Məhkəmə qərarları › İş №2(001)-2265/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2265/2021

26.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2265/2021 26.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi Ağamalıyev küçəsi 10 saylı evin 13 saylı mənzilində məcburi payının müəyyən edilməsinə dair ilk iddia ərizəsi, İddiaçı Cavabdeh Cavabdeh İddiaçı qarşı 20000 manat tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi Ağamalıyev küçəsi 10 saylı evin 13 saylı mənzilində məcburi payının müəyyən edilməsinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı 20000 manat tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, 26.03.1998-ci il tarixdə vəfat etmiş atası Əliyev Əhməd Səttar oğlundan Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi Ağamalıyev küçəsi 10 saylı evin 13 saylı mənzili miras qalmışdır. Miras qoyanın vərəsələri o, anası X3, bacısı, 2010-cu ildə vəfat etmiş X8 və qardaşı Cavabdeh olmuşdur. Cavabdehlə bacısı qeyd olunan mənzildə yaşamadıqlarından mirası faktiki olaraq onun anası X3 və o, qəbul etmişdir. Anası 16.03.2010-cu ildə vəfat etdikdən sonra miras əmlakı faktiki olaraq o, qəbul edərək istifadə edir. Binəqədi Rayon Məhkəməsinin 08.02.2018-ci il tarixli 2(001)-103/2018 saylı qətnaməsinə əsasən X4 və X1 verilməklə Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi Ağamalıyev küçəsi 10 saylı evin 13 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsinə dair qətnaməsi təqdim edilərkən məlum olmuşdur ki, cavabdeh 03.06.1999-cu il tarixli 1B- 24/99 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir. Həmin şəhadətnəmədən aydın olur ki, 26.03.1998-ci il tarixdə vəfat edən atası Əliyev Əhməd Səttar oğlunun vəsiyyətnaməsinə əsasən Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seryalı 007528 nömrəli qeydiyyat vəsiqəsi ilə Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi Ağamaliyev küçəsi 10 saylı evin 13 saylı mənzili Cavabdeh xüsusi mülkiyyətinə verilmişdir. Bu isə onun əmlak hüquqlarını Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş mülkiyyət hüququnu və Azərbaycan Respublikası MM-i ilə müəyyən edilən mirasdan məcburi payın müəyyən edilməsi tələblərinin pozulmasıdır. Qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, onunda cavabdeh kimi mənzilə hüquqları olduğundan Cavabdeh hər hansı bir vəsait ödəməli deyildir. Öz iddia tələbi üzrə o, iddia müddətini ötürməmişdir. Ona görə də qarşılıqlı iddia ərizəsinin rədd edilməsinə, atası Əliyev Əhməd Səttar oğlunun ölümündən əvvəl mülkiyyətində olan və ölümündən sonra cavabdehin xüsusi mülkiyyətinə keçmiş Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi Ağamalıyev küçəsi 10 saylı evin 13 saylı mənzilinə dair ona aid məcburi payının müəyyənləşdirilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi X12 İddiaçı izahatını təsdiq etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini müdafiə edib, ilk iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, X7, X6 Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Ağamalıyev küçəsi 10 saylı evin 13 saylı mənzilinə istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsi, İddiaçı isə mənzildən çıxarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.09.2019-cu il tarixli 2(103)- 7635/2018 saylı qətnaməsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.02.2018-ci il tarixli 2(001)-103/2018 saylı qətnaməsi ləğv edilərək iddiaçı Cavabdeh tərəfindən 20000 manat kompensasiya verilməklə cavabdehlər X4 və X6 Bakı şəhəri Binəqədi rayonu Ağamalıyev küçəsindəki 10 nömrəli evin 13 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi, onların İddiaçı ilə birlikdə həmin mənzildən çıxarılması və mənzilin boşaldılıb iddiaçıya təhvil verilməsi, kompensasiyanın verilməsi ilə cavabdehlər X4 və X6 mənzildən çıxarılmasının eyni vaxtda icra edilməsi qət edilmişdir. Təyin olunan kompensasiya məbləğini o, hazırlamış, lakin hal-hazırda qətnamənin icrasını tələb etmir, İddiaçı isə ailəsi ilə birlikdə onun mənzilini tərk etmir. Hazırda İddiaçı ona qarşı iddia verərək mirasdan məcburi pay tələb edir. İlk iddia tamamilə əsassızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22.04.2014-cü il tarixli qərarına əsasən MM-in 1193-cü maddəsində göstərilən vəsiyyət edənin sağ olan vərəsələrinin məcburi pay hüququ mirasın açıldığı andan etibarən yarandığından, həmin pay hüququ, bir vərəsəlik payı kimi onların əmlakına miras qoyanın öldüyü gün və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gündən etibarən vərəsəlik qaydasında keçir. Göründüyü kimi vərəsənin, o cümlədən məcburi pay üzrə vərəsənin vərəsəlik hüquqları miras əmlakın bölüşdürüldüyü andan deyil, mirasın açıldığı andan yaranır. İddiaçı öz adına olan mənzili vardır və həmin evdə qeydiyyatda olmaqla uzun müddət yaşamış, daha sonra nikahı pozulmuş, evini öz keçmiş ailəsinə vermiş və yenidən nikaha daxil olmaqla onun mülkiyyətində olan mənzilə yeni ailəsi ilə birlikdə onun icazəsilə köçmüşdür. Mənzilin miras kimi İddiaçı tərəfindən qəbul edilməsi ümumilikdə mümkün ola bilməzdi, çünki vəsiyyətnamənin icrasına başlanan vaxtdan İddiaçı öz ailəsi ilə başqa mənzildə yaşamışdır. Bu halı qanuni qüvəsini alan məhkəmə qətnaməsi təsdiq edir. O, İddiaçı mülkiyyətində olan mənzildə ailə qurmaqla yaşamasına icazə verdiyindən həmin dövr üçün İddiaçı aylıq kirayə haqqına uyğun vəsait tələb edir. Qardaşına mülkiyyətində olan mənzildə yaşamasına icazə versə də, onunla kirayə müqaviləsi bağlamamış, bu barədə hər hansı bir razılıqları olmamış, İddiaçı ona qarşı əsassız iddialarla məhkəməyə müraciət etdiyindən ondan kirayə haqqı tələb edir. Ona görə də iddia müddəti keçdiyindən, iddia tələbi əsassız olduğundan ilk iddia ərizəsinin rədd edilməsinə, qarşılıqlı iddia ərizəsinin təmin edilərək İddiaçı Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi Ağamalıyev küçəsi 10 saylı evin 13 saylı mənzilinə köçdüyü tarixdən onun mülkiyyətində olan mənzildə yaşadığına görə kirayə haqqı olaraq 20000 manatın onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə ilk və qarşılıqlı iddia ərizələri təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 19.10.1996-cı il tarixli, 2B-160 nömrəli reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamədən müəyyən olunur ki, Əliyev Əhməd Səttar oğlu ona məxsus bütün əmlakını, o cümlədən Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi Ağamaliyev küçəsi 10 saylı evin 13 saylı mənzilini oğlu Cavabdeh vəsiyyət etmişdir. Binəqədi rayon Leyla nikah evi tərəfindən verilmiş 09.04.1998-ci il tarixli V-ЖГ № 320062 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Əliyev Əhməd Səttar oğlu 26.03.1998-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 09.04.1998-ci il tarixdə 269 nömrəsi ilə qeyd edilmişdir. X2 27 saylı Dövlət Notariat Kontoruna ünvanladığı ərizəsindən müəyyən olunur ki, o, ona çatası paydan imtina etmişdir. 03.06.1999-cu il tarixli 1B-24/99 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, 26.03.1998-ci ildə ölmüş Əliyev Əhməd Səttar oğlu 19.10.1996-cı ildə təsdiq edilən və 2B-160 № ilə reyestrdə qeyd olunan vəsiyyətnaməsinə əsasən Cavabdeh Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi Kalinin küçəsi 10 saylı evin 13 saylı mənzili miras əmlak olaraq qəbul etmişdir. Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş ÖM № 007528 seriyalı 01.07.1999-cu il tarixli qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi Kalinin küçəsi 10 saylı evin 13 saylı mənzili Cavabdeh adına 30111598 nömrəsi ilə qeydə alınmışdır. Binəqədi rayon qeydiyyat şöbəsinin 25.07.2012-ci il tarixli AZ-İ № 407820 saylı arayışının surətindən müəyyən olunur ki, X5 16.03.2010-cu il tarixdə ölmüş, ölüm haqqında 02.04.2010-cu il tarixli 361 №-li akt qeydi tərtib olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.09.2019-cu il tarixli 2(103)- 7635/2018 saylı qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.02.2018-ci il tarixli 2(001)-103/2018 saylı qətnaməsi ləğv edilərək iddiaçı Cavabdeh tərəfindən 20000 manat kompensasiya verilməklə cavabdehlər X4 və X6 Bakı şəhəri Binəqədi rayonu Ağamalıyev küçəsindəki 10 nömrəli evin 13 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi, onların İddiaçı ilə birlikdə həmin mənzildən çıxarılması və mənzilin boşaldılıb iddiaçıya təhvil verilməsi, kompensasiyanın verilməsi ilə cavabdehlər X4 və X6 mənzildən çıxarılmasının eyni vaxtda icra edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.09.2019-cu il tarixli 2(103)- 7635/2018 saylı qətnaməsindən görünür ki, “məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, cavabdehlərdən İddiaçı mübahisəli mənzilə vatıilə məhkəmə qətnaməsinə əsasən istifadə hüququ tanınsa da, sonradan digər cavabdehlərlə ailə münasibətləri pozulduğundan o, həmin mənzildən köçmüş və qeydiyyatdan çıxamış, uzun illədir ki, başqa ünvanda yaşayır. Ona görə də İddiaçı mübahisəli mənzildən istifadə hüququnu itirdiyindən, iddiaçı tərəfindən yalnız digər cavabdehlərə kompensasiya verilməklə istifadə hüquqularına xitam verilməklə, hər üç cavabdehin mənzildən çıxarılması və mənzilin boşaldılıb təhvil verilməsi tələbi irəli sürülmüşdür. Ona görə də, İddiaçı qarşı yönələn, yəni kompensasiya verilmədən mənzildən çıxarılma tələbi sonuncunun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16.03.2019-cu il tarixli 2(102)-1747/2019 saylı qərarından müəyyən olunur ki, cavabdehlər X9 və X4 birlikdə verdikləri kassasiya şikayətinin təmin olunmaması qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.01.2020-ci il tarixli 2(001)-363/2020 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsinə, onun əsasında verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və mülkiyyət hüququ üzrə çıxarışın ləğv edilməsinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.06.2020-ci il tarixli 2(103)- 3282/2020 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.01.2020-ci il tarixli 2(001)-363/2020 saylı qətnaməsinin verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17.11.2020-ci il tarixli 2(102)-5805/2020 saylı qərarından müəyyən olunur ki, İddiaçı kassasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.06.2020-ci il tarixli 2(103)-3282/2020 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən oğlunmuşdur ki, qanuni qüvvəsini alan məhkəmə aktları ilə Əliyev Əhməd Səttar oğlunun 19.10.1996-cı il tarixli vəsiyyətnaməsi ilə ona məxsus bütün əmlakını, o cümlədən Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi Ağamalıyev küçəsi 10 saylı evin 13 saylı mənzilini oğlu Cavabdeh vəsiyyət etməsi, vəsiyyətnamənin qanunun tələblərinə uyğun tərtib edilməsi, Ə.İddiaçı 26.03.1998-ci il tarixdə ölməsi, həmin vəsiyyətnaməyə əsasən 03.06.1999-cu il tarixdə Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi Ağamalıyev küçəsi 10 saylı evin 13 saylı mənzilinin 01.07.1999cu il tarixdə Cavabdeh adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməsi müəyyən edilmişdir. Qanuni qüvvəsini alan məhkəmə aktları ilə daha sonra müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən 20000 manat kompensasiya verilməklə cavabdehlər X4 və X6 Bakı şəhəri Binəqədi rayonu Ağamalıyev küçəsindəki 10 nömrəli evin 13 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi, onların mənzilə istifadə hüququ olmayan İddiaçı ilə birlikdə mənzildən çıxarılmaları, mənzilin boşaldılıb mülkiyyətçiyə təhvil verilməsi, kompensasiyanın verilməsi ilə cavabdehlər X4 və X6 mənzildən çıxarılmasının eyni vaxtda icra edilməsi qət edilmişdir. 1964-cü il sentyabrın 11-də qəbul olunmuş və 2000-ci il sentyabrın 1-dən qüvvədən düşmüş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 538-ci maddəsinə əsasən miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissəsindən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edilərkən adi ev avadanlığı və məişət predmetlərindən ibarət olan əmlakın dəyəri də nəzərə alınır. Göründüyü kimi mübahisəli münasibətlərin yarandığı zaman qüvvədə olan vərəsəliklə bağlı hüquq münasibətlərini tənzimləyən mülki qanunvericiliyin tələblərinə əsasən miras qoyanın övladlarından, yalnız həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları miras əmlakdan məcburi pay almaq hüququna malik idilər. Bu səbəbdən ilk İddiaçı 1998-ci ildə ölmüş atasından miras qalan əmlakdan məcburi pay tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Daha sonra ilk iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün iddia müddətini də ötürmüşdür. Məhkəmə İddiaçı atasından miras qalan mənzilin qardaşı Cavabdeh mülkiyyətinə keçməsini 2018-ci ildə bilməsi ilə bağlı dəlili ilə razılaşmır. Belə ki, İddiaçı miras qoyanın ölümünü 1998-ci ildə bildiyi halda ailəsi ilə birlikdə yaşadığı mənzilin son 23 ildə Cavabdeh mülkiyyətində olmasını bilməməsi halı isə inandırıcı deyildir. Mübahisəli münasibətlərin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsində hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarının müdafiəsi üçün ümumi müddət (iddia müddəti) üç il, hüquqi şəxslərin birbirinə olan iddiaları üzrə isə bir il müəyyən edilmişdi. 2000-ci il sentyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1.-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2.-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. (MM-nin 375.1.,375.2. mad.) Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh izahatında öz razılığı ilə qardaşı İddiaçı ailəsi ilə birlikdə yaşamaq üçün mülkilkiyyətində olan mənzilə buraxmasını, İddiaçı mülkiyyətində olan mənzildən çıxarılmasına dair qanuni qüvvəsini alan məhkəmə aktı olduğu halda hal-hazırda həmin məhkəmə aktının icrasını tələb etməməsini bildirdiyindən, tərəflər arasında mənzil kirayə müqaviləsindən irəli gələn hüquq münasibətlərinin yaranmasına dair sübutlar məhkəməyə təqdim edilmədiyindən məhkəmə qarşılıqlı iddia tələbini də əsassız hesab edib təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumları müvafiq olaraq tərəflərin özlərinə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi Ağamalıyev küçəsi 10 saylı evin 13 saylı mənzilində məcburi payının müəyyən edilməsinə dair ilk iddia ərizəsi təmin edilməsin. Cavabdeh İddiaçı qarşı kirayə haqqı olaraq 20000 manat tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar