Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2011/2023 11.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 20 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması tələbinə dair iddia ərizəsinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçın cavabdeh Bakı şəhəri 20 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası İsrafil Zal oğlu 14 fevral 1983-cü il tarixdə vəfat etmişdir. İddiaçının atası İsrafil Zal oğluna ünvan 1 ünvanda fərdi yaşayış evi olmuş və bu əmlak miras qalmışdır. İddiaçının anası X2 xx.xx.1981-ci il tarixdə vəfat etmişdir. İddiaçı tərəfindən atası İsrafil Zal oğlundan miras qalmış əmlaka dair vərəsəlik işi açılması və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Bakı şəhəri 20 saylı Notariat Ofisinə müraciət edilmiş və ona verilmiş cavabda mirasın qəbulunun qanunla müəyyən edilmiş müddətinin ötürülməsinə görə ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməli olması göstərilmişdir. İddiaçı atası vəfat etdikdən sonra miras əmlaka sahiblik etməyə başlamış və mirası qəbul etmişdir. Lakin hüquqlarını bilmədiyindən vaxtında notariat kontoruna müraciət etməmiş və bu müddət üzrlü səbəbdən ötürülmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Bakı şəhəri 20 saylı Notariat Ofisinin notariusu Səristan Səmədov xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək işə Bakı şəhəri 20 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportunun surətindən görünür ki, Kirov rayonu, Biləcəri qəsəbəsi, 2-ci Şimal küçəsi, ev 11 ünvanında yerləşən daşınmaz əmlakın sahibi İsrafil Zal oğlu olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X3 xx.xx.1981-ci il tarixdə, İsrafil Zal oğlu isə xx.xx.1983-cü il tarixdə, ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1947-ci il təvəllüdlü X4 atası İsrafil Zal oğlu, anası isə X1r. İş materiallarında olan Bakı şəhəri 20 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 330 saylı cavab məktubunda göstərilmişdir ki, müddətin ötürülməsi səbəbindən İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi imkan xaricindədir və ona bununla əlaqədar olaraq buraxılmış müddətin bərpası ilə əlaqədar müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə hazırkı mülki işin materiallarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılmalıdır. Belə ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə görə, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Hazırkı işin halları məhkəməyə imkan verir ki, müddətin üzrlü səbəbdən ötürüldüyünü hesab etsin. Belə ki, atasından miras qalmış evdə həyatı boyu yaşayan 76 yaşında olan ərizəçi bürokratik əngəllərlə üzləşmiş və müəyyən müddət kəsiyi çərçivəsində onları həll etməyə çalışmışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı atası İsrafil Zal oğlundan miras qalmış əmlakı qəbul etməsi müddəti 1 ay uzadılsın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı xx.xx.1983-cü il tarixdə ölmüş atası İsrafil Zal oğlundan miras qalmış əmlakı qəbul etməsi müddəti 1 (bir) ay uzadılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-2011/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2011/2023
11.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver