Məhkəmə qərarları › İş №2(001)-2199/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2199/2023

27.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2199/2023 27.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X4 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı X2rşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və X14 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “mənzilin 1/4 hissəsinə dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 27 aprel 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: Şahbazova (əvvəlki soyadı Heydərova) Xuraman Fəttah qızı X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 fevral 1990-cı il tarixdə onunla cavabdeh arasında Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin 1/4 hissəsinə dair alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və X14 mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.1971-ci il tarixdə cavabdehin adına qeydiyyatdan keçmişdir. xx.xx.1972-ci il tarixli, 9/4243 reyestr nömrəli alğısatqı müqaviləsinə əsasən həmin evin 1/2 hissəsi X10 adına qeydiyyata alınmışdır. Sonradan 02 fevral 1990-cı il tarixdə cavabdeh evin 1/4 hissəsini iddiaçıya, yəni Heydərova (indiki soyadı ilə Şahbazova) Xuraman Fəttah qızına satmış, lakin məlum səbəblərdən müqavilə notarial qaydada rəsmiləşdirilə bilməmişdir. Həmin vaxtdan iddiaçı göstərilən ünvanda yerləşən mənzildə yaşayır. 11 noyabr 1997-ci il tarixdə X15 evin özünə aid hissəsini (yəni 1/2 hissəni) X1, sonuncu isə 17 oktyabr 2000-ci il tarixdə həmin hissəni iddiaçıya satmışdır. Hazırda daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına həmin evin 1/2 hissəsi qeydiyyatdan keçmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirib, əlavə olaraq izahatında göstərdi ki, iddiaçı ilə cavabdeh arasında 02 fevral 1990-cı il tarixdə alğı-satqı hər iki tərəfin iştirakı ilə tərtib edilmiş sadə yazılı qəbzlə bağlanmış, imzalarla təsdiqlənmiş, iddiaçı cavabdehə əmlakın əvəzində 10000 Rus rublu məbləğində pul ödəmişdir. Lakin, həmin müqavilə məlum məsələlərlə bağlı notarial qaydada rəsmiləşdirilə bilmədiyindən, hazırda əmlakın iddiaçıya aid 1/4 hissəsinin dövlət qeydiyyatına alınması mümkünsüz olmuş, buna görə iddiaçı bu iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi əvvəlki məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 izahatında göstərmişdir ki, o, iddiaçının qonşusudur. O, bu evi almamışdan əvvəl evin bir hissəsi azərbaycanlı şəxsin, digər hissəsi isə cavabdehin mülkiyyətində olmuş, o, evin azərbaycanlıya məxsus hissəsini almışdır. Sonradan iddiaçı cavabdehdən sonuncuya aid hissəni almışdır. 1991-ci ildə öz evinə dair mülkiyyət hüquqlarını təsdiq edən sənəd alsa da, 2019-cu ildə yeni çıxarış almışdır. İştirak etdiyi əvvəlki məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X17 iddia tələbi ilə bağlı araşdırma zərurəti olduğundan iddiaya növbəti məhkəmə iclasında münasibət bildirəcəyini desə də, növbəti məhkəmə iclasına gəlməmiş, iddiaya yazılı münasibət bildirməmişdir. Tədqiq edilmiş sübutlar: - 26 sentyabr 1991-ci il tarixli “Nikahın bağlanması haqqında Şəhadətnamə”dən görünür ki, X11 (iddiaçı) 26 sentyabr 1991-ci il tarixdə X16 ilə rəsmi nikaha daxil olmaqla ona “Şahbazova” soyadı verilmişdir. - 02 fevral 1990-cı il tarixdə Heydərova (Şahbazova) Xuraman Fattah qızı ilə X9 Bakı şəhəri, Kirov rayonu, Vorosovskiy qəsəbəsi 2-ci Qurultay küçəsinin 3-cü keçidində yerləşən 6 saylı evin ¼ hissəsinin 10000 (on min) rubla satılması barədə sadə yazılı əqd bağlamışlar, həmin əqddə G. Martirosyan sözügedən evə dair payını satdığını, X.Heydərova isə bunun müqavilində ona 10000 (on min) rubl verdiyini öz imzaları ilə təsdiq etmişlər. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X26 küçəsi, keçid 3, ev 6 (Yeni qaydalarla: AZ1113, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X26 küçəsi, 115) ünvanında yerləşən, ümumi sahəsi 323,3 kv.metr olan fərdi yaşayış evinin üzərində X12 4 otaq 192,9 kv.metr 1/4 hissə və 130,4 kv.metr hissədə payına dair mülkiyyət hüququ 20 dekabr 2019-cu il tarixdə, İddiaçı 4 otaq 192,9 kv.metr 2/4 hissədə payına dair mülkiyyət hüququ 06 iyul 2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, evin 4 otaq 192,9 kv.metr 1/4 hissəsi isə X6 mülkiyyətində olduğu göstərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6. Mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 163.1. Sahiblik əşyanın verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktiki sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını,bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X3rşı” iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). «Loizidu Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Məhkəmənin mövqeyi: İşin müəyyən edilən hallarından görünür ki, xx.xx.1990-cı il tarixdə Heydərova (Şahbazova) Xuraman Fattah qızı ilə X9 Bakı şəhəri, Kirov rayonu, Vorosovskiy qəsəbəsi 2-ci Qurultay küçəsinin 3-cü keçidində yerləşən 6 saylı evin ¼ hissəsinin 10000 (on min) rubla satılması barədə sadə yazılı əqd bağlamışlar, həmin əqddə Q.Martirosyan sözügedən evə dair payını satdığını, X. Heydərova isə bunun müqavilində ona 10000 (on min) rubl verdiyini öz imzaları ilə təsdiq etmişlər. İş üzrə o da müəyyən edilir ki, hazırda daşınmaz əmlakın Dövlət reyestrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X26 küçəsi, keçid 3, ev 6 (yeni qaydalarlara Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X26 küçəsi 115) 1/4 payla X12, 2/4 payla İddiaçı, 1/4 payla X6 mülkiyyətindədir. Məhkəmə ilk öncə alğı-satqı müqaviləsinin anlayışına toxunmağı zəruri hesab edir. Belə ki, alğı-satqı müqaviləsi tərəflər üçün konkret hüquq və vəzifələr yaradır. Alğı-satqı müqaviləsi satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edərək, əvəzində müəyyənləşdirilmiş pul məbləğini, yəni əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşmadır. Belə müqavilə üzrə satıcı müqavilənin predmeti olan əşyanı alıcının mülkiyyətinə verməlidir. Satıcının üzərinə müqavilədən irəli gələn borcunu real olaraq icra etmək vəzifəsi qoyulur. Bunun nəticəsində həmin əşya üzərində satıcının mülkiyyət hüququna xitam verilir və onun üzərində alıcının mülkiyyət hüququ yaranır. Daşınmaz əmlakın alğı-satqısına dair tərəflər arasında müqavilə yazılı şəkildə bağlanmalıdır və tərəflər öz iradələrini sərbəst surətdə həmin müqaviləni imzalamaqla ifadə edirlər. Qanunun mənasına görə alğı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki hüquqi əqdir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Alğı-satqı müqaviləsi vasitəsilə satıcı əmlak üzərində mülkiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni, mütləq əşya hüququ qazanır. Satıcının əşyanı alıcıya verməsi alıcının isə razılaşdırılmış ödənişi etməsi müqavilənin icrasına yönələn hərəkətdir. Məhkəmə tərəflər arasında tərtib edilmiş yazılı əqdə münasibətdə qeyd edir ki, tərəflər arasında yaranan mülki münasibətlər 1990-cı ildə yarandığına görə həmin mübahisənin həlli üçün həmin vaxt qüvvədə olan mülki qanunvericiliyin müddəaları nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 779-İQ nömrəli Qanununa görə qüvvədən düşmüş Azərbaycan SSR Mülki Məcəlləsinin 41-ci maddəsinə əsasən aşağıdakı əqdlər yazılı formada bağlanmalıdır: 1) bu Məcəllənin 40-cı maddəsində göstərilən əqdlər, SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə barəsində sair qayda nəzərdə tutulan bə`zi əqd növləri istina olmaqla, dövlət, kooperativ və sair ictimai təşkilatların öz aralarındakı və bu təşkilatlarla vətəndaşlar arasındakı əqdlər; 2) bu Məcəllənin 40-cı maddəsində göstərilən əqdlər, SSR İttifaqı və ya Azərbaycan SSR qanunvericiliyində göstərilən sair əqdlər istisna olmaqla, vətəndaşlar arasında minimum əmək haqqının iki mislindən artıq məbləğə bağlanan əqdlər; 3) vətəndaşlar arasında, qanunla yazılı formada olması tələb edilən digər əqdlər. Təşkilatlar və ya təşkilatla vətəndaş arasındakı əqdlər yazılı formada olmadığı hallarda, malın dəyərini və ya göstərilmiş xidmətin əvəzini ödəmiş olan təşkilat digər tərəfdən pulun alınmasını və onun alınması əsasını təsdiq edən yazılı sənəd almalıdır. Yazılı əqdlər onları bağlayan şəxslər tərəfindən imzalanmalıdır. Əgər vətəndaş fiziki qüsuruna, xəstəliyinə və ya hər hansı sair səbəblərə görə əqdi özü imzalaya bilmirsə, onun tapşırığı ilə başqa vətəndaş imzalaya bilər. Başqasının əvəzinə əqdi imzalayan şəxsin imzası əqdi bağlayanın özünün imza edə bilməməsinin səbəbləri göstərilməklə, əqdi bağlayan şəxsin işlədiyi və ya oxuduğu tşkilat, yaxud onun yaşayış yeri üzrə mənzil-istismar təşkilatı, yaxud müalicədə olduğu stasionar müalicəxanasının müdiriyyəti, yaxud notariat orqanı tərəfindən, kənd yerində isə yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilməlidir. Həmin Məcəllənin 43-cü maddəsinə əsasən əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. Göründüyü kimi cavabdeh tərəfindən öz iradəsinə uyğun 02 fevral 1990-cı ildə iddiaçıya satılan daşınmaz əmlak iddiaçının faktiki sahibliyində olmaqla əmlakdan qanuni və əsaslı olaraq təyinatı üzrə istifadə olunmuşdur. Sözügedən əqdin notarial qaydada rəsmiləşdirilməməsi isə həmin dövrdə ölkədə baş verən ictimai-siyasi proseslərlə bağlı olması sağlam mühakimə ilə qəbul ediləndir. İstinad edilən dövrün qanunvericiliyinə əsasən daşınmaz əmlakla bağlı həyata keçirilən alğı-satqı müqavilələrinin notariat formasında bağlanması məcburi hesab edilirdi. Lakin Mülki Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda notarial formaya riayət edilmədən bağlanan əqddə məhkəmə tərəfindən bağlanmış hesab edilə bilərdi. Köhnə Mülki Məcəllənin 43-cü maddəsinə əsasən, tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarında Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Yuxarıda istinad olunanlara əsasən, məhkəmə qeyd edir ki, tərəflər arasında hər iki tərəfin iradəsini aydın şəkildə ifadə edən sadə yazılı formada əqd bağlanmış, mübahisəli daşınmaz əmlaka dair alğı-satqı müqaviləsinin şərtləri müqavilə iştirakçıları tərəfindən tam şəkildə qarşılıqlı icra edilmişdir. Digər tərəfdən, iddiaçı əmlakdan müqavilə imzalandığı vaxtdan qeyd şərtsiz sahiblik və istifadə hüquqlarını həyata keçirir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı əqdi icra etmiş tərəf kimi müqavilənin bağlanmış hesab edilməsini tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 02 fevral 1990cı il tarixdə Heydərova (Şahbazova) Xuraman Fəttah qızı ilə Cavabdeh arasında Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin 1/4 hissəsinə dair alğı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 02 fevral 1990-cı il tarixdə Heydərova (Şahbazova) Xuraman Fəttah qızı ilə Cavabdeh arasında Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin 1/4 hissəsinə dair alğı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar