Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2009/2023 01.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 cəlb edilməklə) qarşı “itin qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 cəlb edilməklə) qarşı “itin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Akita” cinsli itin cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Akita cinsli it ona məxsusudur. Belə ki, internet vasitəsi ilə Akita cinsi itin satılması barədə elan verilmiş, həmin elanda köhnə sahibinin itə baxa bilmədiyi üçün yeni sahib axtarıldığı qeyd edilmişdir. O, bu elan əsasında həmin iti Nigar adlı şəxsdən 2022-ci ilin oktyabr ayında 1500 manata aldı. Bundan sonra Nigar ilə münasibəti yarandı. Akita cinsli iti aldıqdan sonra ilk günlərdə onun aqresiv olduğunu görmüş və bununla bağlı Nigara zəng edərək it ona və qızına hücum etdiyini və onları dişlədiyini bildirdi. Nigar itin belə etməməsi üçün itin başına vurmağı və ya bir müddət iti sahibindən uzaq qalmasını məsləhət gördü. Hiss etdi ki, Nigar itə qarşı çox pis rəftar etmişdir. O, bununla razılaşmayaraq heyvanlara qarşı belə rəftar edilməsinə etiraz etdi. Nigar ona bildirdi ki, ondan öncə bu itin keçmiş sahibi Kənan adlı şəxs olmuşdu və it ona qarşı aqresiv olmuş və Kənanın anasını dişləmişdir. xx.xx.2023-cü ildə Nigar ona zəng edərək onunla görüşmək istədiyini dedi. O, Nigara qızı Lenay ilə Akita cinsli iti Milli Parkda gəzdirdiyini dedi. Bir müddət keçdikdən sonra Nigarla Milli Parkda görüşdü. Nigar ona Akita cinsli itin sahibindən uzaq olması üçün bir həftəlik itə baxmaq üçün adam tapdığını dedi. O, bildirdi ki, bu itin insanlara hucıım edib dişləməməsi üçündür. O, Nigarla razılaşdı. xx.xx.2023-cü il tarixdə o və özünü Nigarın rəfiqəsi kimi təqdim etmiş Sada adlı şəxslə Akita cinsli iti Xəzər rayonu Qala kəndinə apararaq Cavabdeh verdi. Bir gün sonra 28 yanvar 2023-cü il tarixdə o, özünə məxsus olan Akita cinsli itə necə qulluq edilməsini görmək üçün Xəzər rayonu Qala kəndinə getdi. Cavabdeh onu gördükdə təhqir etməyə başladı. Akita cinsli itin onların olduğunu və bu iti onlara Nigarın bağışladığını dedi. Bununla bağlı o, Xəzər Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etdi. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi göstərilən fakrtların məhkəmə səlahiyyətinə aid olduğunu bildirdilər. Odur ki, ona məxsus olan Akita cinsli itin Cavabdeh alınıb ona qaytarılması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət edir. Cavabdeh məhkəməyə yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı ona qarşı irəli sürdüyü iddia tam əsassiz olmaqla böhtan xarakterlidir. Bu iddianı o, qəbul etmir. Ona görə ki, əsla hec bir həqiqəti əks etdirmir. Onun bütün hərəkətləri qanunsuz olaraq başqa şəxsin sahibliyində olan itin ələ keçirərək satmaqla gəlir əldə etməyə yönəlmişdir. Bunu onlar hadisələrin gedişatında yəqin etdilər. Əslində isə o, Yeganə xanımı tanımamış, deməli heç bir qarşılıqlı münasibəti də, ola bilməzdi. Onu yalnız bu ilin yanvar ayının sonlarında qızı Səadətlə birgə onların evə gəlməsi ilə tanımışdır. İddiaçının ona qarşı iddia irəli sürməsi həm heyrət doğurur, həm də ali təhsilli bir həkim kimi mənəviyyatına toxunaraq ləyaqətini alçaltmış olur. Axı iddiaçı özü də, yaxşı bilir ki, iti o 27 yanvar 2023-cü il tarixdə özü qızı Səadətlə birgə onların evə gətirib qoymuşdur. İt cəmi iki həftə onlarda qaldıqdan sonra onlar onu həqiqi sahibi olan X2 qaytarmışlar. Odur ki, it əslində elə o vaxtdan onlarda deyil, Nigar xanımdadir. Məhz ona görə də, itlə bağlı iddiaçının ona qarşı iddia irəli sürməsi tam əsassızdır. O bilir ki, iti Nigar xanımdan ala bilməyəcəkdir, ona görə ki, itin həqiqi sahibi o deyil, Nigar xanımdır. Hazırda da iddia olunan it Nigar xanımın sahibliyindədir. Belə ki, Akito cinsli iti Nigar xanım qanuni yolla əldə etmişdir. Nigar xanımda o itə aid səhv etmirsə pasportu da vardır. Nigar hansi səbəbdənsə (o biləni onun başqa iti də olmuşdur) sosial şəbəkədə elan verərək iti başqa ailəyə saxlamaq üçün vermək istədiyini bildirmişdir. Elan əsasında Yeganə xanım gəlib Nigardan iti saxlamaq ücün evinə aparmışdır. Görünür bu onu qane etməmiş, iti pulsuz Nigardan birdəfəlik əldə etmək, sonra sataraq gəlir əldə etmək niyyəti ilə plan qurmağa başlamışdır. Bu hiylə ilə o Nigara zəng vurararaq itin özünü pis aparmasını, hətta onu bir necə dəfə dişləməsini, ona görə də, iti ona qaytarmaq istədiyini bildirmişdir. Nigar xanım ondan xahiş etmişdir ki, iti saxlaya biləcək yeni ailə tapana qədər saxlasın, sonra iti ondan geri götürər. Nigarın sosial şəbəkədə elan verməsi ilə bu dəfə qızı Səadət Nigarla görüşməyə gedərkən sonra adını bildiyi Yeganə xanımla Nigarın birgə durduğunu görmüşdür. O vaxta qədər qızı Səadət Yeganəni əsla tanımamışdır. Səadətin də, iştirakında Yeganə bədənini açıb göstərməklə Nigar xanımı inandırmağa calişmışdır ki, dişlədiyinə görə iti ona qaytarır. Bundan sonra Nigar iti Yeganə xanımdan alaraq qızı Səadətə vermişdir. Qızı evinə getmək istərkən Yeganə israrla onunla birgə getmək istədiyini, bəzi məsləhətlər verməyi lazım bildiyini demişdir. Sən demə o onların evini hər vasitə ilə tanımaq niyyəti güdmüşdür. Qızı da, buna etiraz etmədən birgə iti Qala kəndinə, yaşadıqları evə gətirmişdir. Məhz bu vaxt da o, iddiaçı görmüşdür. Bundan bir iki gün keçmiş Yeganə bağa, onların evinə gəldi, itin necə yaşaması ilə maraqlandı, onlara bəzi məsləhətlər verərək itə necə saxlamağı öyrətməyə çalışdı. O biri gün onlara gələrək iti aparmaq istədiyini bildirdi. Onlara gələrkən qapının cəftəsini necə açdığını belə bilməmişlər. Onlar iti ondan deyil, Nigardan aldıqlarını demiş və iti ona verməyəcəklərini bildirmişlər. Yeganə buna etirazını bildirərək, nəyin bahasına olur-olsun, iti onlardan alacağını deyərək getdi. Bir iki gündən sonra sahə inspektoru Yeganə ilə birlikdə onların evinə gəldilər. Məlum oldu ki, Yeganə əsassız olaraq onlardan Polisə şikayət edib. O, iddiaçının bu inadkar, əsassız olan iddialarından əsəbləşərək onu evə buraxmamışdır. Sahə inspektoru gəlib itə baxdı və heç bir söz demədən çıxıb getdi. O da itin davranışlarından ehtiyat edərək iti öz sahibi olan Nigar xanıma qaytarmışdır. Beləliklə də, it onlarda iki həftə qaldıqdan sonra Nigar xanıma qaytarmışlar. Hazırda da, it Nigar xanımdadır, onda deyil. Ona görə də, iddiaçının itlə bağlı ona qarşı olan iddiası əsassızdır. Odur ki, bu mülki iş üzrə cavabdeh tərəf ola bilməz. Hadisələrin gedişatından gəldiyi qənaətə görə Yeganə xanım hər vasitə ilə iti əldə etməyə çalışması tamah məqsədi güdür. İddiaçının iddia ərizəsində göstərdiyinə əsasən iti o Nigardan 1500 manata almışdır. Sonra da, yenə ərizəsində göstərdiyi kimi iti Nigara da könüllü olaraq geri qaytarmışdır. Belə olduğu təqdirdə bu mülki iş üzrə o, iddiaçı tərəf ola bilməz, Nigar xanım ola bilər. Beləliklə də iddiaçının ona qarşı irəli sürdüyü iddianı aşağıda göstərəcəyi dəlillərə görə əsassız və qanunsuz hesab edir: İddiiaçının ondan tələb etdiyi Akito cinsli it onun sahibliyinə hüquqi anlamda keçməmişdir. İti onların evinə qızı Səadət gətirmişdir. İt cəmi iki həftə onların evində qalmış, sonra da, iti sahibi kimi tanıdıqları Nigara qaytarmışlar. Ona görə də bu işdə o, cavabdeh şəxs kimi cəlb edilə bilməz. Cavabdeh kimi yalnız Nigar xanım çıxış edə bilər. İti qızı Səadət iddiaçıdan deyil, elan əsasında Nigardan almışdır. Ona gərə də, iddiaçının ona qarşı iddiası tam əsassızdır. Onun iddiası Nigar xanıma yönəlməlidir. İddiaçının öz iddiasında da, göstərdiyi kimi iti o Tahirova Nigar xanımdan 1500 manata almışdır. Sonra da, könüllü olaraq gətirib yenidən Nigara qaytarmışdır. Belə olduğu təqdirdə iddiaçının itlə bağlı hər hansı bir iddiası ona qarşı ola bilməz. Belə ki, itlə bağlı şifahi alqı-satqı müqaviləsi, yaxud sahibliklə bağlı mübahisə Nigarla iddiaçı arasında yaranmışdır ki, bu mübahisənin də, məhkəmədə tərəfləri kimi bu iki şəxs çıxış edə bilər, o, yox. İddiaçi iddiasında da, göstərdiyi kimi iti o qızı Səadətlə birlikdə xx.xx.2023-cü il tarixdə onların evinə gətirmişdir. Belə olduğu təqdirdə nə üçün bir neçə gündən sonra o iti ondan geri istəmişdir.? Deməli o ilk gündən onlara evi tanımaq məqsədi ilə Bakıdan Qala qəsəbəsinə qədər gəlmişdir. Onun bu hərəkəti bu qənaətə gəlməyə imkan verir ki, gəlir əldə etmək məqsədi ilə iti satmaq qərarına gəlmişdir. Lakin bunun üçün o itin həqiqi sahibi olan Nigardan müvafiq icazə almalı idi. Nigarın buna razılıq verməyəcəyini qabaqcadan bilən iddiaçı bu məqsədinə onların vasitəsi ilə həyata keçirməyi düşünmüşdür ki, indiki əsassz iddia da, bu məqsədin tərkib hissəsidir. İddiaçı ona qarşı, itin qaytarılması barədə olan iddiası əsassz və qanunsuz iddia olduğundan, həmçinin həqiqi tərəf olmadığı səbəbi ilə, təmin olunmadan rədd olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 izahatında bildirdi ki, it onun iti olub. Onun balaları olandan sonra, həmin balaları o, 400 manatdan satmışdır. Bu iti isə, o, qonşusuna satmışdı. Lakin beş aydan sonra qonşu iti ona geri qaytarmışdır. O da məcbur olub internetdə elan vermişdi ki, iti pulsuz verir. İddiaçı onunla əlaqə saxlayaraq iti ondan götürdü. İti verəndə iddiaçıya demişdir ki, o, daimi itə nəzarət edəcək və onunla görüşəcək. Bir müddət sonra Yeganənin qızı onunla əlaqə saxlayaraq, ona bildirmişdir ki, it onun anasını, yəni Yeganəni dişləyib. O, iti Yeganədən götürüb cavabdehin qızına vermişdi. Orada da problem yarandığı üçün iti ordan götürmüşdür. Hazırda iti başqa bir ailəyə veribdir. Bildirmək istəyir ki, o, iti iddiaçıya pulsuz vermiş, iddiaçı ona 1500 manat pul verməmişdir. Həmçinin ona verilmiş suala cavab olaraq bildirdi ki, iddiaçı öz razılığı ilə iti ona qaytarmışdır. İti ondan heç kəs məcburi almamışdır. İddiaçı iti qaytardıqdan sonra Həsənova Səadətə bağışlamış, Səadət də iti qaytardıqdan sonra iti başqa adama pulsuz bağışlamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Seidəli-zadə Lenay Nəsib qızı ifadəsində göstərmişdir ki, iddiaçı onun anasıdır. Anası ona demişdir ki, o, iti pulla almışdır. Anasının Nigarla nə qədər pula razılaşdıqlarını, anasının Nigara nə qədər pul verdiyini bilmir. Kinoloq onlara demişdir ki, iti özlərindən bir müddət ayrı saxlasınlar ki, itin agressivliyi keçsin. Onlar da bu səbəbdən iti cavabdehə vermişlər. Sonradan iti cavabdehdən geri tələb etdikdə, cavabdeh iti qaytarmaqdan boyun qaçırdı. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 ifadəsində göstərmişdir ki, iddiaçı tərəf onun ailəvi tanışıdır. Onlar iti başqa şəxsə verilməsində kömək göstərməyini istədilər. O, da onlara kömək etdi. O, bulvarda iti cavabdehin qızına verilərkən orada olmuşdur. İti iddiaçı hansı qiymətə aldığı barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə verən X7 ifadəsində göstərmişdir ki, cavabdeh onun anasıdır. Mübahisəli itin balalarından birini onun yaxın rəfiqəsi pulla almışdır. Rəfiqəsi ona elanı göndərərək bildirmişdir ki, mübahisəli iti pulsuz əldə edib saxlaya bilər. O da tez Nigar xanımla əlaqə saxlamış, iti ondan qardaşı üçün almaq istədiyini bildirmişdir. O bulvarda görüşüb iti Nigar xanımdan aldı. Orada Yeganə xanımda var idi, onlar bildirdilər ki, o, it agressivdir və onları bir neçə dəfə dişləyib. Uşaqları da bu söhbətdən biraz qorxdular. Bu zaman Yeganə xanım bildirdi ki, o, iti öz avtomobili ilə onların həyətinə apara bilər. Uşaqlar qorxduğundan Yeganə xanımla razılaşdı və iti dişlədiyinə görə öz evinə deyil anasıgilin bağına apardı. Sonradan başa düşdü ki, Yeganə xanımın iti öz avtomobili ilə aparmaqda məqsədi tamamilə başqa cür olub. Yeganə xanım daha sonra dəfələrlə onu və anasını narahat etdiyindən onun nömrəsini bloka atdılar. Yeganə xanım onları polisə verdikdən sonra isə onlar Nigar xanıma zəng edib dedilər ki, iti onlardan götürsün, çünki Yeganə onlardan əl çəkmir. Ona görə də iti Nigar xanımın özünə qaytardılar. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli pasportun surətindən görünür ki, Riosan adlı Akita cinsli erkək itin sahibi X3r. xx.xx.2022-ci il tarixdə, saat 21:31-də sosial şəbəkədə edilmiş paylaşımdan görünür ki, Akita cinsli it şəklinin üzərində qeyd edilmişdir ki, himayəyə verilir, yalnız mənzil içində. 5 aylıqdır. xx.xx.2023-cü il tarixdə, saat 10:30-da sosial şəbəkədə edilmiş paylaşımdan görünür ki, Akita cinsli it şəklinin üzərində qeyd edilmişdir ki, təcili pulsuz himayəyə verilir. Cinsierkəkdir. Lenay Seidali-zadə tərəfindən sosial şəbəkə vasitəsi ilə yazılmış mesajlardan görünür ki, anasının digər tərəfə zəng etdiyini, lakin zəngə cavab verilmədiyini, itin anasının qarnından və əlindən dişlədiyini, itin otaqdan çıxmadığını, qapının yanında oturduğunu, qapı açılan kimi anasının üstünə tullandığını bildirmişdir. X1 Yeganəyə yazdığı mesajdan görünür ki, o, sonuncuya iti görmək istədiyini bildirmişdir. Bakı Şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, onun ərizəsinə baxılmış və müəyyən edilmişdir ki, göstərilən faktlar məhkəmə səlahiyyətlərinə aiddir. Ona bu məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi bildirilmişdir. İşdə olan fotoşəkillərdən görünür ki, itlə birlikdə iddiaçının və qızının şəkilləri mövcuddur. CD-də diskdə olan səs yazılarından müəyyən edilir ki, iddiaçı Nigar xanıma səs yazısı göndərərək o, itin Səadətə verilməsindən məmnunluğunu ifadə edir. İtin saxlanması üçün yaxşı şərait yaradıldığını bildirir. İddiaçı Səadət xanıma səs yazısı göndərərək itin qardaşına verilməsi ilə bağlı nə üçün ona yalan danışdığını, onunla xoşagəlməz səs tonu ilə danışdığını bildirmiş və bu səbəbdən iti geri istəmişdir. İddiaçı Natella xanıma səs yazısı göndərərək, qızının onunla pis danışdığını, itin sahibinin Nigar olmadığını, itin sahibinin özü olduğunu və tez bir müddətdə itin ondan geri alacağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 135.3-cü maddəsinə əsasən bitkilər və heyvanlar əşya deyildir. Onların hüquqi vəziyyəti xüsusi qanunlarla müəyyənləşdirilir. Əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara da şamil edilir. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, “Akita” cinsli it hazırki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 məxsus olmuşdur. Sonuncu mübahisəsi gedən iti iddiaçıya bağışlamış və bağışlanma zamanı belə bir şərt qoyulmuşdur ki, Nigar Tahirova itə həmişə nəzarət edəcək. Bundan sonra it iddiaçının himayəsində olduğu zaman ərəfəsində iddiaçıya və onun ailə üzvlərinə bədən xəsarətləri yetirmiş və iddiaçı bu barədə Nigar Tahirovaya məlumat vermiş, nəticə də isə iddiaçı könüllü surətdə iti Nigar Tahirovanın özünə qaytarmışdır. Nigar xanım isə iti əvvəlcə X5 bağışlamış, daha sonra isə başqa şəxsə bağışlamışdır. Hazırda isə iddiaçı mübahisəli iti əvəzi ödənilməklə aldığını, müəyyən müddət ərzində itin saxlanması üçün Cavabdeh verdiyini və sonuncu tərəfindən itin ona qaytarılmadığını bildirsə də, bununlarla bağlı heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, mübahisəsi gedən iti ona bağışlanda da daha sonra özü tərəfindən qaytarılmışdır. Belə olan halda itin iddiaçıya məxsus olması iş materialları ilə öz təsdiqini tapmır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X6 cəlb edilməklə) qarşı “itin qaytarılması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-2009/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2009/2023
01.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver