Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2159/2023 22.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3298 manat məbləğində dəymiş ümumi ziyanın ona alınıb verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş Cavabdeh (İPNAXCT) obyektini icarəyə vermək vədi ilə müxtəlif vaxtlarda ondan ümumilikdə 2090 manat vəsait almışdır. Belə ki, xx.xx.2022-ci il tarixində icarəyə götürmək məqsədi ilə M.Davudoğlu küçəsi 16 ünvanda yerləşən elan qoyulmuş obyektə yaxınlaşdı. Obyekt sahibi kimi özünü qələmə verən Cavabdehlə tanış oldu. O, Dövlət Unversitetlərindən birində müəllim işlədiyini bildirdi. Bəzi çətinlikləri, daha doğrusu “Binə” ticarət mərkəzi olan yerdə 100 hektar yerinin olduğunu və onun sənədləşdirilməsi üçün pula ehtiyacı olduğu üçün icarə haqqını əvvəlcədən istədiyini bildirdi. Bəy-əfəndi görkəmində olduğu üçün onun saxtakar olduğunu anlamadı, ona inandı və əvvəlcədən istədiyi vəsaiti ona müxtəlif tarixlərdə, yəni onun istədiyi vaxtlarda kart vasitəsilə ödədi. Lakin icarə müqaviləsi bağlamaq üçün sənəd təqdim etməsini istədikdə, sahə müvəkkilinin onun tanışı olduğunu və heç kəsin onun obyektinə girməyə cürəti olmadığını bildirərək sənədsiz fəaliyyət göstərməyini təklif etdi. O, buna etiraz etdi və qanunsuz fəaliyyət göstərmək istəmədiyini bildirdi. O bu dəfə sənədlərinin icrada olduğunu və tezliklə hazır olacağını bildirdi. Bu səbəblə icarə müqaviləsini bağlamaq mümkün olmadı. Hər dəfə sənədin bugün-sabah hazır olacağını bildirərək, onu artıq 3 aydır gözlədir. Son bir ayda isə onunla görüşmək istədikdə ya telefonları cavablandırmır və ya hər dəfə şəhərdə olmadığını bildirir. Qeyd edir ki, bu üç ay ərzində açarları istədikdə qapını dəyişəcəyi bəhanəsi ilə açarları ona verməyib. Bir neçə dəfə qapını açıb içərini göstərib və bağlayıb. Bundan başqa bir dəfə guya onlara görə təmir etdirdiyini görsətmək üçün (Zahirin tanışı olan təmir edən usta açarın yalnız Zahirdə olduğunu ,onlara verilmədiyini görüb) bir dəfə də obyekt açanda işlətmək üçün nəzərdə tutulan stol və stulları həmin yerə yığmalarını təklif etdi,(yığmağa yeri olmadığı üçün) qapını açdı stolları gətirən şəxslər oraya yığdılar, dərhal sonra qapını bağladı və qapını dəyişəcəyi bəhanəsi ilə yenə açarı onlara vermədi cibinə qoydu. Həmin obyektə onun vəsaiti ilə plastik qapı qoyanda da Zahirin nömrəsini verdi ona zəng vurublar o da gəlib qapını açıb, ustalar qapını qoyublar və bağlayıb gedib (usta bunu təsdiq edə bilər). Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq zənglərinə cavab verməməyə başladı. O, hər dəfə bəhs etdiyi obyektə gedərək pəncərənin çölündən baxaraq onun gəlib gəlmədiyini gözləməli oldu. Axır ki, bir dəfə telefonu açanda, cavabdehin onu aldatdığını anladığını və ödədiyi vəsaiti geri almaq istədiyini bildirdi. O isə yerini guya "zanit" etdiyini bildirərək vəsaiti geri qaytarmaqdan boyun qaçırdı. Halbuki, aralarında kirayə müqaviləsi olmadığı üçün və bu müddət ərzində obyektin açarları həmin şəxsdə olduğu üçün onları həmin yeri nəinki işlətmək, hətta adı çəkilən şəxsin üç dörd dəfə qapını açıb onlara göstərməsi istisna olmaqla, özü olmadan obyektə ayaq belə basmamışlar. (Ətrafda yaşayan və işləyən insanlar bunu təsdiq edə bilər). Bildirir ki, kart vasitəsi ilə ödədiyi vəsaitdən əlavə eyni zamanda həmin obyektə ümumi dəyəri 1290 manat olan qapılar, oturacaqlar, stollar və lövhələr onlar tərəfdən vəsait xərclənərək alınsa da, həmin əşyalar da onun tərəfdən mənimsənilmiş və onlara hələ də geri qaytarılmamışdır. Sonuncu dəfə (xx.xx.2023) ona zəng edib əşyalarını və pulunu qaytarmasını tələb edəndə Ağsu rayonunda olduğunu bildirdi. Obyekti gözətləyib onun obyektdə olduğunu yenə onu aldatdığını gördü. Bu məsələ ilə bağlı elə həmin vaxt xx.xx.2023-cü ildə polis bölməsinə müraciət etdi. Tədqiqatçı Kamran müəllim ona zəng edib məsələ ilə əlaqədar polis idarəsinə gəlməsini bildirdikdə isə, onların özlərinin həmin obyekdən könüllü imtina etdiklərini bildirdi və sahə müvəkkilinin onun tanışı olduğunu bildirərək dəvət edilsə də bölməyə indi deyil daha sonra gələcəyini bildirdi. Bu adam o qədər usta saxtakardır ki, hətta tədqiqatçı cinayət tərkibi görmədiyini və onlara polisə deyil məhkəməyə müraciət etməyini məsləhət bildi. Halbuki, araşdırılarsa bu şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsinə uyğun gələ biləcək dələduzluqla məşğul olduğu ortaya çıxar. Vətəndaşı aldatma, vəsaitini mənimsəmə, polisə yalan ifadə, rəsmi qurumların adından istifadə edərək aldatma, dövlətin (sahə müvəkkilinin) məmurunun adından istifadə edərək aldatma, qanunun tələblərindən kənara çıxmağa təşviq etmə kimi müxtəlif əməlləri törətdiyi təsdiqlənər. Ödənilən vəsaitlər xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 900 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 40 manat, xx.xx.2022-ci il tarixdə 250 manat. Bundan əlavə öz vəsaiti ilə aldığı, lakin həmin şəxs tərəfindən mənimsənilmiş əşyalar (ümumi dəyəri 1208 manat) plastik qapılar – 530 manat, oturacaqlar - 168 manat, stollar - 450 manat, lövhələr - 60 manat. Bütün yuxarıda qeyd olunanlar onu göstərir ki, adı qeyd edilən şəxs əlində heç bir rəsmi sənəd olmadığı halda obyekti icarəyə vermək vədi ilə ona xeyli miqdarda zərər vurmuşdur, saxtakarlıqla məşğuldur və fırıldaqçıdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə yazılı etirazla müraciət edərək bildirmişdir ki, o, iddianı qismən qəbul edir. Belə ki, iddiaçı ona 850 manat məbləğində kirayə haqqı vermişdir. Ona göndərilən 900 manat materiala, 340 manat isə ustaya zəhmət haqqı kimi ödənilmişdir. Əşyalar isə hələ də mağazadadır. İddiaçı əşyaları gəlib götürə bilər. O, iddia tələbinin pul hissəsinin yalnız 850 manat məbləğini qəbul edir. Daha sonra xx.xx.2023-cü il tarixdə iddiaçı “iddia tələbinin həcminin azaldılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2090 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, o, ümumilikdə 1208 manat dəyəri olan əşyalarını – plastik qapıları, lövhələr, oturacaqlar və stolları götürmüşdür. Ona görə də iddianı bu hissələrdə artıq müdafiə etmir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək, etirazında göstərilən məzmunda izahat verdi və ondan 850 manat məbləğində pulun tutulmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan bank hesabından çıxarışdan, habelə məxaric barədə çıxarışlarından görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 900 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 40 manat, xx.xx.2022-ci il tarixdə 250 manat məbləğində pul Zahir.İ-nin hesabına köçürülmüşdür. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı Cavabdeh özünə aid olmayan obyekti ona icarəyə vermək məqsədilə ondan 2090 manat pul alması, bundan başqa onun 1148 manat pulunun boş yerə xərclənərək ümumilikdə ona 3238 manat ziyan dəyməsi barədə ərizəsi daxil olmuşdur. Daxil olmuş ərizə ilə bağlı İddiaçı eyni məzmunlu izahat vermişdir. Araşdırma zamanı Cavabdeh izahat verərək özünə məxsus olan obyekti Naibə adlı xanıma icarəyə verdiyini, ilkin olaraq 600 manata razılaşdıqlarını, sonradan orda təmir işləri aparması üçün Naibəyə ustaya verəcəyi pulu onun kartına göndərdiyini, Naibənin obyekti işlətməkdən boyun qaçırdığını və ondan pulunu tələb etdiyini obyekt işlətmədikləri üçün 850 manat pulu ona qaytarmağa razı olduğunu, lakin onun ustaya verdiyi pulu ödəyə bilməyəcəyini bildirmişdir. Odur ki, İddiaçı müraciəti əsasında toplanmış materialın işə tikilməsini və bununla bağlı mülki qaydada məhkəməyə müraciət etməsi barədə ərizəçiyə məlumat verilməsi məqsədəmüvafiq hesab edilir. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində verdiyi izahatın surətindən görünür ki, “... o, ticarət obyektini icarəyə vermək üçün mağazaya elan vurmuşdur. Naibə xanım nömrəsini reklamdan götürüb ona zəng edib. Onlar mağazada görüşərkən ona bildirdilər ki, onlar buranı təmir edib təhsil müəssisəsi yaratmaq istəyirlər. O da razılaşdı. 1 və 2-ci aylar 600 manata razılaşdılar. Aralarında mədəni münasibətlər yarandı və ondan xahiş etdi ki, o, qadın xəylağıdır, ona bir yaxşı usta tapsın, pulu keçirsin material alsın. O, bazara getməsin. O da xanıma köməklik etdi. Usta üçün onun kartına pul göndərdi, o da ustaya verdi. Usta material alıb təmir etmişdir. Naibə xanım ustanın zəhmət haqqını da onun kartına göndərmişdir. O, da ustaya vermişdir. Ona da 850 manat göndərdi ki, fəaliyyətə başlayanda arenda pulundan silər. Onun yeganə təqsiri mağazanın giriş qapısının dəyişməyi barədə söz verməsidir. Biraz müəyyən səbəblərdən gecikdirdi. Əslində ona zərər dəyib, xeyli vaxtdır yeri zanitdir, amma icarə haqqı hesablamır. O, Naibə xanımı aldatmamışdır. Yenə təklif edir ki, xərc çəkib gəlsin işləsin. O isə narazılıq yaradır, işi pozur. Ustaya materiala xərclədiyi pulu haqqsız olaraq artıqlaması ilə ondan tələb edir. O, icarə haqqı kimi aldığı 850 manat pulu qaytarmağa hazırdır. Ona görə ki, işlətməyiblər. Ustaya verdiyi pulu gedib ustadan alsın. Əksinə o, zərər çəkir” xx.xx.2023-cü il tarixli mədaxil qəbzinə əsasən, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 64 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: -birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; -ikincisi, iddiaçı əmlakdan məhrum olur; -üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Göründüyü kimi, cavabdeh heç bir qanuni və ya müqavilə əsası olmadan iddiaçının hesabına 2090 manat məbləğində pul vəsaiti əldə edərək, əsassız olaraq varlanmışdır. Cavabdeh həmin pul məbləğinin yalnız 850 manat məbləğinin ona ödənildiyini, qalan məbləğin isə təmir xərcinə və ustalara verildiyini bildirsə də, qeyd etdiyi dəlillər barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin bildirdiyi hallar düzgün olsa belə, yenə də cavabdeh iddiaçının hesabına əsassız varlanmış hesab olunur. Çünki, iddiaçının vəsaiti hesabına təmir olunmuş obyekt hazırda cavabdehin öz sərəncamında və istifadəsindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2090 manat məbləğində vəsait və 64 manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 2090 (iki min doxsan) manat məbləğində vəsait və 64 (altmış dörd) manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2159/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2159/2023
22.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver