Məhkəmə qərarları › İş №2(001)-227/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-227/2022

14.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-227/2022 14.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gusein Mamedovun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 05.09.2020-ci il tarixdə çətin nəfəs aldığı və burnunda əyrilik olması səbəbindən həkimə müraciət etmək qərarına gəlmiş və “MEDİKUS” hospitalında və Cavabdeh MMC-də işləyən burun boğaz həkimi X3 müraciət etmişdir. X5 iddiaçının burnumu müayinə etdikdən sonra xarici burun deformasiyası, burun çəpərinin əyriliyi diaqnozunu qoyaraq əməliyyata ehtiyac olduğunu və əməliyyatın qiymətinin 2000 manat olduğunu bildirmişdir. İddiaçı isə sağlamlığını düşünərək onunla razılaşmışdır. Razılaşmaları isə X5 tərəfindən iddiaçının burnunda olan çəpər əyriliyini bərpa etməsi və burnunda olan əyriliyi düzəltməsi olmuşdur. X5 08.09.2020-cİ il tarixdə iddiaçını işlədiyi yer olan Cavabdeh MMC-də cərrahiyə əməliyyatına götürmüş və 09.09.2020-ci il tarixdə əməliyyatın uğurla keçdiyini deyərək iddiaçını evə buraxmışdır. Əməliyyatın üstündən bir neçə ay keçməsinə baxmayaraq iddiaçının əməliyyatdan əvvəlki çətin nəfəsalması aradan qalxmamışdır. Bu səbəbdən də o, X5un yanına gedərək, əməliyyatı uğursuz etdiyini və əməliyyatın heç bir əhəmiyyəti olmadığını, hətta burnumda olan əyriliyin yenə də əvvəlki kimi qaldığını bildirmişdir. Hətta iddiaçı həkimə əməliyyatdan sonra 01.02.2021-ci il tarixdə rentgendən keçdiyi nəticəni və çəkilmiş şəkili göstərmiş, bu zaman həkim rentgenin düzgün olmadığını və şəkilin düzgün çəkilmədiyini bildirmişdir. Bundan əlavə həkim iddiaçıya kobud şəkildə “mən nə lazımdır bütün əməliyyatı düz eləmişəm” demiş, iddiaçı isə həkimə əməliyyatın düzgün edilmədiyini bildirmiş və ödədiyi 2000 manat məbləğində pulu geri tələb etmişdir. Cavabdeh isə iddiaçıya pulunu geri qaytarmayacağını bildirmişdir. Halbuki, iddiaçı həmin vaxt yeni keçdiyi rentgen müayinəsinin nəticəsini digər həkim və mütəxəssisə göstərəndə ona bildirilmişdir ki, əməliyyat düzgün edilməyib, hətta həkim ümumiyyətlə heç nə etməyib. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında məhkəməyə bildirdi ki, ekspert rəyində də göstərildiyi kimi əməliyyat müvafiq protokol qaydalarına uyğun icra edilib. İddiaçı birinci dəfə Zaqatalada əməliyyat olunub. Həmin əməliyyat müəyyən fəsadlar verib və hal-hazırda keçirilən əməliyyatın da keçirilməsini də ağırlaşdırıb. Eyni zamanda hazırkı məsələ xüsusi bilik tələb edən məsələdir və ekspert rəyində də göstərilib ki, iddiaçıda allergik əlamətlərin olması onda nəfəsalma probləmlərini yarada bilər. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Gusein Mamedov izahatında məhkəməyə bildirdi ki, iddiaçı ona müraciət edən zaman uşaqlıqda burnundan aldığı xəsarətdən dolayı burun tənəffüs pozğunluğundan əziyyət çəkdiyini, hətta artıq bir dəfə Zaqatalada əməliyyat olunduğunu bildirmişdir. İlk növbədə qeyd olunmalıdır ki, xəstənin 13 yaşında bu tip burun əməliyyatına alınması tibbdə yol verilməz haldır. Belə ki, çəpər əyriliyi olan 15 yaşından aşağı uşağa cərrahi müdaxilə etmək problemin daha sürətlə artması deməkdir. Burun əməliyyatının uğurlu olması yaşdan çox asılıdır. Hazırkı iş üzrə iddiaçı müayinədən keçirilmiş və müayinədən sonra xəstəyə burun çəpər əyriliyi, burunun aşağı balıqqulaqlarında vazotomor rinit diaqnozu qoyulmuşdur. O, iddiaçıya atasının yanında əməliyyat zamanı riskləri, əmələ gələ biləcək fəsadları dəfələrlə başa salmışdır. İddiaçı üç dəfə müayinəyə gəldi, bütün yuxarıda qeyd olunanları dəfələrlə müzakirə etdilər. Hətta iddiaçı ona bildirmişdir ki, burnunun hazırkı vəziyyətindən daha yaxşı olacaq istənilən nəticəyə razıdır. Ondan sonra xəstəni əməliyyata aldılar. Əməliyyat gözlədiyindən də uğurlu keçdi və maksimal dərəcədə mümkün olan yaxşı nəticəni ala bildilər. Lakin iddiaçı bir müddət sonra yenidən onun yanına gələrək, burun tənəffüsünün çətinləşdiyini bildirdi. İddiaçıya onda allergik əlamətlərinin mövcudluğundan dolayı nəfəsalma problemlərinin olmasını bildirdi. Belə ki, allergiya burun xəstəliyi deyil, ümumi orqanizma aid bir problemdir, aparılmış əməliyyatla əlaqəsi yoxdur və hər hansı cərrahi üsulla onun aradan qaldırılması mümkün deyil. Allergik əlamətlərin aradan qaldırılmasının yeganə yolu xəstənin mütəmadi olaraq müvafiq müalicə almasıdır. Onu da bildirmək istəyir ki, işin hal-hazırda məhkəmədə olmasının səbəbkarı da özüdür. Belə ki, görəndə ki, xəstə ona inanmır, əməliyyatın səhv aparılmasını hesab edir və o, ona əksini sübut edə bilmir, dedi ki, get məhkəməyə müraciət et və məhkəmədə onun təqsiri müəyyən edilsə, tələb etdiyi məbləğin iki qatını verməyə razıdır. Belə ki, o, əməliyyatın düzgün, protokola uyğun aparılmasına əmindir. Ən əsası da odur ki, əməliyyat uğurlu alınıb, iddiaçının burnunun əməliyyatdan əvvəlki vəziyyəti və burnunda mövcud olan problemlər nəzərə alınarsa, bundan yaxşı nəticənin alınması mümkün deyildi. Ümumiyyətlə Respublikada travmatik burunlarla işləyən bir neçə həkim varsa, o da onlardan biridir. Hal-hazırda təcrübəsinə əsaslanaraq xəstənin real olaraq probleminin nədən ibarət olmasını təxmin edə bilir. Xəstə sadəcə burnunun estetik görünüşünü bəyənmir və yenidən əməliyyat olunmasını istəyir. Lakin hazırkı xəstənin halhazırda yenidən əməliyyata alınması ona yalnız ziyan gətirər və o, həkim olaraq bunu üzərinə götürə bilməz. Xəstə bildirir ki, burnunun rentgen müayinəsi zamanı burnunda çəpər əyriliyinin qalması və bu halın onun nəfəs almasına mane olması müəyyən edilmişdir. Nəzərə alınsa ki, birinci əməliyyatdan sonra xəstənin burnunda ümumiyyətlə demək olar ki, işləmək üçün material saxlanılmamış və burun çəpəri yenidən onun tərəfindən əlində olan imkanlar çərçivəsində qurulmuş, burun çəpərində xəstənin individual fizioloji xüsussiyətlərindən dolayı minimal əyriliyin olması mümkündür. Lakin həmin minimal əyrilik mövcud olsa belə, onun xəstənin burun tənəffüsünə əsaslı təsiri və normal nəfəsalmanın qarşısını alması mümkünsüzdür. Xəstənin tənəffüs problemləri sırf alergik əlamətlərlə bağlıdır. Birinci dəfə xəstə əməliyyat olunanda onun burnundakı balıqqulağı qismən rezeksiya olunmuş, bu isə ümumiyyətlə yolverilməzdir və allergik xəstələrdə daha ciddi fəsadlara gətirib çıxarır. İndi də iddiaçı ondan tələb edir ki, o, burnundakı iddiaçının artıq hesab etdiyi hissələri yandırsın, halbuki bu hazırkı vəziyyətdə mövcud olan allergik əlamətlər fonunda yolverilməzdir. O, həkim olaraq, xəstənin əleyhinə olan belə bir proseduru icra edə bilməzdir. Burunun estetik görünüşünə gəldikdə, həkim mövcud olan material ilə işləyir və əməliyyat edəndə xəstənin dərisinin qalınlığını və digər aspektləri dəyişə bilməz. Hesab edir ki, xəstə üzərində etdiyi əməliyyat texniki cəhətdən düz və mövcud olan protokollara uyğun aparılmış və ona görə də, iddia ərizəsi rədd edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı üzərində 08.09.2020-ci il tarixdə Cavabdeh tibb müəssisəsində Rinoseptoplastika əməliyyatı həyata keçirilmiş, həmin əməliyyat həkim Gusein Mamedov tərəfindən icra edilmiş və iddiaçı əməliyyatın icra edilməsi üçün 2000 manat pul ödəmişdir. Hal-hazırda iddiaçı əməliyyatın düzgün icra edilmədiyini iddia edir və dəlillərini nəfəsalmasında problemlərin aradan qalxmaması ilə əsaslandırır. Xüsusi bilik tələb edən sualların cavablandırılması və mübahisənin obyektiv həll edilməsi məqsədi ilə məhkəmə tərəfindən məhkəmə-tibbi eksperizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 25.11.2021-ci il tarixli, 910/KEŞ saylı rəyində aşağıdakılar göstərilmişdir: “ ... Cavabdehda İddiaçı adına tərtib edilmiş 0677659/20 saylı xəstəlik tarixindən görünür ki, o, 08.09.2020-ci il tarixdə daxil olmuşdur. Xəstənin dediyinə görə özünü bir neçə ildir ki, xəstə hesab edir. Xəstəliyini uşaqlıqda burun nahiyəsindən aldığı zədə ilə əlaqələndirir. Konservativ müalicə almış, effekti olmamışdır. Xəstə müayinələrdən keçirildi. D-Z: “Burun çəpərinin əyriliyi”. LOR: Ön Rinoskopiya-selikli qişa çəhrayi, nəm və iltihabsızdır. Burun patoloji axıntısızdır. Aşağı burun balıqqulaqları böyümüşdür. Burun çəpəri əyri (sağa, sola). D-Z: “Burun çəpəri əyriliyi. Xroniki vazotomor rinit müşətərək forma”. Ümumi vəziyyəti qənaətbəxşdir. Vizual müayinədə burunda assimetriya müşahidə olunur. Xəstəyə kardioloqun və anestezioloqun baxışı olmuşdur. 08.09.2020-ci il tarixdə xəstə üzərində “Rinoseptoplastika” cərrahiyyə əməliyyatı aparıldı. Əməliyyat fəsadsız keçdi. Əməliyyatdan sonrakı dövrdə xəstəyə antibakterial, simptomatik müalicə aparılmış, ağırlaşma qeyd olunmamışdır. Xəstə 09.09.2020-ci il tarixdə kafi vəziyyətdə ambulator müalicəyə yazıldı. Kliniki diaqnoz: “Burun çəpərinin əyriliyi”. “X6”də İddiaçı adına tərtib olunmuş tibbi sənəddən görünür ki, o, 03.11.2021-ci il tarixdə müayinədən keçdi. Burun əlavə ciblərinin rentgenoqramması: Paranazal ciblərin pnevmotizasiyası təbiidir. Burun çəpərində sağa doğru minimal əyrilik qeyd edilir. Burun sümüyündə aparılmış plastik əməliyyata uyğun dəyişiklik izlənilir. Türk yəhərinin forma və ölçüləri təbiidir. Kəllə sümüklərində destruktiv dəyişiklik aşkarlanmadı. Məhəmə-tibbi müayinə: İddiaçı 03.11.2021-ci il tarixdə komisyon şöbədə məhkəmətibbi müayinəsi keçirildi. Deməsinə görə, 2020-ci ilin sentyabr ayında Cavabdehda burun nahiyəsində cərrahiyyə əməliyyatı icra olunmuşdur. Burunda həm çəpər əyriliyi, həm də nəfəsalmada çətinlik olmuş və cərrahiyyə əməliyyatı ilə aradan qaldırılacağı bildirilmişdir. Lakin cərrahiyyə əməliyyatından sonra şikayətləri aradan qalxmamışdır. Bununla əlaqədar yenidən həkimə müraciət etmiş və cərrahiyyə əməliyyatına ehtiyac olduğu bildirilmişdir. Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi köklükdədir. Məhkəmətibbi müayinəsi zamanı hal-hazırda olan şikayətləri nəfəsalmada olan çətinlikdən, burnundan maye axmasından, estetik görünüşünün qənaətbəxş olmamasından, əsəbilikdən, ürək və baş ağrılarındandır. Mütəxəssis müayinəsinə göndərildi. İddiaçı 22.11.2021-ci il tarixdə ATU-nun Cərrahiyyə Klinikasının LOR-cərrahiyyə şöbəsinin otorinolorinqoloqu Ayaz Qasımovun müayinəsindən keçdi. Şikayətləri burun tənəffüsünün çətinləşməsindəndir. Obyektiv: Burun çəpəri orta xətlədir. Burun balıqqulaqları bir qədər ödemlidir. Nəticə: Xəstədə allergik rinitin əlamətləri müəyyən edilir. Allergik rinit aparılmış əməliyyatla əlaqəli deyil. Xəstədə hazırda cərrahi əməliyyata ehtiyac yoxdur. Lakin daimi tonik kortikosteroidləri qəbul etməlidir. ... 1998-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə, iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:

1. Cavabdehda İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, o, 08.09.2020-ci il tarixdə klinikaya daxil olmuş və aparılmış müvafiq müayinələr əsasında ona “Burun çəpəri əyriliyi. Xroniki vazotomor rinit müşətərək forma” diaqnozu düzgün təyin edilmişdir. Diaqnoza uyğun olaraq həmin tarixdə onun üzərində “Rinoseptoplastika” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün aparılmışdır.

2. İddiaçı mütəxəssis müayinəsi onun burun nahiyəsində deformasiya və çəpər əyriliyi müəyyən edilmədi.

3. İddiaçı mütəxəssis müayinəsi onda allergik rinit əlamətlərinin olduğu müəyyən edildi və bu da aparılmış əməliyyatla əlaqəli deyil”. 23.12.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş İddiaçı məhkəməyə bildirmişdir ki, hazırkı iş üzrə ekspertiza keçirilərkən o, ilkin olaraq Rəşad adında bir həkimin yanına göndərilmişdir. Tibb müəssisəsinin internert səhifəsindən ona aydın olmuşdur ki, həmin həkimin ümumiyyətlə burun-boğaz əməliyyatlarına aidiyyəti yoxdur. İradlarını bildirdikdən sonra o, başqa həkimin yanına yönəldilmiş, həmin həkim isə "müayinəsini" onu “camaata şər atmaqda” ittiham etməklə başlamış, burnuna ötəri üstən baxmış və hər hansı ətraflı müayinə aparmamışdır. Nəticədə onda ümumiyyətlə burun nahiyəsində deformasiya və çəpər əyriliyinin olmamasına dair rəy verilmişdir. Bu isə absurddur və onun göstəricisidir ki, həkimlər sadəcə kolleqalarına qarşı rəy vermək istəmirlər. Belə ki, onun burununda hal-hazırda da çəpər əyriliyinin olması 03.11.2021-ci il tarixdə “X6” tibb müəssisəsində çəkilmiş rentgen müayinəsinin nəticəsində öz əksini tapmışdır. Necə olur ki, rəy verən həkim heç rentgen müayinəsinə və sair daha ətraflı müayinəyə zərurət görmədən elə qıraqdan baxmaqla çəpər əyriliyinin olmamasını müəyyən etmiş, rentget müayinəsi isə əks nəticəni verir? Eyni zamanda əməliyyatdan əvvəl həkim ona demişdir ki, burnundakı artıq ətləli də götürəcək və nəticədə o, tam olaraq normal nəfəs ala biləcək. Bu Cavabdeh tərəfindən verilmiş sənədlərdə də öz əksini tapır. Halbuki, göründüyü kimi, həkim üzərinə düşən vəzifəsini tam icra etməmiş və halhazırda onun nəfəsalmasında çox ciddi problemlər var. Mövcud olan ziddiyyətlərin aradan qaldırılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.12.2021-ci il tarixli, 2(001)-4569/2021 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 25.02.2022-ci il tarixli, 15/KEŞ saylı rəyində aşağıdakılar göstərilmişdir: “ ... Məhkəmə-tibbi müayinə: İddiaçı 02.01.2022-ci il tarixdə X1 şöbəsində məhkəmə-tibbi müayinəsi keçirildi. ... İddiaçı 02.01.2022-ci il tarixdə “Qələndər Klinikası”nın plastik və rekonstruktiv cərrahı, t.e.d., professor Vaqif Qələndər tərəfindən müayinə olunmuş və müayinə zamanı müəyyən edilmişdir ki, cərrahiyyə əməliyyatı müvafiq üsulla həyata keçirilib, burada septum və burun donqarlığı əməliyyatla azaldılıb. Bu cür xəstələrdə burun daxili fərdi xüsusiyyətlərdə rinit əlamətləri olanların bir qismində nəfəsalma problemləri qismi olaraq qala bilər. Bu cür durumlarda müalicə və prejemiya ilə daha da azaldıla bilər. ... 1998-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspeıt komissiyası aşağıdakı nəticəyə gəlir: İddiaçı ilkin və təkrar mütəxəssis müayinələri zamanı obyektiv olaraq onda burun çəpərinin orta xətt üzrə olduğu müəyyən edilmişdir. Lakin 03.01.2021-ci il tarixdə aparılmış rentgen müayinə cavabında burun çəpərində sağa doğru minimal əyriliyin olduğu qeyd edilmişdir. İnstrumental müayinədə burun çəpərinin əyriliyi minimal olduğundan, bu əyrilik obyektiv müayinə zamanı müəyyən edilməyə bilərdi. Bununla yanaşı qeyd etmək lazımdır ki, burun çəpərində mövcud olan minimal dəyişikliklər xəstənin burun tənəffüsündə əhəmiyyətli pozuntuya səbəb deyildir. Cavabdehda İddiaçı adına tərtib edilmiş cərrahiyyə əməliyyatı protokulundan görünür ki, 08.09.2020-ci il tarixdə onun üzərində “Rinoseptoplastika” cərrahiyyə əməliyyatının gedişi zamanı onun “Aşağı burun balıqqulaqlarında radiodalğalı cərrahi aparat vasitəsilə selikaltı vazotomiyasının icra edildiyi qeyd edilmişdir. İddiaçı üzərində icra edilmiş “Rinoseptoplastika” cərrahiyyə əməliyyatı Səhiyyə sistemində qüvvədə olan müvafiq protokol qaydalarına uyğun olmuşdur. İddiaçı mütəxəssis müayinəsi zamanı onda allergik rinit əlamətlərinin olduğu müəyyən edilmişdir ki, bu da burun daxili fərdi xüsusiyyətlərdən asılı olaraq rinit əlamətləri olan xəstələrdə nəfəsalma problemləri qismi olaraq qala bilər. İddiaçı patoloji prosesin kəskinləşməsi olduğu halda, onun konservativ müalicəyə ehtiyacı ola bilər”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlirəm ki, İddiaçı Cavabdehnə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdehnə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar