Məhkəmə qərarları › İş №2(001)-200/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-200/2022

25.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-200/2022 25.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 16000 manat, mənəvi ziyana görə 10000 manat tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı maddi ziyana görə 16000 manat, mənəvi ziyana görə 10000 manat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, ailəsi ilə birgə qızı İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Ü.Hacıyev küçəsi 4 saylı evin 41 saylı mənzilində yaşayır. Üst qonşusu həmin binanın 44 saylı mənzilinin sahibi Cavabdeh tərəfindən dəfələrlə iddiaçının mülkiyyətində olan mənzilinə suyun axması, kənar təsirlər, yəni davamlı olaraq mənzilin tavan hissəsinə küt alətlərlə mütamadi vurmalar nəticəsində yaşadıqları mənzil yararsız hala düşmüşdür. O, dəfələrlə cavabdehi məlumatlandırsa da, cavabdeh bu barədə heç bir tədbir görməmişdir. Onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və ərazi üzrə 7ci Polis Bölməsinə müraciətinə cavab olaraq cavabdehlə müvafiq proflaktik söhbətlərin aparıldığı, gələcəkdə bu kimi hallara yol verilməməsi bildirilmişdir. Lakin bütün bu tədbirlərin heç bir əhəmiyyəti olmamış və nəticəsiz başa çatmışdır. Cavabdeh qanunsuz və qeyri-etik hərəkətlərinin nəticəsində iddiaçının mülkiyyətində olan mənzilə 16000 manat maddi ziyanla yanaşı iddiaçının ailə üzvü olaraq ona mənəvi ziyan vurulmuşdur. Belə ki, cavabdehin hərəkətləri nəticəsində onun səhhətində ciddi narahatlıqlar yaranmış, ürək əməliyyatı keçirmiş bir adama cavabdeh mənəvi sarsıntı, istirab vermişdir. Həmin mənəvi sarsıntı bu gündək davam etməkdədir. Mənzil tamam yararsız və qüsurlu vəziyyətdədir. İş üzrə keçirilən ekspertiza ilə müəyyən ziyan məbləği həqiqəti əks etdirmir. Mənzilin təmir və yenidən qurulmasına böyük ölçüdə maddi vəsait tələb olunur. Hesab edir ki, cavabdehin təqsiri üzündən yaşadıqları mənzilə dəymiş ziyan və hazırki iddia ilə əlaqədar ödədiyi dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ona görə də Cavabdeh yararsız hala düşmüş mənzilə görə vurulmuş 16000 manat maddi, onun özünə mənəvi ziyana görə 10000 manatın, ödədiyi 30 manat dövlət rüsumun tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş ÖM № 120479 seriyalı 19.07.2002-ci il tarixli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Ü.Hacıyev küçəsi 4 saylı evin 41 saylı mənzili İddiaçı adına 142 öz saylı reyestr kitabında 206322 nömrəsi ilə qeydə alınmışdır. Binəqədi rayonu 79 saylı MKİS-in 03.06.2020-ci il tarixli arayışından müəyyən Bakı şəhəri Binəqədi rayonu Ü.Hacıyev küçəsi 4 saylı evin 41 saylı mənzili X1 mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 23.08.2021-ci il tarixli **********09 saylı məktubundan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Ü.Hacıyev küçəsi 4 saylı evin 44 saylı mənzili Cavabdeh adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13.12.2021-ci il tarixli 10/3758 saylı rəyindən müəyyən olunur ki, tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 41 saylı mənzilin binanın 4-cü mərtəbəsində, cavabdehə məxsus 44 saylı mənzilin isə 41 saylı mənzilin üstündə 5-ci mərtəbədə yerləşdiyini, 41 saylı mənzilin yaşayış otağında və yardımçı tikililərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq, Bakı şəhəri Binəqədi rayonu Ü.Hacıyev küçəsi 4 saylı evin 41 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 44 saylı mənzildən su axdığı və nəticədə 41 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Ü.Hacıyev küçəsi 4 saylı evin 41 saylı mənzilində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 1135 manat məbləğində müəyyən olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, 44 saylı mənzilə baxış keçirilməsi mümkün olmadığından, eləcə də baxış zamanı su sızması davam etmədiyindən, 41 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə rəydə qeyd olunan amilləri nəzərə alaraq, 41 saylı mənzilə su sızma 44 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 44 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Bakı şəhəri Binəqədi RPİ 7-ci PB-nin 29.01.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, X2 müraciətinə əsasən Cavabdeh 7-ci PB-nə dəvət olunaraq onunla profilaktik söhbətlər aparılması, bir daha bu kimi hallara yol verməməsi, analoji hadisələrin baş verəcəyi təqdirdə barəsində daha ciddi tədbirlər görüləcəyi nəzərinə çatdırılmışdır. Azərbaycan Respublikası MM-nin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1111.2.-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla iddiaçının mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Ü.Hacıyev küçəsi 4 saylı evin 41 saylı mənzilinə cavabdehin mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Ü.Hacıyev küçəsi 4 saylı evin 44 saylı mənzilindən su axıdılması nəticəsində iddiaçıya 1135 manat maddi ziyan dəyməsi öz təsdiqini tapdığından məhkəmə iddiaçının cavabdehə qarşı maddi ziyan tələbini bu hissədə əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçının mənəvi ziayan tələbi ilə bağlı qeyd edir ki, iddiaçının ailə üzvünə vurulan mənəvi ziyanla bağlı həmin şəxsin özünün müstəqil iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ olduğundan iddia ərizəsi qalan hissədə təmin edilmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, dövlət rüsumu və iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 1135 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 1165 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar