Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2250/2021 14.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1 və onların etibarnamə əsasında nümayəndəsi və vəkili X1, Cavabdeh və onun vəkili X2 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Ayaz oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 11.800 manat pul vəsaitinin və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın (ümumilikdə 11.830 manat) tutularaq iddiaçılar İddiaçı2 (5.500 (beş min beş yüz) manat) və İddiaçı1 (6.500 (altı min beş yüz) manat) ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Babayev X4 rayonu, Koroğlu küçəsi 20 ünvanda yerləşən fərdi yaşayış evinin yerində yeni ev tikilməsi üçün onlara müraciət etmişdir. Cavabdeh ilə evin tikinti işləri ilə bağlı danışılaraq razılığa gəlindikdən sonra evin tikintisinə başlanılmışdır. Razılığa əsasən onlar tikinti işlərini hissəhissə icra etməli, görülən işlərin dəyəri də bu şəkildə ödənilməli idi. Evin tikintisi ilə bağlı bütün tikinti materiallarının alınmasına və tikinti işlərinin yerinə yetirilməsi üçün digər xərclərin pulu Cavabdeh tərəfindən verilməli idi. Qeyd edilən ünvanda ümumilikdə 32.000 manatlıq iş görmüşlər. Həmin məbləğin 17.700 manatı Cavabdeh tərəfindən ödənilmiş, qalan məbləğin verilməsindən isə imtina edilmişdir. Dəfələrlə cavabdehdən pulun ödənilməsini tələb etsələr də, ödənişdən boyun qaçırmışdır. Məsələ ilə bağlı hüquqmühafizə orqanına və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinə müraciət etmişlər. Aidiyyatı orqanda araşdırma aparılarkən vətəndaş (cavabdeh) Cavabdeh həqiqətən də onları qanunsuz olaraq əmək fəaliyyətinə cəlb etməsi faktı təsdiqini tapmış, lakin mövcud qanun pozuntusunun törədildiyi gündən İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində göstərilən müddət keçdiyindən inzibati tənbeh tədbirinin görülməsi mümkün olmamışdır. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verməklə yanaşı bildirmişdir ki, evdə 32.000 manatlıq iş görülmüşdür. Həmin məbləğə material puılu aid olmamışdır. Həmin məbləğdə pulun müqabilində hörgü işlərinə, söküntü və təmirə qədər- 20.789,48 manat, “malyar, alçipan, polun vurulması” təmir işlərinə - 6.206 manat, fəhlə puluna-zibil daşınmaq, kubik daşımaz və s. üçün-615 manat, yol xərcinə - 980 manat, xırda materialların alınmasına 1.739 manat xərclənmişdir. Hesablanmış 32.000 manat məbləğə 1.979 manat güzəşt etmiş, həmin məbləği cavabdehə bağışlamışlar. Hal-hazırda cavabdehin onlara görülmüş işlərin müqabilində 11.000 manat məbləğində borcu, eləcə də, pilləkənlərin təmirilə əlaqədar isə 800 manat məbləğində borcu qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edib,iddia ərizəsində yazılanlara uyğun izahat vermişdir. Bildirmişdir ki, cavabdehin onlara 11800 manat borcu var. Belə ki, onlar 2015-ci ildə cavabdehin evində işləmişlər. Cavabedhin evini söküb yenidən tikmişlər. Cavabdehi Mehdi vasitəsilə tanımış, Mehdi onların iş icraçısı olmuşdur. Görüləcək işlərin ümumi məbləği ilə bağlı aralarında razılşama olmamış, iş görüldükdə ona uyğun pul almışlar. Lakin bir müddət sonra onlar içləri görsələr də cavabdehin onlara borcu qalmışdır. Cavabdehin pulu qurtardığı üçün Rusiyaya getmiş, qayıtdıqdan sonra isə onların pulunu qaytarmamışdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili X3, iddiaçılar ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi vətəndaş (cavabdeh) Cavabdeh həqiqətən də cavabdehləri qanunsuz olaraq əmək fəaliyyətinə cəlb etməsi faktı təsdiqini tapmışdır. İddiaçıların cavabdehin evində işləməsi öz təsdiqini tapmışdır. Görülmüş işlərin və verilmiş pulların məbləği isə iddiaçılar tərəfindən tərtib edilmiş smetata öz əksini tapmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, izahatında göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin tikinti və təmirini İddiaçı2 tapşırmışdır. O, işə nəzarət etdiyinə görə əmək haqqı kimi Mehdiyə x xxxx 9000 manat məbləğində pul vermişdir. İddiaçı1 isə fəhlə olduğundan ona heç vaxt pul verməmiş, evin tikinti və təmir işləri ilə bağlı onunla danışığı olmamışdır. Belə ki, Mehdi iş icraçısı olduğu üçün fəhlənin və eləcə də materialların pulunu da ona vermişdir. Mehdi ona verilmiş puldan Bağıra verməmişsə, bu onların öz aralarında həll edilməli məsələdir. Təmir başlayandan bir müddət sonra pulu qurtardığı üçün Rusiyaya getmiş, qayıtdıqdan sonra Mehdi ilə görüşüb danışmış, Mehdi ona 8000 manat borcunun qaldığı bildirmişdir. Mehdiyə əvvəllcə 7000 manat, 2 gün sonra isə əlavə olaraq 1000 manat pul verib yekun olaraq hesablaşmışlar. Ümumilikdə isə evin tikinti və təmirinə görə Mehdiyə 34000 manat pul vermişdir. Həmin pulun içərisində mal və materialların pulu da vardır. Onlar arasında ümumi tikintinin qiyməti ilə bağlı hər hansı razılaşma olmamış, gördükləri işin müqabilində hesablanmış pulu onlara vermişdir. Həmçinin bildirir ki, iddiaçılar işi bitirəndən sonra yağan yağışın suyu evin damından içəri axmış, evin təmirində çox saylı digər nöqsanlar da ortaya çıxmışdır. Həmin işləri başqa ustalara gördürərək iddiaçıların keyfiyyətsiz işinə görə əlavə xərc çəkmiş, lakin həmin pulu onlardan tələb etməmişdir. Hesab edir ki, iddiaçılara heç bir borcu olmadığına görə, iddia tələbi rədd edilməlidir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Məhkəmə qeyd edir ki, iddiaçıların tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə hesab edir ki, hazırkı mübahisədə sübutetmə vəzifəsi iddiaçıların üzərinə düşdüyündən iddiaçıların öz tələbinin əsası kimi istinad etdikləri hallar, yəni həqiqətən cavabdehin onlara iddia tələbində olan məbləğdə icra edilməmiş öhdəliyi qalmasını təsdiq edən sübutlara malik olmalıdır. Cavabdeh tərəfin təsvir edilmiş mövqeyindən də göründüyü kimi o, iddia tələbini qəbul etmir və bildirir ki, onun iddiaçılara görülmüş təmir tikinti işlərinə görə pulla bağlı öhdəliyi qalmamışdır. Məhkəmənin qənaətinə görə hazırkı işin halları baxımından tərəflərin arasında yaranmış hüquq münasibətləri Mülki Məcəlləninin 752-ci maddəsində göstərilən podrat müqaviləsinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Məhkəmə hesab edir ki, məhz Mülki Məcəllənin 752-ci maddəsinin tələblərinə uyğun tərəflər arasında podrat müqaviləsi bağlanmış və qarşılıqlı öhdəliklər mövcud olmuşdur. Həmin razılaşmaya əsasən iddiaçılar öz üzərilərinə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində cavabdeh tərəfindən sifariş verilmiş təmir-tikinti işlərini aparmaq, cavabdeh isə razılaşdırılmış məbləğdə pul ödəməyi öhdəsinə götürmüşdür. İddiaçılar cavabdehin pulla bağlı öhdəliyini yerinə yetirməməsini iddia etsələr də, bunu təsdiq edən sübutlara malik deyillər ki, bu iddianın təmin olunmasını mümkünsüz edir. İddiaçı tərəfin iddia tələbini dəstəkləyən sübutlar kimi məhkəməyə təqdim etdiyi evin layihə sənədləri ilə bağlı məhkəmə qeyd edir ki, həmin sübutlar mübahisə predmetinə aid olmayan sübutlardır. Belə ki, həmin sübutlar evin layihə sənədlərinin hazırlanmasını və mövcudluğunu təsdiqləməyə yönələn sübutlar kimi tərəflər arasında mübahisəli olmayan hallarla bağlıdır. Yuxarıda da göstərildiyi kimi tərəflər evin tikinti və təmir işlərinin görülməsinin cavabdeh tərəfindən iddiaçılara sifariş edilməsi barədə mübahisə etmirlər. Tərəflər arasındakı mübahisənin mahiyyətini görülmüş işlərə görə cavabdehin iddiaçılara pulla bağlı öhdəliyinin qalıb-qalmadığı təşkil edir. İddiaçı tərəfindən təqdim edilmiş smeta ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən təsdiq edilməyən, ilk dəfə məhkəmədə görüb tanış olduğu cədvəl tərəflərin öncədən nəzərdə tutulan xərc və gəlirinin hesablanmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz, digər tərəfdən isə mübahisənin mahiyyəti baxımından əhəmiyyəti də yoxdur. Yuxarıda qeyd edildiyi kimi tərəflər arasındakı mübahisənin mahiyyətini cavabdehin görülmüş işlərə görə pulla bağlı öhdəliyini lazımınca yerinə yetirib-yetirməməsi təşkil edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsində İddiaçı1 və İddiaçı2 (iddiaçılar) Cavabdeh (cavabdeh) tərəfindən qanunsuz olaraq əmək fəaliyyətinə cəlb edilməsi faktının təsdiqini tapması ilə bağlı iddiaçı tərəfin arqumentlərinə münasibətdə məhkəmə bir daha qeyd edir ki, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 qanunsuz olaraq əmək fəaliyyətinə cəlb etməsinin həqiqiliyi nəzərə alınmış olsa belə, bu iddia tələbinin əsaslılığı qənaətinə gəlməyə əsas vermir. Çünki tərəflər sözügedən evin tikinti və təmir işlərinin görülməsinin cavabdeh tərəfindən iddiaçılara sifariş edilməsi və iddiaçıların həmin evdə təmir və tikinti işləri apardıqları barədə mübahisə etmirlər. İddiaçıların və onların nümayəndəsinin izahatlarına münasibətdə isə məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahatlar iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Təsvir olunanlara əsasən məhkəmə iddiaçı tərəfin təqdim etdiyi mübahisə predmeti ilə bağlı sübutların inandırıcılığına, mötəbərliyinə və sübut kimi qəbul edilə bilməsinə də tənqidi yanaşaraq qeyd edir ki, məhkəmə baxışı zamanı iddiaçılar cavabdehin görülmüş işlərə görə onlar qarşında pulla bağlı öhdəliyinin qaldığını sübut edə bilməmişlər. Ona görə də iddiaçılar İddiaçı2 və İddiaçı1 Ayaz oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə iddianın əsassız olduğu qənaətinə gələrkən nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından həmçinin görünür ki, iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, hazırki iddia tələbi təmin edilmədiyindən, iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Ayaz oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30(otuz) manat məbləğində dövlət rüsumunun məbləği iddiaçıların özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-2250/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2250/2021
14.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver