Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2056/2024 01.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9700 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixdə özünə məxsus 4 ədəd dəzgahı cavabdehə satmışdır. 1) Tokar dəzgahı(zavod istehsalı) 1 ədəd- 5200 manat, 2) Taxta yonan dəzgah(zavod istehsalı) 1 ədəd-2300 manat, 3) Torna dəzgahı(frezer əldə düzəltmə) 1 ədəd-700 manat, 4) Universal dəzgah(əldə düzələn) 1 ədəd-2300 manat. Dörd ədəd dəzgahın ümumi dəyəri 10500 manat təşkil edir. Qeyd etdiyi dəzgahları cavabdehə satmağına və onun dəzgahlara görə 10500 manat pul verməli olduğuna X3 və X4 da şahid olmuşdurş Onlar da bilirlər ki, Cavabdeh aldığı dəzgahların 10500 manat məbləğində pulu xx.xx.2023-cü il tarixə kimi ödəyəcəyini öhdəsinə götürmüşdür. O əmrahı əvvəl tanıdığına görə və onun metal və.s alveri ilə məğul olduğunu bildiyinə görə dəzgahları nisyə vermişdir. Razılaşmalarına əsasən dəzgahlarınb pulu ödənilməli vaxt, yəni xx.xx.2023-cü il tarix tamam olduqdan sonra, demək olar ki, hər gün bir neçə dəfə Əmrahla telefon əlaqəsi saxlamışdır. O hər dəfə vəd vermişdir ki, bir neçə günə borclu olduğu pul məbləğini ödəyəcəkdir. Lakin vədinə heç vaxt əməl etməmişdir.Məcburiyyət qarşısında qalaraq hüquq mühafiz orqanlarına müraciət edəcəyini ona bildirmiş və xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə ona 800 manat məbləğində pul ödəmişdir. Cavabdehin ona qalıq borcu 9700 manat təşkil edir. O halal pulunu almaq üçün Əmrahla mütəmadi olaraq əlaqə saxlayırdı. O, bilir ki, onun o pula çox ehtiyacı vardır, həm də ondan nədəbbə pulu, nə faiz, nə də vurduğu mənəvi zərərin əvəzini tələb etmir. Onun davranışından belə başa düşür ki, əvvəlcədən dəzgahları ələ keçirmək və onu aldatmaq olmuşdur. Buna əsas kimi cavabdehlə dəzgahların alqı-satqısı barədə razılaşarkən, o bildirdi ki, dəzgahları aparacağı anda ona 3500 manat pulu dərhal ödəyəcəkdir. Ancaq dəzgahları götürəndə heç bir ödəniş etmədi və onu inandırdı ki, xx.xx.2023-cü il tarixə tam ödəyəcəkdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və bundan əlavə bildirmişdir ki, plastik qapı pəncərələrin istehsalı başlayandan taxta qapı pəncərələrə təlabat azalmışdır. Bu səbəbdən də taxta yonan dəzgahları anbara qoymuşdur. Bir müddət sonra cavabdeh ondan həmin dəzgahları istəmişdir. Onun əvvəllər də cavabdehlə alış-verişi olduğundan cavabdehə inanıb dəzgahları ona vermişdir. Cavabdeh bunun əvəzində ona 3500 manat nəğd pul və 10500 manat məbləğində söküntü dam örtüyü və 75-lik turba verməli idi. Lakin cavabdeh onun etibarından sui istifadə edərək onu aldatmışdır. Cavabdeh bugünədək ona olan borcundan cəmi 800 manat məbləğində pl vəsaitini poşt vasitəsilə göndərmişdir. Əlavə olaraq bildirmişdir ki, iddia ərizəsində X1 və X2 guya onunla cavabdeh arasında olan danışıqlarda iştirak etmələri qeyd olunsa da səhv yazılmışdır. Əslində isə həmin şəxslər dəzgahları cavabdehə verilməsinin şahidi olmuşdur. Dəzgahların qiymətini isə öz aralarında müəyyən etmişlər. Cavabdehin barəsində hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Bundan başqa bildirmişdir ki, onun cavabdehlə razılığa belə olmuşdur ki, 7 ədəd dəzgahın əvəzində cavabdeh ona 3500 manat pul və ona tikinti aparması üçün şifer və turba verməli idi. O dəzgahların hamısının ayrılıqda dəyərini razılaşdırmamış və cavabdeh öhdəliyini icra etmədikdən sonra, yəni şifer və turbanı ona vermədikdən sonra mütəxəssis olaraq verdiyi dəzgahların qiymətini müəyyən edərək tələb irəli sürmüşdür. Cavabdeh həqiqəti etiraf edərsə, ona cəmi 3300 manat pul verməyə imkanı olduğunu deyərsə cavabdehlə məhkəmədən kənar razılaşa bilər. Lakin o cavabdehin sözlərinə etimad etmir deyə mübahisənin məhkəmədə həll edilməsini istəyir.
4. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, iddianı qismən qəbul edir. Belə ki, o, köhnə əşyaları alıb-satmaqla, söküntü materiallarını satmaqla məşğul olur. İddiaçını isə uzun müddətdir ki tanıyır. İddiaçı ona 4 ədəd yox 7 ədəd dəzgahı hər biri 500 manat olmaqla, cəmi 3500 manata satmışdır. O isə bunun əvəzində ya pul şəklində bütöv 3500 manat, ya da həmin məbləğdən müəyyən hissəni şifer və turba ilə ödəməli idi. Razılaşmaları iddiaçının dediyi kimi 3500 manatdan əlavə şifer və turba verilməli olduğu kimi olmamış onun bildirdiyi kimi olmuşdur. O isə həmin dəzgahları götürdükdən sonra köhnə olduğuna görə sata bilməmiş və borcunu ödəyə bilməmişdir. Bununla belə o borcdan 800 manat ödəniş etmişdir. Hazırda isə iddiaçını get gələ saldığına görə, vəkilə pul xərclədiyinə görə ona 2700 manat borcundan əlavə 600 manat, yəni 3300 manat verməyə razıdır. Məhkəmə tərəfindən vaxt verilərsə, borcunu poçtnan və ya digər şəkildə iddiaçıya ödəyəcəkdir. Məhkəmə tərəfindən tərəflərin izahatları əsasında müəyyən edilən işin faktiki halları:
5. Tərəflər arasında dəzgahların nisyə alqı-satqısı ilə bağlı müqavilə münasibətləri olmuşdur. Belə ki, işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, iddiaçı 7 ədəd dəzgahı cavabdehə xx.xx.2022-ci il tarixdə nisyə satmışdır. İddiaçı 7 ədəd dəzgahı əvəzində 3500 manat pul və şifer, turba verilməklə cavabdehə nisyə satdığını və cavabdehin öhdəliyi xx.xx.2023-cü il tarixədək icra etməli olduğunu iddia edir. Eyni zamanda cavabdeh pul və şifer vermək öhdəliyini icra etmədiyindən, ondan dəzgahların mütəxəssis kimi müəyyənləşdirdiyi qiymətini tələb edir. Cavabdeh isə dəzgahları hər birini 500 manat olmaqla, cəmi 3500 manata aldığını, ödəmənin müəyyən hissəsini materialla əvəzləşdirməli olduğunu, lakin bunun əvəzində iddiaçıya yalnız 800 manat ödədiyini, qalıq qalan borcu olan 2700 manatı və bundan əlavə öhdəliyini icra etməməsinə görə iddiaçıya vurduğu zərərin kompensasiya kimi 3300 manat ödəməyə razı olduğunu bildirir. Bununla belə tərəflərə mübahisənin məhkəmədən kənar həll edilməsi barədə vaxt verilsə də, cavabdeh qəbul etdiyi məbləği iddiaçıya ödəməmişdir. İddiaçı cavabdehin məhkəmədə razılaşdığı məbləği verməməsini nəzərə alaraq iddiasını müdafiə etmiş və tələbin tam təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən maddi hüquq normaları:
6. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
7. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
8. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur;
9. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.
10. 398.3-cü maddəyə əsasən əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir;
11. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
12. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin;
13. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
14. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;
15. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
16. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür;
17. 577.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsi verilməli əşyaların miqdarını müəyyənləşdirməyə imkan vermirsə, müqavilə bağlanmış sayılmır;
18. 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
19. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmənin mövqeyi:
20. Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2022–ci il tarixdə şifahi bağlanmış nisyə-alqı satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İddiaçı iddia edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini xx.xx.2023-cü il tarixədək icra etməli olduğu halda lazımi qaydada icra etməmişdir. İddiaçı satılan əşyaların qiymətinin 3500 manat və söküntü materialları kimi ödənilməli olduğunu iddia etsə də, cavabdeh bunu qəbul etməmişdir. Cavabdeh satılan əşyaların qiymətinin 3500 manat olduğunu qəbul etmiş və iddiaçıya 3300 manat pul vəsaiti ödəməyə razı olduğunu bildirmişdir. Satılan əşyaların istifadə edilmiş dəzgahlar olduğunu, onların tərəflərin razılaşmasına əsasən dəyərindən xeyli miqdara satılmasının mümkünlüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, satılan əşyaların qiymətini sübut etmə yükü bu halda iddiaçının üzərinə düşür. Lakin iddiaçı bununla bağlı hər hansı sübut təqdim etməmiş və satılan əşyaların dəyərini öz mülahizəsinə əsasən qiymətləndirməklə kifayətlənmişdir. Bununla belə məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə münasibətlərindən irəli gələn öhdəlik münasibətləri olmuşdur və cavabdeh öhdəliyini lazımi qaydada icra etməmişdir. Bu səbəbdən də məhkəmə cavabdehin faktın etirafı kimi verdiyi izahatını nəzərə alır və iddianı qismən, yəni sübut olunan hissədə əsaslı hesab edir. Tətbiq edilən prosessual normalar:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
22. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
23. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
24. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır;
25. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
26. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3300 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
27. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 3300 (üç min üç yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev