Məhkəmə qərarları › İş №2(001)-2261/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2261/2021

16.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2261/2021 16.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 2015-ci ilin aprel-may aylarından tanış olmuşdur. Cavabdeh iddiaçının komendant işlədiyi binanın qarşı tərəfində yerləşən “City Hospital” Klinikasında UZİ müayinəsi üzrə həkim işləyirdi. Cavabdeh özünə məxsus avtomobili iddiaçının komendant olduğu binaya məxsus dayanacaqda saxlamaq istədiyindən iddiaçıya müraciət etmişdir. Bir müddət sonra onunla qeyri rəsmi ər arvad münasibətləri başlamışdır. Bu qeyri-rəsmi ər-arvad münasibətləri 2017-ci ilin təqribən may ayına kimi davam etmişdir. Həmin müddətdə iddiaçı cavabdehə ailəsini saxlamaq üçün hər ay müəyyən köməklik etmiş, onun komunal xərclərini ödəmiş, yaşadığı evə televizor, kondisioner almışdır. Cavabdeh anasının müalicəsi ilə əl-əlaqədar həmin dövrdə iddiaçıdan 500 manat pul almışdır. İddiaçı həmin məbləği ona kömək kimi vermiş və heç vaxt tələb etməmişdir. Tanışlıqlarından bir müddət sonra Cavabdeh ona bildirmişdir ki, onun qardaşının evi bank qarşısında girovdadır. Evi bank borca görə qardaşından alır və ailəsi ilə onu evdən çıxaracaqlar. Bu səbəbdən də iddiaçıdan 50000 manat borc pul istəmiş və bildirmişdir ki, bank evi ucuz qiymətə alır, pul olsa banka ödəyib evi girovdan çıxarıb özləri satacaqlar və iddiaçının borcunu qaytaracaqlar. Cavabdeh bilirdi ki, iddiaçının ehtiyatda pulu var. İddiaçı cavabdehlə ər-arvad münasibətlərini nəzərə alaraq ona inanmiş və özündə olan 50000 manat pulu ona borc kimi, heç bir faiz dərəcəsi hesablanmadan, rəsmləşdirmədən vermiş və onlar pulu banka ödəyərək qardaşının evini girovdan çıxarmışlar. Pulu aldıqdan və ev girovdan çıxarıldıqdan bir müddət sonra cavabdeh iddiaçı ilə qərəzli olaraq münasibətlərini pozmuş, aralarında narazılıq yaratmış və iddiaçını evə buraxmamışdır. Onu narahat edəcəyi təqdirdə ondan şikayət edəcəyini bildirməklə iddiaçını hədələdi. Bildirdi ki, sən qaçqınsan mənə lazım deyilsən. Bundan sonra iddiaçı xərclədiyi pulları, aldığı avadanlıqları ondan geri istəmədi, iddiaçı cavabdehdən qardaşının evinin girovdan çıxarılması üçün ona verdiyi 50000 manat borcunu tələb etdi. Cavabdeh iddiaçıya heç bir pul ödəməyəcəyini, pulunu tələb etsə onu şərləyib həbs etdirəcəyini bildirmişdir. İddiaçı məcbur olub cavabdeh barəsində polisə müraciət etmiş və şikayət ərizəsi ilə əlaqədar Bakı şəhər Nərimanov rayon Polis İdarəsində aradırma aparılmış və cavabdeh izahatında iddiaçı ilə yaxın münasibətdə olduğunu, iddiaçının onun evinə avadanlıq aldığını və sair ərizədə qeyd olunanları etiraf etmişdir. Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin xx xxxx 2017-ci il tarixli qərarı ilə ərizə borc pul tələbi ilə əlaqədar olduğundan hadisədə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd olunmuş və iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı cavabdehə 50000 manat məbləğində borc verilməsini iddia etdiyi halda, bunu sübut etməli idi. İddiaçı tələbini əsaslandırmaq üçün sübut kimi Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2017-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına və səs yazısı olan diska istinad etmişdir. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2017-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, “ ... Araşdırma zamanı izahatı alınmış Cavabdeh ərizəçi İddiaçı ilə 2015-ci ildən etibarən, yaranan tanışlığı, 2017-ci ilin təxminən may ayına kimi olan dövrdə aralarında yaxın münasibətin olması, ərizəçinin bu müddətdə onun kommunal və sair xərclərini ödəməsi, yaşadığı ünvana müxtəlif avadanlıqlar alması və sair barədə ərizəçi İddiaçı izahatında göstərilənləri təsdiq etsə də, 2015-ci ildə ondan 50.000 manat borc pul alması xüsusatını tamamilə rədd etmiş, 2017-ci ilin may ayında işlədiyi klinikadan işdən azad olunduqdan sonra İddiaçılə şəxsi zəmində aralarında dəfələrlə mübahisələr olmuş, sonuncu onun işləmək istəmədiyini bildirərək bütün xərclərini ödəyəcəyini demişdir, İddiaçı tələbi ilə razılaşmayıb onunla münasibətini kəsmək qərarına gəlmiş, 2017-ci ilin may ayından etibarən İddiaçılə münasibətini kəsməsi səbəbindən sonuncu qisas almaq məqsədi ilə onun barəsində şər və böhtan xarakterli ərizə yazmışdır”. İddia ərizəsinə əlavə edilmiş audio yazı olan diskda da iddiaçının özünün təsdiq etdiyi kimi, cavabdehin ondan 50000 manat məbləğində borc almasına dair hər hansı fikir səsləndirilməmiş, eyni zamanda həmin audio yazıda məhz Cavabdeh səsinin olması da iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, məhkəmə ümumiyyətlə həmin sübuta tənqidi yanaşır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar