Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-207/2022 01.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh X3 və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı “cavabdehə məxsus tövlənin sökülməsi və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X4 qarşı “cavabdehə məxsus tövlənin sökülməsi və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus tövlənin sökülməsi və evinə tökülmüş peyin nəticəsində yararsız hala düşmüş evinin təmir işləri üçün tələb olunan 15.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, şəhid atası olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən evdə yaşayır. Onun qonşusu olan cavabdeh onun evinə yaxın məsafədə yerləşən qanunsuz tikilidə heyvandarlıqla məşğul olaraq tövlə açmışdır. Cavabdehin heyvan saxladığı tövlənin xarici divarlarında yaranmış nəmişlik və peyin iyi onları həmin evdə yaşamağa imkan vermir. Peyin onların evinə tökülərək mebelləri sıradan çıxarmış, evinin təmiri çox pis günə qalmışdır. Yerli baxış keçirilsə görülər ki, evində vəziyyət nə yerdədir, nə qədər miqdarda ziyan vurulmuşdur. Dəfərlərlə cavabdehə tövlənin sökülməsini və yaşayış zonasından uzaqlıqda tikilməsini bildirsə də, cavabdeh onun sözlərinə məhəl qoymamış və heyvandarlıqla məşğul olmağa davam etmişdir. O, peyin iyindən evində yaşaya bilmir, məcbur olub qapılarda yaşayır. Təmiz havaya möhtac qalmışlar. Onun müraciət etmədiyi orqan qalmamışdır. Bütün orqanlar ona məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. Evini birinci dəfə öz vəsaiti hesabına təmir etdirsə də bunun heç bir faydası olmamışdır. Belə ki, cavabdeh mənzilini yararsız vəziyyətə salmışdır. O, bir şəhid ailəsi kimi cavabdehin əməllərinə son qoyulmasına, evinə bitişik tikilmiş tövlənin sökülməsinə və evinə dəymiş ziyanın ödənilməsində ona köməklik edilməsini xahiş edir. Cavabdeh iddiaya yazılı etiraz ünvanlayaraq bildirmişdir ki, o, iddia ərizəsi ilə razı deyil. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri yalandır, bütün bunları uyduraraq sünilik yaradaraq ondan pul qopartmaq niyyətindədir. İddiaçının digər əməlləri ilə (polis orqanlarında) şər-böhtançı olduğu hamıya məlumdur. Qonşuluğunda iddiaçının özü yox, kürəkəni Ziyad və qızı Nuranə yaşayırlar. İddiaçı şəhid atası adından istifadə etmək üçün kürəkəni ilə birləşərək onun yaşadığı 0.6 ha həyətyanı torpaq sahəsini və evini əlindən almaq niyyətindədir. 2 il öncə iddiaçının kürəkəni Ziyad və Ziyadın qardaşı Bəşarət onu 40-cı polis idarəsinə şikayət etmişlər. Şikayətin səbəbi o idi ki, Bəşarət ona demişdir ki, “sən hasarını sök, mən evimi artırıram” O, 1998-ci ildən hal-hazıradək, 23 ildir ki, ailəsi ilə qeyd olunan yerdə yaşayır və tikililərinin inşa olunma müddəti də 23 ildir. İddiaçının qızı və kürəkəni isə 4 ildir ki, qonşuluğuna köçmüşlər. Onlar burada yaşayanda ətraf ərazilər çöllük idi. Bu iki qardaş Sulutəpədə qanunsuz maklerlik edirlər. Onun hasarını sökdürüb ərazisinə sahib çıxmaq istəyirlər. İddiaçının kürəkəninin həyətyanı sahəsi 0.4 ha-dır. Bu maklerlər iddiaçının, yəni qaynatasının şəhid atası olmasından istifadə etməklə (Sulutəpə və Xocəsən qəsəbəsində şəhid atalarını tikintilər gedən yerlərdə yerləşdirməklə onlardan istifadə etmək artıq dəb halını almışdır və onun başına gətirilən bu məsələ də bu hadisələrdən biridir) həmin 0.4 ha həyətyanı torpaq sahəsini iki yerə bölüb, aşağı hissəsində yeni bir ev tikib satmaq fikirləri var və onu və ailəsini də yaşadığı yerdən ikrah salmaq istəyirlər. Onlar artırmaları bir gecənin içində yatmayaraq qanunsuz tikiblər. Qeyd edir ki, iddiaçının müvəqqəti oturduğu yerin, yəni torpağın heç bir sənədi yoxdur və sənədi olmaya-olmaya ona qarşı iddia qaldırmışdır. Evin sahibi olan Ziyad su çəninin üstünə çıxaraq dəfələrlə qışqıraraq buradan “ləzgiləri qovacağıq, ancaq Ağsulular qalacaq” deyərək arvadı ləzgi o da qubalı olduğuna görə bu sözləri deyir ki, o, onlarla dava-dalaş salıb onu tutdursunlar. Onlar bilirlər ki, o, xəstəliklər cədvəlinin 8 b maddəsi ilə çox vaxt anlaqlı vəziyyətdə olmur. Bəşarət sahə müvəkkili ilə onu bir qədər məsafəyə apararaq nalayiq söyüşlərlə söymüşdür. O, sahə müvəkkilinə bildirmişdir ki, “məni yaşadığım yerdən uzaqlaşdırdınız ki, mən, bu söyüşlərə müqavimət göstərim, siz də məni tutub aparasınız? Bu hadisədən sonra Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Prezidentinə şikayət ünvanlamışdır. Onun sosial yardımı yoxdur, arvadı xəstədir, əməliyyatlıdır, ailəsində işləyən yoxdur, 1 inəyi və 1 buzovu var, yeganə dolanışığı bunlardandır. Onun tövləsi heç kimə və heç nəyə maneəçilik törətmir. Axıdılan çirkab suların kanalizasiya xətti ilə ümumi kanalizasiya ilə Xocəsən yoluna gedir. Ziyadın evinə isə evi üstdən aşağı olduğu üçün yoldan gələn yağış suları onun həyətini basandan sonra onun həyətinə keçir və oradan da digər həyətlərə. Onların yaşadıqları əraziyə baxış keçirilsə görülər ki, onlar dağın döşündədirlər, gələn yağış sularının qarşısını almaq mümkün deyil. Onun yaşadığı ev də yağış sularında qəzalı vəziyyətə düşmüşdür. Ona görə də iddiaçı və onun qızı və kürəkəni onu şərləməklə ondan ya pul, ya da evini sökdürərək ərazisinə girmək istəyirlər. Onların tikdikləri dedikləri ev gecəqondudur. İddiaçı ancaq onun və ailəsini şantaj etməklə məşğuldur. Keçən il bir yaşında danası naməlum səbəbdən zəhərlənərək öldü, səbəbini də bilmir. O heç bir işin gücün dalınca gedə bilmir. Bütün diqqətlərini bu adamlar özlərinə cəlb ediblər. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, yuxarıda qeyd edilən məzmunda izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, mübahisəsi gedən fərdi yaşayış ev ona məxsusdur, bununla bağlı kifayət qədər sübutlar da mövcuddur. Həmin ev əmlakın dövlət reyestrində qeydə alınmamışdır, belə ki, həmin ərazidə yerləşən heç bir evin çıxarışı yoxdur. Onlar evlərini cavabdehdən əvvəl tikiblər. Tövlə onun evinə bitişikdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək yazılı etiraza uyğun izahat verdi, həmçinin əlavə olaraq bildirdi ki, iddiaçının qeyd etdiyi kimi evi birinci iddiaçı yox, o, tikmişdir. Belə ki, o, 1997-ci ildə ev tikmiş, iddiaçı tərəf isə 2017-ci ildə ora köçmüşdür. İddiaçı evi onun hasarının yanında tikmişdir. Bundan əlavə olaraq evin sahibi İddiaçı yox, onun kürəkəni Köçərli Ziyadır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) iddianı qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Həmçinin əlavə olaraq qeyd etdi ki, cavabdehin mübahisəli ünvanda yerləşən tikililəri artıq 23 ildir ki, mövcuddur. İddiaçının ailə üzvləri isə 4 ildir ki, cavabdehin qonşuluğuna köçərək orada yaşamağa başlamışlar. Eyni zamanda, iddiaçının ziyan dəydiyi bildirdiyi ev iddiaçıya deyil, onun kürəkəninə məxsusdur. Bundan əlavə, əvvəllər mübahisəli tikililər bir-birinə yaxın olmamışdır, belə ki, cavabdehin tikililərinin hər tərəfi boş olmuşdur. Sonradan iddiaçı tərəf cavabdehin tikililərinə yaxın məsafədə qanunsuz tikililər aparmış, hazırda da belə iddia qaldırmışdır. İddiaçı iddia tələbində qeyd etdiyi 15.000 manat məbləğində ziyan dəyməsi ilə bağlı da hər hansı təsdiqedici sənədlər təqdim edə bilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 12 aprel 2021-ci il tarixli “Telekomunikasiya xidmətlərinin göstərilməsi” haqqında müqavilədən görünür ki, sonuncu telekommunikasiya xidmətlərindən istifadə edir və buna görə xidmət haqqını MMC-yə ödəyir; Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayonu Gigiyena və X2 Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbəsi üzrə nümayəndəsinə, Xocəsən Bələdiyyəsinə və İddiaçı ünvanladığı 21 aprel 2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı şikayəti araşdırılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası ərazisində qüvvədə olan 245-71 saylı sanitar normalara əsasən heyvandarlıq təsərrüfatı tikili yaşayış zonasından 50 metr məsafədə yerləşməlidir. Yaranan narahatlığın aradan qaldırılması istiqamətində müraciətə baxılması və müvafiq tədbirin görülməsi yuxarıda qeyd olunan qurumlara təklif edilmişdir; Binəqədi rayonu X5 İmran Niyət oğluna ünvanladığı 26 aprel 2021-ci il tarixli məktubdan görünür ki, sonuncunun şikayətinə baxılmış, əməkdaşları tərəfindən yerində baxış keçirilərkən həqiqətən də qonşusu tərəfindən yaşadıqları evə yaxın məsafədə yerləşən qanunsuz tikilidə heyvandarlıqla məşğul olunması təsdiqlənmişdir. Qonşu ilə söhbət əsnasında ona izah edilmişdir ki, heyvan saxladığı tövlənin xarici divarlarında yaranmış nəmişlik və peyin iyi qonşuda haqlı narazılıq yaradır. Həmçinin, qonşuya Azərbaycan Respublikası ərazisində qüvvədə olan 245-71 saylı sanitar normalara əsasən heyvandarlıq təsərrüfatı tikilisinin yaşayış zonasından 50 metr məsafədə yerləşməsi bildirilmişdir. Yaranan narahatlıq aradan qaldırılmadığı halda İddiaçı hüquq mühafizə orqanlarına müraciət etməsi tövsiyyə edilmişdir; “Azəriqaz” İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış 26 aprel 2021-ci il tarixli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən, birlik Sulutəpə qəsəbəsində 60 nömrəli qeydiyyatsız evi təbii qazla təmin etməyi, sonuncu isə birlik tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür; Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Xocəsən qəsəbəsi üzrə nümayəndəliyinin İddiaçı ünvanladığı 27 aprel 2021-ci il tarixli məktubdan görünür ki, Binəqədi rayonu Gigiyena və Epidemiologiya Mərkəzindən daxil olmuş şikayətə baxılmış və bununla əlaqədar aparılmış baxış zamanı müəyyən olunmuşdur ki, heyvandarlıqla məşğul olan qonşu həqiqətən Azərbaycan Respublikası ərazisində qüvvədə olan 245-71 saylı sanitar normalara əsasən heyvandarlıq təsərrüfatlı tikili yaşayış zonasından 50 metr məsafədə olması qaydasını pozmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir; Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 13 oktyabr 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətn Xocəsən Bələdiyyəsinin inzibati ərazisi olan Sulutəpə qəsəbəsində qeydiyyatsız yaşayır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 iyun 2022-ci il tarixli rəyindən görünür ki, X3 yaşadığı 28A saylı yaşayış evində qanunsuz olaraq inşa edilmiş tikilidən Azərbaycan Respublikası ərazisində qüvvədə olan 245-71 saylı sanitar normalara əsasən heyvandarlıqla məşğul olması səbəbindən, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən İddiaçı yaşadığı yaşayış evinə zərər dəydiyi müəyyən olunmuşdur. Qeyd olunur ki, baxış zamanı evin ziyan dəymiş əşyaları təqdim edilmədiyindənməhkəmə-əmtəəşünaslıq tədqiqatı aparılmamışdır. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən İddiaçı yaşadığı yaşayış evinə tikinti üzrə dəymiş ziyanın dəyəri təqribən 823,0 manat məbləğində müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir; 01 fevral 2021-ci il tarixli 002119 nömrəli vəsiqənin surətindən görünür ki, “Sosial Xidmətlər Agentliyi” Publik Hüquqi şəxs tərəfindən İddiaçı şəhid ailəsi üzvü statusu verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən qonşu torpaq sahələrində tərəflər fərdi yaşayış evləri inşa etməklə yaşayırlar. Bununla yanaşı, cavabdeh heyvandarlıqla məşğul olması üçün ayrıca tikili də (tövlə) inşa etmişdir. Lakin, tikinti aparılmış torpaq sahələri nə iddiaçının nə də ki cavabdehin mülkiyyətində və ya qanuni sahibliyində deyil və buna görə də özbaşına tutulmuş (zəbt edilmiş) hesab edilir, orada aparılmış tikililər isə qanunvericiliyə əsasən qanunsuz tikililərdir. Buna baxmayaraq həmin qanunsuz tikililər də yaşayış var və cavabdehin qanunsuz inşa etdiyi tövlə Azərbaycan Respublikası ərazisində qüvvədə olan 245-71 saylı sanitar normaların tələbləri pozulmaqla inşa edildiyindən iddiaçının yaşadığı evə ziyan dəymişdir. Ekspert rəyinə əsasən iddiaçının sahibliyində olan fərdi yaşayış evində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün yerinə yetirilməli tikinti-təmir işlərinin dəyəri təqribən 823,0 manat təşkil edir. Hazırda iddiaçının iki tələbi mövcuddur: tövlənin sökülməsi və ona dəymiş 15.000 manat məbləğində maddi zərərin ödənilməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 180.4-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə iddia tələbinin “tövlənin sökülməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, yuxarıda istinad edilən Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Hazırki iş üzrə isə iddiaçının bununla bağlı hər hansı hüquqlarının məhdudlaşdırılmadığı müəyyən olunur. Qanunvericiliyin tələblərindən göründüyü kimi, belə olan halda özbaşına tikintinin sökülməsi ilə bağlı tələbləri yalnız müvafiq icra hakimiyyəti orqanları qaldıra bilərlər. Yuxarıda qeyd olunan Məcəllənin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, cavabdehin təqsirli, hüquqa zidd hərəkətləri nəticəsində iddiaçının əmlakına maddi zərər vurulmuşdur. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, hazırki iş üzrə verilmiş ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmalı, iddia tələbi maddi zərərin vurulması hissəsində qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəymiş maddi zərərə görə 823 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi və iddiaçı məhkəmə xərclərindən azad edildiyi üçün 7 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsi hesabına ödənilməli, habelə iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində vəsaitin 11 manatı cavabdeh X1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Proseddusl Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh X1 maddi zərərin əvəzi olaraq 823 (səkkiz yüz iyirmi üç) manat məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Cavabdeh X1 7 (yeddi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində vəsaitin 11 (on bir) manatı cavabdeh X1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-207/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-207/2022
01.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver