Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-226/2022 04.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə və Baş Dövlət Yol Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Bakı şəhəri Nərimanov Rayon Polis idarəsindən və Baş Dövlət Yol Polis İdarəsindən müştərək qaydada ona vurulmuş 500 manat məbləğində maddi zərərin və 10.000 manat məbləğində mənəvi zərərin, cəmi 10.500 manat məbləğində pulun, habelə ödənilmiş 31 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(001)- 4568/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə və Baş Dövlət Yol Polis İdarəsinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş və iddia ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmış, İddiaçı hazırki iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur. Həmin qərardaddan İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(001)- 4568/2021 nömrəli qərardadı ləğv edilmiş və mülki iş iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 4568/2021 saylı qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. Bundan sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis idarəsindən vurulmuş maddi zərərin əvəzi olaraq 1.000 manat məbləğində pulun, cavabdeh Baş Dövlət Yol Polis İdarəsindən inzibati cəriməyə görə ödənilmiş 60 manat məbləğində pulun əvəzinin tutulması, vurulmuş mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pulun və ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun əvəzinin müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizəsinə əsasən cavabdehlər Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi və Baş Dövlət Yol Polis İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə əvəz edilmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil isə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının bu barədə ərizəsini də nəzərə alıb, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddianı nəzərə alıb, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nin polis polkovniki M.L.Abdullayev tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən İddiaçı Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 60 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən cərimə məbləği iddiaçı tərəfindən ödənilmişdir. Bundan sonra iddiaçı həmin qərarla razılaşmayaraq, ondan şikayət vermişdir. Həmin şikayət üzrə aparılmış araşdırma zamanı inzibati xəta haqqında iş üzrə icraat aparılarkən iddiaçının Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması müəyyən edilmədiyindən və sübut olunmadığından Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-540/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə onun şikayəti qismən təmin edilərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov RPİ-nin DYPİ-nin polis polkovniki M.L.Abdullayev tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Hazırda iddiaçı qeyd edilən qərarın ləğv edilməsinə istinadən tərəfindən ödənilmiş 60 manat məbləğində pulun qaytarılmasını tələb edir. Eyni zamanda, yol hərəkəti qaydalarını pozmadığı bir halda, yol patrul xidmətinin əməkdaşları tərəfindən idarə etdiyi avtomobilin saxlanılması, bununla da ona və ailə üzvlərinə narahatçılığının yaradılması və əsassız və qanunsuz olaraq inzibati məsuliyyətə cəlb edilməsi nəticəsində sarsıntı, əsəb və iztirab keçirdiyini iddia edir və ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 10.000 manat pulun, habelə vəkilə çəkilən xərcin əvəzi olaraq 1.000 manat pulun tutulmasını tələb edir. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, HXM-02/21 saylı “Hüquqi xidmətlərin göstərilməsinə dair” Müqaviləyə əsasən cəmiyyət iddiaçı barədə qəbul edilmiş Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nin xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarından yuxarı səlahiyyətli orqana şikayətlərin və aidiyyəti üzrə məhkəməyə qəbul edilmiş qərardan şikayətlərin hazırlanması, onun qanuni mənafelərini Azərbaycan Respublikasının birinci instansiya məhkəməsində (sənədlərin toplanması, iddia ərizəsinin tərtib edilərək, məhkəməyə verilməsi, vəkillə müqavilə bağlanmasının təmin edilərək, işin müvəffəqiyyətli həlli üçün bütün zəruri prosessual hərəkətlərin icra edilməsi) müdafiə edilməsi barədə üzərinə öhdəlik götürmüşdür. xx.xx.2020-ci il tarixli, 998301 saylı mədaxil qəbzinin kötüyünə əsasən hüquqi xidmətin göstərilməsi üçün idddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına 1.000 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir; 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ inzibati xəta haqqında işə xitam verildikdə yaranır; 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə dövlət nəfinə keçirilməsi ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir; 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir; 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir; 12-ci maddəsinə əsasən dövlət nəfinə keçirilməsi ilə vurulmuş əmlak ziyanı və hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov RPİ-nin DYPŞ-nin polis polkovniki M.L.Abdullayev tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən İddiaçı Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 60 manat məbləğində cərimə edilsə də, sonradan həmin qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-540/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bu baxımdan inzibati tənbehin qanunsuz verilməsi nəticəsində iddiaçıya ödədiyi 60 manat məbləğində maddi zərər vurulmuşdur. Bununla da iddiaçının ödənilmiş həmin 60 manat məbləğini geri tələb etmək hüququ yaranmışdır. Bu səbəbdən məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab edir və belə qənaətə gəlir ki, onun tərəfindən ödənilmiş 60 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ona ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı məhz qeyd edilən qərarla bağlı yaranmış mübahisənin həlli üçün hüquqi yardımın göstərilməsi barədə müqavilə bağlanmışdır. Bu səbəbdən hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş məbləğlər də ona ödənilməlidir. Məhkəmə iddia tələbinin “vəkilə çəkilən xərclərə görə 1.000 manat məbləğində pulun cavabdehdən tutulması” hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsində vəkilə göstərdiyi hüquqi yardıma görə xərclərin ödənilməsi təsbit edilsə də, vəkilə ödənilməli olan məbləğin miqdarının hesablanması prinsipinin konkret meyarları müəyyən edilməmişdir. Xərclər konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə müəyyən edilməli və konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, vəkillərin sayı, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da həddən az məbləğ kimi qəbul edilə bilər. Məhkəmə qeyd edir ki, hazırki mülki iş hüquqi mahiyyət etibarı ilə mürəkkəbliyi ilə seçilmir, mübahisənin predmetini vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi təşkil edir. Eyni zamanda, məhkəmə hazırki mülki iş üzrə iddiaçıya hüquqi xidmət göstərən vəkilin ümumilikdə 5 məhkəmə iclasında iştirak etməsini, tələb olunan bütün sübutların iddia ərisəzinə əlavə edilməsini və onun üzərinə hər hansı sübutun təqdim edilməsi vəzifəsinin qoyulmamasını, vəkil tərəfindən hər hansı vəsatətin qaldırılmamasını, məhkəmə iclasının qısa müddət davam etməsini, habelə ödənilmiş 1.000 manat xidmət haqqının yalnız hazırki mübahisəni əhatə etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, göstərilən hüquqi yardıma görə ödənilmiş pulun əvəzi olaraq iddiaçıya 200 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ona ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə, iddia tələbinin “mənəvi zərərin əvəzinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsini, mənəvi sarsıntı və iztirablara məruz qalmasını sübuta yetirə bilmir. Lakin nəzərə alınmalıdır ki, reallıqda bu məsələ ilə bağlı heç də hər zaman sübut təqdim etmək mümkün olmur. Belə ki, bu əməllərin baş verməsi mənəvi iztirab və sarsıntı keçirən şəxslərin bütün hallarda həkimə müraciət etməsi, hər hansı dərman preparatının qəbul etməsi və sair oxşar hərəkətlərlə əl atması ilə nəticələnmir. Lakin bu o demək deyil ki, 20 fevral 2020-ci il tarixdə Qusar şəhərində özünə məxsus avtomobili yol hərəkəti qaydalarına tam uyğun şəkildə idarə etdiyinə əmin olan və idarə edən (qərarın ləğv edilməsi ilə bu hal öz təsdiqini tapmışdır) iddiaçı yol polis xidmətinin əməkdaşları tərəfindən saxlanılıb inzibati qaydada cərimə edilərkən mənəvi sarsıntı keçirməyibdir. Hər bir halda, barəsində tərtib edilmiş inzibati protokolun surətini almaq hüququ barədə məlumatlı olan iddiaçı protokolun surətinin ona verilməməsindən, habelə xətanın mövcudluğu ilə razlaşmamasının lazımi qaydada rəsmiləşdirilməməsindən (bu barədə protokola qeyd edilməmişdir) və ən əsas ailəsi ilə birlikdə əsassız olaraq cərimə edilməsindən, yəni yol polis xidmətinin bütün bu kimi hərəkətlərindən məmnun qala və ya zövq ala bilməz. Əsassız olaraq inzibati qaydada cərimə edilməsi iddiaçının vaxt (həmin vaxtı mövcuddurmu, bu vaxtı əldə etmək üçün iddiaçı hansı sayda digər işlərinin görülməsini təxirə salmaq məcburiyyətində qalacaq, həmin işlərin gecikmə ilə yerinə yetirilməsi ona hansı problemləri yaradacaq və sair) və maliyyə (bunun üçün vəsaiti mövcuddurmu və sair) itkisinə səbəb olan, planlaşdırmadığı, gözləmədiyi və ən əsas iradəsinə zidd olan vəziyyətlə üzləşməsini şərtləndirir. Təbii ki, belə bir vəziyyətdə, nəinki iddiaçı, insan fərdi olan hər bir şəxs əsəb keçirməyə, hiddətlənməyə, ən azı məyus olmağa, fikir çəkməyə sair bu kimi hala düşməyə məhkumdur. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin bu hərəkətləri nəticəsində iddiaçı mənəvi sarsıntı keçirmişdir və bu səbəbdən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq iddiaçıya 100 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə məsrəflərinin ödənilməsindən azad olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.13-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, bu qəbildən olan işlər üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddır. Bununla belə, hazırki vəziyyətdə dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən tutulur. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da hüquqi nəticə etibarı ilə dövlət büdcəsinə mədaxil edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddiaçıya 30 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən vurulmuş maddi zərərin əvəzi olaraq 60 manat məbləğində pul, mənəvi zərərin əvəzi olaraq 100 manat məbləğində pul, hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş pulun 200 manat hissəsinin əvəzi, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən vurulmuş maddi zərərin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul, mənəvi zərərin əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul, hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş pulun 200 (iki yüz) manat hissəsinin əvəzi, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-226/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-226/2022
04.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver