Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2049/2020 07.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı Balayeva (Baxşalıyeva) Zümrüd Ədalət qızının və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh X4 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Balayeva (Baxşalıyeva)Zümrüd Ədalət qızının cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər 1 saylı Ərazi İdarəsinə qarşı “yetkinlik yaşına çatmayan uşaqla birlikdə yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Balayeva (Baxşalıyeva) Zümrüd Ədalət qızı cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər 1 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, 25/1 saylı evə dair istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Balayeva (Baxşalıyeva) Zümrüd Ədalət qızı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə xx xxxxxxxx 2016-cı il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan xx xxxx 2018-ci il tarixdə X7 doğulmuşdur. Cavabdeh onu xx xxxxxxxx 2016-cı il tarixdə gəlin kimi gəlmiş və yaşamaqla birgə təsərrüfat apardığı, həmçinin cehiz əmlakının yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, 25/1 saylı evdən xx xxxxxx 2019-cu il tarixdə qovmuşdur. Belə ki, onun qaynanası və qaynatası olan cavabdehlər X8 və Cavabdeh3 qaynanasının bacısı oğlunun nişanında iştirak etmək məqsədilə Kürdəmir şəhərinə getmişlər. O, da keçmiş əri Vüsal və uşağı ilə birlikdə atasının evində qalmaq qərarına gəlmişlər və atasının evinə getmişlər. Növbəti gün cavabdehlər X8 və Cavabdeh3 da onun atasının evinə gəlmişlər. Onlar evə dəvət edilsələr də, dəvəti qəbul etməmişlər və onlara öz evlərinə qayıtmağı tapşırmışlar. Sonradan onlar yaşadıqları evə gəlmişlər. Lakin qapını açan olmamış və ilk olaraq cavabdeh X8 qapının arxasından onlara gəldikləri yerə getmələrini bildirmiş, sonra isə qapını açaraq Cavabdeh1 və uşağı evə buraxmış, onu isə qovmuşdur. O, bu barədə atasına məlumat vermişdir. Atası onu və uşağı aparmaq istəmiş, lakin cavabdehlər uşağı verməmişdir. Bununla bağlı polis orqanlarına şikayət edildikdən sonra cavabdehlər uşağı qaytarmışdılar. Başqa sözlə, yaşadığı evdən əsassız olaraq çıxarılmışdır. Ona və uşağa məxsus əşyalar da həmin evdə qalmışdır. Həmin ev cavabdeh X4 mülkiyyətindədir. Hesab edir ki, onun həmin evdən istifadə hüququ yaranmışdır və o, bu evə köçürülməlidir. Daha sonra iddiaçı tərəf iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, 25/1 saylı evdən onun və himayəsində olan uşağı X7 ilə birlikdə istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Balayeva (Baxşalıyeva) Zümrüd Ədalət qızı və onun nümayəndəsi və vəkili Nümayəndəiddia tələbinin və tələbinin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X4 nümayəndəsi və vəkili X6 iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, mübahisəli ev X4 mülkiyyətindədir. İddiaçının həmin evə ümumiyyətlə istifadə hüququ yaranmamış və yaranada bilməzdi. Bu səbəbdən onun qeyd edilən evə köçürülməsi üçün hər hansı əsas yoxdur. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər 1 saylı Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər 1 saylı Ərazi İdarəsi isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə bu cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia rədd ediıməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Balayeva (Baxşalıyeva) Zümrüd Ədalət qızı ilə Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixdə nikah bağlanmışdır. Bundan sonra iddiaçı cavabdeh (qaynatası) X4 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, 25/1 saylı evə köçmüş və cavabdehlər, o cümlədən qaynanası Cavabdeh3 ilə birlikdə həmin evdə yaşamışdır. Həmin nikahdan xx.xx.2018-ci il tarixdə X7 olmuşdur. Onların arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş və onların birgə nikahından olmuş uşaq iddiaçının yanında saxlanılmışdır. xx xxxxxx 2019-cu il tarixdən etibarən iddiaçı və uşaq həmin evdə yaşamır. Buna səbəb kimi qeyd edilən evdən əsassız və qanunsuz olaraq çıxarıldığını vurğulayır və nikaha daxil olduqdan sonra həmin evdə yaşamasını əsas gətirərək, uşaqla birlikdə bu evdən istifadə hüququnun tanınmasını bə evə köçürülmələrini tələb edir. Mübahisəli əmlakın mülkiyyətçisi olan cavabdeh X8 iddianı qəbul etmir. İddiaçının onun mülkiyyətində olan evdən istifadə hüququnun yaranmadığını və onun həmin evə köçürülməsinə hər hansı əsasın olmadığını bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair ” xx.xx.2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Məhkəmə qeyd edir ki, ilk növbədə iddiaçının cavabdeh X4 mülkiyyətində olan evdən istifadə hüququnun yaranıb-yaranmaması müəyyən edilməli və bunun nəticəsindən asılı olaraq onun mübahisəli əmlaka köçürülməli olub-olmaması məsələsinə qiymət verilməlidir. Bununla bağlı nəzələ alınmalıdır ki, mübahisəli ev iddiaçının keçmiş həyat yoldaşı – Cavabdeh1 Sehrab oğlunun deyil, onun keçmiş qaynatası olan digər cavabdeh X4 mülkiyyətindədir. İddiaçı cavabdeh X4 razılığı ilə onun oğlu ilə nikah bağladıqdan sonra mübahisəli mənzilə köçərək, orada yaşamışdır. Lakin onun cavabdeh X4 mülkiyyətində olan evdə yaşaması onun “digər qohum” statusu ilə ailə üzvü kimi mənzilə köçürülməsi kimi qiymətləndirilə bilməz. Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil məcəlləsinin 30cu maddəsinin tələbləri baxımından iddiaçı mülkiyyətçiyə münasibətdə “digər qohum” statusunu daşımamışdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən iddiaçı bu cavabdehdən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər kateqoriyasına aid deyil. Hüquqi nəticə etibarı ilə iddiaçı onun deyil, digər Cavabdeh1 ailə üzvü olmuşdur. Onların da arasında nikah pozulduğundan hazırda ona münasibətdə “keçmiş ailə üzvü” statusu daşıyır. Bununla belə, iddiaçı 2016-2019-cu illərdə mübahisəli evdə mülkiyyətçiyə münasibətdə “digər şəxs” statusu ilə yaşamışdır. Bu baxımdan da onun həmin əmlakdan istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrində təsbit edilmiş prosedura riayət edilməli idi. Lakin göründüyü kimi, iddiaçının mübahisəli evdən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, habelə bu hüququn əmələ gəlməsi, həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onunla cavabdeh X8 arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma bağlanmamışdır (bu maddə hazırda qüvvədədir və iddiaçının istifadə hüququnun əmələ gəlməsi üçün tərəflərin bu maddələrdə təsbit edilmiş prosedurdan istifadə edilməsinə hər hansı qadağa mövcud deyil. Xüsusilə də iddiaçının istifadə hüququnun yaranması üçün tələb olunan statusa malik olmadığı bir halda). Bununla belə, məhkəmə aparılmış araşdırmanın nəticələrini əsas götürüb və yuxarıda göstərilən qanunvericiliyin tələblərini, habelə Konstitusiya Məhkəməsinin Plenum qərarlarında nümayiş etdirilmiş hüquqi mövqeyi rəhbər tutub, hesab edir ki, iddiaçının cavabdeh X4 mülkiyyətində olan evdən istifadə hüququ yaranmamışdır. Bu səbəbdən iddia tələbi “yaşayış sahəsindən istifadə hüququnun tanınması” hissəsində əsassızdır və rədd edilməlidir. Məhkəmə, iddia üzrə “yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin “yaşayış sahəsinə köçürülmə” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təminolunub olunmamasının bilavasitə “yaşayış sahəsindən istifadə hüququnun tanınması” hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi “yaşayış sahəsinə köçürülmə” hissəsində də əsassızdır və rədd edilməlidir. Məhkəmə, onu da qeyd edir ki, iş üzrə digər cavabdehlər X8, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər 1 saylı Ərazi İdarəsi hazırki iddiaya cavab verməli olmayan şəxslərdir. Bu da iddianı onlara münasibətdə bu əsasla rədd edilməsini şərtləndirir. Məhkəmə onu da vurğulayır ki, iddiaçı məhkəmə qaydasında onun himayəsinə verilmiş yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə evə köçürülməsini tələb edir. Belə ki, uşaq yetkinlik yaşına çatmadığından hazırki mübahisə üzrə mülki-prosessual fəaliyyət qabiliyyətli deyil və bu səbəbdən hazırki tələblərlə müstəqil şəkildə iddiaçı qismində iddia qaldıra bilməz. Onun hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onun qanuni nümayəndəsi, yəni iddiaçı qismində çıxış edən anası qoruyur. Ona görə iddianın rədd edilməsi, həmşinin iddiaçı ilə cavabdehin birgə nikahından olmuş xx xxxx 2018-ci il təvəllüdlü X3 da mübahisəli evdən istifadə hüququnun tanınmasını və evə köçürülməsini qeyri-mümkün edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1cimaddəsinəəsasənhərbirtərəföztələblərininvəetirazlarınınəsasıkimiistinadetdiyihallarısübu tetməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddiaçı Balayeva (Baxşalıyeva)Zümrüd Ədalət qızının cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər 1 saylı Ərazi İdarəsinə qarşı “yetkinlik yaşına çatmayan uşaqla birlikdə yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Balayeva (Baxşalıyeva) Zümrüd Ədalət qızının cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər 1 saylı Ərazi İdarəsinə qarşı “yetkinlik yaşına çatmayan uşaqla birlikdə yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-2049/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2049/2020
07.09.2020 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver