Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2200/2023 27.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra “cavabdeh”) qarşı “qanunsuz açılmış qapının bağlanması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 27 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq onun faktiki sahibliyində olan ünvan 1 ünvanındakı fərdi yayşayış evinin darvazasına bitişik qapının cavabdehin hesabına bağlanması və hasarın təmir olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanındakı 160 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi iddiaçının sahibliyində və istifadəsindədir. Qonşuluqda yaşayan cavabdeh öz sahibliyində və istifadəsində olan fərdi yaşayış evinin ümumi yola çıxış hissəsində böyük bir darvaza qoysa da, sonradan iddiaçının evinin darvazasına bitişik hissədə növbəti bir qapı qoymaqla faktiki olaraq iddiaçının evinin darvazasının tam şəkildə açılmasına maneə yaratmaqdadır. Həmçinin, cavabdeh ortaq hasarın özünə aid hissəsinin aşağısına su axıdaraq iddiaçıya maddi ziyan vurur. İddiaçı bir neçə dəfə hasarını təmir etdirmiş, lakin hal-hazırda da suyun axıdılması davam edir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz ünvanlamış, etirazda göstərmişdir ki, hər iki ünvanın Y.Hüseynov küçəsi, ev 73, mənzil 6 və ev 73-B olması bunu göstərir ki, İddiaçı sahibliyində və istifadəsində olan fərdi yaşayış evi Cavabdeh 1993-cü il tarixdən sahibliyində və istifadəsində olan əlavə həyət sahəsi kimi olmuşdur. 2009-cu ildən isə mənzilə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Daha sonra həmin həyət sahəsindən müəyyən bir hissəsi satılmış və hasar çəkilmişdir. Cavabdeh qalan həyət sahəsində torpağın satışından əldə olunmuş vəsait hesabına bir neçə yaşayış sahələri inşa edilmiş və təmir edilərək kirayə verilmişdir. Maddi durumu çətin olan ailəyə gəlir mənbəyi olaraq və uzun müddətli kirayəçilərin üstünlük təşkil edən az təminatlı ailələrə münasib qiymətə kirayəyə verilən yaşayış sahəslərinə giriş-çıxış onların həyətindən olduğundan, kirayəçilər üçün alternativ olan və paralel qapı açılmışdır. Qeyd olunan hadisələrin cərəyan etdiyi müddət ərzində Cavabdeh tərəfindən satılmış torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş və ünvan Y.Hüseynov küçəsi, ev 73-B verilmişdir. Həmin ev 73-B inşa edilərkən olunan razılığa görə həmin evin pəncərələrinin cavabdehin həyətinə açılmasına razılıq verilmiş, qarşılığında Cavabdeh tərəfindən inşa edilmiş hasarda əlavə qapının açılmasına dair razılıq əldə edilmişdir. Bundan sonra mülki iş üzrə İddiaçı tərəfindən həmin yaşayış evi Fazil adlı qonşudan əldə edildikdə qapının qanunsuz açılması kimi əsassız, razılaşmaya zidd olan iddialarla çıxış etmişdir. Belə olan halda, İddiaçı qeyd olunan fərdi yaşayış evinə sahiblik və istifadə hüququ əldə etməzdən çox daha öncə olan qapının qanunsuz olması iddiası ilə bağlanmasını tələb etmək absurddur və təmin edilməməlidir. Xüsusən də, həmin fərdi yaşayış evi inşa edilməzdən daha öncə Cavabdeh tərəfindən hasar çəkilmişdir. Beləliklə qeyd olunan qapı İddiaçı sahiblik və istifadəsindən çox daha əvvəl olmuşdur. Qeyd olunan iddia ərizəsində qapının hansı əsaslarla qanunsuz olması və hansı normativ qaydalara və ya sənədlərə zidd olaraq açılması barədə heç bir əsas gətirilməmiş, sübut təqdim edilməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirib, əlavə olaraq izahatında göstərdi ki, onlar 2022-ci ilin oktyabr ayında ailəsi ilə birlikdə ərizədə göstərilən evə köçmüşlər. Mübahisəli qapı cavabdeh tərəfindən sonradan açılmışdır. Hazırda onun evinin darvazası tam açılarkən darvazanın arxası görünmür, cavabdehin qapısının qarşısında kimsə olarsa, ona xəsarət yetirilə bilər. Digər tərəfdən, həmin qapının önündə tanımadığı şəxslər toplaşır, səs-küy olur, bu da onun evində narahatçılığa səbəb olur. Buna görə də, həmin qapı bağlanmalıdır. Digər tərəfdən, həyətinin divarına cavabdeh tərəfindən su axıdılması nəticəsinə ziyan vurulması iş materiallarına əlavə edilmiş fotoşəkillərlə öz təsdiqini tapır. Sonda iddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddiaya yazılı etirazda göstərilənləri təsdiq etdiyini bildirib, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Tədqiq edilən sübutlar: - MH seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində istifadədə olan 0,245 ha. torpaq sahəsində yerləşən 73 nömrəli, 1 mərtəbəli binada, 23,56 kv.metr ümumi sahədən ibarət 1 otaqlı 6 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 904 nömrəli reyestr kitabının 8400+ nömrəli vərəqində qeydiyyata alınmışdır. - 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 13 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 25 aprel 2023-cü il tarixli, 171 nömrəli arayışda göstərilmişdir ki, Baxışova X2 qəsəbəsi, Yəhya Hüseynov küçəsi 73 saylı evin 6 nömrəli mənzilində qeydiyyatdadır. 2016-cı ildən etibarən mənzilin böyük maşın girən darvazasından əlavə həyət sahəyə girib-çıxmaq üçün balaca qapısı vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Maddə 171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Azərbaycan Respublikasinin Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 62.1. Pilləkənlər, pilləkən qəfəsləri, alaqapı çıxış və girişləri, dəhlizlər, açıq keçidlər, rampalar və liftlər hərəkət üçün rahat və təhlükəsiz olmalıdır və onlardan əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşma təmin edilməlidir. Həmin elementlər ehtimal edilən hərəkət sıxlığı üçün yetərli miqdarda quraşdırılmalı və təxliyə tədbirlərinin həyata keçirilməsi üçün əlverişli olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, mübahisənin düzgün həlli üçün ilk növbədə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin giriş hissəsinin sərhədləri müəyyən olunmalıdır. Bu isə sözügedən sahəyə dair heç bir hüquqmüəyyənedici sənədlər olmadığından mümkün deyil. Belə ki, işin müəyyən edilmiş halları ilə sözügedən sahənin iddiaçının mülkiyyətində olmamaqla yanaşı torpaq sahəsinin kadastr göstəriciləri, döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr, habelə torpaq sahəsinin qonşu sərhədlərini əks etdirən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş plan və ölçünün mövcud olmadığı müəyyən edilir. Sübutetmə yükü baxımından torpaq sahəsinə girişin sərhədlərinin məhz hazırkı vəziyyətdə olmalı olduğunu, bir sözlə, tələbin hüquqi və fatiki əsaslarını sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə onu da qeyd edir ki, mübahisəli qapının iddiaçı tərəfindən həmin fərdi yaşayış evi əldə olunan zaman (yəni 2022-ci ilin oktyabr ayında) artıq mövcud olduğunu iddiaçı özü də etiraf edir, lakin iddia ərizəsində bu qapının tikinti norma və qaydalarına zidd olaraq açıldığını qeyd etmişdir. Halbu ki, 06 iyul 2023-cü il tarixdə məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı iddiaçının giriş darvazasının tam açıq vəziyyətdə olduğu zaman mübahisəli qapıdan giriş-çıxış tam məhdudlaşır. Məhkəmə bir daha vurğulayır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Hazırkı halda iddiaçı tələbində cavabdeh tərəfindən açılmış qapının onun hüquqlarını pozduğunu bildirsə də buna dair mötəbər sübutlar təqdim edə bilməmiş, belə halın baş verməsi işin məhkəmə araşdırılması ilə də öz təsdiqini tapmamışdır. Həmçinin tələbin “cavabdeh tərəfindən ortaq hasarın özünə aid hissəsinin aşağısına su axıdaraq iddiaçıya maddi ziyan vurulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, belə bir halın baş verməsi iş üzrə keçirilmiş yerində müayinə zamanı aşkar edilməməklə yanaşı iddiaçı tələbini formal mülahizələrlərə əsaslandırmış və bu faktı da təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi bütünlükdə əsassız olduğundan rədd edilməli, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “qanunsuz açılmış qapının bağlanması və s.” tələbinə dair iddiası təmin edilməsin, məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-2200/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2200/2023
27.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver