Məhkəmə qərarları › İş №2(001)-2268/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2268/2023

20.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2268/2023 20.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri 8-ci mikrorayon Azadlıq prospekti 30 nömrəli binanın qarşısındakı dəmir qarajın bərpa edilərək ona qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri 8ci mikrorayon Azadlıq prospekti 30 nömrəli binanın qarşısındakı dəmir qarajın bərpa edilərək ona qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı xx.xx.2003-cü il tarixdə Bakı şəhəri 27 saylı notariat ofisində ünvan 1 ünvanında yaşayan X3 ilə alqı-satqı müqaviləsi bağlayaraq Bakı şəhəri Tİ və MHQİ-dən verilmiş xx.xx.2003-cü il tarixli texniki pasporta və xx.xx.2003cü il tarixli arayışa əsasən ona məxsus olan Bakı şəhəri 8-ci mikrorayon Azadlıq prospekti 30 nömrəli binanın qarşısındakı dəmir qarajı 8347000 AZM almış, qarajı aldıqdan sonra Mars-A MMC-yə material üçün ******* AZM, qarajın yağılması üçün 100000 AZM ödəyərək onu yenidən yığdırmışdır. İddiaçı uzun müddət qarajdan istifadə etmiş və 2015-ci ildə anasının xəstəliyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna getmiş və uzun müddət orada yaşamışdır. xx.xx.2022-ci il tarixdə iddiaçının anası X8 vəfat etdikdən sonra iddiaçı yas mərasimindən sonra yenidən Bakı şəhərinə qayıtmış və evə gələndə qarajının yerində olmadığını görmüşdür. Qonşulardan qarajı kimin götürdüyünü soruşduqda iddiaçıya qarajın Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən götürüldüyü məlum olmuşdur. Dəfələrlə müraciət etməsinə baxmayaraq Binəqədi Rayon İcra Hakimiyyəti qarajı bərpa etməmiş, vurulmuş zərərin əvəzini ödəmişdir. Ona görə də Bakı şəhəri 8-ci mikrorayon Azadlıq prospekti 30 nömrəli binanın qarşısındakı dəmir qarajın cavabdeh tərəfindən bərpa edilərək iddiaçıya qaytarılmasına dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib iddia ərizəsinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazdan müəyyən olunur ki, İddiaçı hər hansı əsası və dəlili olmadan şəxsi mülahizələrinə əsaslanaraq istifadəsində olan qarajın Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən sökülməsini iddia edir. İddiaçı cavabdeh qismində Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsində göstərdiyi tələblərlə iddia irəli sürməsi əsassızdır. İddiaçı ona məxsus qarajın sökülməsi ilə bağlı hər hansı bir aktın olması barədə və cavabdeh tərəfindən onun hüquq və azadlıqlarını, mülki hüquqlarını pozan hərəkətlərin edilməsi barədə heç bir sübut təqdim etmədən Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia tələbi irəli sürmüşdür. İddiaçının Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı inzibati orqanın hərəkətinin qanunsuz hesab edilməsi barədə iddia irəli sürməsi və cavabdehin üzərinə müvafiq öhdəliklərin qoyulması tələbi əsassızdır. İddiaçı həmin qarajın Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən sökülməsini sübut edən hər hansı bir dəlil təqdim etməmişdir. Belə ki, iş üzrə əsassız olaraq cavabdeh qismində cəlb olunmuş Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən qeyd olunan ünvanda hər hansı söküntü işləri aparılmamış və iddiaçının istifadəsində olan qarajın sökülməsi ilə əlaqədar olaraq hər hansı bir qərar, inzibati akt qəbul edilməmiş, hər hansı bir şəxsə, quruma və s. göstəriş verilməmişdir. İddiaçı mülkiyyət hüquqlarının pozulmasını iddia etsə də məhkəməyə təqdim etdiyi, sözügedən qaraja dair mülkiyyət hüququnu təsdiq edən sənəd əvəzinə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş texniki pasport təqdim etmişdir. Qeyd olunmuş sənəd qaraj üzərində mülkiyyət hüquqlarını təsdiq etmir, sadəcə əmlakın texniki göstəricilərini əks etdirir. Bələliklə də, sözügedən qarajın müəyyən şərtlərlə quraşdırılması nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən sözügedən qarajın onun xüsusi mülkiyyətində olması iş materialları ilə sübut olunmur, onun tərəfindən mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Cavabdeh qismində cəlb edilmiş Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən hər-hansı bir qarajın sökülməsi ilə bağlı iddiaçıya nə xəbərdarlıq verilmiş nədə ki, bildiriş göndərilmişdir. Mövcud iş üzrə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən hər hansı qanunsuz hərəkət edilmədiyindən cavabdeh məsuliyyət daşıya bilməz. Bundan əlavə texniki pasportun verilməsinə əsas olmuş Binəqədi Rayon icra Hakimiyyətinin M.Z.Piriyevə dəmir qarajın quraşdırılmasına icazə verilməsi barədə xx.xx.1992-ci il tarixli 285 saylı sərəncamının 3-ci bəndində qeyd olunmuşdur ki, həmin sahənin abadlaşdırılması zamanı qeyd olunan dəmir qaraj birmənalı söküləcək və ya başqa yerə quraşdırılacaqdır. Həmin sərəncamdan da göründüyü kimi bunun üçün hər hansı kompensasiyanın ödənilməsi nəzərdə tutulmamışdır. Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Fərmanının 2-ci bəndində müəyyən edilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X10 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Qaraj qeyri-yaşayış sahəsi hesab olunduğundan onun tikintisinə və ya quraşdırılmasına icazənin verilməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Fərmanının 2-ci bəndinə əsasən artıq yerli icra hakimiyyətlərinin səlahiyyətləri xaricindədir. Bu səbəbdən də, iddiaçı tərəfindən dəmir qarajın bərpa edilərək iddiaçıya qaytarılması öhdəliyinin Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması tələb oluna bilməz. Çünki bərpa edilməsi qarajın yenidən quraşdırılmasına icazə verilməsi ilə nəticələnir ki, artıq yerli icra hakimiyyətlərinin belə bir səlahiyyəti yoxdur. İddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və o, həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. Ona görə də iddia ərizəsinə münasibət bildirilməklə, iddia ərizəsinin əsassız olunması və Binəqədi İcra Hakimiyyətinin hüquq və vəzifələrini icra edərək qeyd edilən faktlara və hüquq normalarına əsaslanaraq iddiaçının irəli sürdüyü iddia tələbinin əsassız olduğu üçün iddia tələbinin qeyri-mümkün sayılmaqla rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Mülki iş üzrə xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə iclasında cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi X7 iddia ərizəsini qəbul etməyib, məhkəməyə təqdim olunmuş etirazın məzmunu ilə eyni məzmunlu izahat verib iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 283 saylı sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında yaşayan 2-ci qrup X12 əlili X2 3x6 ölçüdə metal qaraj quraşdırmağa icazə verilmişdir. Sərəncamın 2-ci bəndindən müəyyən olunur ki, qarajın başqa şəxslərə verilməsi qəti qadağan olunmuşdur. Sərəncamın 3-cü bəndindən müəyyən olunur ki, ayrılmış sahənin şəhərin abadlaşdırılması məqsədi ilə istifadəsi zamanı qeyd olunan dəmir qarajın birmənalı olaraq söküləcəyi və ya başqa yerə quraşdırılacağı M.Z.Piriyevə izah edilmişdir. X1 ilə alıcı İddiaçı arasında xx.xx.2003-cü il tarixdə bağlanmaqla Bakı şəhəri 27 saylı notariat ofisində təsdiq edilmiş müqavilənin surətindən müəyyən olunur ki, satıcı Bakı şəhəri 8-ci mikrorayon Azadlıq prospekti 30 №-li binanın qarşısındakı dəmir qarajı alıcıya ******* AZM satmışdır. Bakı Kondisioneri ASC-nin xx.xx.2004-cü il tarixli 408437 saylı kassa mədaxil orderinin və qaimə-fakturasının surətindən müəyyən olunur ki, X9 tərəfindən X4 qaraj yığılması üçün xidmət haqqı olaraq 100000 AZM ödəniş edilmişdir. Mars-A MMC-nin xx.xx.2004-cü il tarixli 143161 saylı qaimə-fakturasının surətindən müəyyən olunur ki, Muxtar Məmmədov materiallar üçün ******* AZM ödəniş edilmişdir. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərmişdir ki, dayısı Rəsulov X5 rayonu 8-ci mikrarayonda yerləşən, dəqiq ünvanını bilmədiyi evin həyətində dəmir qaraj olmuş, qonşuların sözlərindən ona həmin qarajın təxminən 2015-ci ildə aparılan abadlaşdırma işləri zamanı sökülməsi məlum olmuşdur. Qarajın sökülməsinin dəqiq tarixi ona məlum deyildir. Dayısı E.F. Rəsulov Naxşıvan MR yaşasa da, onun həyat yoldaşı və övladları Bakı şəhərində yaşamış, yay fəslində Naxçıvan MR getmiş, qış fəslində Bakı şəhərinə qayıtmışlar. Dayısı qaraja və nəqliyyat vasitəsinə nəzarət etməyi ona tapşırmışdır. Qaraşjlar sökülərkən əvəzinə yeni yerin veriləcəyini eşitsə də, həmin ərazidə olan qonşu qaraj sahiblərinə yeni qaraj verilib-verilməməsi barədə onun hər hansı bir məlumatı yoxdur. Hal-hazırda Naxçıvan MR-da yaşayan dayısına məxsus Mercedes markalı nəqliyyat vasitəsi dayısına məxsus Bakı şəhərində olan evin həyətində saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yaşayan X3 Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 283 saylı sərəncamı ilə ona ayrılmış metal qarajı başqa şəxslərə vermək, yəni özgəninkiləşdirmək səlahiyyəti olmadığı halda xx.xx.2003-cü il tarixdə İddiaçı satmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, alqı-satqının predmeti ola bilməyən qaraja dair etibarsız əqd bağlayan iddiaçının həmin qaraja hər hansı bir hüququnun yaranması mümkün olmadığından həmin qarajla bağlı hər hansı bir tələbi irəli sürməyə də subyektiv hüququ yoxdur. Ona görə də iddia ərizəsi təmin edilə bilməz. İddia ərizəsi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri 8ci mikrorayon Azadlıq prospekti 30 nömrəli binanın qarşısındakı dəmir qarajın bərpa edilərək ona qaytarılmasına dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar