Məhkəmə qərarları › İş №2(001)-2208/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(001)-2208/2025

14.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2208/2025 14.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X3 Məsuliyyətli Cəmiyyətinin direktoru X2 1500 (min beş yüz) manat pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehə internet vasitəsi ilə müraciət etmişdir. 14 oktyabr 2024-cü il tarixdə evinin təmiri ilə bağlı ödədiyi şəxsdən alınıb ona veriləcəyini qeyd etmişdir. Həmin tarixdə hüquqi xidmət barədə müqavilə bağlamışlar. Tərəfindən bütün sənədlər təqdim edildikdən sonra Adil Piriyev ona məhkəmənin təyin olunub gedib iştirak edərsiniz ekspertiza təyin olunacaq bildirmişdir. Müqavilə haqqı kimi ondan 1500 (min beş yüz) manat pul vəsaiti almışdır. Müqavilə üzrə öhədliklərini yerinə yetirməmişdir. Müqavilə üzrə ödədiyi 1500 manatın tərəfdən tutularaq qeri qaytarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, cavabdehə əvəzində məhkəməyə müraciət etmək üçün 1500 manat məbləğində pul vermiş, lakin cavabdeh heç bir iş görməmiş və onun zənglərinə cavab vermir. Polis orqanlarına müraciət etməyərək, məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını xahiş edir. O, həmçinin məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmişdir. Cavabdeh X3 Məsuliyyətli Cəmiyyətinin direktoru X5 məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə hesab edir ki, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, iddiaçı isə işə qiyabi icraat qaydasında baxılaraq qətnamə qəbul edilməsini xahiş etdiyindən, işə qiyabi icraat qaydasında baxılmalıdır. İşə əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 ilə İddiaçı arasında bağlanmış 14 oktyabr 2024-cü il tarixli, AZ-103/2024 saylı hüquqi xidmət müqaviləsi bağlanmış və həmin xidmət haqqı üçün İddiaçı tərəfindən 1500 manat məbləğində pul ödənilmişdir. İşə əlavə edilmiş İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X4 ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, 14 oktyabr 2024-cü il tarixdə aralarında bağlanmış hüquqi xidmət barədə müqavilənin bəndlərinin pozulması ilə bağlı tərəfinizdən vəkil təqdim edilməmişdir. Hazirki pretenziyaya əsasən 15 gün müddətində yəni 21 yanvar 2025-ci il tarixə qədər onun ödədiyi 1500 manat pul vəsaitini ona qeri qaytarılması tələb edilmiş, əks təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi, icranın gecikdirilməsi hesab olunur. - 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: İlk növbədə məhkəmə qeyd edir ki, işin mübahisəli halı ondan ibarətdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 ilə İddiaçı arasında 14 oktyabr 2024-cü il tarixli, AZ-103/2024 saylı hüquqi xidmət müqaviləsi bağlanmış və həmin xidmət haqqı üçün İddiaçı tərəfindən 1500 manat məbləğində pul ödənilmişdir. Lakin həmin müqavilənin icrası ilə bağlı cavabdeh tərəfindən nə hüquqi xidmət göstərilməmiş, nə də iddiaçının 1500 manat məbləğində pulu qaytarılmamışdır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Sübutetmə vəzifəsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə borc müqaviləsinə görə borc alana hansı məbləğdə borc verilməsini sübut etmək vəzifəsi borc verənin üzərinə düşür. Lakin həmin borc müqaviləsi üzrə borcun borc verənə hansı məbləğdə qaytarılmasını sübut etmək vəzifəsi borc alanın üzərinə düşür. İş materialları ilə müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 ilə İddiaçı arasında 14 oktyabr 2024-cü il tarixli, AZ-103/2024 saylı hüquqi xidmət müqaviləsi bağlanmış və həmin xidmət haqqı üçün İddiaçı tərəfindən 1500 manat məbləğində pul ödənilmişdir. Göründüyü kimi iş materiallarında olan xidmət müqaviləsi ilə tam olaraq müəyyən edilmişdir ki, tərəflər arasında hüquqi xidmətin göstərilməsi ilə bağlı xidmət müqaviləsinin bağlanması və cavabdeh hüquqi xidmət göstərməyi öhdəsinə götürməsi öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi tərəflər, aralarında xidmət müqaviləsi bağlamış və cavabdeh iddiaçı qarşısında öhdəlik götürmüş, lakin öhdiliyi icra etməmiş və nəticədə onun iddiaçıya 1500 manat məbləğində borcu yaranmışdır. Məhkəmənin qənaətinə görə hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmişdir. Ona görə də qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı 1500 manat məbləğində pulu cavabdehdən tələb etməkdə haqlıdır və həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 1500 (min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 1500 (min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən şikayət verilmədiyi halda, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar