, evin təmirinə isə cuzi pul sərf edərək, evinin təmirini və görüntüsünü yararsız vəziyyətə salmışdır. Cavabdehdən pulunu geri istəsə də və yaxud təmir ilə bağlı işləri yekunlaşdırmasını tələb etsə də cavabdeh ona müxtəlif bəhanələr gətirərək, ona evin təmirinə və bağ evinin təmiri zamanı istifadə olunacaq material adı ilə aldığı pulları geri qaytarmaqdan yayınır. Hətta cavabdehin dələduz əməlləri barədə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində iddiaçının şikayət ərizəsi əsasında araşdırma aparılmışdır. Cavabdeh qısa vaxt ərzində hissə-hissə ümumilikdə verdiyi 128000 (bir yüz iyirmi səkkiz min) manat pulun iddiaçıdan aldığını etiraf etmişdir. Lakin cavabdeh əsassız olaraq yalandan iddiaçıdan aldığı həmin pulların hamısını guya bağ evinin təmirinə xərclədiyini bildirmişdir. Cavabdeh bu barədə dediklərinin yalan olmasını onun şahidləri də təsdiq edə bilərlər. Həmçinin bağ evinin görüntüsü və video görüntüləri olan disklər də vardır ki, cavabdeh iddiaçının verdiyi pulu onun evindən başqa hara ürəyi istəyibsə sərf edib, özünə müxtəlif əmlaklar alıb və pulu mənimsədikdən sonra ondan qaçıb gizlənməyə başlayıbdır. Həmçinin, Cavabdeh İddiaçı ümumilikdə aldığı 128000 manat pulun müqabilində güya görəcəyi işlər keyfiyyətsiz və bərbad vəziyyətdə olmuşdur. Bu ərəfədə evdə gördüyü suvaq və mala işləri bərbad və keyfiyyətsiz olduğundan uçub tökülmüşdür. Həmçinin plastik qapı və pəncərələr yerində düzgün qalmamış və tam olaraq oturdulmamışdır, çöl hasarın kubik daşları alınıb həyətə gətirilməmiş və hasar 5 kubik hündürlüyündə hörülüb iddiaçıya təhvil verilməmiş, hasarın əyriliyi aradan qaldırılmamış və vəd verdiyi zamanda işləri təhvil verməmişdir. Buradan da belə başa düşülür ki, cavabdeh təmir işləri ilə məşğul olmaqdan daha çox iddiaçının pullarını aldadıb mənimsəməklə məşğul olmuşdur. Cavabdeh bağ evində iddiaçıya vurduğu zərərlər tam əksini foto şəkil və video yazılarda iddiaçı tərəfindən çəkilərək, həmin zərəri əks etdirmək və məhkəməyə aydınlaşdırmaq üçün iş materiallarına əlavə olunmuşdur. Cavabdehin keyfiyyətsiz işində və iddiaçıya vurduğu zərərlər sırasına həmçinin mansard loqoların qırılmış vəziyyətdə olması aiddir, materiallar və tikiliyə əlavə dayaqlar, bolt və qaykalar iddiaçı tərəfindən yenidən xərc çəkilərək bərkidilmiş, “styajka” olunmamış, şifer sürüşməkdə olmuşdur, 1-ci mərtəbədə monolit çökdüyündən, dəmir dirəklər vurulmamışdır, işıq sistemi yarasız vəziyyətdə olmuşdur, isti döşəməyə su vurulduqda axıntılar başlamışdır, metlaq pulunu Y. Dudçenko tam versə də metlaq tam vurulmamışdır, 2-ci mərtəbədə alçipan reyka ilə keyfiyyətsiz vurulduğundan tam tökülmüşdür, mala və sement az olduğundan keyfiyyəti də aşağı olmuşdur, mansarda sonradan İddiaçı 2020-ci ildə yeni gətirdiyi ustalara əlavə 500 manat, 2-ci mərtəbəyə əlavə 9000 manat, 1-ci mərtəbəyə əlavə xərc 12000 manat, mansarda elektrik və döşəmənin vurulmasına yenidən əlavə 8000 manat xərclənmişdir, 2-ci mərtəbəyə əlavə döşəmə, tavanın vurulması və istilik sistemləri, suvaq, mala işi əlavə 15000 manat, 1-ci mərtəbədə yenidən isti döşəmə, tavan, dirək bərkidilməsi və elektrik işləri, mala suvaq işləri- 14000 manat, evin çöl daşma 15000 manat və hasarın çöldən üzlənməsi 3500 manata kimi əlavə xərclər çıxmışdır. Buradan da belə görünür ki, Cavabdeh İddiaçı aldığı pulun cüzi hissəsini bağ evinin tikintisinə xərcləyib, qalan məbləği isə mənimsəmişdir. Bununla yanaşı, iddiaçının bağ evində cavabdeh tərəfindən işlətdiyi mal-materiallar ilə bağlı market və dükanlardan əldə etdiyi qaimə fakturaları da vardır ki, həmin qaimələr üzrə tametə ödənilmiş 1566 manat, laminata ödənilmiş 3500 manat, dam örtüyünə ödənilmiş 1700 manat, alçıpan, şurup, fəhlə pulu və s. kimi materillara 899 manat dəyərində ümumi qiyməti 7665 pullar ödəyərək materiallar alınmış və cavabdeh tərəfindən bağ evində istifadə olunmuşdur. Ona görə də Azərbaycan 128000 manat puldan mal materiala ödənilmiş 7665 manat pulun azaldılaraq ümumilikdə yekun olaraq 122335 manat pulun, əldən çıxmış fayda olaraq, ona vurulmuş maddi zərər 20.000 manat və ona vurulmuş mənəvi zərər olaraq 15000 manat pulun, həmçinin onun tərəfindən ödədiyi 30 manat dövlət rüsumunun ümumilikdə 157.365 manat pulun iddia tələbi üzrə cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, İddiaçı bağ evində əsaslı təmir işlərinə başlamazdan əvvəl, onun hər biri 1000 manat dəyərində olan 4 ədəd “Mitshubishi” markalı kondisoneri mövcud olmuşdur. Lakin bağ evinin açarlarını Cavabdeh təhvil verdikdən sonra, həmin 4 ədəd kondisioner cavabdeh tərəfindən açılaraq kənara qoyulmuş, onun xəbəri olmadan ümumi dəyəri 2000 manat olan 2 ədəd “Mitshubishi” markalı kondisioner bağ evindən aparılmışdır. Həmin 2 ədəd kondisionerin yerinə qaytarılması və yaxud dəyəri olan 2000 manat pulunun cavabdehdən alınmasını tələb edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, İddiaçı məxsus bağ evinin təmir-tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar razılığa gəlmişlər. Ona ümumilkdə cəmi 92000 manat pul verilib və o, həmin verilmiş pulun müqabilində işin çox hissəsini görmüşdür. Eləcə də, o, məhkəmə baxışı zamanı keçirilmiş ekspertiza rəyi ilə razı deyildir. Belə ki, ekspertiza rəyindən onun gördüyü bəzi işlər nəzərə alınmamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarından görünür ki, İddiaçı “xüsusi mülkiyyətində olan bağ evinin təmiri üçün Cavabdeh verdiyi 128000 manat pul vəsaitinin sonuncu tərəfindən mənimsənilməsi” barədə şikayət ərizəsi Xəzər RPİ-də araşdırılmış, həmin idarənin 12 dekabr 2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarına əsasən mübahisənin mülki xarakterli olduğu müəyyən edilərək cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış və şikayətçiyə mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Həmin araşdırma zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, İddiaçı bağ evinin yenidən quraşdırılma işlərinin aparılmasından ötrü müxtəlif vaxtlarda və müxtəlif yerlərdə ümumilikdə təxminən 128000 (yüz iyirmi səkkiz min) manat pul almış, həmin pullarla İddiaçı evində demək olar ki, etməli olduğu işin 70-80 faizini görmüşdür, qalan işin isə tamamlanmasından ötrü isə bundan sonra 3 ay müddət lazımdır. Beləliklə İddiaçı pulunu onun öz evinə xərcləmiş, həmin pula heç bir daşınar və daşınmaz əmlak almamışdır. İddiaçı məhz bundan sonra mülkiyyətində olan bağ evinin təmiri üçün Cavabdeh 128000 manat pul vəsaiti verdiyini, həmin puldan ümumi qiyməti 7665 manat tikinti materialları alındığını, qalan 122335 manat pulun isə cavabdeh tərəfindən mənimsənildiyini, o cümlədən evdə olan 2 ədəd kondisioneri apardığını, onun həmin hərəkətləri nəticəsində əlavə olaraq maddi və mənəvi zərərə məruz qaldığını iddia edərək hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir; həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən, Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən isə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə, öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn hüquq münasibətlərinin yaranmış olduğunun və iddiaçının məhz bu çərçivədə - yəni, bağ evinin təmir edilməsi məqsədilə cavabdehə 128000 manat pul verməsinin sübut edilməsinə ehtiyac yoxdur. Çünki yuxarıda da göstərildiyi kimi, Xəzər RPİ-nin 12 dekabr 2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının aid olduğu araşdırma zamanı izahatı alınmış cavabdeh, iddiaçıya məxsus bağ evinin yenidən quraşdırılma işlərinin aparılmasından ötrü müxtəlif vaxtlarda və müxtəlif yerlərdə ondan ümumilikdə təxminən 128000 (yüz iyirmi səkkiz min) manat pul aldığını etiraf etmişdir. Bu mənada məhkəmənin qənaəti ondan ibarətdir ki, iddiaçıya məxsus bağ evinin təmiri üçün ondan aldığını etiraf etdiyi 128000 (yüz iyirmi səkkiz min) manat pul məbləği dəyərində iş görmüş olduğunu sübutetmə yükü cavabdehin üzərinə düşmüşdür. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, iddiaçı cavabdehə verdiyi həmin puldan ümumi qiyməti 7665 manat tikinti materialları alındığını bildirməklə həmin məbləğə münasibətdə cavabdehi sübutetmə yükündən azad etmişdir. Bu o deməkdir ki, nəticə etibarilə cavabdeh, iddiaçının bağ evində məhz qalan 120335 manat (128000 manat – 7665 manat) pul məbləğdə təmir işləri aparmış olduğunu sübuta yetirməlidir. Lakin cavabdeh etirazının əsası kimi istinad etdiyi həmin hala dair hər hansı sübut təqdim edə bilməmişdir. Əksinə iş üzrə əldə edilmiş məhkəmə ekspertiza mərkəzinin məhkəmə mühəndis-texniki ekspertizası, tikinti-texniki obyetktlərin tədqiqi barədə 30 mart 2021-ci il tarixli 10/2872 №-li ekspert rəyi ilə cavabdeh tərəfindən görülən təmir-tikinti işləri üçün çəkilmiş xərclərin hazırki orta bazar qiymətinə uyğun olaraq təqribi qiymətinin 18647,3 manat olduğu müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, qalan 101687,7 manat (120335 manat – 18647,3 manat) məbləğində pul vəsaitinin iddiaçıya məxsus bağ evinin təmiri üçün xərclənməsi barədə sübutlar mövcud olmadığından iddia tələbi həmin hissədə əsaslıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə qəbul edir. Bununla belə məhkəmə hesab edir ki, iddia tələbi “iddiaçıya məxsus 2 ədəd kondisionerin və ya həmin kondisionerlərin dəyəri olan 2000 manat pulun cavabdehdən alınaraq ona qaytarılması” hissəsində əsassızdır. Belə ki, Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, Mülki Məcəllənin 157-ci maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi (yaxud qanuni sahibi) olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi kondisionerlərin mövcudluğunu və cavabdehdə olduğunu sübut etməsidir. Lakin iddiaçı hissədə iddia tələbini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, habelə iddianın həmin hissəsi cavabdeh tərəfindən də etiraf edilməmişdir. Məhkəmə, iddiaçının maddi və mənəvi ziyan tələbini də əsaslı hesab etmir. Belə ki, həmin tələb kifayət qədər əsaslandırma aparılmadan irəli sürülmüş və onun əsaslı olduğuna dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarında da izah edilmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır”. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə qəbul edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 10 manatı isə iddiaçının özünə aid edilməli, o cümlədən ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 101687,70 (yüz bir min altı yüz səksən yeddi manat 70 qəpik) manat məbləğidə pul vəsaiti və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 101707,70 (yüz bir min yeddi yüz yeddi manat 70 qəpik) manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar