Məhkəmə qərarları › İş №2(001)-212/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-212/2025

07.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-212/2025 07.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə müraciət edərək,daha sonra isə tələbini dəqiqləşdirməklə, cavabdehdən 597 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanına City Net internet xəttinin və 240 kanala qoşulmaq üçün xx.xx.2023-cü il tarixdə "xxxx" qaynar xətti olan *1177-ə zəng edərək provayderə qoşulmaq istəyini bildirmişdir Ertəsi gün yəni xx.xx.2023cü il tarixdə "xxxx" əməkdaşları ünvana gələrək kabel xətlərini çəkdilər. Bundan sonra isə 'Samsung markalı televizoru divardan çıxararq arxa hissəsinə kabelləri taxdıqdan sonra, yenidən divara asmaq istərkən məsuliyyətsizlik nəticəsində televizor əllərindən yerə düşdü və televizor yararsız vəziyyətə salındı. Bundan sonra narahat olmamağını və şirkət tərəfindən yeni televizorla təmin olunacağını, öz səhvləri ucbatından belə bir qəzanın olmasını bildirərək mənzili tərk edərək getdilər. Ertəsi gün qaynar xətlərinə zəng edərək işçilərinin məsuliyyətsizliyi nəticəsində televizorun yarasız vəziyyətə gəldiyini və işlək vəziyyətdə televizorla nəvaxt təmin olunacağı barədə məlumt almaq istəmişdir. Bildirdilər ki, müraciəti qeydə alınmış və yaxın zamanlarda əlaqə saxlanılacaq. Lakin bir neçə gün keçməsinə baxmayaraq, onunla heç kim əlaqə saxlamadı. "xxxx" baş ofisinə gedərək hadisəni onlara danışdıqda, bildirdilər ki, rəsmi müraciət edin işiniz həll edilsin. Elə ordaca rəsmi müraciət edərək, yeni televizorla təmin edilməyi tələb etmişdir. Yenidən tezliklə yeni televizorla təmin edələcəyini bildirdilər. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmədi və ümumilikdə televizoru verməkdən imtina etdi. 'Daxili İşlər Nazirliyinin qaynar xətti olan 102 xidmətinə zəngi əsasında işin araşdırılması Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə həvalə edildi. Bölmədən "xxxx"-lə əlaqə saxlanıldı və dəymiş ziyanı ödəməlri bildirildi. Bundan sonra ona qiyməti 170 manat olan "xxxx" markalı balaca bir televizor verə biləcəklərini bildirdilər. Firma olaraq daha üstün Samsung markalı televizorun əvəzinə, aşağı markalı televizor verilməsini qəbul etməmişdir. Bundan sonra isə Samsung markalı yeni televizor ilə təmin olunacağını bildirsələr də, heç bir nəticə olmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Əvvəlki məhkəmə iclasında iştirak etmiş və növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, evinə kabel şəbəkəsi qoşulan zaman "xxxx" MMC-nin işçisinin əlindən televizor düşərək sınmışdır. Hadisə baş verən zaman işçi özü MMC-nin məsul şəxsi ilə əlaqə saxlamış və zərərin əvəzinin ödəniləcəyini bildirmişdir. Bundan sonra dəfələrlə MMC-nin qaynar xətti ilə əlaqə saxlamış, daha sonra rəsmi qaydada müraciət etmişdir. Lakin cavabdeh tərəfindən ona “Samsung” markalı televizorun yerinə “Shıvakı” markalı televizor təklif edilmiş, bununla razılaşmamışdır. “Samsung” markalı televizoru kreditlə 600 manata almışdır. Hadisə barədə rəsmi qaydada şikayət etməsə də, *1177 qaynar xəttinə dəfələrlə müraciət etmişdir. Hadisə ilə əlaqədar Binəqədi RPİ-nin 7-ci PB-nə ərizə ilə müraciət etmiş, polis əməkdaşı cavabdehin nümayəndəsini PB-yə dəvət etsə də, cavabdeh tərəfdən heç kim gəlməmişdir. Cavabdehi 2 ay gözləsə də, televizorunu vermədilər, artıq televizor almışdır. Cavabdehin işçisinin əlindən düşmüş, yararsız olan “Samsung” markalı televizor özündədir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir.

5. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. İddiaçı ilə "xxxx" MMC arasında bağlanan BL144156 saylı xx.xx.2018-ci il tarixli nisyə satış müqaviləsinə 1 saylı əlavədən görünür ki, İddiaçı dəyəri (avadanlıqlarla) 597 manat olan məhsulu 118 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə aylıq 40 manat ödəmək şərtilə almışdır.

7. "xxxx" MMC tərəfindən verilən zəmanət talonundan görünür ki, İddiaçı "xxxx" MMC-dən Samsung markalı, kodu UEE32J4500AKXRU kodlu televizoru 1 illik zəmanətlə almışdır.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/1023 saylı məhkəmə trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən televizorun xarici səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Televizorun üzərində olan zədələr bərk predmetin təsirindən yaranmağa xarakterik sürtünmə, cızılma zədələridir. Lakin halhazırda televizorun işləməməsinin texniki olaraq səbəbinin müəyyən edilməsi ekspert trasoloqun zəruri biliuinə aid deyil.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4823 saylı ekspert rəyindən görünür ki, tədqiqat obyekti olan TV Samsung UEE32J4500AKXRU markalı televizorun orta bazar dəyəri 450 manat müəyyən edilir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

10. İddiaçı "xxxx" MMC arasında bağladığı BL144156 saylı xx.xx.2018-ci il tarixli nisyə satış müqaviləsinə əsasən sonuncudan Samsung markalı, kodu UEE32J4500AKXRU kodlu televizoru 1 illik zəmanətlə almışdır. İddiaçı ünvan 1 ünvanına City Net internet xəttinin və 240 kanala qoşulmaq üçün xx.xx.2023-cü il tarixdə *1177-ə zəng edərək provayderə qoşulmaq istəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" əməkdaşları ünvana gələrək kabel xətlərini çəkdikdən sonra televizorun xəttə kabellə qoşulmasını təmin edən zaman televizorun yararsız hala düşməsinə səbəb olan zərər vurmuşlar.

11. Zərərin məbləğinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatı nəticəsində zərər dəymiş məhsulun orta bazar qiymətinin 450 manat olduğu müəyyən edilmişdir.

12. Cavabdehdən iddiaçının müvafiq müraciəti ilə bağlı aparılan araşdırmanın nəticələrinə dair sübutlar tələb edilsə də, cavabdeh məhkəmə sorğusuna cavab verməmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

14. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;

15. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;

16. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);

17. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;

18. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;

19. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

20. 1129.2. İşin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir.

21. Mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir

22. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: “zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”.

23. Mülki-Prosessual Məcəllənin 106.2-ci maddəsinin tələbinə əsasən, digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. İşin hallarından isə müəyyən edilir ki, məhkəmə iş üçün əhəmiyyət kəsb edən və cavabdehdə olan sübutu tələb etsə də, cavabdeh sübutu özündə saxlayaraq, məhkəmənin tələbi ilə təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə həmin halı iddiaçının bildirdiyi məlumatlar əsasında müəyyən olunmuş hesab edir. Odur ki, cavabdehin işçisi iddiaçıya xidmət göstərərkən onun əmlakına zərər vurduğundan, hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıdığından və vurulan zərərin həcmi ekspert rəyi ilə müəyyən edildiyindən tələb qismən əsaslı hesab edilməlidir. Tətbiq edilən prosessual normalar:

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

25. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

26. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

27. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

28. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

29. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

30. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 450 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

31. İş üzrə ödənilmiş 36 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

32. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 450 (dörd yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 36 (otuz altı) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar