Məhkəmə qərarları › İş №2(001)-205/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-205/2023

03.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-205/2023 03.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Binəqədi rayonu X19 cəlb edilməklə) “evdən çıxarılma və evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:

1. İddiaçı tələbini dəqiqləşdirməklə “evdən çıxarılma və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Binəqədi Rayon Bələdiyyəsinin 1366 saylı 30 noyabr 2004-cü il tarixli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün mərhum X12 adına rəsmiləşdirilmiş 200 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları X16 və X1 ilə birlikdə özlərinə məxsus əşyaları ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, 1-ci mədən, korpus 38, ev 48-də yerləşən fərdi yaşayış evindən çıxarılması və İddiaçı Yuriyevnanın fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun xalası X24 X6 1366 saylı, 30 noyabr 2004-cü il tarixli sərəncamı ilə həyat şəraitinin yaxşılaşdırılması məqsədilə fərdi yaşayış evinin tikintisi üçün Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 38, ev 48 ünvanında 200 kv.m torpaq sahəsi üzərində özünə fərdi yaşayış evi inşa etdirmişdir. Mərhum xalası X27 tək yaşadığından yaşadığı evə Cavabdeh1 ailəsi ilə birlikdə yaşamasına icazə vermişdir. Xalası rəhmətə getməmişdən 1 il əvvəl ona məxsus evi xəstəliyi ilə əlaqədar olaraq tərk edərək, anası İddiaçı evində qalmış və 21 mart 2021-ci ildə orada vəfat etmişdir. Mərhum X24 kimsəsiz olduğundan ondan qalan daşınar-daşınmaz əmlak vərəsəliklə anası İddiaçı keçmiş, anası da, etibarnamə ilə ona vermişdir. Hal-hazırda mərhum xalasından qalan fərdi yaşayış evində yaşayan Cavabdeh1 onlara məxsus evi boşaltmaqdan imtina edir. Cavabdeh1 ilə birlikdə ailə üzvləri olan Cavabdeh2, X16 və X1 da, evdən çıxarılmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkil izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, iş materiallarına əlavə kimi təqdim etdiyi sənədlərdən də, göründüyü kimi hətta 2012-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti qanunsuz tikilinin sökülməsi və cavabdehin qanunsuz tikilidən çıxarılması tələbinə dair iddiasını X8rşı qaldırılmışdır. 2011ci ildən evə qoyulan qaz sayğacı cavabdehin adınadır. Qarşı tərəf evə dair bələdiyyədən öz adlarına olan sərancam təqdim etsə də, həmin sərəncamın saxta olmasını və bələdiyyə arxivində də, belə bir sənədin olmadığını bildirmişdir. Bundan başqa məhkəmənin təyin etdiyi yerli müayinə zamanı cavabdeh tərəf guya mənzili aldığını pulu hissə-hissə ayda 300-500, 1000 manat həcmində ödənişlər etdiyini bildirmişdir. Halbuki, özlərinin də iddia etdiyi kimi 2015-ci ildən qaldıqları evə görə aylıq edilən ödənişlər nəzərə alındıqda, evin dəyəri həddindən çox hesablanır. Volkova Svetlana həmin evi cavabdehə kirayə qalması üçün versə də, cavabdehlər Svetlananın ölümündən sonra kirayə ödənişini etməkdən imtina etmişlər. Hazırda Bakı İnzibati Məhkəməsinin 2014-cü il tarixli qərarı ilə Volkova Svetlanaya torpaq sahəsinin ayrılması haqqında 1366 saylı, xx.xx.2004-cü il tarixli sərəncamı etibarsız hesab edilsə də, həmin ərazidə tikili Svetlana tərəfindən inşa edilib, Svetlana özü orada yaşayıb. Qasımova X9 üzrə vərəsəsi kimi tanınmış və 27000 manat pul vəsaitini miras əmlak kimi qəbul etmişdir. Odur ki, hazırki iddianı qaldırmaq üçün də, subyektiv hüququ vardır.

4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatlarında bildirmişdir ki, cavabdeh ailəsi ilə birlikdə mübahisəli mənzildə kirayə yaşamışdır. Hətta kirayə puluna görə onların borcu belə vardır. 1 il yarımdır ki, onlar həmin evdə yaşayırlar. 22 mart tarixində Svetlana öləndən sonra cavabdehlərə müraciət edərək, bildirmişdir ki, mənzil onun anasına vərəsəlik qaydasında keçdiyindən, ev onlarındır. Ondan ev üçün sənəd təqdim etməli olması deyilmiş və evin onlara məxsus olduğu bildirilmişdir. Əgər ora cavabdehin öz evi olmuşdursa, cavabdeh hansı əsaslarla iddiaçıya 2 ay kirayə pulu ödəyib. Svetlananın ölümündən xəbər tutan kimi kirayə pulu verməkdən imtina edərək, evin özlərinə məxsus olduğunu bildirmişlər. Eyni zamanda evin iddiaçının əmisi qızından miras qaldığını bildirmişdir. Vera və Svetlana əmiqızı olmuşlar. Svetlananın başqa vərəsəsi olmadığından, ev də vərəsəlik qaydasında iddiaçıya keçib. Bələdiyyənin müvafiq sərəncamından görünür ki, fərdi yaşayış evi Volkova Svetlananın istifadəsində olub. Lakin mənzilə dair mülkiyyət hüququ tanınmayıb. Həmin mənzilə çıxarış alınmayıb. Volkova Svetlana fərdi yaşayış evini 2005-ci ildə alıb və fərdi yaşayış evini aldıqdan sonra sənədləşmə ilə bağlı Bələdiyyəyə müraciət edib, lakin Bələdiyyə 2004-cü ilin sənəd verib. Bundan başqa hazırki iş üzrə Cavabdeh1 X6 xx.xx.2004-cü il tarixli sərəncamının ləğv olunması barədə iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə müraciət edib, lakin Cavabdeh1 iddiası subyektiv hüququnun olmaması səbəbi ilə mümkünsüz sayılmışdır.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, cavabdeh ailəsi ilə birlikdə mübahisəli mənzildə kirayə yaşamışdır. Hətta kirayə puluna görə onların borcu belə vardır. 1 il yarımdır ki, onlar həmin evdə yaşayırlar. 22 mart tarixində Svetlana öləndən sonra cavabdehlərə müraciət edərək, bildirmişdir ki, mənzil onun anasına vərəsəlik qaydasında keçdiyindən, ev onlarındır. Ona ev üçün sənəd təqdim etməli olmağı deyilmiş və evin onlara məxsus olduğu bildirilmişdir. Hətta neft şirkəti “SOCAR” tərəfindən Svetlanaya qarşı iddia qaldırılmışdır. Əgər ora cavabdehin öz evi olmuşdursa, cavabdeh hansı əsaslarla ona 2 ay kirayə pulu ödəyib. Cavabdeh və ailəsi Svetlananın ölümündən xəbər tutan kimi kirayə pulu verməkdən imtina edərək, evin özlərinə məxsus olduğunu bildirmişlər. Ev anasının əmisi qızından miras qalmışdır.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

7. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddiaçının əmlaka dair subyektiv hüququ yoxdur. Bələdiyyənin sərəncamının mövcudluğu, iddiaçıya mübahisəli fərdi yaşayış evinə dair subyektiv hüquq vermir. Cavabdeh və ailəsi faktiki olaraq orada yaşayırlar. Həmin torpaq sahəsinə dair X19 tərəfindən vətəndaş Cavabdeh2 2005-ci il tarixində fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması barədə Sərəncam verilmişdir. Necə olur ki, torpaq sahəsi ilə bağlı 2 fərqli Sərəncam verilir. Hazırda torpağa dair iddiaçıda olan 2004-cü il tarixli sərəncam mübahisəlidir. Yəni həmin torpaq sahəsinin doğurdanda Volkovaya aid olması mübahisəlidir. Cavabdeh 2005-ci ildə torpaq sahəsini aldıqdan sonra, orada fərdi yaşayış evini tikib və 10 ildən çoxdur ki, həmin mənzildə yaşayır. Cavabdeh ümumiyyətlə orada kirayə yaşamayıb.

8. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxsin nümayəndəsi X22 izahatında bildirmişdir ki, işin hallarından göründüyü kimi Volkova Svetlayana məxsu olan sərəncam etibarsız hesab edilmişdir. Həmin qərardan bələdiyyə tərəfindən şikayət verilmədiyindən qərar qüvvəyə minmişdir. Cavabdehin sübut kimi təqdim etdiyi sərəncam isə bələdiyyənin arxivində aşkar edilməmişdir. Cavabdeh və onun ailə üzvləri mənzildə qaçqın kimi məskunlaşmışlar. Hesab edir ki, qaçqın kimi öz evlərinə köçürülən zamana qədər iddiaçı tərəfindən onlara güzəşt edilə bilər. Digər tərəfdən Volkova Svetlananın sərəncamı etibarsız hesab edildiyindən, Veranın da, iddia qaldırmaq üçün subyektiv hüququ aradan qalxmış olur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

9. Bakı şəhəri Binəqədi rayonu X6 xx.xx.2004-cü il tarixli, 1366 saylı sərəncamından görünür ki, Bakı şəhər sakini X24 ərizə ilə X11 müraciət edərək, istifadəsində olan torpaq sahəsinin alğı-satqı yolu ilə mülkiyyətinə verilməsini xahiş etmişdir. Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 200 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X12 alğı-satqı qaydasında mülkiyyətinə alınması qərara alınmışdır.

10. **********00220 abonent kodlu X21 məxsus Abonentin Saldosundan görünür ki, X14 2011-ci ildə qaz sərfiyyatı 1512 kub.m olmuşdur. xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək edilən ödənişlər **********00220 abonent kodlu X25 tərəfindən ödənilmişdir.

11. Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsindən verilən AZ-İİ seriyalı, 189920 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2021-ci il tarixində ölmüşdür.

12. Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu Məmmədov İlqar aydın oğlu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən xx.xx.2021ci il tarixdə vəfat etmiş X12 vərəsəsi kimi İddiaçı olması, şəhadətnamə verilən miras əmlak Azərbaycan Beynəlxalq Bankının xx.xx.2019-cu il tarixli BPM**********23 nömrəli müqavilə üzrə açılmış ******************** nömrəli hesabda olan 27000 manat məbləğində puldan və üzərinə hesablanan faizlərdən ibarətdir.

13. Bakı şəhəri Binəqədi rayon X19 tərəfindən verilən xx.xx.2005-ci il tarixli 1727 saylı sərəncamından görünür ki, Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən 100 kv.m boş torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh2 alğı-satqı qaydasında mülkiyyətinə ayrılmasına sərəncam verilmişdir.

14. Torpaqların alğı-satqısına dair xx.xx.2005-ci aktdan görünür ki, Cavabdeh2 torpaq sahəsi almaq barədə ərizəsinə baxılmış, X19 ərazisində 100 kv.m torpaq sahəsinin satılması barədə xx.xx.2005-ci il tarixli, 1727 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində Quliyev X5 rayon Kapital Bankın hesabına 400000 manat haqq ödəmişdir.

15. Binəqədi rayonu X6 xx.xx.2022-ci il tarixli 122 saylı arayışdan görünür ki, Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İ mədən, korpus 38 ünvanında qonşuların imzaladığı akta əsasın qeydiyyatsız yaşayır.

16. Cavabdeh2 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanan xx.xx.2022-ci il tarixli su təchizatı və tullatı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, bu müqavilə ilə "xxxx" ASC istehlakçının tələbatına uyğun içməli su ilə təmin edir və tullatı sularının fasiləsiz qəbulunu həyata keçirir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8730 saylı ekspert rəyindən görünür ki, X6 xx.xx.2004-cü il tarixli, 1366 saylı və xx.xx.2005-ci il tarixli 1727 saylı Sərəncamları əsasında verilmiş sxemlərdə torpaq sahələrinin texniki göstəriciləri (eni, uzunluğu), döngə nöqtələrinin koordinatları, miqyas, istinad nöqtələri və istinad nöqtələrindən torpaq sahələrinə qədər olan məsafələr qeyd olunmadığından X12 müıkiyyətinə ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə Cavabdeh2 mülkiyyətinə ayrılması nəzərdə tutulan torpaq sahəsinin hansı hissədə kəşisməsini müəyyən etmək mümkün olmamışdır. Bununla belə tədqiqatın təsviri hissəsində qeyd edilmişdir ki, 2004-cü il tarixli və 2005-ci il tarixli Bələdiyyə sərəncamı əsasında verilmiş sxem üzrə torpaq sahələrinin yerləşmə mövqeyinin eynilik təşkil etdiyi müəyyən edilmişdir.

18. Bakı Apellyasia Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-c üil tarixli, 2(103)-557/2014 saylı qətnaməsindən görünür ki, cavabdeh X12 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.

19. Qətnamədə göstərilir: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin cavabdeh X8rşı cavabdehin qanunsuz tikilidən çıxarılması və özbaşına tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair iddiası təmin edilərək, X12 ünvan 2 ünvanda yerləşən özbaşına tikilidən çıxarılmaqla, həmin tikilinin onun hesabına sökülməsi qət edilmişdir. Sadalanan iş materiallarından görünür ki, Azərbacan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 24 fevral 2014-cü il tarixli 2-1(81)-997/2014 saylı qərarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin cavabdeh X11 və üçüncü şəxs X8rşı sərəncamın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilərək, Binəqədi raton X6 X20 torpaq sahəsinin ayrılması haqqında 1366 saylı, 30 noyabr 2004-cü il tarixli sərəncamının etibarsız hesab edilməsi qərara alınmışdır.

20. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2460/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh Binəqədi rayonu X2rşı İddiaçı üçüncü şəxs qismində cəlb edilməklə, sonuncunun 1366 saylı 30 noyabr 2004-cü il tarixli sərəncamının ləğv edilməsinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Qərardadın əsaslandırılması zamanı qeyd edilmişdir: üçüncü şəxsin adına olan Bakı şəhəri Binəqədi qəsəbəsi Bələdiyyəsinin 1366 saylı, 30 noyabr 2004-cü il tarixli sərəncamı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında mövcuddur və məhkəmənin məktubuna əsasən surəti məhkəməyə təqdim edilmişdir. Lakin iddiaçının istinad etdiyi xx.xx.2005-ci il tarixli 1727 saylı sərəncam nə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında, nə də Binəqədi qəsəbəsi Bələdiyyəsində müəyyən edilməmişdir.

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin məhkəmənin müvafiq sorğusuna ünvanladığı xx.xx.2022-ci il tarixli 09/3-155 saylı məktubundan görünür ki, X6 xx.xx.2004-cü il tarixli, 1366 saylı və xx.xx.2005-ci il tarixli 1727 nömrəli sərəncamları Bələdiyyələrlə iş mərkəzində aşkar edilməmişdir.

22. X24 ilə satıcı Anar Abdullayev arasında bağlanan xx.xx.2005-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, tərəflərin razılığı ilə daşınmaz əmlakın qiyməti 15500 abş dolları həddində müəyyən edilmiş və 200 abş dolları məbləğində beh verilmişdir. Eyni tərəflər arasında bağlanan xx.xx.2005-ci il tarixli alğısatqı müqaviləsindən görünür ki, X17 tikdiyi iki otaq, bir zal, hamam-tualetdən ibarət evi 0,5 sot həyətyanı torpaq sahəsi ilə birlikdə X20 15500 abş dollarına satmış və pulu şahidlərin iştirakı ilə qəbul etmişdir.

23. Məhkəmə tərkibinin, iddiaçının nümayəndəsi, Vəkil1, cavabdehlər Cavabdeh1, X3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı ilə 18 sentyabr 2023-cü il tarixində saat 12:00-da başlanılmaqla Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən küçəsi, korpus 38 ünvanında yerləşən mənzildə yerində müayinə keçirilmişdir.

24. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi 1 zal, 1 mətbəx və 2 yataq otağından ibarətdir. Həyətə daxil olarkən həyətin sağ tərəfində hin, sol tərəfində isə sanitar qovşağı yerləşir. Evdə Cavabdeh2 həyat yoldaşı Cavabdeh1 Şahnar qızı və uşaqları yaşayırlar. Torpağın ümumi sahəsi 1 sotdan çoxdur.

25. Yerində müayinə zamanı Cavabdeh2 izahatında bildirmişdir ki, Volkova Svetlananı 2015-ci ildən tanıyır. Belə ki, o, ailəsi ilə birlikdə qonşuluqda kirayə yaşayırdı. Volkova Svetlana heç vaxt bu evdə yaşamayıb, X23 (Vorovski) qəsəbəsində oğlu ilə birlikdə yaşayıb. Evi internet elanında görmüşdür. Bundan başqa adını bilmədiyi makler evi 20000 manata almaq istəyirdi, lakin Volkova Svetlana maklerin təklif etdiyi qiymətlə razı olmadığı üçün evi satmamışdır. Volkova Svetlanaya evə görə ilkin olaraq 1000 manat, qalan məbləği isə 2021-ci ilin mart ayına kimi aylıq 300-500-1000 manat olmaqla ödəmişdir. X32 almağı barədə rəsmi sənədi yoxdur. Volkova Svetlana özü və oğlu xəstə idilər. Volkova Svetlananın oğlu içki aludəçisi idi, hətta Volkova Svetlananın onu müalicə etdirdiyini də bilir. Mübahisəli evə 2015-ci ildə ailəsi ilə birlikdə köçmüşdür. O, alanda evin sənədi yox idi. Lakin 2019-cu ildə X11 rəsmi müraciət edib, evin sənədin almışdır. Ev 3 otaq və 1 mətbəxdən ibarətdir. Evin kommunal müqavilələri Volkova Svetlananın adınadır

26. Yerində müayinə zamanı Cavabdeh1 izahatında bildirmişdir ki, Volkova Svetlanaya xəstə olduğu zaman qulluq etmişdir. Həmin vaxtı iddiaçını bir dəfə olsun görməmişdir. X10 almışlar.

27. Yerində müayinə zamanı şahid qismində dindirilmiş X26 izahatında bildirmişdir ki, 5 ildir Əlizamangilnən qonşudur. Bu müddət ərzində evdə Əlizaman və onun ailəsindən başqa heç kimi görməmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

28. X6 xx.xx.2004-cü il tarixli, 1366 saylı Sərəncamı ilə Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 200 kv.m torpaq sahəsini alğı-satqı qaydasında X12 mülkiyyətinə ayrılmışdır. Torpaq sahəsi üzərində olan tikili isə xx.xx.2005-ci il tarixli yazılı müqavilə əsasında X18 tərəfindən X20 15500 abş dollarına satılmışdır. Ehtimal olunur ki, Svetlana Volkova fərdi yaşayış evini 2005-ci ildə aldıqdan sonra torpaq sahəsinin sənədləşmə işini aparmış və naməlum səbəbdən əvvəlki ilə dair Bələdiyyə tərəfindən sərəncam verilmişdir. X24 xx.xx.2021-ci il tarixində ölmüşdür və onun əmisi qızı İddiaçı miras qoyanın qanun üzrə vərəsəsi kimi tanınmışdır. xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlak Azərbaycan Beynəlxalq Bankında xx.xx.2019-cu il tarixli müqavilə üzrə açılmış hesabda olan 27000 manat puldan və üzərinə hesablanan faizlərdən ibarət olmuşdur.

29. Bundan əlavə Azərbaycan Dövlət Neft Şirkəti xx.xx.2012-ci il tarixdə cavabdeh X8rşı özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılması və qanunsuz tikilidən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2184/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən X24 tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmişdir. Azərbacan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 fevral 2014-cü il tarixli 2-1(81)-997/2014 saylı qərarı ilə X6 xx.xx.2004cü il tarixli, 1366 saylı Sərəncamı etibarsız hesab edilmişdir. Lakin buna baxmayaraq, qətnamə icrasız qalmaqla X24 həmin fərdi yaşayış evində yaşamağa davam etmişdir.

30. Hazırda yaranmış mübahisə isə onunla bağlıdır ki, cavabdehlər Quliyev İradə və Cavabdeh2 həmin fərdi yaşayış evində uşaqları ilə birlikdə yaşayırlar və evdən çıxmaqdan imtina edirlər. İmtinaları isə ilkin olaraq nümayəndə tərəfindən başqa cür əsaslandırılsa da, sonradan cavabdehlər tamam fərqli mövqedən çıxış etmişdirlər. Belə ki, cavabdehin nümayəndəsi, vəkili əvvəlcə torpaq sahəsinin 2005-ci ildə cavabdeh tərəfindən alındığını, bu barədə ona Bələdiyyə tərəfindən sərəncam verildiyini və evin də məhz cavabdeh tərəfindən tikildiyini bildirməklə iddiaya etiraz etsə də, yerində müayinə zamanı cavabdehlər şəxsən bildirdilər ki, həmin evdə 2015-ci ildən yaşamağa başlamışlar. Belə ki, əmlakın satıldığı barədə internet səhifəsində elan görmüş və bundan sonra evlə maraqlanmışlar. Həmin ərəfədə o, ərazidə işləyən maklerlər də həmin evi almaq istəyirdilər. Onlar Svetlanaya 20000 manat təklif etsə də, Svetlana razılaşmamışdır. Lakin o, evi 2015-ci ildə hissə-hissə ödəməklə X15 18000 aldığını, 2021-ci ilədək müxtəlif məbləğlərdə 1000, 500, 300 manat ödənişlər etdiyini, Bələdiyyənin sərəncamını isə 2019cu il tarixdə əldə etdiyini bildirdi. Cavabdehlər 20000 manata maklerə satmaqdan imtina edən Volkova Svetlananın hansı səbəbə görə həmin evi onlara 6 il ərzində hissə-hissə ödəməklə 18000 manata satdığı barədə verilən suala Cavabdeh2 cavab verməmişdir. Bundan başqa hissə-hissə ödənişlərlə bağlı hər hansı şəxsin şahid olub-olmaması, alqısatqı barədə razılığın təsdiq edilməsinə dair hər hansı sübutun olub-olmadığı barədə verilən suallara cavabdehlər cavab verməmişdir.

31. Məhkəmə tərəfindən X4 ayırdığı torpaq sahəsinin, Cavabdeh2 ayırdığı torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi barədə ekspertiza keçirilmiş və müəyyən edilmişdir ki, Volkova Svetlanaya 200 kv.m ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə Cavabdeh2 ayrılması nəzərdə tutulan 100 kv.m torpaq sahəsi üst-üstə düşür, lakin hansı hissədə kəsişməsini müəyyən etmək mümkün deyil. Bununla belə eyni fərdi yaşayış evi barədə mübahisə edildiyi işin mübahisəsiz halıdır. Eyni zamanda həmin torpaq sahəsinin X19 ərazisində yerləşməsi və X6 xx.xx.2004-cü il tarixli, 1366 saylı və xx.xx.2005-ci il tarixli 1727 nömrəli sərəncamlarının Arxiv sənədlərində aşkar edilməməsi işin mübahisə doğurmayan digər hallarıdır.

32. Hazırda iddiaçı qanun üzrə vərəsəsi olduğu X20 məxsus fərdi yaşayış evinə cavabdehlərin sahibliyinin hər hansı hüquqi əsasının olmadığını, mirası qəbul etmiş vərəsənin harda və nədə ifadə edilməsindən asılı olmayaraq bütün miras əmlakı qəbul etdiyinə əsaslanaraq, cavabdehlərin əşyaları və uşaqları ilə birlikdə həmin fərdi yaşayış evindən çıxarılmasını və özünün həmin evə köçürülməsini xahiş edir. Bununla yanaşı iddiaçı idda edir ki, cavabdehlər qeyd edilən evdə kirayəçi kimi yaşamış, Volkova Svetlananın vəfat etməsindən yararlanaraq evə qanunsuz sahiblik etməyə başlamışlar. Hüquqi dəyərləndirmə, məhkəmənin mövqeyi:

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

34. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

35. 162-ci maddəsinə əsasən əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir.

36. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

37. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

38. 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.

39. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

40. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

41. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisənin obyekti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Buna baxmayaraq, mərhum X24 həmin fərdi yaşayış evini dəyərini ödəməklə 2005-ci ildə əldə etmişdir. Həmin fərdi yaşayış evinin mərhuma məxsus olmuş olması işin digər halları ilə də təsdiq olunur. Belə ki, məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2184/2012 saylı mülki işinin materiallarından da müəyyən edilmişdir ki, Azərbaycan Dövlət Neft Şirkəti xx.xx.2012-ci il tarixdə cavabdeh X8rşı özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılması və qanunsuz tikilidən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və məhkəmənin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən X24 tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmişdir. Bundan əlavə qeyd edilən fərdi yaşayış evinin kommunal xidmətlərlə bağlı müqavilələri, sayğacları da məhz onun adı ilə bağlıdır. Bununla yanaşı cavabdehlər də fərdi yaşayış evinin mərhum X20 məxsus olmuş olduğunu qəbul edirlər. İşin mübahisələndirilən halı isə iddiaçının hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmaması və fərdi yaşayış evinin cavabdehlər tərəfindən dəyərinin ödənilməklə alınıb-alınmamasıdır.

42. Birinci məsələ barədə məhkəmə bildirir ki, mübahisənin obyektini təşkil edən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, sökülməsi barədə qətnamə qəbul edilsə də, tikilinin yerləşdiyi torpaq sahəsinə dair Bələdiyyə qərarı etibarsız hesab edilsə də bir iqtisadi dəyər kimi mövcuddur və onun müəyyən əmlak qiyməti vardır. Necə ki, mərhum X24 həmin fərdi yaşayış evini alarkən onun dəyərini ödəməklə sahiblik hüququ əldə etmişdir. Bu səbəbdən də mirası qəbul edən vərəsənin miras qoyanın bütün əmlak hüquqlarını da qəbul etmiş olması və bununla bağlı sahiblik hüququnu müdafiə etməsi qanuna uyğundur.

43. İkinci məsələ ilə bağlı qeyd edilməlidir ki, cavabdehlərin sahibliyinin qanuniliyini sübut etmək bunu iddia edən tərəfin üzərinə düşür. Hansı ki, cavabdehlər həmin fərdi yaşayış evini dəyərini hissə-hissə ödəməklə əldə etdiklərini bildirsələr də, bununla bağlı hər hansı sübut təqdim edə bilməmişlər. Halbuki, məhkəmə tərəfindən onlara kifayət qədər şərait yaradılmış və mübahisənin davam etdiyi 1 ildən artıq müddətdə hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin təqdim etdiyi Bakı şəhəri Binəqədi rayonu X6 xx.xx.2005-ci il tarixli sərəncamının da etibarlılığı mübahisə doğurur. Çünki 2005-ci ilə aid Bələdiyyə sərəncamı cavabdehlər tərəfindən əslində 2019cu il tarixdə alınmışdır. Eyni zamanda qeyd edilməlidir ki, hazırda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış fərdi yaşayış evinə cavabdehlərin sahibliyinin qanuniliyi mübahisələndirilir. Odur ki, məhkəmə cavabdehlərin istinad etdiyi halları sübut edə bilmədiyinə görə, həmin halları mövcud olmayan kimi qiymətləndirir və o qənaətə gəlir ki, cavabdehlərin keçən müddət ərzində həmin evdə kirayə yaşamaları barədə iddiaçının dəlilləri inandırıcıdır. Lakin faktiki olaraq tərəflər arasında hal-hazırda hər hansı kirayə münasibətləri yoxdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehlərin mübahisələndirilən fərdi yaşayış evinə sahibliyi qanunsuzdur. Tətbiq edilən prosessual normalar:

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

45. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

46. 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

47. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir;

48. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

49. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Binəqədi Rayon Bələdiyyəsinin 1366 saylı, 30 noyabr 2004-cü il tarixli sərəncamı ilə X20 ayrılmış torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən(ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, 1-ci mədən, korpus 38) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları X16 və X1 və özlərinə məxsus əşyaları ilə birlikdə çıxarılmalı və İddiaçı Yuriyevna həmin fərdi yaşayış evinə köçürülməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu X6 1366 saylı, 30 noyabr 2004-cü il tarixli sərəncamı ilə X20 ayrılmış torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən(şərti ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, 1-ci mədən, korpus 38) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları X16 və X1 və özlərinə məxsus əşyaları ilə birlikdə çıxarılsın və İddiaçı həmin fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlkin Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar