Məhkəmə qərarları › İş №2(001)-2016/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2016/2021

09.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2016/2021 09.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və anasından ona məxsus 8000 (səkkiz min) manat pulun və mənəvi zərərə görə 3000 (üç min) manat məbləğində pulun, ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh dörd ildir tanıyır və əlaqələri, münasibətləri olmuşdur. Həmin vaxtlar onun qazancı yaxşı olmuş, cavabdehə mütəmadi olaraq maddi kömək göstərmişdir. Təxminən bir il bundan qabaq maddi vəziyyəti ağırlaşmış, buna baxmayaraq cavabdeh və anası yenə də qane olmayaraq müxtəlif məsələləri ortaya ataraq ondan pul almışlar. Cavabdeh və anası təxminən 2019cu ilin martında ona bildirmişlər ki, Cavabdeh hamilədir və abort üçün ondan 500 manat pul almışlar ki, bu məsələni həll etmək üçün özlərinin tanış həkimi var. Lakin bir müddət sonra ona baş tutmadığını bildirmiş və həmin məsələ ilə bağlı ondan yenə pul almışlar. Pulu da əsasən cavabdehin anasına vermişdir. Nəhayət uşaq doğulmuş və o, heç nə düşünmədən insanlıq edərək uşağın doğum şəhadətnaməsinə valideyn kimi yazılmağa xx.xx.2020-ci il tarixdə razılıq vermişdir. İndi onlar uşaqdan istifadə edərək şantaj və təzyiqlə tez-tez ondan pul tələb edirlər. Onların hərəkətləri nəticəsində infakt keçirtmişdir, o artıq xəstədir və imkanları tükənmişdir. Onun maddi vəziyyəti ağırlaşandan sonra cavabdeh və anası uşaqla bağlı layihə hazırlamışlar ki, aliment adı altında gələcəkdə ondan pul alsınlar. Cavabdeh ondan ümumilikdə 8000 manat məbləğində pul almışdır. Cavabdeh və anasının təqsiri üzündən o çox ciddi stres keçirmiş, əsəb gərginliyinə məruz qalması səbəbindən o mənəvi zərərə məruz qalmışdır. Aldadılması, pul vəsaitindən məhrum edilməsi onun şüuruna mənfi psixoloji təsir etmişdir, xəstəliyi şiddətlənmişdir və sağlamlığı pozulmuşdur. Cavabdeh və anası tərəfindən ona vurulmuş mənəvi zərəri 3000 (üç min) manat məbləğində dəyərləndirir. Məhkəmə iclasında İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmiş, həmçinin cavabdeh və onun anasının əmələrində cinayət tərkibi olduğundan barələrində xüsusi qərardad qəbul edilərək prokurorluğa göndərilməsi xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin birgə uşaqlarından istifadə edərək şantaj və təzyiqlə tez-tez ondan pul tələb etdiyini, ondan ümumilikdə 8000 manat məbləğində pul aldığını, nəticədə ciddi stres və əsəb gərginliyinə məruz qaldığını iddia etməklə hazırkı iddia tələblərini irəli sürmüşdür. Bu mənada məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Həmçinin nəzərə alınmalıdır ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №-li Qərarında da izah edilmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır”. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə sübutetmə yükü üzərinə düşən iddiaçı iddiasını sübuta yetirmək üçün məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul və mənəvi zərərin ödənilməsi” tələbini irəli sürməkdə haqlı olmamışdır. Məhkəmə iddiaçının “cavabdeh Aynurə Hüseynovanın və anasının əməlində cinayət tərkibi olduğundan barələrində xüsusi qərardad çıxararaq prokurorluğa göndərilməsi” barədə vəsatətinə münasibətdə qeyd edir ki, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Hazırkı halda isə bu cür əlamətlər müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar