Məhkəmə qərarları › İş №2(001)-2151/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2151/2021

14.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2151/2021 14.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçı İddiaçı, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1150 manat məbləğində pulun, 300 manat əldən çıxmış faydanın, 30,40 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək bildirdi ki, o, 2013-cü ildən 2015-ci ilədək H.Əliyev adına prospektdə yerləşən lombardda işləmiş, 2014-cü ildə tanıdığı Cavabdeh qızıl-zinət əşyalarını girov qoyaraq 1250 manat pul götürmüşdür. Götürdüyü pulu bir ay ödəmiş, sonra ona borcunu ödəməsini demiş və qızıl-zinət əşyalarını götürüb sataraq pulu qaytaracağını bildirmişdir. O, cavabdehə 650 manat borc pul vermiş, cavabdeh qızıl-zinət əşyalarını götürmüş, 2019-cu ilin avqust ayında ona 100 manat pul vermiş, sonra isə bəhanələr gətirərək pulu qaytarmamışdır. Onun şikayəti əsasında cavabdehə qarşı cinayət işinin başlanılması rədd edilmiş, ona mülki qaydada məhkəmə müraciət etməyi məsləhət bilinmişdir. Bu səbəbdən də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin 27.05.2021-ci il tarixli iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək, İddiaçı 500 manat borcunun olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili N.Abbasov iddiaçının izahatına uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə keçirilən məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan cinayət işi üzrə qərardan müəyyən edilir ki, İddiaçı müraciəti üzrə toplanmış materialda cinayət tərkibi olmadığından həmin materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmənin iclasında şahid qismində iştirak edən X2 izahat verərək bildirdi ki, o, iddiaçını tanıyır, cavabdehi isə sonradan tanımışdır. İddiaçı ilə bir yerdə işlədiyi zaman iddiaçının Umleyla adlı şəxslə pul mübahisəsi olduğunu bilmiş və iddiaçı ilə bərabər onun avtomaşını ilə cavabdehin evinə getmişdir. Orada tərəflər arasında mübahisə düşmüş, sonradan Cavabdeh bacısı oğlu gələrək, məsələni özü həll edəcəyini bildirmişdir. Məhkəmənin iclasında şahid qismində iştirak edən X3 izahatında bildirdi ki, o, iddiaçının bacısıdır. O, cavabdehin onun bacısına 1250 manat borcu olduğunu bilirdi. Hətta bacısı ilə birlikdə cavabdehdən pul almaq üçün cavabdehin iştirak etdiyi toy məclisinə getmiş, lakin cavabdehin hazırda borcu qaytarmaq imkanı olmadığı üçün onlardan 5-10 gün gözləmələrini xahiş etmişdir. Göründüyü kimi tərəflər arasında yaranmış münasibətlər üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçı verdiyi pul vəsaitini tələb etməkdə haqlıdır və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385,1, 386.1, 425.1, 427.3, 442, 448 və 739.1-ci maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya 500 manat məbləğində borcunun olmasını etiraf etdiyindən, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 500 (beş) yüz manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat pul məbləği və ödənilmiş 30,40 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Günel Abbasova AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, A.Kunanbayev küçəsi 4E. AZ 1116 №2(001)-2151/2021 21 iyun 2021-ci il İddiaçı: İddiaçı Ünvan: Gəncə şəhəri, Nizami rayonu, M.S.Ordubadi küçəsi, ev 82 Cavabdeh: Cavabdeh Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi ev 183 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(001)-2151/2021 nömrəli qətnamənin surəti Azərbaycan Respublikası MPM-nin 227.3-cü maddəsinə əsasən məlumat üçün Sizə göndərilir. Qoşma: qətnamənin surəti Hakim: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar