Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2040/2023 31.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin mənzilindən axıdılan suyun qarşısı alınması və vurulmuş 2000 manat maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “cavabdehin mənzilindən axıdılan suyun qarşısı alınması və vurulmuş 2000 manat maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi, bina 5a/8, 9 nömrəli mənzilə eyni mərtəbədə yerləşən 12 nömrəli mənzildə yaşayan cavabdehin mənzilindən suyun axıdılması nəticəsində dəymiş maddi zərərin əvəzi qismində 2000 manat məbləğində pulun və məhkəməyə ödənilmiş olan 31 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. Həmin binanın 3-cü mərtəbəsindəki 9 saylı mənzil onun mülkiyyətindədir. Cavabdeh isə onların binasının 12-ci mənzilinin mülkiyyətçisidir və onun üst qonşusudur. Onlar həmin mənzildə yaşadıqları dövrdə üst qonşuları, yəni dördüncü mərtəbədə olan cavabdeh tərəfindən mənzilindən (belə ki, cavabdeh öz evinin rekonstruksiyasını dəyişmişdir) dəfələrlə onların mənzilinə suyun axması nəticəsində yaşadıqları mənzil yararsız hala düşmüşdür. Dördüncü mərtəbədə olan cavabdeh eyni sıra üzrə yerləşən 3cü mərtəbəyə (yəni onun mənzilinə), ikinci mərtəbəyə, eləcə də, 1-ci mərtəbəyə su axıdmaqla yaşadıqları mənzillərə maddi ziyan vurmuşdur. Yaşadıqları mənzillərin sanitar qovşağına, hamamına, dəhlizinə və kladovkaya üst qonşusu tərəfindən su axıdılır və axıdılmaqda davam edir. Suyun axıdılması barədə qonşusu cavabdehi məlumatlandırsa da, üst qonşu onun tərəfindən hər hansı bir suyun axıdılmasını inkar etmiş, bununla bağlı hər hansı bir ödənişin edilməsindən onlara imtina etmişdir. Onu da qeyd edir ki, mənzillərinə su axıdan cavabdehin mənzilində özü deyil, kirayəçilər qalır (onda olan məlumata görə Elbrusun qaynanası evin kirayə verilməsi ilə bağlı məsələləri öz üzərinə götürmüşdür). Həmin mənzildə kimlərin qalması, necə qalması və kimlərin gəlməsigetməsi cavabdehi heç maraqlandırmır. Həmin mənzil daim kirayədə olduğundan kirayəçilər tərəfindən təmirsiz hala düşmüş, daim mənzillərinə suyun axıdılmasının cavabdehə aid olmamasını bəhanə edilərək məsuliyyətdən yayınmışdır. Bununla bağlı, onlar 80 nömrəli MKİS-nə məlumat vermişlər və dördüncü mərtəbədə olan 12 saylı mənzilə baxış keçirərkən suyun axma mənbəyi məhz həmin mənzildən 9 saylı mənzilə ordanda eyni sıra üzrə digər mənzillərə suyun axıdılması müəyyən edilmişdir. Mənzillərinin təmiri üçün cavabdehdən dəymiş maddi ziyanın ödənilməsini tələb etsələr də, cavabdeh heç bir ödəniş etməyəcəyinə, hara şikayət edirsə edin deyərək istehza ilə onları yola vermişdir. Cavabdehin mənzilindən axıdılan suyun qarşısı alınmaması onların mənzilini təmirsiz hala salmışdır. Qeyd etdiyi arzuolunmaz hal ilə bağlı hərəkətlər illərdir təkrarlanır və bir vətəndaş olaraq onun konstitusion hüququ kobud şəkildə pozulur. İstər xx.xx.2012-ci il tarixli 80 saylı MKİS-nin möhürü və sahənin mühəndisi X.Nağıyev, texniki nəzarətçisi Q.Qaracayevin imzaları ilə təsdiq edilmiş aktına əsasən, istərsə də, xx.xx.2023-cü il tarixli 80 saylı MKİS-nin möhürü və sahənin mühəndisi Murad İbrahimbəyli, sahə nəzarətçisi Qaraca Qaracayevin imzaları ilə təsdiq edilmiş aktına əsasən Bakı şəhəri, ünvan 1 ünvanına üst qonşu-mənzilin mülkiyyətçisi Cavabdeh məxsus həmin binanın dördüncü mətəbəsində olan 12 saylı mənzildən suyun axıdılması faktı öz əksini tapmışdır. Hesab edirlər ki, cavabdehin təqsiri üzundən onların xüsusi mülkiyyətində olan mənzilinə suyun axıdılması nəticəsində dəymiş maddi ziyanı və hazırki iddia ilə əlaqədar ödədikləri dövlət rüsumu cavabdehdən tutularaq onlara ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını məcmu halda araşdırıb, iddiaçını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Binəqədi rayon 80 saylı MKİ sahəsinin mühandisi M.İbrahimbəyli, sahə nəzarətçisi Q.Qaracayev, fəhləsi X.İsgəndərov tərəfindən Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, bina 5a/8, mənzil 9-da yaşayan İddiaçı MİKS-nə üst mərtəbədən evinə su axıdılması ilə bağlı yazılı müraciəti əsasında mənzilə baxış keçirilmiş, baxış keçirilən zaman məlum olmuşdur ki, otağın tavanın künc hissəsində saralma və divarın hər iki tərəfində divar kağızının qopması müşahidə olunmuşdur. Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı 238343 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi, 5a/8 saylı evin, 45,96 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı 9 saylı mənzilin mülkiyyətçisidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2746 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 9 saylı mənzilin yaşayış otağı, və dəhliz tikilisinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsində yerləşən 5a/8 nömrəli binanın, 9 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 12 saylı mənzildən su axıdıldığı və nəticədə 9 saylı mənzilin mətbəx və dəhliz tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 12 saylı mənzilin sanitar qovşağı tikilisi təmirli olduğundan, eyni zamanda su kanalizasiya xətlərinin üzərində qüsurlar olmadığından 9 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 9 saylı mənzilə su sızması 12 saylı mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsində yerləşən 5a/8 nömrəli binanın, 9 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1253,0 manat məbləğində müəyyən olunmuşdur. Mülki iş materiallarında iddiaçı və cavabdehə məxsus mənzillərə dair Texniki Pasport sənədləri olmadığından, həmin mənzillərdə konstruktiv dəyişikliklər edilib-edilmədiyini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, maddi zərərlə bağlı öhdəliyin əmələ gəlməsi üçün mülki hüquq pozuntusu (delikt) mövcud olmalıdır. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən mənzilində aparmış rekonstruksiya nəticəsində iddiaçının mənzilinə su axmış, nəticədə mənzilə maddi ziyan vurulmuşdur. Beləliklə iş materiallarından aydın olur ki, hadisənin birbaşa təqsirkarı Cavabdeh olmuş, delikti də məhz o törətmişdir. Çünki delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Məhkəmə, mənzilə dəymiş zərərin məbləğini müəyyən edilməsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir, həmin rəydə isə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsində yerləşən 5a/8 nömrəli binanın, 9 saylı mənzilinə dəymiş zərər 1253 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya 1253 manat məbləğində əldən çıxmış fayda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən tələb edilən 31 manat məbləğində dövlət rüsumu da Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş zərərə görə 1253 (min iki yüz əlli üç) manat və 31 (otuz bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsaitin Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-2040/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2040/2023
31.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver