Məhkəmə qərarları › İş №2(001)-2096/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2096/2021

07.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2096/2021 07.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İHakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 16100 manat tələbinə dair ilk iddia ərizəsi, İddiaçı Cavabdeh1 Cavabdeh İddiaçı qarşı 1592 manat dəyərində tekstil mallarının geri qaytarılmasına dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 16100 manat tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı 1592 manat dəyərində tekstil mallarının cavabdehə geri qaytarılmasına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X1 ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 müxtəlif vaxtlarda İddiaçı 16100 manat dəyərində əmlakını dələduzluq yolu ilə keçirmişlər. İddiaçı Cavabdeh1 bir ildən artıqdır ki, tanıyır. Tərəflər Bakı şəhəri Binəqədi rayonunda geyim əşyalarının satıldığı mağazada tanış olmuşlar. Bundan sonra aralarında ticarət münasibətləri yaranmış, İddiaçı müxtəlif vaxtlarda Cavabdeh1 işlədiyi mağazaya ümumi dəyəri 16100 manat olan geyim və qızıl-zinət əşyaları vermiş, Cavabdeh1 əşyaların bir qismini sataraq İddiaçı 3500 manat pul vermiş, qalan pulu isə verməmişdir. İddiaçı qalan pulu istədikdə isə Cavabdeh1 əvvəlcə pulu qaytarmağı vəd etmiş, lakin sonradan İddiaçı telefonlarına cavab verməmiş, daha sonra isə daha da irəli gedərək İddiaçı şərləyib tutduracağını bildirmiş və öldürəcəyi ilə hədələmişdir. İddiaçı bununla bağlı Yasamal rayon Polis İdarəsinə müraciət etmiş, Yasamal rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Hadisənin mülki xarakteri olması ilə əlaqədar olaraq aidiyyatı üzrə mülki məhkəməyə müraciət etməsi İddiaçı tövsiyə edilmişdir. Yasamal rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli qərarında Cavabdeh1 şöbədə verdiyi izahatında bildirmişdir ki, İddiaçı və oğlu dəfələrlə ona satmaq üçün paltar və qızıl-zinət əşyaları vermişlər. Lakin Cavabdeh1 İddiaçı tərəfindən verilmiş mallarının hamısını sata bilmədiyini və hələ İddiaçı 7100 manat borcu qaldığını etiraf etmişdir. Lakin İddiaçı Cavabdeh1 verdiyi mal və qızıl-zinət əşyalarının dəyəri hazırda 7100 manat deyil, 16100 manat məbləğində təşkil edir. Tərəflər şifahi qaydada nisyə alqısatqı müqaviləsi bağlamış, lakin onların razılaşmasında satılmayan malların geri qaytarılması barədə şərtləri olmamışdır. Ona görə də qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, ilk iddia ərizəsinin təmin edilərək Cavabdeh1 və Cavabdeh2 16100 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, hal-hazırda Cavabdeh1 və Cavabdeh2 ona olan borcu 12600 manat təşkil edir. Whatsapp yazışmalarından qeyd olunan 1000 manat isə onun deyil, oğlunun borcu olaraq İ.F.Hüseynova tərəfindən onun oğluna ödənilmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsini müdafiə edib, ilk iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, Cavabdeh1 9-cu mkr ərazisində yerləşən geyim mağazasında paltar satışı ilə məşğul olur. Cavabdeh1 İddiaçı ilə tanışlığı ticarət xarakterli olmuşdur. Tərəflərin aralarında olan şifahi razılığa əsasən Cavabdeh1 M.H. Muxtarovdan müxtəlif vaxtlarda geyim malları almış, satdıqdan sonra pulunu İddiaçı ödəmişdir. Cavabdeh1 borcunu inkar etmir, lakin borc məbləği İddiaçı tərəfindən şişirdilmişdir. Hazırda Cavabdeh1 İddiaçı 5100 manat borcu vardır. İddiaçı məxsus təxminən 1600-2000 manat dəyərində olan satılmamış geyim əşyaları isə mağazada qalmaqdadır. Cavabdeh1 həmin geyim mallarını qaytarmaq istəsə də İddiaçı buna razı olmamışdır. Halbuki tərəflər arasında malların satılmayacağı təqdirdə geri qaytarılmayacağı barədə heç bir razılıq olmamışdır. Borc məbləğinin yaranmasına isə səbəb bütün dünya və ölkə səviyyəsində olan karantin rejiminin tətbiq olunması olmuşdur. Belə ki, məlum olduğu kimi mağaza fəaliyyət göstərə bilmədiyindən, Cavabdeh1 satış edə bilməmiş və borc məbləği yaranmışdır. Lakin İddiaçı tərəfindən bu hallar, eyni zamanda Cavabdeh1 mütəmadi olaraq ödəniş etməsi nəzərə alınmamış və İddiaçı tərəfindən Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə Cavabdeh1 barəsində şikayət olunmuşdur. Cavabdeh1 İddiaçı xx.xx.2019-ci il tarixdə 466 manat məbləğində tekstil malları, xx.xx.2019-cu il tarixdə 12970 manat məbləğində qızıl-zinət əşyaları və həmin tarixdə 649 manat məbləğində geyim malları, xx.xx.2020-ci il tarixdə 1592 manat məbləğində tekstil malları, xx.xx.2020-ci il tarixdə 423 manat məbləğində tekstil malları olmaqla cəmi 16100 manatlıq qızıl-zinət və geyim əşyaları almış və xx.xx.2020-ci il tarixə cəmi 12600 manat borcu qalmışdır. Tərəflər arasında bu barədə qəbz tərtib edilmiş, qəbzin düzgünlüyü tərəflərin imzaları ilə təsdiq edilmişdir. Cavabdeh1 xx.xx.2020-ci il tarixdən sonra İddiaçı borcundan müxtəlif vaxtlarda hissə-hissə ödənişlər etmişdir. Tərəflər arasında olan whatsapp danışıqlarından Cavabdeh1 tərəfindən İddiaçı dəfələrlə ödənişlər olduğu məlum olur. Bundan əlavə Cavabdeh1 İddiaçı yaşadığı binanın yaxınlığında meyvə-tərəvəz satışı edən şəxslər vasitəsi ilə də ödəniş etmiş, həmin şəxslər də bu faktı təsdiq edə bilərlər. Belə ki, Cavabdeh1 şəhərdən kənarda olduğu vaxt İddiaçı çatmalı olan pulu şəxsən çatdıra bilmədiyindən, həmin şəxslərdən onun əvəzinə pulu vermələrini xahiş etmiş, şəhərə və evə qayıtdıqda isə həmin şəxslərə onun əvəzindən İddiaçı verilən pulu şəxsən özü qaytarmışdır. Bu işlə bağlı şikayətə polisdə baxılan zaman, ondan əvvəl də Cavabdeh1 tərəfindən və təhqiqatçı tərəfindən mağazada olan İddiaçı məxsus satılmamış malları İddiaçı qaytarılması təklif olunsa da, sonuncu buna razı olmamışdır. xx.xx.2020-ci il tarixdə tərtib edilmiş və İddiaçı öz imzası ilə təsdiq etdiyi qəbzdən görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh1 İddiaçı dəyəri 1592 manat məbləğində mal götürmüşdür. Hazırda həmin mallar mağazada qalmaqdadır. Onlar İddiaçı geri qaytarılmalı və Cavabdeh1 şişirdilmiş borcu faktlar nəzərə alınmaqla qiymətləndirilməlidir. Cavabdeh2 isə İddiaçı heç bir borcu yoxdur. Belə ki, bu cavabdeh ilk iddiaçıdan satmaq üçün hər hansı bir əşya almamışdır. Ona görə də ilk iddia ərizəsinin qismən təmin edilməsinə, qarşılıqlı iddia ərizəsinin təmin edilərək Cavabdeh1 mağazasında olan xx.xx.2020-ci il tarixdə İddiaçı satmaq üçün qəbul etdiyi 1592 manat məbləğində tekstil mallarının İddiaçı geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edir. İlk iddia ərizəsi üzrə Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də ilk iddia ərizəsi üzrə Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə ilk iddia ərizəsi üzrə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə ilk iddia ərizəsi qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) İlk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2020-ci il tarixli iltizamdan müəyyən olunur ki, Cavabdeh1 İddiaçı xx.xx.2019-ci il tarixdə 466 manat dəyərində tekstil malları, xx.xx.2019cu il tarixdə 12970 manat dəyərində qızıl, xx.xx.2019-cu il tarixdə 649 manat dəyərində nisyə mal, xx.xx.2020-ci il tarixdə 1592 manat dəyərində tekstil, xx.xx.2020-ci il tarixdə 423 manat dəyərində tekstil malları almış, hal hazırda İddiaçı cəmi 12600 manat borcu vardır və borcu ödəyəcəyini öhdəsinə götürmüşdür. Yasamal RPİ-nin 28-ci PB-nin baş təhqiqatçısı S.Gözəlovun xx.xx.2020-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı müraciəti əsasında toplanmış HK-1-2174 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərardan daha sonra müəyyən olunur ki, araşdırma zamanı İddiaçı izahatında İlhamə adlı qadını bir ildən artıqdır ki, tanımasını, onunla 9-cu mikrorayonda İlhamənin işlədiyi mağazada tanış olmasını, aralarında ticarət münasibətləri yaranmasını, müxtəlif vaxtlarda satmaq üçün İlhamənin işlədiyi mağazada ona ümumi dəyəri 16100 manat olmaqla geyim və qızıl-zinyət əşyaları verməsini, İlhamə aldığı əşyaların bir qismini sataraq ona 3500 manat pul verməsini, qalan pulu isə vermədiyini, İlhamə dəfələrlə vəd verməsinə baxmayaraq sonradan onun telefonlarına cavab vermədiyini göstərmişdir. Qərardan daha sonra müəyyən olunur ki, araşdırma zamanı Cavabdeh1 izahatında təxminən bir il əvvəl 9-cu mikrorayonda işlədiyi geyim əşyaları satılan mağazaya iki nəfər tanımadığı şəxsin gəlməsini, onlar mağazaya baxdıqdan sonra özlərində türk malları olduğunu dediklərini, malı alıb satdıqdan sonra pulunu verməsini, aralarında olan razılaşmaya əsasən onun həmin əşyaları satdıqdan sonra pulunu Məmmədəligilə ödəməli olmasını, söhbət zamanı İlhamə həmin iki nəfərin ata-bala olduğunu bilməsini, o, müxtəlif vaxtlarda Məmmmədəligildən müxtəlif məbləğlərdə geyim və qızıl-zinət əşyaları alıb satmasını, sonradan onların pulunu verməsini, Məmmədəli və oğlu dəfələrlə ona satmaq üçün mal vermələrini, bir il ərzində o, Məmmədəli və onun oğlunun mallarını alıb satmasını, onlara təxminən 10000 manatadək pul verməsini, onlara təxminən 7100 manat borcu qalmasını, 1500-2000 manat arası satılmamış geyim əşyalarının isə mağazasında qalmasını göstərmişdir. Qərardan daha sonra müəyyən olunur ki, araşdırma zamanı Cavabdeh2 izahatında həyat yoldaşı İlhamə ilə şikayətçi Məmmədəli arasında ticarət münasibətlərinin olmasını, İlhamənin Məmmədəli adlı şəxsə hələ də müəyyən miqdarda borcu olmasını, həmin borcu da işləri olduqca ödəyəcəyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh1 İddiaçı ayrı-ayrı vaxtlarda ümumi qiyməti 16100 manat olan geyim və qızılzinət əşyalarını nisiyə almış, bu əşyalara görə 3500 manat ödəniş etmiş, qalan 12600 manat borcu İddiaçı qaytarmamışdır. İlk iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi iltizam yazıldıqdan sonra Cavabdeh1 tərəfindən borcun bir hissəsinin qaytarılması bildirilsə də, bu barədə mötəbər, təkzib olunmaz sübutlar məhkəməyə təqdim olunmamışdır. İlk İddiaçı Cavabdeh2 qarşı tələb irəli sürsə də, bu cavabdehin ona borcunun olmasını təsdiq edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə ilk iddia ərizəsini Cavabdeh1 12600 manatın tutulmasına dair hissədə əsaslı hesab edib qismən təmin edir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında şifahi qaydada nisyə alqı-satqı müqaviləsi bağlandığından, Cavabdeh1 aralarında olan razılaşmada satılmayan malların geri qaytarılmasına dair şərtin olmasını sübuta yetirə bilmədiyindən qarşılıqlı iddia ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumları Cavabdeh1 aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İlk iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 borca görə 12600 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 12630 manat İddiaçı xeyrinə tutulsun. İlk iddia ərizəsi qalan hissədə təmin edilməsin. Cavabdeh1 İddiaçı qarşı 1592 manat məbləğində tekstil mallarının İddiaçı geri qaytarılmasına dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar