Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2065/2022 18.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə (RF) qarşı “icarə müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə (RF) qarşı “icarə müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli “icarə müqaviləsi”nə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icarəyə verən tərəfindən Abşeron rayonu, Novxanı kəndində yerləşən ümumi sahəsi 316.1 kv.m olan ayrıca yaşayış evi və evin yerləşdiyi torpaq sahəsini aylıq 4000 manat icarə haqqı əsasında 11 il müddətinə cavabdehin istifadəsinə vermişdir. Lakin cavabdeh tərəfindən müqavilənin tələbləri pozulmuş və artıq 4 aydır ki, icarə haqqı ödənilməyərək müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi müqaviləyə vaxtından əvvəl xitam verilməsi üçün əsas ol masına əsaslanan iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə rəsmi qaydada məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2020-ci il tarixli İcarə Müqaviləsindən və İcarə Müqaviləsinə əlavədən görünür ki, müqavilə predmeti olan Abşeron rayonu, Novxanı kəndində yerləşən, ümumi sahəsi 316.1 kv.m olan ayrıca yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi barədə 11 (on bir) il müddətinə "xxxx" MMC (Rusiya Federasiyası) ilə icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cari ayın 3-cü gününə qədər 2000 manat və cari ayın 18-dək 2000 manat ödəniş edilməsi nəzərdə tutulmuşdur. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin RX seriyalı ******* nömrəli Çıxarışa və Texniki Pasporta əsasən, Abşeron rayonu, Novxanı kəndində yerləşən, ümumi sahəsi 316.1 kv.m olan bağ evi İddiaçı xüsusi mülkiyyətindədir və bu hüquq ona xx.xx.2018-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. -421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. -421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. - 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. -424.3-ci maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. -700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -700.3-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -675-ci maddəsinə əsasə əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. -685.1.-ci maddəsinə əsasən əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. -697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Azərbaycan Respublikasının “İcarə haqqında” Qanunun 13-cü maddəsinə əsasən İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Məhkəmə qeyd edir ki, icarəçinin əsas vəzifələrindən biri onun icarəyə götürdüyü əşyadan müqavilə şərtlərinə uyğun surətdə istifadə etməsindən ibarətdir. Bu vəzifəni yerinə yetirməmək icarəçi üçün arzuolunmaz hüquqi nəticənin əmələ gəlməsinə səbəb olur. Belə ki, icarəçi icarəyə verənin xəbərdarlığına baxmayaraq əşyadan icarə müqaviləsi şərtlərinə uyğun gəlməyən istifadəni davam etdirsə, icarəyə verən xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. İcarəçinin ikinci əsas vəzifəsi icarə haqqını vaxtında ödəməkdən ibarətdir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı verməyə borcludur. Bu vəzifəni icra etməməyə görə icarəçi məsuliyyət daşıyır. İcarə haqqı ilə bağlı vəzifənin həyata keçirilməməsi qaydasının pozulması icarəyə verənə ixtiyar verir ki, o, qanunla müəyyən edilmiş hüquqi-müdafiə vasitəsindən istifadə etsin. Belə halda icarəyə verən xəbərdarlıq müddətini gözləmədən icarə müqaviləsini ləğv edir. İcarəçi müqaviləyə xitam verildikdən sonra icarəyə verilən əşyaya aid yardımçı əşyanı (ləvazimatı) icarəyə verənə qaytarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğuna görə tərəflər arasında bağlanmış icarə müqaviləsi ləğv edilməli, tərəflərin öhdəliklərinə xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə "xxxx" MMC (Rusiya Federasiyası) arasında bağlanmış xx.xx.2020-ci il tarixli “icarə müqaviləsi”nə xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-2065/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2065/2022
18.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver