Məhkəmə qərarları › İş №2(001)-2103/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-2103/2022

03.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2103/2022 03.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi (əri) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 700 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (əri) Nümayəndə iddianı müdafiə edərək, bildirmişdir ki, cavabdeh iddiaçıya lotereya oynunda iştirak etməyi və bu məqsədlə 800 manat məbləğində pul verməyi, sonradan da növbəliyə uyğun olaraq onun payına düşəcək pulun ona verilməsini təklif etmişdir. İddiaçı da onun bu təklifi ilə razılaşmış və 800 manat məbləğində pulu, 400 manat və 400 manat olmaqla iki dəfəyə onun "xxxx" ASC-də olan hesabına köçürmüşdür. Lakin buna baxmayaraq, cavabdeh nə iddiaçıya vəd verdiyi lotereya oynunda onun iştirakını təmin etməmiş, nədə ki, ona göndərilən pulu qaytarmamışdır. Bu məbləğ dəfələrlə və təkidlə tələb edilməsinə baxmayaraq, ötən dövr ərzində cavabdeh pulun yalnız 100 manat hissəsini qaytarmış, 700 manat hissəsini isə bugünədək verməmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Eyni zamanda, İddiaçı nümayəndəsi (əri) Nümayəndə Cavabdeh məhkəmə iclaslarına gəlməməsi səbəbindən işə qiyabi icraat qaydasında baxılmasına və qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin bundan sonra məhkəmə iclaslarının yeri və vaxtı barədə ona lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Bu səbəbdən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi (əri) Nümayəndə işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclaslarına gəlməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh bir-birini tanıyan şəxslərdir. İddiaçı cavabdehin "xxxx" ASC-də olan hesabına hər dəfə 400 manat olmaqla iki dəfəyə 800 manat məbləğində pul köçürmüşdür. Hazırda iddiaçı cavabdehə qarşı iddia qaldıraraq, cavabdehin təklifinə uyğun olaraq bu məbləği lotoreya oynunda iştirak etmək məqsədi ilə göndərdiyini, lakin nəticədə onun nə vəd verilmiş lotereya oynunda iştirakının təmin edilmədiyini, nədə ki, onun pulunun qaytarmadığını, dəfələrlə və təkidlə tələb edilməsinə baxmayaraq, ötən dövr ərzində cavabdeh tərəfindən pulun yalnız 100 manat hissəsinin verildiyini iddia edir və qalan 700 manat pulun cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, Cavabdeh hər hansı qanuni və ya müqavilə əsası olmadan İddiaçı hesabına 800 manat məbləğində pulu əldə etmiş, ötən dövr ərzində həmin pulun cəmi 100 manat hissəsini qaytarmaqla, iddiaçıya məxsus olan qalan 700 manat məbləğində pulu özündə saxlamaqla əsassız olaraq varlanmışdır. Bu səbəbdən, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 700 manat məbləğində pulun, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qiyabi qətnaməni rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar