Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2031/2025 08.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 90000 manat məbləğində pulun, 360 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 digər Cavabdeh2 ilə birlikdə xx.xx.2022-ci il tarixdə İddiaçı 90000 manat məbləğində qızıl-zinyət əşyalarını alaraq başqa şəxslərə satmışdır. Bu səbəbdən də cavabdehlərin iddiaçıya 90000 manat borcu yaranmışdır. Bununla bağlı olaraq iddiaçı qələmlə yazaraq iddiaçıya qeyd olunan məbləğdə borcunun olmasını yazmış və hissə-hissə ödəyəcəyi barədə bildirmişdir. Aradan bir neçə il keçməsinə baxmayaraq cavabdehlər iddiaçı qarşısında borc öhdəliklərini yerinə yetirməmişdirlər. Bundan sonra cavabdehlərə pretenziya göndərilsə də, buna məhəl qoyulmamışdır. Sonradan Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək Gəncə Ağır Cinayətlər Məhkəməsində barəsində ittihamedici hökm çıxrılmış və hal-hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Cəzaçəkmə müəssisəsindən tez-tez iddiaçıya telefon vasitəsi ilə zəng edir, özünün və bacısının iddiaçıya borcu olmasını telefonda etiraf edir. Göründüyü kimi, cavabdehlər iddiaçı qarşısında öhdəliklərini bu günə qədər yerinə yetirməmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin, o bildirdi ki, Cavabdeh1 iddiaçıdan pulu götürən zaman Cavabdeh2 da orada olmuş və qızılların müəyyən hissəsi Dinarəyə verilmişdir. Buna sübut “Whatsapp” mobil tətbiqi vasitəsilə aparılan yazışmalardan görünür. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, o, iddianı qəbul edir. Lakin qızılları və pulu o özü götürmüş, bacısının heç bir günahı yoxdur, həmin pulu da ö özü ödəyəcək. Həmçinin, o, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. O, bu barədə məhkəməyə ərizə də göndərmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının Cavabdeh2 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçını və onun nümayəndəsini (vəkilini) dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: İltizamın surətindən görünür ki, Cavabdeh1 İddiaçı ümumi dəyəri 90000 manat olan qızıl zinyət əşyaları almış, ayrı-ayrı şəxslərə satmışdır. Hal-hazırda 90000 manat borcunun olmasını imzası ilə təsdiq etmişdir. İddiaçı tərəfindən Cavabdeh2 ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh2 90000 manat pulun 5 gün ərzində ödənilməsi tələb edilmişdir. İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh1 90000 manat pulun 5 gün ərzində ödənilməsi tələb edilmişdir. “Whatsapp” mobil tətbiqi vasitəsilə aparılan yazışmalardan görünür ki, iddiaçı Cavabdeh2 ona satılan malların pulunu soruşmuşdur. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün məhkəməyə 360 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki işin materiallarından görünür ki, iddiaçı Cavabdeh1 dəyəri 90000 manat məbləğində olan qızıl-zniyət əşyalarını vermiş, bununla da Cavabdeh1 iddiaçıya 90000 manat borcu yaranmışdır. Bu halı Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatla da etiraf etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəəyən olunmuşdur ki, iddiaçı tərəfindən Cavabdeh1 qızıl-zinyət əşyalarını satan zaman digər Cavabdeh2 da iştirak etmiş, Cavabdeh1 həmin əşyaların pulunu qaytarmadıqda iddiaçı həmin pukun qaytarılması ilə bağlı Cavabdeh2 müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edildiyini nəzərə alaraq, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 90000 manat məbləğində pul və 360 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 90000 (doxsan min) manat məbləğində pul vəsaiti və 360 (üç yüz altmış) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-2031/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2031/2025
08.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver