Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2248/2021 30.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Nağıyeva Məhbubə Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi, Vəkil1, Cavabdeh “X19” fərdi tikinti şirkətinin yaradıcısı X2 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” MMC-yə və “X19”-ə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən mübahisəli mənzilə görə ödəmiş olduğu 10982 manat pulun, 2018-ci ilin 11 fevral tarixindən halhazırki vaxta kimi illik 5 % olmaqla toplanmış faiz borcunun, habelə ona vurulmuş 5000 manat mənəvi zərərin və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pulun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,təxminən 2017-ci ilin payız aylarında yaşadıqları evin yanında tikilən 4 mərtəbəli binada daxili kreditlə, yəni əlverişli şərtlərlə münasib qiymətə mənzil alınmasının mümkünsüzlüyünü eşitmişdir. Yeni ailə qurmuş oğlu İlkin İslamov üçün mənzil almaq məqsədilə həmin tikintiyə getmişlər. Binanı tikən şəxs kimi özünü təqdim edən R.Bəşirov adlı şəxs ilə cəmi 34500 manat dəyərində, sahəsi 46,6 kv.m olan 1 ədəd, 2 otaqlı mənzilin alğı-satqısı ilə bağlı danışıb razılaşmışlar. Aralarında olan razılaşmaya əsasən ilkin olaraq 10000 manat ödəniş edilməli, qalan ödənişlər isə 5 il müddətində , ayda 392 manat olmaqla edilməli idi. Şərtlər onu qane etdiyindən ilkin olarq R.Bəşirova 10000 manat pulu birdəfəlik nağd formada etmişdir. Bundan sonra onun adına həmin binanın 2-ci mərtəbəsindən aldığı 2 otaqlı mənzilin alğısatqı müqaviləsi izalanaraq ona verilmişdir. Bundan sonra 2018-ci ilin 1 ayı ərzində 392 manat olmaqla R.Bəşirova nağd ödəniş edilmişdir. Sonradan isə R.Bəşirovun E.Ağayev adlı şəxslə həmin bina ilə əlaqəli mübahisələri yaranmış və buna görə də, R.Bəşirovun sözləri ilə evin qalan pulundan E.Zeynalova 1 ay ərzində 200 manat, 1 dəfə isə 392 manat pul ödəmişlər. Bu qayda ilə həmin mənzilə görə cəmi 10982 manat pul ödənilmişdir. Mənzilə dair 24000 manat borcları qalmışdır. Təxminən 1 il 6 ay bundan əvvəl isə aldıqları mənzilin “xxxx” KB ASC-nin girovluğunda olmasını bilmişlər. Lakin binanın hansı səbəbdən bankın girovluğunda olması bilinməmişdir. Mütəmadi olaraq həmin bankın nümayəndəsi onlara qalan pulun banka ödənilməsini tələb etmiş, əks halda girişin bağlanacağı və onların mənzilə buraxılmayacağı barədə məlumat vermişdir. Hazırda o, dəfələrlə müraciət edərək, müqavilə əsasında ona məxsus olan mənzilə dair ödəməli olduğu 24000 manat pulu ödəmək istədiyini və sözügedən mənzili onun sahibliyinə və istifadəsinə verilməsini tələb etməsinə baxmayaraq, “xxxx” MTŞ-nin nümayəndələri həmin mənzilə dair onun heç bir hüququnun olmamasını bildirərək, müqavilə əsasında ona məxsus olan mənzili , onun sahibliyinnə verməkdən imtina etmişlər. Bundan əlavə, həmin mənzilə görə cəmi ödəmiş olduğu 10982 manat pulun ona geri qaytarılmasını tələb etsə belə, həmin pulun da ona qaytarılmasından imtina edilmişdir. Hazırda ona məlum olmuşdur ki, “xxxx” MTK-nın direktoru X10 həm də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgəsində 17 may 2005ci il tarixində dövlət qeydiyyatına alınmış “xxxx” MMC-nin təsisçisi olmuşdur. Mübahisəli mənzilə dair 11 fevral 2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilə onunla “xxxx” MTK arasında bağlansa da, mənzillərin satılması ilə əlaqədar ödəniş qəbzləri “xxxx” MMC adından həyata keçirilmişdir. Onuda qeyd edir ki, MTK-nin direktoru və MMC-nin təsisçisi X20 oğlunun və digər şəxslərin barəsində törətdikləri cinayət əməllərinə görə AR CM-nin müvafiq maddələri ilə cinayət işi başlanmış və məhkəmənin hökmünə əsasən cinayət məsuliyyətinə cəlb edilmişlər. Həmin cinayət işi üzrə əri X6 zərərçəkmiş şəxs kimi tanınmışdır. Cavabdehlərin mübahisəli mənzili ona satılması müqabilində ondan aldıqları 10982 manat məbləğində pulu 3 ilə yaxın müddət keçməsinə baxmayaraq ona geri qaytarmamışlar. Odur ki, ona məxsus olan pulu qanunsuz olaraq özlərində saxladıqları üçün cavabdehlər həmin müddət ərzində faiz məbləğinin ödənilməsinə cəlb edilməlidir. Bundan başqa cavabdehin təqsirli hərəkətləri nəticəsində normal həyat şəraitində yaşaya bilməmiş və bununla da, fiziki və mənəvi sarsıntılar keçirmişdir. Göstərilənlərə əsasən iddiaın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, MMC-nin nə nizamnaməsi, nədə ki, əsasnaməsi var. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, qeyd edilən cinayət işinə baxılan zaman zərərçəkmiş hazırki iş üzrə iddiaçının yoldaşı mülki iddia ilə məhkəməyə müraciət etməmişdir. Mənzilin alınması ilə bağlı 11 fevral 2018-ci il tarixində müqavilə bağlanan zaman, ilkin olaraq 10.000 manat pul ödənilmişdir. Sonra isə qrafik üzrə ödənişlər olmuşdur. Qrafik üzrə ödənişlər aparılan zaman məlum olmuşdur ki, həmin mənzil bir neçə şəxsə satılmışdır. Bu məsələ ilə bağlı bundan əvvəl məhkəməyə müraciət edilmiş və Binəqədi Rayon Məhkəməsinin hökmü ilə “xxxx” KB ASC-yə 64 000 manat ödənilməsi müəyyən edilmişdir. Həmin hökm artıq qanuni qüvvəyə minmişdir. İddiaçı pul məbləğini “X16” MMC-dən ona görə istəyir ki, məhkəmə hökmündə həmin fərdi tikinti şirkətinin də eyni əsasla pul aldığı göstərilir. Müqavilə Vera xanımın öz möhürü ilə təsdiq edilmişdir. İddiaçı pul məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasını istəyir. Bundan başqa mübahisəli mənzil müqavilə bağlandıqdan sonra başqa şəxsə satılmış və həmin şəxsə artıq mənzillə bağlı çıxarış verilmişdir. Ona görə də, iddiaçı artıq ödədiyi pulun ona geri qaytarılmasını istəyir. Ödəniş qəbzinin başlığında “X24” MMC yazılsa da, möhür “X17”in möhürüdür. Cavabdeh tərəfindən isə mübahisə ilə bağlı hər hansı sübut təqdim edilmir. Bu səbəbdən şirkətlər və təmçillərinin vəzifə bölgüsü və məsuliyyəti müəyyən edilməlidir. X21 şəxsi direktor təyin edir ki, onun adından müqavilə münasibətlərinin həyata keçirsin. Lakin buna görə şəxslərin məsuliyyəti heçnə ilə təsdiq edilmir. Hökmdə isə yalnız Ramiz Bəşirovun direktor vəzifəsinə sadəcə əmrlə təyin edilməsi qeyd edilib. Əgər məsələyə “X17” MTK-nın aidiyyəti yoxdursa onun möhür və imzası sənədləşmələrdə nə üçün istifadə olunub. Məhkəmə iclasında iştirak edən “X19” fərdi tikinti şirkətinin yaradıcısı X2 vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Tələb edilən pul məbləği onlarda deyil. Əvvəlki məhkəmə iclasında iştirak edən vəkil izahatında bildirmişdir ki, Tərəflər arasında olan mübahisənin təməlində cinayət vardır. Müxtəlif vaxtlarda həm Binəqədi Rayon MƏhkəməsində həmdə digər məhkəmələrdə oxşar iddialar olmuş və hamısında şəxsin əməlində cinayət faktının olması müəyyən edilmişdir. Osmanova Vera şirkətlə bağlı bütün səlahiyyətləri “X16” in direktoru Bəşirov Ramizə vermişdir. Müştərilərlə müqavilə bağlayan tərəf də, elə Bəşirov Ramizin özüdür. Müqavilə üzrə 10982 manat pul ödənilmiş, ödənilən pul məbləği isə Ramiz tərəfindən mənimsənilmişdir. Cinayət işi üzrə hökmdə bu fakt öz əksini tapmışdır. Alğı-satqı müqavilələri direktor tərəfindən icra olunmuşdur və bu səbəbdən Vera xanım müqavilə bağlamamış, bununla bağlı öz üzərinə hər hansı öhdəlik götürməmişdir. Müqavilə bağlayan şəxs Bəşirov Ramiz olduğundan iş üzrə məsuliyyətdə onun üzərindədir. Odur ki, iddiaya cavab verməli olan şəxs əslində Bəşirov Ramizin özüdür. Cinayət işi üzrə hökmə əsasən MTK-ilə bağlı bütün səlahiyyətlərin Bəşirov Ramizə həvalə edilməsi təsdiq edilmişdir. Hökmlə müəyyən edilmişdir ki, vətəndaşlardan alınan həmin pullar binanın tikintisinə sərf edilmişdir. Əslində iddiaçı qaldırmış olduğu iddiasında haqlıdır. Ödəmiş olduğu pulu tələb edə bilər. Lakin həmin pul “X17”dən yox, X3 tələb edilməlidir.Həmin əmlak əvvəlcə Elşad Zeynalova aid olmuşdur. Əmlakı 2013-cü ildə “xxxx” KB ASC-yə girov qoyulmuş, bankdan pul götürülmüş, lakin investisiya olmadığından tikinti aparmaq mümkün olmamışdır. Sonradan investitor kimi Vera xanım münasibətə daxil olmuşdur. Üçtərəfli müqavilə cinayət işinin materiallarındadır. Müqavilənin şərtlərinə görə isə mənzillər satılmalı və həmin pulun 60 faiz investora, 40 faiz isə xxxxda girov qoyulmuş əmlak üçün ödənilməli idi. Vera xanım tikinti şirkətinə bacısının əri Ramiz Bəşirovu direktor vəzifəsinə təyin etmişdir. Binanın tikintisi baş tutsa da, mənzillərin satışı zamanı bankla müştərilər arasında ziddiyət baş vermişdir. Bu səbəblə Ramiz Bəşirov və digər şəxslər barəsində cinayət işi başlanılmışdır. Elçin adlı şəxs isə həmin əmlakın faktiki istifadəsiçisi olmuşdur. Tikinti işləri həm etibarnamə, həm də əmrlə X16 tərəfindən aparılmışdır. X16 fərdi sahibkarlıq subyekti kimi qeydiyyatdan keçmişdir və hüquqi şəxs deyildir. O fərdi tikinti şirkətidir. Cinayət işinin içində mülki iddialar da olmuş, həmin mülki iddialar təmin edilmişdir. Kommersiya məhkəməsində banka qarşı iddia qaldırılmış və məlum olmuşdur ki, bank müqaviləni qeydiyyatdan keçirməmişdir. Cavabdeh “xxxx” MMC-yə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin iştirak olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “xxxx” Mənzil Tikinti Şirkətinin direktoru X10 ilə payçı İddiaçı arasında bağlanan 11 fevral 2018-ci il tarixli 11\31 saylı mənzil tikintisi haqqında müqavilədən görünür ki, xxxx” Mənzil Tikinti Şirkəti 07 aprel 2014-cü il tarixli Z-7 saylı sərəncama əsasən ona ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi, döngə 1, dalan 5, ev 1 ünvanında 0,006 ha sahədə öz vəsaiti hesabına inşa edilən 4 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 2 otaqlı 8 saylı mənzili payçıya təklif edir və mənzilin daxili işlərini tamamlayıb “payçıya” təhvil verməyi, payçı isə müqavilə bağlanan gün mənzilin razılaşdırılmış dəyərinin 30 % miqdarında yəni 10000 manat məbləğində ilkin ödəniş etməyi, mənzilin dəyərinin qalan hissəsini, yəni 23500 manat hissəsini 60 ay ərzində ödəməsi barədə üzərinə öhdəlik götürür. Ödəniş cədvəlindən görünür ki, iddiaçı 11 fevral 2018-ci il tarixli 11\31 saylı mənzil tikintisi haqqında müqavilə üzrə 11 aprel 2018-ci il tarixində 391 manat, 19 may 2018-ci il tarixində 391 manat, 19 iyun 2018-ci il tarixində 200 manat ödəniş etmişdir. 11 aprel 2018-ci il tarixində edilən ödəniş R.Bəşirov tərəfindən, 19 may və 19 iyun 2018-ci il tarixlərində edilən ödənişlər isə E.Zeynalov tərəfindən təhvil alınmışdır. “xxxx” MMC tərəfindən verilən 11 fevral 2018-ci il tarixində verilən 456261 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 11/31 saylı müqavilə üzrə 10000 manat ödəniş edilmişdir. “xxxx” MMC tərəfindən verilən 2018-ci ilin avqust ayına aid olan qəbzdən görünür ki, İddiaçı tərəfindən həmin tarixə kimi ümumilikdə 982 manat ödəniş edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-10\2020 saylı, 04 fevral 2020-ci il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikasının CMnin 308.2-ci maddəsi ilə təqsirli bilinməsi və 2 ilədək dövlət hakimiyyəti, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında rəhbər və ya madi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilməsi, təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikasının CM-nin 313-cü maddəsi ilə təqsirli bilinməsi və 1 ilədək dövlət hakimiyyəti, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında rəhbər və ya madi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilməsi, təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikasının CM-nin 308.2 və 313-cü maddəsləri ilə təyin edilmiş əsas və əlavə cəzalar Azərbaycan Respublikasının CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən qismən toplanmaq yolu ilə onun üzərində qəti olaraq 2 il 6 ayadək dövlət hakimiyyəti, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında rəhbər və ya madi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanması hökm edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-10\2020 saylı, 04 fevral 2020-ci il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs X10 vəzifəli şəxs olaraq sair şəxsi niyyətlə və qeyrisinin təhriki ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı törətmiş və vəzifəli şəxs olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib həmin əməlləri ilə fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuşdur. Belə ki o,Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində 17 may 2005-ci il tarixdə dövlət qeydiyyatına alınmış (VÖEN № **********) “xxxx” MMC-nin təsisçisi vəzifəsində işləyərkən tanışı X4 adına rəsmiləşdirilməklə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, Gülməmməd Ramazanov küçəsi, döngə 1, dalan 5- də inşa edilən 1 nömrəli fərdi yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə “xxxx Kommersiya bankı” ASC-nin nümayəndəsi X11, tikintinin aparıldığı torpaq sahəsinin mülkiyyətçisi Elşad Zeynalov və tikintinin investoru qismində X7 arasında bağlanılmış 8 avqust 2017- ci il tarixli üçtərəfli müqavilə üzrə investor kimi tikintiyə vəsait qoyan fiziki şəxs kimi vergi ödəyicisi Vera Mustafayevanın (VÖEN Ne **********) adından, onun xəbəri olmadan, həmin tikintinin aparılması məqsədilə 21 sentyabr 2017-ci il tarixdə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən 225 nömrəli binanın 57 nömrəli mənzilində gələcəkdə tikintini özünün aparmasını təmin etməkdən ibarət şəxsi niyyətlə kompyuterdə məzmununa Vera Mustafayeva tərəfindən “Binəqədi News Service” fərdi tikinti şirkətinin yaradılmasına dair bilə-bilə yalan məlumatlar daxil etdiyi eyni tarixli nömrəsiz əmri hazırlayıb, həmin əmrdə Vera Mustafayevanın adı qarşısında istintaqa məlum olmayan şəxs tərəfindən imzanın icra olunmasına nail olmaqla, vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumalar daxil edib vəzifə saxtakarlığı etmişdir. Təqsirləndirilən şəxs X10 ifadəsində bildirmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 308.2 və 313-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilir. Belə ki, təsisçisi olduğu cəmiyyətin vəzifəsi təmir tikinti işləri və daşınmaz əmlakın alqısatqısını aparmaqdan ibarətdir. 2017-ci ildə əvvəllər qonşusu olmuş, təxminən 20 il ərzində tanıdığı X12 ilə onun Bakı şəhəri, Binəqədi rayonu Gülməmməd Ramazanov küçəsində olan inşasını apardığı tikintinin özü tərəfindən davam etdirilməsi barədə razılaşmış, həmin dövrlərdə həmin tikintinin “xxxx Kommersiya bankı” ASC-nin girovluğunda olması, yəni həmin tikintinin Elçin Ağayevin öz tanışı Elşad Zeynalovun həmin bankdan aldığı təxminən 700.000 manat məbləğində kreditə görə bankın girovluğunda olmasını bilmiş, Elçin Ağayevə bank tərəfindən tikintinin aparılmasına icazə verlməsi üçün satışdan əldə olunan gəlirdən 40 faizini birbaşa banka ödəmələri barədə müqavilə bağlamaları ilə bağlı razılaşmış, bundan sonra qohumu Vera Mustafayeva, Elşad Zeynalov və bank arasında satışdan gələn gəlirdən 40 faizinin banka ödənilməsi, qalan 60 faiz vəsaitin investora verilməsi barədə 3 tərəfli müqavilə bağlanılmış, tikintini başlamaq üçün yeni şirkət yaratmaq zəruri olduğundan və özünün adına özəl cəmiyyət olmasına görə müqavilədə vergi ödəyicisi olan qohumu Vera Mustafayevanın adını yazmışdır. Təxminən 2017-ci ilin iyul ayında 4 mərtəbəli binanın tikintisinə başlamış, layihəyə əsasən həmin binada 33 mənzil olmuş, tikintini başlamaq üçün qohumu X2 adına “X17” adlı şirkət yaratmış, sonuncu onu həmin şirkətin direktoru təyin etmiş və həmin şirkətin direktoru kimi tikintiyə başlamış, tikinti ilə bağlı onunla Elçin Ağayevin işçisi Elçin Əzizov arasında podrat müqavliəsi bağlanılmış, yəni tikintinin aparılmasının Elçin Əzizova həvalə etmiş, həmin şirkətin təsis edilməsi barədə əmri Vera Mustafayeva özü imzalamamış, həmin sənədi yaşadığı evində kompyuterdə hazırlamış və adını unutduğu şəxsə imza etdirmişdir. Həmçinin bildirmişdir ki, Mənzil satdığı şəxslər mənzilin tam dəyərini ödəməmiş, onlara təxminə 300.000 manat dəyərində mənzil satmış, həmin mənzillərə görə təxminən 120.000 manata yaxın borc qalmış, satdığı mənzillərin açarını onların özlərinə vermiş, mənzillər hamısı şəxslərin öz adınadır, lakin bütün kommunal xidmətlər tam təmin edilmədiyinə görə, həm də bankın həmin binaya həbs qoymasına görə narazılıq edirlər. Həmin şəxslərə mənzilləri “Binqədi News Service” şirkətinin direktoru kimi satmış, həmin şirkətə direktor Vera Mustafayevanın əmri ilə təyin olunmuşdur. “xxxx Kommersiya bankı” ASC ilə olan razılaşmanın şərtlərinə görə həmin binadan satdığı mənzillərdən aldığı puldan 40 faizini Elşad Zeynalovun həmin bankdan adına olan kreditə görə ödəməli olmasına baxmayaraq həmin banka heç bir vəsait ödəməmişdir. Zeynal İsmayılovun, Nübar Kişiyevanın, İddiaçı, Kəmalə Allaherdiyevanın, Hüseynalı Nəsibovun, Xəyyam Vəliyəddinovun, Rəşad Əzizovun, Rita Çiqniyevanın, Rəşad Hacıdəmirlinin, Sara Rəhimovanın, Nadir Əhmədovun, Elmira Nəbiyevanın, Mədət Vəliyevin adlarına olan alqı- satqı müqavilələrini qeyd edilən tikintini yerləşdiyi ərazidə olan ofisdə tərtib etmiş, həmin müqavilələrdə və Elşən Qəniyevin adına olan ödəniş qəbzində adının qarşısında ola imzalar özünə məxsusdur, həmin sənədlərə «Binəqədi News Service» şirkətinin və “xxxx” MMC-nin möhürünü də özü icra etmişdir. X7 ilə “xxxx” KB ASC və X9 arasında bağlanan ipoteka müqaviləsindən görünür ki, 07UM/13 saylı, 27.09.2013-cü il tarixli əsas kredit müqaviləsinin təminatı olaraq “xxxx” KB ASC tərəfindən yüklü edilmiş mülkiyyətçiyə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi, döngə 1, dalan 5, ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin qalan hissəsində investitor tərəfindən tikiləcək yaşayış evinin satışından əldə olunan gəlir mülkiyyətçinin bank qarşısında mvcud kredit öhdəliyinin icrasına yönəldilməsi məsələlərini tənzimləyir. İnvestitorun 07 aprel 2014cü il tarixli Z-7 saylı sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi, döngə 1, dalan 5, ev 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin qalan 24 mənzildən ibarət olan 3 mərtəbəli binanın tikintisinə 3 ay müddətinə 320000 manat məbləğində investisiya qoyulur. Mənzillərin satışından əldə olunan vəsaitin 60 % investorun, qalan 40 % X4 “xxxx” KB ASC qarşısında 07UM/13 saylı, 27.09.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin yerinə yetirilməsi üçün X4 bank hesabına köçürüləcək. Mustafayeva V. O tərəfindən 21.09.2017-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi, döngə 1, dalan 5, ev 1 ünvanında yerləşən torpaq sahəsində 3 mərtəbəli yaşayış binasının tikintisinin aparılması məqsədilə, göstərilən ünvanda “Binəqədi News Service” fərdi tikinti şirkətinin yaradılması və fəaliyyətə başlaması əmr edilmişdir. Mustafayeva V. O tərəfindən 22.09.2017-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi, döngə 1, dalan 5, ev 1 ünvanında yerləşən “Binəqədi News Service” fərdi tikinti şirkətinin direktoru vəzifəsinə X5 təyin edilməsi əmr edilmişdir. 11 mart 2020-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarına, təqdiq edilmiş sübutlara, işin faktiki hallarına əsasən mübahisənin xülasəsini aşağıdakı qaydada təsvir edir. İddiaçı ilə “xxxx” adlı mənzil tikinti şirkəti arasında faktiki olaraq podrat müqaviləsi bağlanmışdır. İddiaçı mənzilin dəyəri olan 33500 manatın 10000 manatını ilkin ödəmək və qalan hissəsini 60 ay müddətinə ödəmək şərtilə iki otaqlı mənzil almaq barədə tikinti şirkəti ilə razılaşmışlar. Həmin müqavilə 11/31 nömrə ilə 11.02.2018-ci il tarixdə bağlanmışdır. Müqavilə üzrə tərəflər: bir tərəfdən “payçı” adlanan İddiaçı, yəni iddiaçı, bir tərəfdən isə “şirkət” adlanan “xxxx” Mənzil tikinti şirkəti olmuşdur. Müqaviləni şirkət tərəfdən onun direktoru olan R.Bəşirov, payçı tərəfdən isə İddiaçı imzalamışlar. Müqavilə fərdi sahibkar olan X2 “xxxx” əmtəə nişanı (lakin qeydiyyatdan keçmə barədə sübut yoxdur) adı altında olan möhürü ilə təsdiqlənmişdir. “xxxx” hüquqi şəxs olmamaqla X2 ********** saylı VÖEN-ə əsaslanaraq 21 sentyabr 2017-ci il tarixli əmri ilə yaradılmışdır. Həmin əmrdə qeyd edilmişdir ki, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən torpaq sahəsində 3-mərtəbəli yaşayış binasının tikintisinin aparılması məqsədilə, göstərilən ünvanda “xxxx”(baxmayaraq ki, başqa əmrdə Binəqədi News Service qeyd edilmişdir) fərdi tikinti şirkəti yaradılsın və fəaliyyətə başlasın. Başqa bir əmrlə X1 Ramiz Bəşir oğlunu şirkətin direktoru vəzifəsinə təyin etmişdir. Müqavilə üzrə edilmiş ödənişlər isə fərqli qəbzlərlə mədaxil edilmişdir. Belə ki, 11.02.2018ci il tarixli, 456261 nömrəli 10000 manatın ödənilməsinə dair mədaxil qəbzi “xxxx” MMCnin hesabat blankında, lakin “xxxx”(xxxx)-in möhürü ilə təsdiqlənmişdir. 982 manatın ödənilməsinə dair mədaxil qəbzi isə “xxxx”-in blankı və möhürü ilə təsdiqlənmişdir. İddiaçı iddia edir ki, mübahisəli mənzilin bankın girovluğunda olduğunu bildikdən sonra ya mənzilin təhvil verilməsini, ya pulunun geri qaytarılmasını tələb etmiş, lakin nəticə əldə etməmişdir. İddiaçı nə iddia ərizəsi verilərkən, nə də məhkəmə icraatı zamanı cavabdehlərə pretenziya məktubu göndərilməsi barədə hər hansı yazılı sübut təqdim etməmişdir. İddiaçı hazırki tələbdə onun tərəfindən ödənilmiş 10982 manat pulun, əldə çıxmış faydanın və ona vurulmuş mənəvi zərərin əvəzinin cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir. Cavabdeh kimi cəlb edilmiş “xxxx”(xxxx) adından X2 vəkili məhkəmə proseslərində iştirak etmişdir. Fərdi sahibkar X2 vəkili Vəkil2 bildirmişdir ki, mübahisənin “xxxx”(xxxx)-nin yaradıcısı X7 ilə əlaqəsi yoxdur. Belə ki, bütün proseslərdə direktor olan Ramiz Bəşirov iştirak etmiş və onun cinayət törətməsi(CM 308.2 və 313) məhkəmə hökmü ilə təsdiq olunmuşdur. Məhkəmə mübahisə ilə bağlı ilk addım kimi iddia tələbinin qanuni əsasının tapılmasının zəruri olduğunu bildirir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki mübahisəni işin faktiki hallarına uyğun dəyərləndirdikdə iddiaçının tələbinin qanuni əsasının Mülki Məcəllənin 443 və 447-ci maddələri və ondan irəli gələn hüquqi nəticələr olduğu müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 331.2. Tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.9. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur:( bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda.) 447.4. Müqavilədən imtina üçün əsasların baş verəcəyi aşkar olduqda kreditor müqavilədən icra müddəti qurtaranadək imtina edə bilər. İşin hallarından və yuxarıda sadalanan normaların məzmunundan müəyyən edildiyi kimi iddiaçı ilə cavabdeh “xxxx”(xxxx) arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Mədaxil qəbzlərinin hesabat blankları fərqli olsa da, öhdəlik müqavilə tərəfləri arasında yaranmışdır. Yəni iddiaçının ödədiyi 10000 manat və 982 manat pul vəsaitləri 11.02.2018-ci il tarixli, N-11/31 saylı müqavilənin icrası üçün həyata keçirilmişdir. Müqavilə isə “xxxx”(xxxx)-in möhürü ilə təsdiqlənmişdir. Bu fakt kifayət edir ki, müqavilədən irəli gələn öhdəliyin icrası həmin Şirkətdən tələb edilsin. Eyni zamanda sözügedən yaşayış binasının mübahisəli olması və həmin binada yerləşən mənzillərin alqı-satqısı ilə bağlı saxtakarlıqlar edilməsi məhkəmənin hökmü ilə təsdiq olunmuşdur. Odur ki, iddiaçı yaranmış vəziyyətdə müqavilədən imtina etməklə müqavilə üzrə ödədiklərinin geri qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Lakin məhkəmə o qənaətə gəlir ki, iddia yalnız müqavilənin tərəfi olan “xxxx”(xxxx)-ə münasibətdə əsaslıdır. Digər cavabdeh “xxxx” MMC müqavilənin tərəfi olmaqla iddiaçı qarşısında hər hansı öhdəlik daşımır. Eyni zamanda fərdi sahibkar X2 vəkilinin etirazı da əsaslı hesab edilə bilməz. Belə ki, Ramiz Bəşirovun cinayət əməlləri təsdiq olunmuşdursa belə, müqavilə fərdi sahibkar olan X2 “xxxx” əmtəə nişanı adı altında olan möhürü ilə təsdiqlənmiş, direktoru V.Mustafayeva vəzifəyə təyin etmişdir. Odur ki, borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşıdığından 10982 manat məbləğində pul vəsaiti “xxxx”(xxxx)-dən tutulmalıdır. Məhkəmə iddia tələbini 2018-ci ilin 11 fevral tarixindən iddia verilən vaxta qədər vurulmuş zərərin tutulması hissəsində qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki-Məcəlləsinin: 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. İddiaçı əldə çıxmış faydaya görə zərərin məbləğini müqavilənin bağlandığı vaxtdan tutulmasını xahiş etsə də, iddia ərizəsində 1 il 6 ay əvvəl müqavilədən faktiki olaraq imtina etdiyini göstərmişdir. Odur ki, tikinti şirkəti mənzilin təhvil verilməsi öhdəliyini icra etməyərək ödənilmiş pulu 1 il 6 ay müddətində əsassız olaraq saxlamış və gecikdirmişdir. Bu baxımdan əldən çıxmış faydaya görə zərər 1 il 6 ay müddəti üçün illik 5 faiz hesablanmaqla müəyyən edilməlidir. Yəni 10982 manat pulun 7.5 faizi miqdarda zərər cavabdeh tikinti şirkətindən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin mənəvi zərərin tutulması hissəsini məhkəmə əsassız hesab edir. Belə ki, iddiaçının hansı mənəvi sarsıntı keçirmələri və ya hansı iztirablara məruz qalması barədə sübut təqdim edilməmişdir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “X19” fərdi tikinti şirkətindən 10982 manat pul vəsaiti və həmin məbləğin 7.5 faizi miqdarda zərərin əvəzi İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iddia qismən təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi də cavabdeh “X19” fərdi tikinti şirkətindən tutularaq İddiaçı ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “X19” fərdi tikinti şirkətindən 10982(on min doqquz yüz səksən iki) manat pul vəsaiti və həmin məbləğin 7.5 faizi miqdarda zərərin əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 20(iyirmi) manat hissəsi cavabdeh “X19” fərdi tikinti şirkətindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-2248/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2248/2021
30.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver