Məhkəmə qərarları › İş №2(001)-2203/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-2203/2025

04.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-2203/2025 04.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi ziyana görə Cavabdeh 40.096 manat məbləğində pulun tutulması və ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əvvəllər fərdi sahibkarlıqla məşğul olduğu zamanı ona məxsus olan 4 ədəd “Mersedes» markalı yükdaşıyan avtomobili "xxxx" MMCnin direktoru Cavabdeh müqavilə əsasında icarəyə vermiş, lakin müqavilənin şərtlərinə uyğun olaraq icarə haqqı vaxtında ödənilmədi. Cavabdeh uzun müddət ödənişdən yayınaraq nəticədə 24475 manat məbləğində borc yaratdı. Buna görə də avtomobilləri geri götürmək məcburiyyətində qalmış və pulun alınması üçün məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh ona həmin məbləği və 30 manat dövlət rüsumu ödəməyə borclu elan edilmişdir. Bunun nəticəsində Cavabdeh həyat yoldaşının adına olan və ümumi mülkiyyət hesab edilən «Hyundai İX-35» markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilə həbs qoyulmuş və götürülərək ona təhvil verilmişdir. Lakin məlum oldu ki, həmin avtomobil Bankda ipoteka girovunda idi. Buna görə də avtomobil Banka təhvil verildi. İcra zamanı, baxmayaraq ki, Cavabdeh maddi imkanı var, heç bir ödəniş etmədi. Binəqədi Rayon Məhkəməsi onu inzibati qaydada 500 manat cərimələmiş və həmin cəriməni qısa müddətdə ödəmişdir. Borcun kiçik bir hissəsini ödəsə də, hələ də tam məbləğ ödənilməyib. O, isə borcun tam şəkildə ödənilməsini tələb edir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-10/2021 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 il müddətinə rəhbər vəzifə tutma hüququndan məhrum edilmiş, həmçinin 4 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmə əsasən ona ümumilikdə 24475 manat məbləğində pul vəsaitinin ödənilməli olduğu qeyd edilmişdir. Lakin buna qədər həmin məbləğ ona ödənilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor həmin məbləğin üzərinə illik 5 faiz tələb qoymaq hüququna malikdir. Bu prinsipi və illər üzrə hesablama ardıcıllığını nəzərə alaraq, ona məxsus olan itirilmiş mənfəətin ümumi məbləği 40.096 manat təşkil edir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin Qeyd hissəsindən görünür ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 20-ci bəndində göstərilir ki, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Həmin Qərarın 28-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır; 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; Belə ki, mülki iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olmuş və 2 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin direktoru Cavabdeh 24475 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmuşdur. Hal-hazırda iddiaçı həmin qətnamə ilə tutulmuş borcun vaxtında ödənilməməsi ilə əlaqədar ona dəymiş ziyanı tələb edir. Göründüyü kimi, hal-hazırki mübahisə məhz tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Belə olan halda da bu növ mübahisələrə də kommersiya məhkəmələri tərəfindən baxıldığından hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, hazırki tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Eyni zamanda, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 108.1.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. 150.1 və 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Göründüyü kimi, məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməli olduğu halda İddiaçı tərəfindən nə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, nə də onun qanunvericiliyə uyğun olaraq dövlət rüsumunu ödəməkdən azad edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 31, 152, 263-264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilir ki, o, hazırki iddia tələbi ilə müvafiq qaydada və məbləğdə dövlət rüsumu ödəməklə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar