Məhkəmə qərarları › İş №2(001)-2248/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2248/2022

31.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2248/2022 31.05.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.000 manat məbləğində borc pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 10.000 manat borc alması barədə 06 aprel 2017-ci il tarixdə aralarında borc müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən aldığı borcu 06 avqust 2017-ci il tarixdə qaytarmalı idi. Borcun təminatı kimi qardaşının ona 19 may 2014-cü il tarixdə 20 il müddətinə baş etibarnamə əsasında “Mercedes Benz VİTO CDİ” minik markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobili borcun təminatı qismində girov qoymuşdur. 10.000 manat məbləğində borc almasını və adı keçən avtomobili girov qoyması barədə öz əli ilə yazdığı sənəddə bunları təsdiq etmişdir. Cavabdeh borcunu ödəməmiş və oda onun verdiyi etibarnamə ilə adına keçirmişdir. Cavabdehin qardaşı X2 2018-ci il tarixdə onunla qardaşı Cavabdeh borcu əsasında bağlanmış avtomobilin alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə məhkəməyə müraciət etmişdir. 07 dekar 2021-ci il tarixli yekun Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarına əsasən iddiaları təmin edilmişdir. Həmin qərarla ona izah edilmişdir ki, o, cavabdehə qarşı ayrıca mülki iddia irəli sürə bilər. Alınan borc bu günə kimi ödənilməmişdir. Cavabdeh iddiaya yazılı etiraz göndərərək bildirmişdir ki, iddiaçı ona qarşı yalan iddia qaldıraraq ailəsinə məxsus qardaşının adında olan “Mercedes Vito” markalı avtomobili onları aldadaraq satmaq adı ilə öz adına keçirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi iddiaçının hərəkətlərini qanunsuz sayaraq avtomobili özlərinə qaytararaq qanunun aliliyi isbat etmişdir. Onun iddiaçıya heç bir borcu yoxdur. İddiaçı bu yollarla bir çoxlarını təhdid edir və pullarını mənimsəyir. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: 06 aprel 2017-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsindən görünür ki, birinci sonuncuya 10.000 manat məbləğində borcu 06 avqust 2017-ci il tarixə qədər qaytarılması şərti ilə vermişdir. Cavabdeh tərəfindən 06 aprel 2017-ci il tarixdə yazılmış iltizamdan görünür ki, o, İddiaçı 10.000 manat borc almışdır. Girov olaraq qardaşı X1 məxsus **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə vasitəsilə vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(102)- 6219/2021 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4962/2021 nömrəli 26 may 2021-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qərar qəbul edilmiş, 2004-cü il istehsallı, WDF**********2370 ban nömrəli, vaqon 7+1 yer tipli “Mercedes Benz VİTO CDİ” markalı ** EU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin AR DİN BDYPİ QİŞ-də cavabdeh İddiaçı ilə X2 arasında bağlanmış “nəqliyyat vasitəsinin alqı-satqısı” haqqında 03.07.2017-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, həmin alqı-satqı müqaviləsi əsasında İddiaçı adına verilmiş nəqliyyat vasitəsinin 04 iyul 2017-ci il tarixli AC 955944 saylı qeydiyyat şəhadətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh X1 qarşı “avtomobilin və qeydiyyat şəhadətnaməsinin qaytarılması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, mübahisəsi gedən avtomobil Pərviz Salmana (ilkin iddiaçı) məxsus olmuş, onun verdiyi etibarnamə əsasında hərəkət edən qardaşı Cavabdeh mülkiyyətçinin məlumatı olmadan öz borcunun təminatı (girovu) kimi İddiaçı adına etibarnamə vermiş, sonuncu ona verilən etibarnamədən istifadə edərək avtomobili öz adına rəsmiləşdirmək üçün öz oğlu Aqşinə etibarnamə vermiş, mülkiyyətçinin adından çıxış edən Aqşin Süleymanov atasına avtomaşının alqı-satqı müqaviləsini bağlamaqla rəsmiləşdirməni başa çatdırmışlar. Bundan sonra da avtomaşın iddiaçının qardaşında qalmaqda davam etmiş və onun adına etibanamə rəsmiləşdirilmiş, sonuncu avtomaşını əvvəlki kimi başqa-başqa adamlara müvəqqəti istifadə etmək üçün vermiş və hazırda da avtomaşın iddiaçı tərəfin sahibliyindədir (qərarın 45-ci bəndi). Həmin qərarda həmçinin məhkəmə kollegiyası bildirir ki, etibarsız hesab olunan əqd bağlanarkən real olaraq pul alınması baş vermədiyi üçün alınanların geri qaytarılması ilə bağlı məsələ hazırkı qərarda həll edilə bilməz. Lakin, bununla yanaşı cavabdeh İddiaçı izah edilir ki, Cavabdeh qarşı pul tələbi ayrıca mülki iddia irəli sürməklə həll edilə bilər (qərarın 57-ci bəndi). 28 fevral 2022-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 121 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan 10.000 manat məbləğində borc götürmüş, qardaşına məxsus avtomobili öz borcunun təminatı (girovu) kimi iddiaçının adına etibarnamə vermiş, iddiaçı isə avtomobili öz adına rəsmiləşdirmək üçün öz oğlu Aqşinə etibarnamə vermiş, mülkiyyətçinin adından çıxış edən Aqşin Süleymanov iddiaçı ilə avtomaşının alqı-satqı müqaviləsini bağlamaqla rəsmiləşdirməni başa çatdırmışlar. Daha sonra yekun məhkəmə aktı ilə həmin alqı-satqı müqaviləsi ləğv edilmiş və iddiaçıya izah edilmişdir ki, o, cavabdehə qarşı pul tələbi ayrıca mülki iddia irəli sürməklə həll edilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı və 10.000 manat məbləğində borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10.000 manat məbləğində borc və ödənilmiş 121 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 10.000 (on min) manat məbləğində borc və ödənilmiş 121 (bir yüz iyirmi bir) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar