Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2117/2022 09.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X27 oğlunun katibliyi, İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X3, X10 və X9 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 20 saylı Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X15, X16, X11, X12, X18 və X13 cəlb edilməklə) “mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri 20 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək anası - 26 yanvar 2020-ci il tarixdə vəfat etmiş X5 miras qalmış əmlakla bağlı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə X15, X16, X11, X12, X18 və X13 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzil onun anası X6 şəxsi mülkiyyətində olmuşdur. Bu miras əmlak daşınmaz əmlakın dövlət reyestrində 29 dekabr 2014-cü il tarixdə qeydiyyatdan keçmişdir. Anası 26 yanvar 2020-ci il tarixdə vəfat etmişdir. X2 24 avqust 1984-cü il tarixdə vəfat etmişdir. Mərhum anası tərəfindən vəsiyyətnamə verilməmişdir. O, anası xəstə olduğu müddətdə ona qulluq etmiş, vəfat etdikdən sonra da yaşamış, miras əmlakı faktiki qəbul etmişdir. Tərəfindən anasından miras qalmış əmlaka dair vərəsəlik işinin açılması və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Bakı şəhəri 20 saylı Notariat Ofisinə müraciət etmiş, ona verilmiş cavabda mirasın qəbulunun qanunla müəyyən edilmiş müddətin ötürülməsinə görə, ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət edilməsi göstərilmişdir. Hüquqlarını bilmədiyi üçün vaxtında notariat kontoruna müraciət eməmiş və bu müddət üzrlü səbəbdən ötürülmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək həmçinin bildirdi ki, o, məlum pandemiya və belində olan problemləri ilə bağlı uzun müddət evdən çölə çıxa bilməmiş və müalicələr almışdır. Bunu onun qardaş və bacıları da təsdiq edə bilər. Onun qardaşları Oqtay və Həbib, bacıları Aidə və Lətifə anasından miraz qalmış mənzili vərəsəlik qaydasında qəbul etməyinə razıdırlar, lakin mərhum bacısı Svetlananın övladları Ayxan və Aydan buna razı olmamışlar. Hazırda qardaşı Oqtay səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmir. Cavabdeh Bakı şəhəri 20 saylı Notariat Ofisinin xüsusi notariusu məhkəməyə müraciət göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X13, X18 və X16 ayrı-ayrılıqda iddiaçı tərəfindən verilmiş iddianın təmin edilməsinə etiraz etmədiklərini, iddiaçının iddia ərizəsində və məhkəmə iclasında bildirdiklərini təsdiq etdiklərini bildirdilər. Məhkəmə iclaslanın yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən digər üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 568402 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1963-cü il təvəllüdlü X4 X2, anası X7. RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 daşınmaz əmlakın dövlət reyestrində 29 dekabr 2014-cü il tarixdə X8 adına qeydiyyata alınmışdır. AZ-İİ 074524 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 26 yanvar 2020-ci il tarixdə ölmüşdür. Bakı şəhəri 20 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 01 oktyabr 2021-ci il tarixli, 293 nömrəli məktubdan görünür ki, onun 26 yanvar 2020-ci il tarixdə vəfat etmiş anası – X6 vəfatı ilə əlaqədar mirasın qəbulu ərizəsinə baxılmış və bildirilmişdir ki, müddətin ötürülməsi səbəbindən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi imkan xaricindədir. Bununla əlaqədar olaraq buraxılmış müddətin bərpası ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Bakı Teyran Tibb Mərkəzi tərəfindən verilmiş 10 may 2022-ci il tarixli 12/19 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən 04 may 2020-ci il tarixdə həkim fizioterapevtin müayinəsində olmuş və müayinə zamanı xəstəyə instrumental xidmətlər təyin edilmişdir. Nəticələrə əsasən xəstəyə “Fəqərəarası disk yırtığı” diaqnozu qoyulmuş və 04 may 2020ci il tarixdən 14 may 2020-ci il tarixədək fizioterapevtik müalicə təyin edilmişdir. N.Tusi adına klinika tərəfindən verilmiş 30 aprel 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən 16 aprel 2021-ci il tarixdə klinikanın Fizioterapiya və Tibbi reabilitasiya şöbəsinin həkim-fizioterapevtinin konsultasiyasında olmuş və müayinələr əsasında ona “L- 4-L5, L-5-S1 fəqərəarası disk yırtığı” diaqnozu qoyulmuşdur. Pasient bu diaqnoza əsasən 16 aprel 2021-ci il tarixdən başlayaraq klinikada müalicə kursu keçməkdədir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X17 ilə X6 birgə nikahlarından Oqtay və Həbib adlı oğulları, Sevil, Aidə, Lətifə və Svetlana adlı qızları doğulmuşdur. X17, X14 və onların qızları Svetlana ölmüşlər. Sonuncunun Ayxan və Aydan adlı övladları var. ünvan 1 daşınmaz əmlakın dövlət reyestrində 29 dekabr 2014cü il tarixdə X8 adına qeydiyyata alınmışdır. X6 ölümündən sonra iddiaçı cavabdehə mirasın qəbulu barədə ərizə ilə müraciət etmiş, lakin sonuncu tərəfindən ona bildirilmişdir ki, qanunvericilikdə müəyyən edilmiş müddət ötürüldüyünə görə ona vərəsəlik haqqında şəhadətnamə verilə bilməz. Hazırda iddiaçı mirasın qəbulu ilə bağlı səhhətində olan problemlərlə bağlı, habelə Covid-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasında karantin rejiminin tətbiq edilməsi səbəbindən cavabdeh Notariat Ofisinə xeyli müddət müraciət etmədiyini, vəfat etmiş bacısının övladlarından başqa digər qardaş və bacılarının mirasın onun tərəfindən qəbul edilməsinə etiraz etmədiklərini bildirərək mirasın qəbul edilməsi vaxtının uzadılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxslər iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 29.5-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsələr sayılırlar; 1159.1.2-ci maddəsinə əsasən övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə qeyd edir ki, iddiaçı və məhkəmə tərəfindən işə cəlb edilmiş üçüncü şəxslər 26 yanvar 2020-ci il tarixdə ölmüş X1 üzrə birinci növbədə vərəsələridirlər. X14 tərəfindən vəsiyyətnamə tərtib edilməmişdir. İddiaçı qanunla müəyyən edilmiş müddət keçdikdən sonra mirasın qəbul edilməsi (vərəsəlik işinin açılması) üçün Notariat Ofisinə müraciət etmiş və imtina almışdır. Məhkəmə, işin hallarını, miras qoyanın ölümündən sonra iddiaçının səhhətində olan problemlərlə bağlı müalicə aldığını nəzərə alaraq belə qənaətə gəlir ki, 26 yanvar 2020-ci il tarixdə ölmüş X5 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddət 1 ay uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 26 yanvar 2020-ci il tarixdə ölmüş X5 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddət 1 ay uzadılmalı, həmin müddət hazırki iş üzrə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalı, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 26 yanvar 2020-ci il tarixdə ölmüş X5 miras qalmış əmlakın İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddət 1 (bir) ay uzadılsın. Həmin müddət hazırki iş üzrə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-2117/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2117/2022
09.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver