Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2202/2023 18.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Mübariz oğlu iddiaçının iş yoldaşı olmuşdur. O, 2022-ci ilin yanvar ayında iddiaçıdan xahiş edərək bildirmişdir ki, ehtiyacı olduğu üçün bankdan kredit götürməsi ilə əlaqədar ona zamin dayansın. İddiaçı da cavabdehi tandığı üçün, iş yoldaşı olduğu üçün ona inanıb köməklik etməyi qərara aldı və onlar bir yerdə xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-yə getdilər və orada "xxxx" ASC ilə Cavabdeh Mübariz oğlu arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə görə cavabdeh 24 ay müddətinə 20 faiz hesablanmaqla 5.600 manat məbləğində pul götürmüşdür. Həmin tarixdə həmin kreditlə bağlı bankla iddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və krediti vaxtında banka qaytarmamışdır. Nəticədə Bank kredit pulunu iddiaçıdan tələb etmişdir. İddiaçı da məcburiyyət qarşısında qalaraq cavabdehin əvəzinə xx.xx.2023-cü il tarixdə 20 manat və 4.867,10 manat pul ödəmişdir. İddiaçı nə qədər çalışsa da ki, həmin məbləği cavabdehdən alsın, lakin cavabdeh iddiaçının telefon zənglərinə cavab verməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirdi ki, iddiaçının onun əvəzinə krediti ödəməsini və iddiaçıya borcunun olmasını inkar etmir və borcu ödəməkdən boyun qaçırmır. Lakin borcu ödəmək üçün o, evini satmalıdır, həmin evin satılması isə hal-hazırda mümkün deyil. Belə ki, evin özgəninkiləşdirilməsi məhkəmə qərardadı ilə qadağan edilmişdir. İddiaçının borcunun ödənilməsi üçün evin satışa çıxarılması zəruridir. Ona görə də, qadağa götürülməlidir. Evi əvvəllər də satmağa cəhd edib. Lakin iddiaçı istəyir ki, o, evini dəyər-dəyməzə satsın, bu da ona sərf eləmir. Belə ki, onun başqa borcları da var. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 105819-865158/2 saylı Kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya 24 ay müddətinə, illik 20% ödəmək şərtilə 5600 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 105819-865158/2 saylı Zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış və müqaviləyə əsasən sonuncu Cavabdeh xx.xx.2022-ci il tarixli, 105819-865158/2 saylı Kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə Borc alanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan TT230395K69K və TT23039FSQ9Y saylı qəbzlərdən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-yə cəmi 4887,10 manat məbləğində pul ödəmişdir. Beləliklə, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə cəmi 4887,10 manat məbləğində pul ödənilməklə, o, zaminlik müqaviləsindən irəli gələn vəzifələrini icra etmişdir. Qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Bu maddədə işlədilən “həmin öhdəlik üzrə hüquqlar” ifadəsi ilə hazırkı işdə kredit müqaviləsi üzrə bankın hüquqları nəzərdə tutulur. Ona görə də, zamin (İddiaçı) banka ödədiyi pulun ona qaytarılması üçün borcluya (Cavabdeh) qarşı reqres tələb irəli sürməsi və Mülki Məcəllədə nəzərdə tutulan digər hüquqlarından istifadə etməsi qanuni və əsaslıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi təmin edilməli, 4887 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. 4887 (dörd min səkkiz yüz səksən yeddi) manat məbləğində pul və ödənilmiş 69 (altmış doqquz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-2202/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2202/2023
18.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver