Məhkəmə qərarları › İş №2(001)-2090/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2090/2022

21.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2090/2022 21.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Rəhimov X12 rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinini X7 31 may 2021-ci il tarixli AR-İİ № 317331 saylı Etibarnamə ilə almışdır. Torpaq sahəsi Azərbaycan Respublikası Abşeron rayonu Qobu Bələdiyyə şurasının 22 noyabr 2006-cı il tarixli 13 saylı Qərarı ilə X8 adına ayrılmışdır. Məmmədova (Abbasova) Lalə Əkbər qızı həmin 0,08 ha torpaq sahəsini X3 14 yanvar 2020-ci il tarixdə ilkin alqı-satqı müqaviləsi yolu ilə 14 saylı Notariusda satmışdır. Daha sonra torpaq sahəsi X1 X2 8 saylı Notriat kontoru tərəfindən 19.09.2020-ci il tarixdə verilmiş 7E-6830 reyestr nömrəli etibarnamə əsasında X9 ilkin alqı-satqı müqaviləsi yolu ilə satılmışdır. Həmin 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı DƏDRX-nin 4 saylı Abşeron Ərazi idarəsinə 14 iyun 2021-ci il tarixdə ********** saylı müraciət edilmişdir. Araşdırma zamanı bir neçə sənədin olmaması bəhanə gətirərək torpaq satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyini əsas götürməklə çıxarışın verilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı bütün sənədləri toplayaraq Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması öhdəliyinin DƏDRX 4 saylı Abşeron Ərazi idarəsinin üzərinə qoyulması üçün Qərarın çıxarılmasını xahiş etmişdir. Sumqayit İnzibati Məhkəməsinin hakimi X13 rayonu Qobu Bələdiyyə şurasının 22 noyabr 2006-cı il tarixli 13 saylı Qərarı ilə Məmmədova (Abbasova) Lalə Əkbər qızının tapılmasını və növbəti baxış iclaslarında iştirakını, yaxud da vəkilin adına etibarnmə verilməsini vacib saymışdır. Beləliklə iddiaçı həmin şəxsin qeydiyyat ünvanına zəng etmiş, bacısı oğlunu taparaq Cavabdeh əlaqə nömrəsinin verilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı 24 noyabr 2021-ci il tarixdə saat 20:42-də Cavabdeh zəng edərək bildirmişdir ki, torpağı özəlləşdirə bilmir və vəkilə etibarnamə vermək lazımdır ki, hüquqlarını məhkəmədə müdafiə etsin. 25 noyabr 2021-ci il tarixdə Cavabdeh iddiaçıya yazmışdır ki, 500 manata gəlib sənəd verməyə və sonradan da nəsə problem çıxsa kömək etməyə razıdır. Onlar sövdələşəndən sonra bu işin alınması üçün cavabdehin inadkarlıqla tələb etdiyi 500 manat pulu iddiaçı ona notariusun pilləkənində verdi. Həmin pulu iddiaçıya qardaşı X11 taksi ilə gətirib vermişdir. İddiaçı cavabdehə pulu verəndən sonra, o, vəkil X5 adına 25 noyabr 2021-d il tarixli AR-İİ 530006 saylı etibarnaməni imzalamışdır. Bu etibarnamə üçün 11,50 manat dövlət rüsumunu iddiaçı ödəmişdir. İddiaçı etibarnaməni aldıqdan sonra oradan çıxıb getmişdir. Təxminən 30 dəqiqə keçməmiş Cavabdeh ona zəng etdi ki, bəs o, etibarnaməni ləğv etmiş, hara lazımdır özü gedəcək. Buna baxmayaraq sonradan iddiaçı cavabdehlə dəfələrlə əlaqə saxlasa da, o, məhkəməyə gəlməkdən boyun qaçırmışdır. Belə vəziyyətdə iddiaçı cavabdehə verdiyi 500 manat məbləğində pulu geri tələb etmiş, cavabdeh isə bildirmişdir ki, pulu qaytarmayacaq və iddiaçı hara istəyirsə şikayət edə bilər. Ondan sonra iddiaçı aidiyyəyi qurumlara müxtəlif vasitələrlə müraciət etmiş və qeyd olunanlar bir nəticə vermədikdə, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, o, özünə məxsus torpaq sahəsini bir neçə il əvvəl satmışdır. Ondan sonra həmin torpaq sahəsi bir neçə dəfə əldən-ələ keçmiş və hal-hazırda, iddiaçının sözlərinə görə, ona satılmışdır. Həmin torpaq sahəsinə dair sənədlər onun adına olduğuna görə, iddiaçı ona etibarnamənin verilməsi barədə müraciət etmiş, o, həmin etibarnaməmi 500 manat pul müqabilində verməyə razılaşmış, onlar iddiaçı ilə notariusun qabağında görüşmüş, iddiaçı ona 500 manat pul vermiş, o isə etibarnaməni imzalamışdır. Həmin notariusdan çıxandan sonra o, polisdə işləyən Ceyhun adında tanışı ilə əlaqə saxlamış və həmin şəxs ona etibarnaməni ləğv etdirməyi məsləhət görmüşdür. Belə ki, etibarnamə “mülki” etibarnamədir və ona gələcəkdə problem yarada bilər. Ona görə də, o, gedib verdiyi etibarnaməni ləğv etdirmiş və bu barədə İddiaçı məlumat vermişdir. Etibarnaməni ləğv etdirəndən sonra o, 43 saylı notariat kontorunun yanındakı meyvə mağazasının qarşısında iddiaçıya 500 manat qaytarmışdır. Pulu qaytaranda İddiaçı hər hansı qəbzi imzalatdırmamışdır. Belə də ki, iddiaçı da ona pul verəndə rəsmi sənədlərlə verməmişdir. Əgər iddiaçı ona 500 manat verilməsinə dair rəsmi sənəd təqdim edə bilsə, onda pulun qaytarılmalı olmasından danışmaq olar. Hazırkı vəziyyətdə isə iddia ərizəsi tamamilə əsassızdır. Bundan əlavə qeyd edir ki, toprağa dair hər hansı sənədi imzalamaq fikri yoxdur. Ondan əvvəl iddiaçı ona sübut etsin ki, həmin torpaq sahəsinə hər hansı hüququ var və torpaq sahəsi həqiqətən də ona satılıb. Məhkəmə tərəflərin izahatıarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin 21.01.2022-ci il tarixli qərarında göstərilmişdir ki, “ ... material üzrə izahatı alınmış Cavabdeh izahatında İddiaçı etibarnamə vermək üçün ondan 500 manat pul aldığını, lakin sonradan fikrini dəyişdiyi üçün etibarnaməni ləğv etdirərək, sonuncuya 500 manat pulu 43 saylı notariat kontorunun yanındakı meyvə mağazasının qarşısında qaytardığını bildirmişdir. Cavabdeh həmçinin izahatında İddiaçı onu telefon vasitəsilə mütəmadi olaraq narahat etdiyi üçün Whatsapp vasitəsilə nalayiq ifadələr işlətməklə söydüyünü etiraf etmişdir”. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində məhkəməyə bildirdi ki, o, iddiaçının qardaşıdır və 500 manat məbləğində pulu Cavabdeh verilməsi üçün qardaşına notariat kontoruna o gətirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı cavabdehə vəkilin adına etibarnamə verilməsi müqabilində cavabdehin tələbinə əsasən 500 manat pul vermiş, sonuncu pulu alaraq həmin etibarnaməni imzalamış, lakin qısa müddət sonra fikrini dəyişərək etibarnaməni ləğv etdirmişdir. İddiaçı iddia edir ki, etibarnamə ləğv edildikdən sonra cavabdeh pulun qaytarılmasından imtina etmiş, cavabdeh isə bildirir ki, 500 manat məbləğində pulu iddiaçıya qaytarmışdır. 500 manat məbləğində pulun verilməsi nə iddiaçı, nə də ki, cavabdeh tərəfindən mübahilənədirilmədiyindən, həmin xüsusatın əlavə olaraq sübut edilməsinə zərurət yoxdur. Lakin cavabdeh həmin məbləğin qaytarılmasını bildirdiyi halda, bunu sübut etmək yükü onun üzərinə düşür. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə müvafiq olaraq, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, 500 manat məbləğində pulun İddiaçı qaytarılması Cavabdeh tərəfindən sübut edilmədiyinə görə, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 500 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 29,32 (iyirmi doqquz manat otuz iki qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar