Məhkəmə qərarları › İş №2(001)-2045/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2045/2021

09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2045/2021 09.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi Araz Alakhverdievin iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mazda 6” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 800 manat sığorta ödənişi məbləği və bu ərizənin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumu, cəmi 830,40 manat pul vəsaitini cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 20.01.2020-ci il tarixində idarə etdiyi Cavabdeh1 MMC-yə məxsus “İsuzu” avtobus markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “Mazda 6” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra Cavabdeh2 hadisə yerindən yayınmışdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması Yasamal rayon DYPŞ-nin inzibati tənbehvermə haqqında protokol və qərarında öz əksini tapmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən “Mazda 6” markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 800 manat ziyan dəymişdir. 06 fevral 2020-ci il tarixli sığorta aktına və 07 fevral 2020-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı sığorta şirkətinə dəymiş 800 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh2 Cavabdeh1 MMC-nin işçisi olmuş və avtomobili yol vərəqəsi əsasında idarə etmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak etməmiş və nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi X8 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir və rədd edilməsini xahiş edir. Belə ki, MMC ilə İddiaçı Sığorta Şirkəti arasında əlavə müqavilə imzalanmışdır. Hansı ki, həmin müqaviləyə əsasən subroqasiya məsələsi də tənzimlənməlidir. Hazırki mübahisə ilə bağlı şirkətlərin rəhbərləri arasında danışıqlar həyata keçirilir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Cavabdeh1 MMC-yə məxsus “İsuzu” avtobus markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtobusu yol vərəqi ilə idarə edən Cavabdeh2 yol nəqliyyat hadisəsi nəticəsində Babayev Vüsal Novruz oğlunun etibarnamə əsasında idarə etdiyi, mülkiyyətçi X3 məxsus olan “Mazda 6” minik markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə 06 fevral 2020-ci il tarixli hesabatdan görünür ki, “Mazda 6” markalı, **-NS-*** dövlət qeyiyyat nişanlı avtomobilə ümumilikdə 800 manat məbləğində zərər dəymişdir. 20.01.2020-ci il tarixli İnzibati xəta haqqında İXP seriyalı, ******* saylı protokolun surətindən görünür ki, 20.01.2020-ci il tarixində “İsuzu” avtobus markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edən Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xəta törədilmişdir. 28.01.2020-ci il tarixli TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 20.01.2020-ci il tarixində idarə etdiyi “İsuzu” avtobus markalı, **-JM-***5 dövlət qeydiyyat nişanlı avtobusla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xəta törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Cavabdeh2 Yasamal RPİ DYPŞ-nin rəisi polis polkovnik-leytenantı Məmməd Əliyevə yazdığı izahatından görünür ki, o, 20.01.2020-ci il tarixində saat 16:40/45 radələrində M.Muxtarov küçəsində Cavabdeh1 MMC-yə məxsus “İsuzu” avtobus markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtobus ilə hərəkətdə olarkən, yolun sağ hissəsində dayanmış “Mazda” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında keçən zaman avtobusun qabaq sağ təkəri ilə həmin avtomobilin qabaq sol hissəsini bamperini sürtüb, sındırmışdır. Avtobusu saxlayıb aşağı düşmüş, avtomobilin sahibini tapa bilmədiyindən hadisə yerini tərk etmişdir. Hadisə barədə hər hansı dövlət orqanına məlumat verməmişdir. AD seriyalı, 311945 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin fotoşəklindən görünür ki, **-JM-***5 dövlət qeydiyyat nişanlı, “İsuzu” markalı avtobus Cavabdeh1 MMC-yə məxsusdur. Cavabdeh1 MMC tərəfindən verilən 13054 saylı, yol vərəqindən görünür ki, Cavabdeh2 “İsuzu” avtobus markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtobusu 65 № marşurut xətti ilə idarə etmək üçün 15 yanvar 2020-ci il tarixindən 31 yanvar 2020-ci il tarixinə kimi səlahiyyət verilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mazda” minik markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsusdur. ƏN-V № 089272 saylı nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, X6 “Mazda” minik markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün 26.09.2029-cu il tarixinədək Babayev Vüsal Novruz oğluna səlahiyyət vermişdir. 06 fevral 2020-ci il tarixli, №081344 saylı sığorta aktından görünür ki, sığortalıCavabdeh1 MMC-yə məxsus sığortalanmış “İsuzu” avtobus markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtobus sığortalanmış “Mazda 6” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuşdur. “Mazda 6” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 800 manat məbləğində müəyyən edilmiş və X2 hesabına ödənilmişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh1 MMC-yə və Nuriyev Yusif Əbülfət oğluna ünvanlanan 14.02.2020-ci il tarixli məktublardan görünür ki, onlara subroqasiya qaydasında İddiaçı Sığorta Şirkəti tərəfindən həyata keçirilən 800 manat sığorta ödənişini 10 iş günü ərzində İddiaçı Sığorta Şirkəti nə ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəmə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2021-ci il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan 06.02.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Mazda 6” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 800 manat müəyyən edilir. Belə ki, dəyişilməli olan hissələrin qiyməti 450 manat, təmir bərpa işlərinin qiyməti 350 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh2 20.01.2020-ci il tarixində idarə etdiyi “İsuzu” avtobus markalı, **-JM-***5 dövlət qeydiyyat nişanlı avtobusla M.Muxtarov küçəsində hərəkətdə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə X4 etibarnamə əsasında idarə etdiyi, mülkiyyətçi X3 məxsus olan “Mazda 6” minik markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Yol nəqliyyat hadisəsini törətdikdən sonra Cavabdeh2 hadisə yerindən yayınmışdır. Hadisə nəticəsində “Mazda 6” minik markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 800 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir. Dəymiş zərərin əvəzi olaraq iddiaçı tərəfindən 800 manat məbləğində pul vəsaiti avtomobilin mülkiyyətçisi X2 hesabına ödənilmişdir. Hazırda iddiaçı həmin məbləğlərdə sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun avtobusun mülkiyyətçisi Cavabdeh1 MMC-dən və həmin avtobusu yol vərəqi ilə idarə edən Cavabdeh2 müştərək qaydada tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin hallarından görünür ki, yüksək təhlükə mənbəyi Cavabdeh1 MMC-yə məxsus olmuş, yüksək təhlükə mənbəyini Cavabdeh2 hüquqi şəxsin işçisi olmaqla qanuni əsasla idarə etmiş və mülki hüquq pozuntusu törətmişdir. Göstərilən hallar iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmışdır. Yuxarıda sadalanan normaların məzmunundan da göründüyü kimi Mülki Məcəllənin 1099 və 1108-ci maddələri arasında hazırki hala dair normalar arasında mübarizə vardır. Belə ki, yüksək təhlükə mənbəyinin vurduğu zərər mülki hüquq pozuntusu hesab edilir, yüksək təhlükə mənbəyini digər qanuni əsasla idarə edən şəxs həmçinin yüksək təhlükə mənbəyinin mənsub olduğu hüquqi şəxsin işçisi də ola bilər. Yəni yüksək təhlükə mənbəyini idarə edən şəxsin həmin yüksək təhlükə mənbəyini eyni zamanda iki qanuni əsasla idarə etməsi mümkündür və məsələyə MM 1099-cu maddəsinin tələbi baxımından yanaşdıqda mülki hüquq pozuntusuna görə məsuliyyəti hüquqi şəxs, digər tərəfdən yanaşdıqda isə yüksək təhlükə mənbəyini qanuni əsasla idarə edən şəxs daşıyır. Bu isə mübahisəyə Mülki Məcəllənin 1099-cu və eyni zamanda həmin Məcəllənin 1108-ci maddəsinin tətbiqini mümkün edir. Lakin məhkəmə o qənaətə gəlir ki, hüquqi şəxsin işçisi kimi şəxsin törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyəti müəyyən edən Mülki Məcəllənin 1099-cu maddəsi digər normaya münasibətdə xüsusi normadır. Belə ki, həmin norma mülki hüquq pozuntusuna görə məsuliyyət daşımalı olan şəxslərin subyekt tərkibini məhdudlaşdırır. Odur ki, hazırki halda yaranmış mübahisəyə xüsusi norma tətbiq edilməlidir. Belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 10.4cü maddəsinə əsasən eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Odur ki, yüksək təhlükə mənbəyini idarə edən şəxs hüquqi şəxsin sürücülük fəaliyyəti ilə məşğul olan işçisi olduğundan, yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə məsuliyyəti hüquqi şəxs daşımalı və **-NS-*** dövlət qeydiyyat nişanlı “Mazda 6” minik markalı nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi Cavabdeh1 MMC-dən tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, 800 manat pul məbləğinin subroqasiya qaydasında tutulması əsaslıdır. Belə ki, məhkəmə mülki iş üzrə keçirilmiş məhkəmə ekspertizasının nəticəsi olaraq verilən 05 may 2021-ci il tarixli, 9/2005 saylı ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir və avtomobilə vurulan zərərin məbləğinin 800 manat həcmində olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh1 MMC-dən 800 manat məbləğində pul vəsaiti və 30.4 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “Atəşgah“ Sığorta Şirkəti ASC-yə ödənilməli, iddia qalan hissədə, yəni Cavabdeh2 münasibətdə təmin edilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 100 manat məbləğində pul vəsaiti Cavabdeh1 MMC-dən tutularaq, məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1ndən 800 (səkkiz yüz) manat məbləğində pul vəsaiti və 30.4 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “Atəşgah“ Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 100 manat məbləğində pul vəsaiti Cavabdeh1ndən tutularaq, məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar